Məhkəmə qərarları › İş №2(103)-1722/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1722/2025

07.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1722/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “reyestr çıxraışının və müqavilənin etibarsız hesab olunması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4163/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanında yerləşən, sahəsi 23,20 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ilə bağlıdır. Qeyri-yaşayış sahəsi çoxmənzilli binanın zirzəmisində yerləşən qarajdır (bundan sonra – qaraj). 2.Qaraj üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. 3.Hazırda qaraja Cavabdeh sahiblik edir. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, əks tərəf qarajdan çıxarılsın. 5.Cavabdeh qarşılıqlı iddia ərizəsində tələb olunub ki, qaraja dair əks tərəfin adına verilmiş reyestr çıxarışı və çıxarışın verilməsinə əsas olan əqd etibarsız hesab olunsun. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, ilk iddia təmin olunsun, Cavabdeh qarjdan çıxarılsın, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd, qarşıqlılı iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən cavabdeh-iddaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 9.Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Cavabdeh qaraja sahibliyinin qanuni olduğunu təsdiq edən sübut təqdim etmədiyinə görə, hesab olunur ki, qaraja qanunsuz sahiblik edir. Qaraj üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeyd alındığına görə o, mülkiyyətçi sayılır. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, İddiaçı Cavabdeh qarajdan çıxarılmasını tələb etməkdə haqlıdır. 11.Cavabdeh qaraj üzərində İddiaçı mülkiyyət hüququnun yaranma əsasını (əqdi və s.) mübahisələndirmək hüququna malik deyil, çünki qaraja münasibətdə özünün hər hansı hüququ və ya qanunla qorunan marağı mövcud deyil. AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsinin obeyekti hüquq, azadlıq və qanunla qorunan maraqdır. Odur ki, əqdin etibarsızlığını tələb etməklə məhkəmə müdafiəsindən istifadə etmək istəyən şəxs müvafiq hüquqa, azadlığa və ya qanunla qorunan marağa malik olmalıdır. 12.AR Mülki Məcəlləsinin 14.2-ci maddəsində mülki hüquqların əmələ gəlmə əsasları müəyyən edilib. Cavabdeh qaraja hüququnun əmələ gəlməsi üçün həmin maddədə müəyyən edilmiş əsasların heç biri mövcud deyil. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli məktubunda (iş v. 81) qeyd olunub ki, MTK tərəfindən Cavabdeh həmin binada qaraj sahəsi verilməyib, qeyd olunan qarajı MTK-dan İddiaçı əldə edib. Cavabdeh məhkəmədə bildirdi ki, qarajı əldə etmək üçün binanın komendantına pul ödəyib, lakin ödəniş sənədi almayıb. Cavabdeh ödədiyi pulun qaytarılmasını və zərərin ödənilməsini pulu ödədiyi şəxsdən tələb edə bilər. 13.Beləliklə, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 14.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4163/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar