Məhkəmə qərarları › İş №2(103)-1710/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1710/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1710/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3758/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1–ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdə məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 929 saylı rəyinə əsasən İddiaçı almış olduğu xəsarətlər-OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol təpəgicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019cu ıl tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, T 277/2021 saylı rəyinə əsasən İddiaçı göz almasının qapalı travması, gözdə işıq duyğusu ilə nəticələnən torlu qişanın qopması, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpəgicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1655/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-487/2022 nömrəli, xx.xx.2022-ci il saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

2. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 7 nömrəli Şəhər Poliklinikasının Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı 570 saylı, xx.xx.2019-cü il tarixli məktubuna əsasən İddiaçı müraciətinə əsasən onun üzərində aparılmış müayinə nəticəsində sol gözündən aldığı zərbədən görmə qabiliyyətini itirdiyi müəyyən edilmiş, hal-hazırda görməsinin vəziyyəti VisOD-09 VisOS-0(sıfır), OU-ön hissə normal OS-göz dibi solğun çəhrayıdır, refleks alınmır. DZ “OS tor qişanın qopması”.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi 50.000 manat və mənəvi ziyanın əvəzi olaraq 35.000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin cinayətkar əməli ucbatından o, tamamilə sol gözün görmə qabiliyyəti itirmişdir. Hal-hazırda ona yalnız transplantasiya kömək edə bilər. Həmin əməliyyat yalnız xarici ölkədə mümkündür və təxmini qiyməti 50.000 ABŞ dolları civarındadır. Bu azmış kimi həmin travmanın təsirindən artıq sağ gözündə də problem yaranır və o, cavabdehin təqsiri səbəbindən tamamilə görmə qabiliyyətini itirə bilər. Bu vaxta qədər cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan heç bir şəkildə ödənilməyibdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3758/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi ziyana görə 5.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı, 70 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X5).

6. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə səhhətinin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, səhhətinə dəymiş ziyanın məbləği ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 50.000 manat maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

7. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin təqsirli hüquqazidd hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulmuş, o, bir gözündə görmə qabiliyyətini tam itirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli, 269 nömrəli qərarı ilə təsdiq edilmiş ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısında görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az) və ya bir gözdə görmənin tam itməsi sağlamlığa vurulmuş ağır xəsarət kimi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, görmə qabiliyyətinin hər hansı dərəcədə itirilməsi insanın bütün sahələrdə fəaliyyətini məhdudlaşdırır, gündəlik həyatda əmək, hərəkət etmək, informasiyanı qavramaq qabiliyyətlərinə mənfi təsir edir, eyni zamanda şəxsin digərlərindən asılılığını artırır. Bu da öz növbəsində insanın həyat səviyyəsinə əhəmiyyətli dərəcədə aşağı salır. Bunun nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə baş vermiş hadisə zamanı və ondan sonrakı proseslərdə iddiaçının keçirtdiyi stressin dərəcəsini, bir gözündə görmə qabiliyyətinin itməsi nəticəsində keçirtdiyi narahatlıq və sarsıntı hallarını nəzərə alınaraq hesab etmişdir ki, mənəvi zərərin həcmi 35.000 manat məbləğində deyil, 5.000 manat məbləğində müəyyən edilməlidir.

8. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 70 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 82.4-cü, 119.1-ci maddələrinə və ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini əsaslandırmayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı məhkəmə iclasında şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə formal mülahizələrə əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qanunun tələblərini pozaraq onun iştirakını təmin etməli olduğu halda ona heç bir rəsmi məlumat verməmiş və sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməyərək, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Onun pasport qeydiyyatı və yaşayış yeri Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun, Zeyvə kəndi olduğu halda məhkəmə işə baxarkən ərazi aidiyyəti qaydalarına riayət etməyərək, qanunvericiliyin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hadisə ilə bağlı cinayət işi başlanmış və cavabdehə məhkəmə tərəfindən cəza təyin edilmişdir. Həmin cəza tam çəkilmişdir. Cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun tutulması tam əsassızdır və cavabdehin həddindən artıq yüklənməsinə səbəb olmuşdur. Hesab edirlər ki, mənəvi ziyan maksimal olaraq 1.000 manat məbləğində müəyyən edilə bilərdi. Ümumiyyətlə iddiaçının gözündə problemlər hadisədən əvvəl yaranmış və mövcud olmuş, sadəcə olaraq hadisə zamanı bu problemlər arta bilərdi. Cinayət işi çərçivəsində verilmiş ekspert rəyində də iddiaçının gözündə olan qüsurun hadisə ilə səbəbli əlaqədə olması müəyyən edilməmişdir. Bununla bağlı rəydə hər hansı qeyd mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edib, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında nümayiş etdirilən hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1655/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır.

25. Belə ki, iddiaçının sağlamlığına ağır zərər vurması ilə nəticələnən xəsarətlərin (OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol təpəgicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara) cavabdehin qanunsuz, təqsirli və hüquqazidd əməllərinin nəticəsində yaranması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1655/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiqini tapmışdır.

26. İddiaçı hazırki iş üzrə cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 50.000 manat, mənəvi zərərin əvəzi olaraq isə 35.000 manat pulun cavabdehdən tutularaq ona verilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbi yalnız mənəvi zərərin tutulması hissəsində qismən təmin edilmişdir. Hazırda cavabdeh mənəvi zərərin vurulması ilə razı olmadığını bildirir və öz mövqeyini ona məhkəmə tərəfindən cəzanın təyin edilməsini, həmin cəzanı tam çəkməsi, iddiaçının gözündə hadisədən əvvəl problemlərin olması, hadisə nəticəsində bu problemlərin yalnız artmasının mümkün olması ilə əsaslandırır və həmin hissədə də iddianın rədd edilməsini xahiş edir. Xüsusilə də qətnamədə iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinin əsaslandırılmamasını və işə baxılarkən ərazi aidiyyəti ilə bağlı qaydaların pozulduğunu bildirir.

27. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddiaçının 31 yaşı var, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun aldığı xəsarətlərin nəinki ancaq əmək qabiliyyətinə, ümumilikdə yaşam tərzinə təsirsiz ötüşmədiyi aydın məsələdir. Belə ki, göz insanın həyati əhəmiyyətə malik olan əsas duyğu orqanlarından biridir və onun zədələnməsi insanın bütün fəaliyyətinin faydalılıq dərəcəsinin aşağı düşməsinə səbəb olur (məs: avtomobil idarə etməsi, uzun müddət komputerlə işləməsi və s.).

28. Hər bir halda hadisə baş verən günə 26 ildir ki, hər iki gözü üzrə görmə qabiliyyətindən sərbəst istifadə edən iddiaçı hadisə nəticəsində ömrününü sonunadək bir (sol) gözünün görmə qabiliyyətinin itməsindən əziyyət çəkmək məcburiyyətindədir və buna mənəvi baxımdan məhkumdur. Bundan əlavə məhkəmə hesab edir ki, ani surətdə və gözlənilməz halda baş verən bu hadisə cavabdehin şüurunda müəyyən mənfi psixi reaksiyaya (qorxu, həyacan, anlaşılmazlıq və s.) səbəb olmuş, nəticə etibarı ilə o, mənəvi sarsıntı keçirmişdir. Nəticə etibarı ilə iddiaçının mənəvi sarsıntı keçirməsi ilə bu hadisə zamanı cavabdeh tərəfindən yol verilmiş qanunsuz hərəkətlər arasında bilavasitə səbəbli əlaqə mövcuddur. İddiaçının keçirtdiyi mənəvi sarsıntı hadisə günü ilə məhdudlaşmamış və illər keçdikcə azalmır, onun aldığı xəsarət bu gün də ona həmin günü xatırladır və bu baxımdan iddiaçı hazırda da fiziki və bundan irəli gələrək, mənəvi əziyyət çəkir. İddiaçının gözündə hadisədən əvvəl də belə problemin olması barədə cavabdehin dəlilləri isə nəinki əsassızdır, ümumiyyətlə yuxarıda qeyd edilən ekpert rəyləri ilə istisna edilir. Bu hadisə ilə bağlı başlanmış cinayət işi üzrə çıxarılmış müvafiq məhkəmə aktı ilə cavabdehin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və onun həmin cəzanı tam çəkməsi də hazırki iddianın qaldırılmasını və cavabdehdən vurulmuş mənəvi zərərin əvəzini tələb etməsini istisna etmir.

29. Bu səbəbdən iddiaçının aldığı xəsarətlərdən mənəvi zərər çəkməsi və bunun nəticəsində onun psixikasında müəyyən narahatlıqların baş verməsi, yaşam tərzində xəsarətdən qaynaqlanan əziyyətlərin yaranması (ən azından başqa şəxslərin ona qulluq etməsi, müəyyən fəaliyyətləri zamanı ətrafdakıların köməyinə zərurət yaranması) nəticəsində mənəvi sarsıntı keçirməsi və hadisə nəticəsində aldığı xəsarətin hazırda da ona fiziki (görmə məhdudiyyəti baxımdan) və bundan irəli gələrək mənəvi əziyyət çəkməsi mübahisəsizdir. Məhkəmə kollegiyası həmin halları nəzərə alaraq, apellyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin qənaətini, o cümlədən vurulmuş mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş məbləği haqlı hesab edir.

30. Məhkəmə kollegiyası iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulan hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qətnamənin həmin hissədə də dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas görmür.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərazi aidiyyətinin pozulması barədə dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində cavabdehin ünvan 2 ünvanında qeydiyyatda olduğu göstərilsə də, işə baxan birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini məhz cavabdehin qeydiyyatda olduğu və cavabdehin özünün də apellyasiya şikayətində istinad etdiyi Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə Ə/D, Zeyvə kəndinə göndərmiş, iş üzrə çıxarılmış qətnamə əsasında verilmiş icra sənədi də icra olunması üçün məhz həmin yerin icra qurumuna ünvanlanmışdır. Bu hal iş materiallarında olan məhkəmə bildirişləri, sifarişli poçtla gedən məktubların reyestri və “ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmış zərflərlə sübuta yetir. Digər tərəfdən iddiaçının istinad etdiyi xəsarətlərin yaranmasına səbəb olmuş hadisə (bu xəsarətlər Bakı şəhəri Xətai rayonunda yetirilmişdir) məhz Bakı şəhərinin Xətai rayonu ərizisində baş vermişdir. Bu da öz növbəsində alternativ aidiyyət qaydalarına uyğun olaraq Mülki Prosessual Məcəllənin 36.6-cı maddəsinin tələbləri baxımından hazırki iddianın Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsini mümkün edir. O hal da nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən irəli sürülmüş tələblə bağlı aparılmış araşdırma və nəticə düzgün olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3758/2024 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar