Məhkəmə qərarları › İş №2(103)-1708/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1708/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1708/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 62980 manat pulun və ödənilmiş 278,94 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 40510 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh2 vəkili Nümayəndə2 vasitəsilə qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçının vəkili Nümayəndə2 Cavabdeh2 adından apellyasiya şikayəti vermək səlahiyyəti olmasını nəzərdə tutan etibarnamə iş materiallarına əlavə edilməmişdir. Elektron kabinetdə də belə bir etibarnamə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (361.2). İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (74.2). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar