Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1714/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğıunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması və İddiaçı1 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi edilməmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı1 apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, həqiqətin müəyyən edilməsi üçün ekspertiza keçirilməli idi. Məhkəmə iddiaçının təqdim etdiyi müstəqil ekspert rəyinə qiymət verməmiş, bununla bağlı hər-hansı ekspertiza da keçirməmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrılıqda apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək və şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı özü əlavə olaraq bildirdi ki, ona zərərin əvəzi ödənilərkən yazdığı ərizənin məzmununu bilməmiş, onu aldatmışlar, eyni zamanda da guya tələb hüququnun yarısının İddiaçı2 adlı şəxsə güzəşt etməsindən də məlumatı olmamış, öz vəkili onu aldatmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçıya dəymiş ziyan onlar tərəfindən tərəflərin qarşılıqlı razılaşması əsasında tam olaraq ödənilmiş, iddiaçı özü notariat qaydasında ərizə yazaraq bunu təsdiq etmiş və hər hansı tələbinin olmadığını bildirmiş, onun hazırkı iddası əsassızdır, iddiaçının olmayan tələbinin bir hissəsinin kiməsə güzəşt etməsinin nə onlara, nə də ki, ümumiyyətlə işin mahiyyətinə hər hansı aidiyyəti və təsiri ola bilməz, bu səbəbdən də şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür Sübutların tədqiqi: İddiaçı1 tərəfindən tərtib edilən yanan malların siyahısından görünür ki, İddiaçı1 ona dəymiş zərərin məbləğini 101.680 manat həddində hesablamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin müstətiqi, leytenant X2 tərəfindən qəbul edilən 30 iyul 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli 9/2337 nömrəli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan 51 adda əşyalara dəymiş ziyan 14081,00 (on dörd min səksən bir) manat məbləğində müəyyən edilmişdir. AR Ekologiya və TSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt və ona əlavə edilmiş cədvəl əsasında vətəndaş tərəfindən əkilmiş 14 ədəd ağacların (2 ədəd üzüm tənəyi) yanaraq məhv olması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3540 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2020-ci il tarixli 10/1567 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5606 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli 9/4131 nömrəli təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 dəymiş zərərin məbləği 14081 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli 10/2911 nömrəli məhkəmə əlavə tikinti-texniki ekspertizası rəyinə əsasən 30 noyabr 2020-ci il tarixli 10/1567 ekspert rəyinin məlumatlarına əsaslanmaqla “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus tikililərdə yaranmış qüsurların aradan qaldırılması üçün, görülməli təmir-bərpa işlərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 5606.0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli 9/4131 nömrəli təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən AR Ekologiya və TSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 409 saylı baxış aktına və ona əlavə edilmiş ziyan hesablama cədvəli əsasında vətəndaş tərəfindən əkilmiş 14 ədəd ağacların (2 ədəd üzüm tənəyi) yanaraq məhv olması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3540 manat hesablanmışdır. İddiaçı1 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə yazılan və notarial qaydada təsdiq olunan ərizəsinin surətindən görünür ki, İddiaçı1 04 iyul 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ona dəymiş 23227 manat maddi ziyanın ”Rəmzi-S” MMC tərəfindən tam ödənildiyini və ona dəymiş ziyanla əlaqədar şikayətinin və iddiasını olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlak və əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Ekspertizanın keçirilməi ilə əlaqədar ********* saylı cinayət işi materialları (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi, leytenant Elnur Aslanov tərəfindən xx.xx.2020-ci il tarixdə ********* saylı cinayət işinə xitam verilmişdir) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsindən xx.xx.2022-ci ildə tələb edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlak və əşyalara dəymiş ziyanın məbləği 23092 (iyirmi üç min doxsan iki) manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni İddiaçı1 apellyasiya şikayətinə əsasən iddia tələbinin ona aid hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı1 apellyasiya şikayətinin əsas dəlili ona dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza keçirilməli olduğu halda, ekspertizanın keçirilməməsi, ona dəyən zərərin həqiqi məbləğinin müəyyyən edilməsi üçün araşdırma aparılmaması ilə bağlıdır. Bununla əlaqədar olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlak və əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar ********* saylı cinayət işi materialları (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi, leytenant Elnur Aslanov tərəfindən xx.xx.2020-ci il tarixdə ********* saylı cinayət işinə xitam verilmişdir) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsindən xx.xx.2022-ci ildə tələb edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlak və əşyalara dəymiş ziyanın məbləği 23092 (iyirmi üç min doxsan iki) manat müəyyən edilmişdir. Mülki iş materiallarında olan İddiaçı1 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə yazılan və notarial qaydada təsdiq olunan ərizəsinin surətindən görünür ki, İddiaçı1 04 iyul 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ona dəymiş 23227 manat maddi ziyanın ”Rəmzi-S” MMC tərəfindən tam ödənildiyini və ona dəymiş ziyanla əlaqədar şikayətinin və iddiasını olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclasında həmin ərizənin aldadılaraq yazılmasını bildirsə də, buna dair məhkəməyə sübut verə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının tələb hüququnun başqa şəxsə güzəşti barədə məhkəmə iclasında bidirdiklərinə münasibətdə isə qeyd edir ki, həmin hal iddiacı tərəfində ayrıca icraatda mübahisələndirilməli məsələ olduğundan və hazırkı mübahisənin mahiyyəti üzrə həllinə təsir etmədiyindən, onun xüsusi olaraq araşdırılmasına zərurət yoxdur. Beləliklə, aparılmış məhkəmə araşdırmaları nəticəsində İddiaçı1 apellyasiya şikayətinin vurulmuş ziyanın məbləği ilə bağlı dəlilləri öz təsdiqini tapmadığından onun apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı1 özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri İddiaçı1 tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 405.0.1-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Ekspertiza tədqiqatının 500 (beş yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına İddiaçı1 tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1714/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1714/2022
24.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver