Məhkəmə qərarları › İş №2(103)-1707/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1707/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1707/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə “hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-410/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.1991-ci il tarixdə təsis edilmiş “Babək” icarə müəssisəsinin təsisçisi (həmtəsisçisi) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 410/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilmişdir.

3. Məhkəmə hesab etmişdir ki, iddia tələbində göstərilən hüquqi faktın müəyyən edilməsi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi “Babək” icarə müəssisəsinin yaradılması ilə bağlı təsis sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olduğu halda, iddiaçı tərəfindən təsis payının miras əmlakı kimi qəbul edilməsi ilə bağlı iddiaçı notariat kontoruna, bundan imtina edildiyi halda müvafiq inzibati məhkəməyə müraciət edə bilər.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. Həmin qərardaddan narazı qalan ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini və ərizəyə baxılması üçün növbəti prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin birinci instansiyaya müraciət etməkdə məqsədi mərhum Ramiz Nəsirovun xx.xx.1991-ci il tarixdə təsis edilmiş “Babək” icarə müəssiəsinin təsisçisi (həmtəsisçisi) olması faktı müəyyən edilməsi və sonra da “Babək” icarə müəssiəsində mərhum atası Ramiz Nəsirova aid olan təsis payı üzərində mülkiyyət hüququnun tanınmasıdır. Yəni dolayısı ilə bu hal ərizəçinin hüquqi gözləntisi olan mülkiyyət hüquqlarının pozulmasına və həmin hüquqların məhkəmə müdafiəsindən məhrum edilməsinə gətirib çıxarır. Vergi xidmətində müəssisə və onun təsisçisi barədə məlumat aşkar edilmədiyindən ərizəçi qeyd edilən fakta dair məlumatı başqa qayda da əldə edə bilməmişdir, bu səbəbdən o, mərhum atasına məxsus təsis payının miras əmlak kimi qəbul edilməsində çətinliklə üzləşmiş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırki iş üzrə isə təsdiqlənməsi tələb edilən fakt birbaşa əmlak hüquqlarının əmələ gəlməsinə əsas verən fakt olduğu üçün o hüquqi əhəmiyyətli faktdır. Hesab edirlər ki, məhkəmə tərəfindən qeyd edilən maddə ilə ərizənin icraata götürülməsindən imtina edilməsi qanuni deyildir. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Birinci instansiya məhkəməsi hazırki ərizəni AR MPM-in 153.2.1-ci maddəsi ilə icraata qəbul etməkdən imtina etməklə və həmin qərardadla da ərizəçini notariat kontoruna, imtinadan sonra isə inzibati məhkəməyə istiqamətləndirməklə ərizəçinin məqsədini düzgün təhlil etməmişdir. Ərizəçinin notariat kontoruna müraciət etməsi üçün ilk növbədə əlində miras payına əmlak hüquqlarını təsdiqləyən sənədlər olmalıdır ki, əgər onlar olduğu halda notariat kontoru imtina vermiş olsaydı məhkəmənin mövqeyi ilə razılaşardı. Halbuki, hazırkı müraciətin məğzi və mahiyyəti əmlak hüquqlarının əmələ gəlməsinə zəmin yaradan hüquqi əhəmiyyətli faktın tanınmasıdır. Məhkəmə ərizəçiyə notariat və sonradan inzibati qaydada müraciəti istiqamətləndirərkən ərizəçi tərəfindən təqdim edilmiş sübutları - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından “Babək” icarə müəssisəsinə aid – bu sübutların mövcudluğunu qiymətləndirməmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-410/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

12. Ərizəçi ərizəsində “Babək” icarə müəssiəsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən (keçmiş Kirov Xalq deputatları Sovetinin qərarı ilə) xx.xx.1991-ci il tarixli, 21/538 saylı qərarı ilə yaradıldığını və müəsissənin mövcudluğunu təsdiq edən sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanıldığını bildirir. Eyni zamanda, ərizəçi tərəfindən “Babək” icarə müəssiəsinin nizamnaməsinin surəti də ərizəyə əlavə edilmişdir.

13. Göründüyü kimi, iddiaçının müəyyən edilməsi xahiş edilən hüquqi əhəmiyyəti olan fakt, yəni müəssisənin təsisçisi barədə məlumat yuxarıda qeyd olunan müəssisənin təsis sənədlərində öz əksini tapır. Odur ki, ərizəçinin hazırki ərizəsinə məhkəmədə baxıla bilməz.

14. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-410/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar