Məhkəmə qərarları › İş №2(103)-1713/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1713/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1713/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası, İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi barədə iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 34.036 ABŞ dolları pulun və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehdən 30.055 ABŞ dolları məbləğində pulun və ödənilmiş 247 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-4836/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli yazılı sənəddə Cavabdeh İddiaçı 36.300 ABŞ dolları götürdüyünü, 1 ayın tamamında 40.000 ABŞ dolları qaytaracağını qeyd etmişdir.

2. Xətai rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş Cavabdeh Oqtay oğlunun verdiyi izahatda göstərilmişdir ki, 2018-cı ilin mart ayında ölkə xaricində qurbanlıq qoyun biznesi üzrə lahiyəsi var imiş. Lahiyə xırda buynuzlu heyvanların Qazaxıstan Respublikasından Dubaya ixracından və Dubayda satış edib gəlir əldə etməkdən ibarət imiş. Sözügedən lahiyə 200.000 ABŞ dolları məbləğində vəsaitlə həyata keçirilməli imiş. Onun əlində bu məbləğ tam olmadığından və 35.000 ABŞ dolları kəsr olduğundan mütəmadı iş gördüyü İddiaçı lahiyə barədə məlumat vermiş, ondan alacağı 36.300 ABŞ dolları qarşılığında İddiaçı qazancdan təxminən 4.000 ABŞ dolları xeyir verəcəyini vəd etmişdir. İddiaçı onunla razılaşmış və Xətai rayonu Babək prospektində yerləşən '4x4 Gallery’ avtosalonunda ona ümumilikdə 36.300 ABŞ dolları vermişdir. 2018-ci ildə o, xırda buynuzlu heyvanları almaq üçün Qazaxıstan Respublikasına getmişdir. Orada müqavilə əsasında 950 baş xırda buynuzlu heyvan alıb təyyarə ilə Dubaya daşınmasını təmin etmişdir. Dubayda həmin qoyunları 'Langar' LLC adlı şirkətin sahibi Azad Əmrahova sənədlər əsasında təhvil vermişdir. Təxminən 20 gün gözlədikdən sonra iş uzandığından Bakıya geri qayıtmışdır. Bakıda Azadla dəfələrlə əlaqə saxladıqda Azad ona ödəniş ala bilmədiyini və bu səbəbdən də ona ödəniş edə bilməyəcəyini bildirmişdir. O da bu vəziyyəti İddiaçı izah edib, onu Azad Əmrahovla telefonda danışdırmışdır. Buna baxmayaraq, Azad Əmrahov onlara hər hansı ödəniş etməmişdir. Bir müddət sonra İddiaçı ondan ona verdiyi 36.300 ABŞ dollarını geri qaytarmasını istəmişdir. Belə olan halda, o, öz əlyazması ilə Süleymana bu məbləği qaytaracağına söz vemişdir. Bundan sonra o, İddiaçı 3.000 manat nağd pul və 850 manat deyərində yeni kombi aparatı vermişdir. Sonuncu dəfə isə Süleyman Həsənova 2023-cü ilin iyul ayında daha 1.000 manat pul qaytarmışdır. Müflisləşdiyi üçün qalan pulu günədək qaytara bilməmişdir. Maddi imkanı yaxşılaşan kimi qalan məbləği Süleyman Həsənova qaytarmağa çalışacaqdır.

3. “X6” MMC tərəfindən Cavabdeh verilmiş “kommersiya invoysu”nda “Toyota Corolla 2.0 GLİ SPL A/T M/R” markalı nəqliyyat vasitəsininin 1 ədədinin qiyməti 69.000 AED, 15 ədədin ümumi qiyməti 1.035.000 AED göstərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “cavabdehdən 34.036 ABŞ dolları pulun və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2009-cu ildən tanışdırlar. 2018-ci ilin mart ayının 16-da cavabdeh kiçik buynuzlu heyvanların (qoyunların) Qazaxıstan Respublikasından Dubaya ixracından və Dubayda satış edib gəlir əldə etməkdən ibarət lahiyə olduğunu bildirirək və həmin lahiyyənin həyata keçirilməsi üçün pulunun çatmadığını deyərək ondan həmin lahiyə üçün 30.000 ABŞ dolları məbləğində pul istəyərək, əvəzində isə iddiaçıya 35.000 ABŞ dolları qaytaracağını bildirmişdir. İddiaçı da Cavabdeh tanığından onun təklifi ilə razılaşaraq əvvəlcə ona 30.000 ABŞ dolları, sonrakı müddətlərdə isə Cavabdeh istəyi ilə ona daha 3.000 və 3.300 ABŞ dolları yəni, ümumilikdə Cavabdeh 36.300 ABŞ dollarını Xətai rayonu, Babək prospektində yerləşən “4x4 Galery” avto salonunda vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh ona verdiyi pulu və vəd etdiyi qazancı istədikdə Cavabdeh ona malları satması üçün Dubay şəhərinə göndərildiyini, lakin satışı həyata keçirmiş şəxsin həmin mallar üçün ona ödəniş etmədiyini deyərək onun pulunu qaytarmamış və ona vəd etdiyi qazancı verməmişdir. Bununla belə cavabdeh sonrakı müddətlərdə iddiaçıya aldığı pulların müqabilində 2020-ci ildə 850 manat dəyərində kombi vermişdir, daha sonra 2021-ci ildə 1.000 manat, daha sonra isə 2022-2023-cü il tarixlərdə yenədə 2.000 manat toplam isə bu müddət ərzində 3.850 manat pul qaytarmışdır. Cavabdehə 36.300 ABŞ dolları pul verilməsini təstiq edən özünün və iddiaçının imzaları ilə təstiqlənən sadə yazılı formalı müqavilə vardır. Göründüyü kimi, cavabdeh bu müddət ərzində pulu ödəməkdən yayınaraq boyun qaçırdıqda onun barəsində Xətai rayon polis idarəsinə şikayət ərizsəsi ilə iddiaçı müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin İŞ-nin 01 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da izahatında Cavabdeh əlyazması ilə iddiaçıdan aldığı pulun məbləğini sadə yazılı müqavilədə olduğu kimi təstiq etmişdir və iddiaçıya izahatında göstərdiyi müddətlərdə və məbləğlərdə hissə-hissə ödənişlər etdiyini bir daha təstiq etmişdir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehdən 30.055,00 ABŞ dolları məbləğində pulun və ödənilmiş 247 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2009-cu ildə Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonda tanış olmuşdur. Həmin vaxt iddiaçı X1 Dubay şəhərində minik avtomobillərinin alınaraq Azərbaycana və digər ölkələrə nəql olunması (karqo) işi ilə məşğul olmuşdur. Cavabdeh isə Avropadan avtomobillərinin nəql olunması ile məşgul olmuşdur. Həmin ərəfələrdə cavabdeh iddiaçıdan Dubay şəhərindən gətirilən minik avtomobillərinin qiyməti ilə maraqlanmışdır. İddiaçının BƏƏ-də geniş əlaqələri odugu ücün cavabdehə bildirdiyi qiymətlər ona daha maraglı gəlmişdir. Nəticədə cavabdehlə hec bir yazılı razılıg və risk danışıgı olmadan, 2 – 3 avtomobildən başlayaraq, bu sahədə bir başa əməkdaşlıq etməyə başlamışlar. Birgə əməkdaşlıq ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya müəyyən pul vəsaiti göndərmiş və sonradan maşınlar alınmışdır. Daha sonra topdan yüzlərlə muxtəlif avtomobil modellərin, hətta xususi sifarişlərin edilərək Azərbaycana gətirilməsi istiqamətində, cavabdehlə iddiaçı arasında iri məbləğlərlə dövriyyə başlamış və 2010-2015-ci illər ərzində davam etmişdir. 2014-cü ildə 1,6 motor həcmi ilə yeni “Toyota Corolla” avtomobili satışa çıxarılmışdır. Dubaydakı yerli şirkətlərlə şəxsi yoldaşlıq və uzun muddətli maraglı muqavilələr bağlamağının hesabına yenidən əldə edilən sərfəli qiymətlər cavabdeh tərəfindən böyük maraqla qarşılanmışdır. 1.6 motor həcmli sadə avtomobilin qiyməti, 1 ABŞ dolları = 3,66 AED (dirhəm) nisbəti ilə 55.000 AED (15.027 abş dolları) və əlavə aksesuarla (fərqli disk və təkərlər, manitor, kamera) teçhiz olunması üçün əlavə 3.100 AED (847 ABŞ dolları) ödənilməklə 58.100 AED (15.874 ABŞ dolları) təşkil edirdi. Bir sözlə 1,6 motor həcmi ilə yeni “Toyota Corolla” avtomobilinin biri cavabdeh üçün 58.100 AED (15.874 ABŞ dolları) qiymətinə başa gəlirdi. Bakı şəhəri üçün bu çox sərfəli qiyməti idi. Cavabdeh ilkin olarag 300 avtomobilin alınması qərarını vermişdir. Cavabdehin sifarişlərinə uyğun olaraq iddiaçı uzun müddətli, qiymət və komplektasiya baxımından daha sərfəli variantları satıcı ilə razılaşdırmışdır. İlk olaraq 10 maşın gondərmiş və çox tez, hətta avtomobillər hələ yolda oldugu halda satıldıqlarını cavabdeh bildirmişdir. Daha sonra mütəmadi olaraq cavabdeh tərəfindən pullar göndərilirdi və iddiaçı avtomobilləri alaraq, cavabdeh tərəfindən sifariş olunan aksesuarlarla yığdırıb Bakı şəhərinə göndərirmiş. İddiaçı cavabdeh üçün Bakı şəhərinə yüzlərlə avtomobil göndərmişdir. Avtomobilərin sayı artıqca onların daxildə daşınması, qəbulu və aksesuarlarla təchiz olunması daha diqqətli və dəqiq olmağı tələb edirdi. 2014-cü ilin axırlarında iddiaçı cavabdehə bildirmişdir ki, 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı (start/stop düyməsi ilə motorun işə salınması, yapon istehsalı olan orijinal təkərlər, təkər diskləri, radar, monitor, multisükan, avtopilot, lyuk, led faralar və s.) avtomobillər şirkətin satış məntəqəsinə çatır. Cavabdeh bununla çox maraqlandı, belə ki 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı avtomobillər bazara yeni daxil olduğu halda, iddiaçının cavabdehə göndərdiyi avtomobillərin satışı olduqca çətinləşə bilərdi. Belə olan halda iddiaçı “Toyota” şirkətindən 2.0 motor həcmi ilə ilk olaraq 15 ədəd avtomobil barədə məlumat almağa çalışmışdır. Omandakı təchizatçı “Toyota” şirkətinin xx.xx.2014-cü il tarixli, PR04112014B nömrəli Azərbaycana eksport olunması üçün Cavabdeh adına çıxarılan qiymət cədvəlindən göründüyü kimi, Toyota Corolla 2.0 GLİ SPL A/T M/R 2015 modelli, ağ mirvari rəngli – 10 ədəd, boz metalik rəngli – 3 ədəd, qara mirvari rəngli – 2 ədəd, cəmi 15 ədəd avtomobilin ümumi qiyməti 1.035.000 AED (282.786,88 ABŞ dolları), hər birinin qiyməti isə 69.000 AED (18.852,45 ABŞ dolları) təşkil edirdi. Bu barədə iddiaçı cavabdehə xəbər vermişdir. Hər avtomobilə görə 1.6 motor həcmi ilə 2.0 motor həcmi arasında qiymət fərqi təqribən 10.900 AED (2.978 ABŞ dolları) olduğu halda, bunu cəmi 5.500 AED (1.503 ABŞ dolları) qədər endirmək imkanının olduğunu və hər yeni avtomobili 63.500 AED (17.350 ABŞ dolları) qiymətinə ala biləcəyini cavabdehə bildirmişdir. Bu qiymət fərqini cavabdehə bildirdikdə, o, çox pis oldu və iddiaçıya məyus olmuş şəkildə bir necə gün bildirmişdir ki, 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı avtomobil olan yerdə, o, 1.6 motor həcmi ilə sadə komplektasiyalı avtomobilləri sata biməyəcək, əlində qalacaq və s. və buna görə artıq 1.6 motor həcmi olan avtomobilləri almaq istəmir. Lakin, cavabdeh üçün satın olaraq aldıgı 20 ədəd 1.6 motor həcmi ilə sadə komplektasiyalı “Toyota Corolla” minik avtomobilləri Bakı şəhərinə göndərilməsi üçün artıq nəql olunma nöqtəsinə catdırılmışdırlar. Həmin an iddiaçı vaxt etibarı ilə çox sıxışmışdır, çünki cavabdehin sifarişi ilə əldə etdiyi həmin 20 ədəd 1.6 motor həcmi ilə avtomobillər iddiaçının məsuliyyəti altında qaldı. Bu səbəbdən daha çox zərərə uğramamaq üçün 1.6 motor həcmi ilə 20 ədəd avtomobillərin dəyişdirilməsi əməliyyatını öz vəsaiti hesabina etmişdir. Belə ki, bütün imkan və əlagələrini istifadə etməklə hər avtomobilə görə 5.500 AED (1.503 ABŞ dolları) təşkil edən qiymət fərqlərini öz vəsaiti hesabına ödəməklə, artıq alınmış 20 ədəd 1.6 motor həcmi avtomobilləri 20 ədəd 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı 4 avtomobillərlə əvəz etmişdir. Ümumilikdə 110.000 AED (30.055 abş dolları) təşkil edən bu ticarət əməliyyatının qiymət fərqini həmin vaxt iddiaçı öz hesabına ödəmiş və gələcəkdə ehtiyac olduğu halda bu məsələni cavabdehlə çözərik kimi yadda saxlamışlar. Faktiki olaraq həmin əməliyyatdan iddiaçıya 30.055 ABŞ dolları miqdarında zərər dəymişdir. 2015-ci ildən sonra dünyada baş verən devalivasiya prosesinin təsiri altında avtomobillərin alış-verişi sahəsində cavabdehlə işləri dayanmışdır. Lakin, cavabdehlə işlərinin dayanmasına baxmayaraq, onun üçün sərfəli qiymətlərlə avtomobilllərin əldə olunması üçün “Toyota” şirkəti ilə əvvəlcədən razılaşdırdığı və iddiaçıya ayırılmış avtomobil limiti hələki bitməmişdir. Bu səbəbdən həmin sazişə əsasən üzərində qalan təqribən 30 ədəd avtomobili mən boyuk itkilərlə başga ölkələrə satmaq məcburiyyətində qalmışdır. Lakin bunlar barədə də mən cavabdehə heçnə bildirməmişdim. Sonradan bilmişdir ki, cavabdehə göndərdiyi 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı avtomobillər onun tərəfindən olduqca əlverilşi şərtlərlə satılmşdır. İlkin iddia ərizəsində qeyd olunduğu kimi, 2018-ci ildə xırda buynuzlu heyvanların, daha dəqiq Qurbanlıq qoyunların Qazaxstan Respublikasından Birləşmiş Ərəb Əmirliklərinə gətirilərək, orada satılması üzrə ticarət əməliyyatında iştirak etməyi cavabdehə təklif etmişdir. Bu əməliyyatın detalları ondan ibarətidi ki, qeyd olunan xırda buynuzlu heyvanların X2 Əmirliklərinə gətirilməsi üçün həmin işdə şəriki olan Azad Əmrahov adlı şəxslə birlikdə 160.000 ABŞ dolları olmuşdur və əməliyyatın həyata keçirilməsi üçün əlavə olaraq 30.000 – 35.000 ABŞ dolları çatışmamışdır. Bu barədə iddiaçı cavabdehə bildirmişdir ki, çatışmayan məbləğ onun tərəfindən verilərsə bu əməliyyatdan o, 3.000 ABŞ dolları qazanc əldə edə biləcək. Cavabdeh bu əməliyyatda iştirak etmək istəyini bildirdi və birlikdə bu işə başlamışlar. Cavabdehdən məbləği götürərək iddiaçı Dubaya getmiş, orada edəcəyinin iş planını bir daha nəzərdən keçirərək oradan Qazaxstana yola düşmüşdür. Astana şəhərində Qurbanlıq qoyunlar üçün pulun bir hissəsi olaraq 17.000 ABŞ dolları satıcıya ödədikdən sonra bir müddət orada qalaraq, yenidən Dubay şəhərinə qayıdıb, pulun digər hissəsini özü ilə götürərək, Qazaxıstanın Çimkent şəhərində satıcı ilə görüşmü, pulun yerdə qalan hissəsini ona ödəmişdir. Sonra iddiaçı yenidən Astana şəhərinə uçaraq əməliyyatın davam etməsini, yəni yük təyyarəsini gözləyərək, baş verə biləcək hər hansı bir çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq, təqribən 15 gün orada qalmışdır. Qurbanlıq qoyunları yük təyyarəsinə yüklədikdən sonra, iddiaçı digər sərnişin təyyarəsi ilə Dubay şəhərinə getmişdir. Bir neçə gün ərzində davam edən qoyunların tibb işçiləri tərəfindən yoxlanıldıqdan sonra şəriki Azad Əmrahov iddiaçının tanımadığı ərəb mənşəli alıcı ilə görüşərək Qurbanlıq 5 qoyunları ona təhvil verib əməliyyatın başa çatmasını iddiaçıya bildirmişdir. Təqribən 20 – 25 gün ərzində satılan malların pulunu gözlədikdən sonra bir aylıq viza vaxtının bitməsi ilə əlaqədar olaraq iddiaçı Bakı şəhərinə qayıtmışdır. Hər gün Azad Əmrahovla əlaqə saxlamışdır, lakin yeni bir məlumat olmamışdır. Sonra iddiaçıya məlum oldu ki, alıcı onu aldadaraq, malın pulunu vermədən malları mənimsəmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Azad Əmrahov üzərində qalan yüksək məbləğdə borclara görə Dubay şəhərində həbs olunmuşdur. Bu barədə iddiaçı cavabdehə məlumat vermiş, hətta Dubay şəhərində həbsxanada olarkən, oradan cavabdehə fotoşəkil də göndərmişdir. Bu əməliyyatın uğursuzluğu nəticəsində cavabdehlə birlikdə iddiaçıya da maddi zərər dəymişdir. Bir müddət mən cavabdehə ona dəyən zərərin qarşılanması üçün cəhdlər, hətta təqribən 4.000 manat məbləğində pul vəsaitini ödəmişdir. Lakin, iddiaçı sonra düşünmüşdür ki, 2014-cü ildə cavabdehlə birgə keçirdikləri 1.6 motor həcmi ilə 15 ədəd avtomobillərin 15 ədəd 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı “Toyota Corolla” minik avtomobillərinə dəyişdirilməsi üzrə ticarət əməliyyatında tərəfindən itirilən 30.737,70 ABŞ dolları pul vəsaiti, 2018-ci ildə yenə də cavabdehlə birgə keçirdikləri xırda buynuzlu heyvanların əməliyyatı zamanı artıq cavabdeh tərəfindən itirilən məbləğə yaxın olduğu üçün, hesab etmişdir ki, onlar cavabdehlə bu hər iki məsələdə əvəzləşə bilərlər. Yəni, 2014-cü ildə cavabdehlə birgə keçirdikləri “Toyota Corolla” minik avtomobillərinin ticarət əməliyyatı zamanı iddiaçıya zərər dəydiyi vaxtdan etibarən 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı cavabdehə zərər dəydiyi vaxta qədər olan müddət ərzində iddiaçı “Toyota” əməliyyatında ona dəymiş zərərlə bağlı cavabdehlə nə vaxtsa əvəzləşəcəklərini bilirdi. Lakin, 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı cavabdehə zərər dəydiyindən sonra 2014 və 2018-ci illərdə birgə keçirdiyimiz hər iki ticarət əməliyyatları zamanı dəymiş zərərlərin miqdarı, demək olar ki, eyni məbləğ təşkil etdiyi üçün cavabdehlə artıq əvəzləşdiyini hesab etmişdir. Lakin, 2024-cü ildə cavabdeh 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı çəkdiyi zərərlə bağlı məhkəmədə ona qarşı iddia qaldırdığından sonra, iddiaçı da buna münasib olaraq, 2014-cü ildə cavabdehlə birgə keçirdikləri “Toyota” avtomobillərinin ticarət əməliyyatı zamanı ona dəymiş zərərlə bağlı cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir.

8. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ilə birlikdə ilkin iddia tələbinə qarşı etiraz verərək iddia tələbinin 30.055 ABŞ dolları hissəsində təmin edilməməsini və yerdə qalan hissədə qismən təmin olunmasını xahiş etmişdir. Etiraz qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

9. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbinə qarşı etiraz verərək qarşılıqlı iddianən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia tələbindən qorunmaq üçün özünü müdafiə etmək məqsədi ilə absurd bir iddia tələbi irəli sürmüşdür. Tərəflər arasında qeyd olunan hüquq münasibətləri olmamış, ümumiyyətlə belə bir ticarət münasibətləri onlar arasında baş verməmişdir. Bununla yanaşı, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərin də qarşılıqlı iddia üzrə cavabdehə hər hansı aidiyyətinin olması müəyyən edilmir. Bundan başqa, iddiaçı qarşılıqlı iddia ərizəsində münasibətlərin 2014-cü ildə baş verdiyini iddia ərizəsində göstərməyinə görə onun tərəfindən 3 illik iddia müddəti də ötürülmşüdür.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4836/2024 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) ilk iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh 34.036 ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, İddiaçı və Cavabdeh ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə (qazanc əldə etmək üçün birgə biznes fəaliyyəti) məşğul olması əsas götürülməklə, predmet nöqteyi-nəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibəti olması halı mövcud olsa da, subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir (cavabdeh kommersiya subyekti deyildir), bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir.

12. Məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh və Cavabdeh 2009-cu ildən tanışdırlar. 2018-ci ilin mart ayının 16-da cavabdeh kiçik buynuzlu heyvanların (qoyunların) Qazaxıstan Respublikasından Dubaya ixracından və Dubayda satış edib gəlir əldə etməkdən ibarət lahiyə olduğunu bildirirək və həmin lahiyyənin həyata keçirilməsi üçün pulunun çatmadığını deyərək ondan həmin lahiyə üçün 30.000 ABŞ dolları məbləğində pul istəyərək, əvəzində isə iddiaçıya 35.000 ABŞ dolları qaytaracağını bildirmişdir. İddiaçı da Cavabdeh tanığından onun təklifi ilə razılaşaraq əvvəlcə ona 30.000 ABŞ dolları, sonrakı müddətlərdə isə Cavabdeh istəyi ilə ona daha 3.000 və 3.300 ABŞ dolları yəni, ümumilikdə Cavabdeh 36.300 ABŞ dollarını Xətai rayonu, Babək prospektində yerləşən “4x4 Galery” avto salonunda vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh ona verdiyi pulu və vəd etdiyi qazancı istədikdə Cavabdeh ona malları satması üçün Dubay şəhərinə göndərildiyini, lakin satışı həyata keçirmiş şəxsin həmin mallar üçün ona ödəniş etmədiyini deyərək onun pulunu qaytarmamış və ona vəd etdiyi qazancı verməmişdir. Bununla belə cavabdeh sonrakı müddətlərdə iddiaçıya aldığı pulların müqabilində 2020-ci ildə 850 manat dəyərində kombi vermişdir, daha sonra 2021-ci ildə 1.000 manat, daha sonra isə 2022-2023-cü il tarixlərdə yenə də 2.000 manat toplam isə bu müddət ərzində 3850 manat pul qaytarmışdır. Qalıq məbləğ 34.036 ABŞ dolları təşkil edir.

13. Məhkəmə mülki işin mübahisəsiz hallarından yola çıxaraq (“prosessual qənaət” prinsipinin tələblərinə əsasən) ilkin iddia tələbini təmin etməyi əsaslı hesab etmişdir. Belə ki, ilkin iddia ərizəsində qeyd edilən xüsusatlar cavabdeh tərəfindən qəbul edilir (qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə və xx.xx.2024-cü il tarixdə cavabdehin izahatına əsasən).

14. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsində tələb üzrə faktiki hallar kifayət qədər detallı qeyd edilsə də, tələbinin əsaslılığı barədə mötəbər sübutlar təqdim edilməmişdir.

15. Məhkəmə nəzərə almışdır ki, mübahisə predmeti üzrə tərəflər arasındakı münasibətlər 10 ildən artıq müddətə aiddir. Sübut qismində təqdim edilən sənədlər də məhz həmin dövrə aid müvafiq maliyyə sənədləridir. Tərəflər arasında uzun illər ərzində biznes münasibətlərinin olması mübahisəsiz haldır. Yəni, tərəflər uzun illər birgə fəaliyyət göstərməklə qazanc əldə etmişlər. Lakin bu hal özü-özlüyündə qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə əsas ola bilməz. Tələb varsa, sübuta yetirilməli, sübut kimi təqdim edilən sənədlərin isə məhz mübahisə üzrə halları əks etdirməsi yəqin olmalıdır. Tərəflər arasında əvvəllər olan münasibətlər (biznes) üzrə iddiaçının sərəncamından olan sənədlərin iddia tələbinin əsaslılığını təsdiq edən sübut qismində məhkəməyə təqdim edilməsi qəbul edilən deyildir. Qarşılıqlı iddia tələbinin tərtibatından (xüsusən nəticə hissəsi) görünür ki, ilkin iddia tələbinin “balanslaşdırılmasına” yönəlmiş, tələb 10 ildən sonra məhkəməyə ünvanlanmışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mülki iş materiallarına əlavə olunmuş “WhatsApp” mobil telefon tətbiqi vasitəsinin səs yazma üsulu ilə iddiaçı ilə aralarında aparılan danışıq zamanı iddiaçıya bildirmişdir ki, “...məndən Corolla almışdın, 20 ədədinin lyuku, start-stop, yoxidi, nə bilim radarı yoxidi, dedin ki, Rəşad bu mənə ziyana gələcək, onları necə dəyişək, bir kəlimənə sənin onu təmənnasız dəyişdim, o 20 ədəd Corolla’nı, həmin adamam...”. Cavabında iddiaçı bu hadisəni inkar etmədən başqa mövzu barədə danışır. Lakin iddiaçı ilə aralarında onun sifarişi ilə 20 ədəd dəyişdirilmiş “Toyota Corolla” avtomobillərinin ticarət əməliyyatı olmasaydı təbii haldır ki, o, bunu inkar edərdi, lakin inkar etmədi, sadəcə bu barədə susdu, bu həqiqətin ona sərf etmədiyi üçün susdu. Həqiqət isə ondan ibarətdir ki, onun çəkdiyi 110.000 AED (30.055 ABŞ dolları) zərər hesabına iddiaçı bundan dəfələrlə artıq xeyir əldə etmişdir. Göründüyü kimi, mülki iş üzrə qarşılıqlı iddia tələbinin yeganə əsasını təşkil edən tərəflər arasında baş vermiş və işin əhəmiyyətli halı sayılan 20 ədəd “Toyota Corolla” avtomobillərinin dəyişdirilməsi üzrə ticarət əməliyyatı məhkəmə tərəfindən axıra qədər araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə 10 il tamam olmamış, yəni vaxtında verilmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini zərərlə bağlı əsaslandırıb, borcla bağlı ümumiyyətlə heç nə qeyd etməyib.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, uzun müddət ticarətlə məşğul olmuş və hər hansı şəxsə zərər vurmamışdır. Qarşı tərəflə 2009-cu ildən münasibətləri olub, birgə işlərindən qarşı tərəf külli miqdarda xeyir götürüb. Belə ki, xaricdən 700 yaxın avtomobil göndərib qarşı tərəfə. Azad Əmrahov ona heyvan biznesi ilə məşğul olmağa təklif etmiş, həmin iş üçün 30-35.000 ABŞ dolları pul çatışmırdı. Həmin məbləği qarşı tərəfdən götürmüş, lakin ödəməkdən boyun qaçırmamışdır, çünki aralarında uzun müddət iş münasibətləri olub. Lakin həmin məbləğ birgə iş üçün verilmiş məbləğ idi və iş alınmamışdır. Zərəri qarşılamaq hər iki tərəfin üzərinə düşür, tək onun məsuliyyəti deyil. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, işdə olan əlyazmanın yazılmasını cavabdeh ondan tələb etmiş, o da həmin sənədi yazıb cavabdehə təqdim etmişdir. Cavabdeh bildirmişdir ki, xəstədir, birdən ona nəsə olar, ona görə həmin sənəd onun evində olsun.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçının bildirdikləri tam yalandır. Avtomobillərin alınması böyük şirkət ilə həyata keçirilib, həmin əməliyyatdan ona faiz verilib. İddiaçı onun hesabına külli miqdarda pul qazanıb, özünə villa tikib. Avtomobillər alınmamışdan öncə pul ödənilməsə heç bir ölkə onları satmaz. Bütün dostlarına məsləhət görmüşdür ki, iddiaçı ilə işləsinlər. İddiaçı düzgün işləsə idi, indi də onunla işləyərdilər. 1.6 mühhəriki olan avtomobillərin 2.0 mühərriki olanlara dəyişdirilməsi mümkün deyil. Birinci 10 avtomobil 2.0 mühərrikli olub, ondan sonra 1.6 mühərrikli avtomobillər göndərilib. Çünki 1.6 mühərriki olanların qiyməti daha ucuzdur.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, qarşılıqlı iddia ilkin iddiada göstərilən pulun verilməsindən yayınmaq məqsədilə verilib. İddiaçı cavabdeh qarşısında borcla bağlı öhdəlik götürüb. Avtomobillərin alış-satışı başqa fəaliyyət olub.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə ilkin iddia təmin edildiyindən, qarşılıqlı iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

28. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmə kollegiyasına “dəqiqləşdirilmiş apellyasiya şikayəti” təqdim edisə də, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində və ilkin iddiaya qarşı verilmiş etirazında bildirir ki, cavabdeh İddiaçı ona göndərdiyi pul vəsaiti hesabına Dubay şəhərindən avtomobillər əldə edərək Azərbaycan Respublikasına nəql olunmasını təmin edirdi.

31. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında tərəflər arasında bu münasibətlərin mövcud olduğunu təsdiq etmişdir.

32. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini belə əsaslandırır ki, cavabdehin 2014-cü ildə sifarişi ilə əldə etdiyi 20 ədəd 1.6 motor həcmi ilə “Toyota Corolla” markalı avtomobillər onun məsuliyyəti altında qalmış, bu səbəbdən daha çox zərərə uğramamaq üçün avtomobillərin dəyişdirilməsi əməliyyatını öz vəsaiti hesabina etmiş, bütün imkan və əlagələrini istifadə etməklə hər avtomobilə görə 5.500 AED (1.503 ABŞ dolları) təşkil edən qiymət fərqlərini öz vəsaiti hesabına ödəməklə, artıq alınmış 20 ədəd 1.6 motor həcmi avtomobilləri 20 ədəd 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı 4 avtomobillərlə əvəz etmiş, ümumilikdə 110.000 AED (30.055 ABŞ dolları) təşkil edən bu ticarət əməliyyatının qiymət fərqini həmin vaxt iddiaçı öz hesabına ödəmiş, faktiki olaraq həmin əməliyyatdan ona 30.055 ABŞ dolları məbləğində zərər dəymişdir.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tərəflər arasında olan tapşırıq münasibətlərindən irəli gələn öhdəliklərini icra edərkən tapşırıq verən cavabdeh İddiaçı təqsiri üzündən 30.055 ABŞ dolları məbləğində zərərə uğradığını iddia etsə də, bununla bağlı qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçının istinad etdiyi “kommersiya invoysu” və tərəflər arasında olan səs yazıları ilə bu hal sübut olunmur, cavabdeh bu halı təsdiq etmir.

34. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində iddiaçı bildirir ki, 2014-cü ildə cavabdehlə birgə keçirdikləri “Toyota Corolla” minik avtomobillərinin ticarət əməliyyatı zamanı iddiaçıya zərər dəydiyi vaxtdan etibarən 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı cavabdehə zərər dəydiyi vaxta qədər olan müddət ərzində iddiaçı “Toyota” əməliyyatında ona dəymiş zərərlə bağlı cavabdehlə nə vaxtsa əvəzləşəcəklərini bilirdi. 2018-ci ildə xırda buynuzlu heyvanların əməliyyatı zamanı cavabdehə zərər dəydiyindən sonra 2014 və 2018-ci illərdə birgə keçirdikləri hər iki ticarət əməliyyatları zamanı dəymiş zərərlərin miqdarı demək olar ki, eyni məbləğ təşkil etdiyi üçün cavabdehlə artıq əvəzləşdiyini hesab etmişdir.

35. Kollegiya bununla bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona dəymiş sözügedən maddi zərərlə bağlı cavabdehlə nə vaxtsa əvəzləşəcəklərini bildiyini qeyd etsə də, tərəflər arasında xx.xx.2019-cu il tarixdə imzalanmış sənəddə həmin zərərlə, habelə onun əvəzləşdirilməsi ilə bağlı hər hansı şərt qeyd edilməmişdir.

36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4836/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar