Məhkəmə qərarları › İş №2(103)-1725/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1725/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1725/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il tarixli, e-2(001)-564/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən 04 iyul 2022-ci il tarixdə sadə yazılı formada yazılmış qəbzə əsasən o, İddiaçı 23000 manat məbləğində pul aldığını, 05 avqust 2022-ci il tarixədək geri ödəyəcəyini qeyd etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23000 manat, ödənilmiş 159 manat dövlət rüsumunun və vəkil xərci olaraq ödənilmiş 110 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında iddiaçı telefonla taksi sifarişi etmiş, bu zaman taksi sürücüsü kimi Cavabdeh gəlmişdir. Yolda söhbət zamanı cavabdeh “Bolt” şirkətinin şəriki olduğunu, yaxşı biznesi olduğunu, Dərnəgüldə yerləşən ofisi, Biləcəridə avtotəmir yerinin olduğunu, taksi lazım olduğu halda ona müraciət edə biləcəyini demiş və nömrəsini təqdim etmişdir. İddiaçı “şirkətin şəriki olduğu halda niyə taksini özün idarə edirsən?” sualına isə cavabında Cavabdeh yaxınlıqda yerləşən bağ evinin olduğunu, ora getdikdə taksini özü idarə etdiyini bildirmişdir. Daha sonra iddiaçı yaxını üçün taksi sifariş etməli olan zaman cavabdehə zəng etmiş, cavabdeh isə özü əvəzinə başqa bir şəxsi göndərmiş, gələ bilməməsinin səbəbi kimi “Bolt” şirkətinin şəriki olduğunu, işlə əlaqədar özünün gələ bilmədiyini, işçisini göndərdiyini və iddiaçının narahat olmaması üçün taksinin hərəkət sxemini İddiaçı göndərmişdir. Bu da öz növbəsində iddiaçıda inam yaratmışdır. Bir gün cavabdeh iddiaçıya söhbət əsnasında cavabdeh iddiaçıya “Rovon” və “Reno” markalı avtomobillərlə işlədiyini, onları 4000-5000 manat dəyərində lizinqə götürdüyünü, onların gəlirindən ayda 400-500 manat məbləğində gəlir götürdüyünü bildirmiş, həmçinin, iddiaçıya maşınların alınması üçün pul verdiyi təqdirdə ona ayda 400-500 manat dəyərində gəlir verə biləcəyini bildirmişdir. İddiaçı müxtəlif vaxtlarda əvvəlcə bir maşının alınması üçün hissə-hissə pul göndərmişdir. Ay tamam olan kimi cavabdeh tərəfindən 419 manat gəlir kimi iddiaçıya təqdim edilmişdir. Bu da bir daha iddiaçıda Cavabdeh qarşı inam yaratmış, daha sonra beş ədəd maşın alınması üçün iddiaçıdan müxtəlif vaxtlarda cəmi 23000 manat pul almışdır. Cavabdeh iddiaçı ilə əvvəlki kimi münasibət saxlamamış, ondan uzaqlaşmış, sonradan maraqlandıqda isə onun “Bolt” şirkətinin şəriki olmadığını və sadaladığı ünvanlarda ofis və təmir yerlərinin olmadığını öyrənmişdir. İddiaçı cavabdehdən maşınların alınması üçün ödədiyi pulu geri tələb etdikdə isə cavabdeh ödəməkdən boyun qaçırmışdır. Cavabdehlə görüşən zaman sonuncu iddiaçıya 04 iyul 2022-ci il tarixdə borcunu 05 avqust 2022-ci il tarixə kimi ödəyəcəyinə dair yazılı kağız təqdim etmiş, bununla da iddiaçıya olan borcunu etiraf etmiş, lakin bugünədək borc məbləği ödənilməmişdir.

4. Cavabdeh 04 iyul 2022-ci il tarixli qəbzdəki imzanın ona məxsus olmadığını bildirdiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e- 2(001)-6830/2022 nömrəli qərardadına əsasən məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur.

5. Məhkəmə xətşünaslıq ekspertizasının 06 iyul 2023-cü il tarixli, 4/965 nömrəli rəyində qeyd olunmuşdur ki, 04 iyul 2022-ci il tarixli qəbzdəki yazılar və “İmza” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

6. 28 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, ekspert rəyi ilə razı olduğunu bildirmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e- 2(001)-564/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh 23000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh əlyazma formasında qəbz imzalayaraq etiraf etdiyi borc müqaviləsinə əsasən, iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 448.1, 739.1 və 740-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, cavabdeh yalnız məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddianı qəbul etmədiyini bildirsə də, işin halları barədə izahat verməmişdir. İşə mahiyyəti üzrə baxılarkən cavabdeh üzrlü səbəbə görə məhkəmə iclasında iştirak edə bilməmiş, lakin iclas təxirə salınmamışdır. Bununla da cavabdeh məhkəmədə izahat vermək və sübut təqdim etmək imkanından məhrum olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan borcun miqdarı barədə qəbzin heç bir hüquqi qüvvəsi yoxdur. Bu qəbzdə tam anket məlumatları (kreditorun adı, atasının adı, soyadı) göstərilmədiyi üçün qəbzin özü etibarsız sayılır. Qəözdə yalnız kreditorun adı göstərilmişdir və qanunla müəyyən edilmiş formada tərtib edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc verən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunmaması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. Cavabdehin istinad etdiyi hallardan biri odur ki, məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və çəkişmə prinsipinə əsasən sübutları təqdim etməyə şərait yaratmamışdır.

20. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh 15 dekabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş, izahat verərək iddiaçı tərəfindən təqdim olunmuş əlyazmadakı imzanın ona məxsus olmasını bildirdiyindən ekspertiza təyin olunmuşdur. İmzanın ona məxsus olması barədə rəy alındıqdan sonra cavabdeh 28 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı qəbul etdiyini və ekspert rəyi ilə razı olduğu bildirmiş, 22 sentyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə bildiriş ona təqdim olunmuşdur. Məhkəmə baxışı iclasının təxirə salınması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir müraciət ünvanlanmamışdır.

21. Digər tərəfdən cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmadığından sübutları təqdim etməyə şərait yaradılmadığını qeyd etsə də, apellyasiya şikayətinə də hər hansı bir sübut əlavə etməmişdir.

22. İşin hallarından görünür ki, cavabdehin iddiaçının qarşısında 23000 manat məbləğində pul öhdəliyi vardır. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının tələbi cavabdehin imzaladığı borcun etirafı sənədinə əsaslanır.

23. Birinci instansiya məhkəməsi tərəfindən borc münasibətlərindən irəli gələn öhdəlik kimi yanaşılmaqla bu istiqamətdə maddi hüquq normalarına istinad edilsə də, ümumilikdə Mülki Məcəllənin tələbləri baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməklə işin faktiki halları tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmaqla düzgün olaraq pulun tutulması nəticəsinə gəlindiyindən qətnamənin ləğv edilməsinə əsas yoxdur.

24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il tarixli, e-2(001)- 564/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2023-ci il tarixli, e-2(001)- 564/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar