Məhkəmə qərarları › İş №2(103)-1727/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1727/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1727/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər X10, X4, X15, cavabdeh T.Məmmədovun nümayəndəsi (vəkili) Vəkil, mütəxəssis X11 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X16, X6 və X18 qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş N 2(007)-473/2021) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Hüseynbala Əliyev küçəsində (Memar Əcəmi metrosunun yaxınlığında) yerləşən lombard fəaliyyəti ilə məşğul olan X17 ilə GJN seriyalı 266829 nömrəli, 15.01.2018-ci il tarixli girov biletini imzalayaraq,ona məxsus qızıl-zinət əşyalarını: ümumilikdə 4 ədəd,onlardan 3 ədədi brilliant qaşlı,cəmi 15,6 qr.olan 750 əyyarlı üzük, 1 ədəd brilliant qaşlı, 3,8 qr.588 əyarlı üzük girov qoyub, girov götürülən əmlakın ümumi dəyəri 12000 manat müəyyən olunmaqla ilkin olaraq ona 1200 manat məbləğində pul ödənilmişdir.Girov bileti üzrə 6% olmaqla, hər ay 72 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 2018-ci ilin dekabr ayında tərəfindən 72 manat ödəniş edilmiş və ona aid olan qızılları geri tələb etmişdir.İlin sonu olduğundan qızılların qaytarılması növbəti ilin yanvar ayına saxlandı. 2019-cu ilin yanvar ayında yaxınlaşıb son ödənişi tam olaraq ödəmiş və qızılların qaytarılmasını tələb etmişdir.Ancaq ona bildirmişlər ki, bankla lombard arasında problem var, ona görə də bir qədər gözləməlisən. 10 gün sonra yenidən yaxınlaşmağı xahiş etdilər. Onu da qeyd edir ki, lombard fəaliyyəti ilə məşğul olan X17 yerləşdiyi ünvanı dəyişərək Bakı şəhəri,Nərimanov rayonu, A.Neymətulla küçəsinin yaxınlığında yerləşən Vergilər Nazirliyinin yanında Bakı şəhəri X20 Departamentinin binasının sağında yerləşən ünvana köçmüşdür. Daha sonra o, həmin lombarda yaxınlaşaraq qızılları tələb etmişdir.Lakin ona müsbət cavab verilməmişdir. O, mütamadi olaraq lombard ilə əlaqə saxlamağa çalışmış,lakin zənglərinə ya cavab verilməmiş,ya da cavab verilərkən narahat olmamağı xahiş etmişlər. Qızıl-zinyət əşyalarının qaytarılacağı vəd olunurdu.Sonuncu dəfə qeyd olunan ünvanda yerləşən ofisə yaxınlaşdıqda, lombard fəaliyyəti ilə məşğul olan X4 həmin ünvanda olmadığını görmüşdür.Həmin zaman orada olan,onun kimi zərərçəkmiş bir nəfərdən X4 yeni ofisinin Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında olduğunu öyrənmişdir.Həmin ofisi tapsa da orada mühafizəçidən başqa heç kimi görməmişdir.Sonra bununla bağlı ofisə müraciət etmiş,onlar şikayətə qanunla müəyyən olunan qaydada və müddətdə baxıb müvafiq cavab veriləcəyini bildirmişlər.Lakin sonradan öyrənmişdir ki,şikayəti Bakı Şəhəri Baş Polis İdarəsinə göndərilib.Ancaq bu günə qədər şikayətinə cavab verilməyib.Yekun olaraq qeyd etmək istəyir ki,ödənişləri X3 başqa, X16 və X18 ödəmişdir.Həmin şəxslər ona məxsus qızıl-zinyət əşyalarını özlərində saxlamaqla gəlir əldə etmişlər. Belə ki, 1 ədəd 5 qaşlı brilliant üzüyü 3400 ABŞ dollarına,1 əd. tək brilliant daşlı üzüyü 2400 manata, 1 ədəd tək daş, yanında xırda daşları olan üzüyü 2100 manata və 1 ədəd 5 xırda daşları olan üzüyü 1800 manata almışdı.Ümumilikdə qızıl-zinyət əşyalarının dəyəri 12000 manatdan çoxdur.Lakin o, qızıl-zinət əşyalarının real dəyəri olan 12000 manatın qızıllar qaytarıla bilmədikdə cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsini xahiş edir.Bundan başqa,hesab edir ki,həmin şəxslərin törətdiyi hərəkətlərə görə həm də mənəvi zərərə düçar olmuşdur.Ona dəyən mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. Qeyd olunanlara əsasən X7,X3 və X12 ona məxsus olan ümumilikdə 4 ədəd,onlardan 3 ədəd brilliant qaşlı,15,6 qr.,750 əyarlı,1 əd. brilliant qaşlı,3,8 qr.585 əyarlı üzuklərin alınaraq ona verilməsi,bu mümkün olmadıqda həmin şəxslərdən müştərək qaydada üzüklərin dəyəri olan 12000 manat pulun,1000 mant mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instaniya məhkəməsində cavabdeh X17,onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı tanımır və onunla nə lombard fəaliyyəti barədə nə də ki, digər səbəblərə görə heç bir əlaqəsi olmayıb. O,iddiaçının iddia ərizəsində göstərdiyi qızılları girov olaraq qəbul etməyib və bu barədə də heç bir məlumatı yoxdur. Hazırki iddia tələbi ilə bağlı işin faktiki hallarını məhkəmənin diqqətinə çatdırmaq istəyir.Belə ki, iddiaçının iddia etdiyi hallar birbaşa digər cavabadeh olan X23 ilə bağlıdır.X2 barəsində Nərimanov Rayon Məhkəməsinin 1(005)-25/2021 saylı, 25.05.2021-ci il tarixli hökmü var. Hökmün surətindən də göründüyü kimi X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməklə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədib. Belə ki, cavabdeh X23 anası X8 ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda lombard fəaliyyəti ilə məşğul olub. Hüquqlarını müdafiə etdiyi şəxs də əvvəllər X15 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neyməlulla küçəsində fəaliyyət göstərdiyi lombardda əmək müqaviləsi olmadan aylıq əmək haqqı müqabilində işçi olaraq işləyib. Həmin vaxt X23 onun qanuni işçisi olmağı üçün adına VÖEN açılmasının vacib olduğunu, çünki vergi yoxlaması gələndə ilk olaraq buna baxacaqlarını bildirib. Oda da bu yalanlara inanıb razılıq vermişdir. Ancaq həmin VÖEN ilə heç kimlə qızıl-zinyət əşyalarının girov qoyulması ilə bağlı girov bileti tərtib etməyib və heç bir girov biletinə imza etməyib. Hətta iddiaçı tərəfindən təqdim edilən girov bileti barədə də heç bir məlumatı yoxdur. Onu Tural tərtib etməyib və qızıl-zinyət əşyalarını qəbul etməyib. Qeyd olunanlar X23 tərəfindən həyata keçirilib. Qeyd olunanlar cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmədə şahid qismində dindirilərkən ifadəsində öz əksini tapıb. X5 və onun anası X8 istintaqda və məhkəmədə Turalın adına olan VÖENdən özlərinin qanunsuz olaraq istifadə etdiklərini, həmçinin lombardda girov qoyulan qızılların hara aparılmasından, onların aqibətinin necə olmasından xəbərinin olmadığını bildirərək bunun Turala heç bir aidiyyətinin olmadığını qeyd ediblər. Tural tərəfindən etiraza əlavə edilən Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenamı X9 tərəfindən qəbul edilən “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 mart tarixli qərarda Turalın barəsində təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddələri ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.Göründüyü kimi hazırki mülki işə aidiyyatı olan və qüvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 1(005)-25/2021 saylı, 25.05.2021-ci il tarixli hökmü var həmin hökmə əsasən X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 (bir) il müddətə lombard fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bildirir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sübut olaraq bir-birinə zidd olan kassa mədaxil orderlərinin qəbzlərini və bir fotoşəkil təqdim elməklə iddia tələbinin təmin olunmasını xahiş edir.İddiaçının iddia ərizəsinə əlavə etdiyi girov biletinin, kassa mədaxil oredrlərinin kim tərəfindən tərtib edildiyi də məlum deyil, onların heç birində Turalın imzası yoxdur. Həmin girov biletində mütəxəssisin zərgərin, girovu mühafizəyə qəbul edən anbardarın ad soyadları yazılmayıb və imzaları ilə təsdiq olunmayıb. Hətta iddiaçının əlavə etdiyi kassa mədaxil orderlərinin qəbzlərindən göründüyü kimi 266829 saylı girov bilet üzrə ödənişlərin bir qismi X23 tərəfindən Turalın adına tərtib edilən kassa mədaxil orderləri vasitəsi ilə, digər ödənişlər isə X10 adına tərtib edilən kassa mədaxil orderləri vasitəsi ilə aparılmışdır.Bir neçə kassa mədaxil orerderində heç bir VÖEN və ad göstərilməmişdir. Göründüyü kimi bütün bunlar təqdim etdiyi məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilən X15 dələduzluq əməllərininin nəticəsidir.Daha sonra iddiaçı iddia edir ki, guya Tural Bakı şəhəri, Hüseynbala Əliyev küçəsində (Memar Əcəmi metrosunun yaxınlığında) yerləşən lombardda işləyib. Bir daha qeyd etmək istəyir ki, o, X15 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində fəaliyyət göstərdiyi lombardda əmək müqaviləsi olmadan aylıq əmək haqqı müqabilində işçi olaraq işləmişdir. İddiaçının iddialarının əsassız olması idtidai istintaqda və məhkəmədə aparılan araşdırma nəticəsində öz təsdiqini tapır. Bu da iddiaçının Turala qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və pul tələbi” barədə iddiasının əsassız olduğunu sübut edir. Hesab edir ki, iddiaçının iddia etdiyi eyni fakt üzrə yəni tərtib edilən girov biletləri üzrə istintaq orqanı və məhkəmə tərəfindən müvafiq araşdırma aparılıb və nəticədə Turalın, iddiaçının iddia etdiyi hallar üzrə təqsirli olmadığı sübuta yetirilib və barəsində cinayət təqibin başlanması rədd edilib. Bu səbəbdən də İddiaçı “qızıl-zinət əşyalarının geri qaytarılması və pul tələbi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirə ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılsın. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan istər girov bileti, istərsə də, kassa mədaxil orderlərinin qəbzləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun çap edilmiş ciddi hesabat blanklarıdır. İş materiallarında olan 15.01.2018-ci il tarixdə tərtib edilmiş GJN 266829 saylı girov biletində girovverən kimi məhz o qeyd olunmuşdur. Həmin girov bileti cavabdeh X4 adına olan möhürlə təsdiq olunmuşdur. Girov biletində “Nəzarətçi” qrafasının qarşısında imza edilmişdir. Bu imzanın cavabdeh Tural Məmmədova aid olmaması barədə qənaətə gəlmək üçün mütləq şəkildə müvafiq ekspertiza rəyi alınmalı idi. Lakin belə bir rəy olmadan,266829 saylı girov biletində X4 imzasının olmaması barədə hakimin nəticəsi tamamilə əsassızdır. İş materiallarında olan girov bileti, kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzləri müvafiq olaraq cavabdehlərin adlarına olan qanuni möhürlərlə təsdiq olunmuşdur. Həmin qəbzlərdə ödənişin təyinatı kimi girov biletinin nömrəsi olan “266829” yazılmışdır. Həmin sənədlərdə imzanın olmaması qeyd olunan ödənişləri etmədiyi və həmin ödənişlərin ondan qəbul olunmadığı qənaətini qətiyyən yaratmır. Əks halda, cavabdehlərin adına çap olunmuş və hazırlanmış həmin ciddi hesabat blanklarını və onlara vurulmuş möhürləri o necə əldə edə bilərdi?! Zaur Əliyevin cinayət məsuliyyətinə cəlb olunması, həmin işdə Tural Məmmədov və Ayaz Xudiyevin məsuliyyətdən kənarda saxlanılması, o işdə onun zərərçəkmiş şəxs olmamağı hazırkı iddianın rədd olunması üçün heç bir hüquqi əsas yaratmır. Əksinə, həmin cinayət işi də, lombard krediti üzrə girov qoyduğu qızılların ona geri qaytarılmadığını həm də dolayısı ilə təsdiq etmiş olur. Digər tərəfdən, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, o da hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin qeyd etməlidir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı cavabdeh Zaur Əliyevin hazırda cəzaçəkmə müəssisəsində olduğunu müəyyən etsə də, ona hazırkı iş barədə məlumat verməmiş, bildiriş göndərməmiş, onun məhkəmə iclasında iştirakını təmin etməmiş və iddiaya münasibətini bildirməsinə şərait yaratmamışdır. Beləliklə, girov bileti üzrə girov qoyduğu qızılların geri qaytarılmaması iş materillarında olan sübutlarla təsdiq olunduğu halda, məhkəmə işin hallarını və buna dair olan sübutları düzgün qiymətləndirməmişdir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehlər A.Xudiyev, T.Məmmədov apellyasiya şikayətini qəbul etməyərək qətnamənin onlara aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Z.Əliyev isə apellyasiya şikayətini qəbul edərək bildirdi ki, digər cavabdehlərin bu işə heç bir aidiyyətləri yoxdur, onlar adi lombard işçiləri olmuş, səlahiyyət sahibi olmamışlar. İddiaçı ilə girov müqaviləsinin bağlandığı 18.01.2018-ci il tarixdə lombard həqiqətən də fəaliyyətdə olmuşdur. Bir qayda olaraq girov qoyulan əşyaların dəyərinin təxminən 70 faizi məbləğində kredit verilirdi. İddiaçının əmlaklarının girov qoyulmasını təfərrüatı ilə xatırlamasa da, həmin dövrdə vətəndaşlara girov müqabilində kreditlər vermiş, sonradan girovu qaytara bilmədiyində görə vətəndaşlar ondan polisə şikayət etmiş, haqqında cinayət işi başlanmış, məhkəmə hğkmü ilə təqsirli bilinərək məhkum olunmuş və hazırda cəzaçəkmə müəssisəsində çəza çəkir. İddiaçı da polisə ərizə verə bilərdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021ci il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 15.01.2018-ci il tarixli 266829 saylı girov bileti üzrə lombarda girov qoyduğu ümumi dəyəri 12000 manat olan qızıl-zinət əşyalarının qaytarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu qənaətə gəlmişdir ki, 266829 saylı girov bileti X4 adından tərtib olunsa da həmin girov biletində X4 imzası yoxdur. İşə əlavə olunmuş kassa məxaric orderlərinin qəbzləri cavabdehlər X17 və X10 adından verilsə də həmin qəbzlərdə cavabdehlərin imzası yoxdur. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərdən X1 Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri təqsirli bilinib 1 (bir) il müddətinə lombard fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmün məzmunundan görünür ki, Z.Əliyev təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədib. Belə ki, o, anası X8 ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda lombard fəaliyyəti ilə məşğul olaraq, müxtəlif şəxslərin qızıl-zinyət əşyalarını ələ keçirmiş, verilən pul faizi ilə birlikdə ödənilib qurtarandan sonra əşyaları qaytaracağına dair yalan vəd verib etibardan sui-istifadə edərək aldatmış, zərərçəkmiş şəxslər faizləri tam ödəsələr də qızıl-zinət əşyaları geri qaytarılmamış, həmin şəxslər müxtəlif məbləğdə ziyan vurmaqla dələduzluq etmişlər. Barəsində olan cinayət işinə baxarkən X23 verdiyi izahatında X10 və X4 zərgər işini yaxşı bildikləri üçün anası tərəfindən qeyri-rəsmi olaraq işə götürüldüklərini təsdiq etmiş, lakin onların qızılların qiymətləndirilməsində, saxlanmasında və lombardda keçirilən digər əməliyyatlarda iştirak etmədiklərini bildirmişdir. Qeyd edilən cinayət təqibi zamanı İddiaçı şahid qismində dindirilməmiş və ya zərərçəkmiş qismində tanınmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırkı cavabdehlərin iddiaya cavab verməli olan şəxs hesab edilməsi üçün kifayət qədər sübut təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni MPM-nin 14.1, 77.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Qətnamənin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin iddianın əsassızlığı ilə bağlı mövqeyi üç hissədən ibarətdir: 1) 266829 saylı girov bileti X4 adından tərtib olunsa da həmin girov biletində X4 imzası yoxdur. 2) İşə əlavə olunmuş kassa məxaric orderlərinin qəbzləri cavabdehlər X17 və X10 adından verilsə də həmin qəbzlərdə cavabdehlərin imzası yoxdur. 3) X23 barəsində aparılan cinayət təqibi zamanı İddiaçı şahid qismində dindirilməmiş və ya zərərçəkmiş qismində tanınmamışdır. Məhkəmə kollegiyası ilk öncə girov biletinin imza ilə deyil, yalnız möhürlə təsdiqlənməsi barədə qeyd edir ki, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən cavabdeh T.Məmmədovun üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyulur. Bu baxımdan onun şəxsi möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin şəxsin özü tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra möhürlə təsdiq edilmişdirsə, bu o anlama gəlir ki, şəxs sənədi bəyənmişdir. Yaxud əgər şəxs imzalanmamış sənədi qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq sənədi, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), sənəd imzalandığı andan qüvvəyə minmişdir. Beləliklə, onun adından tərtib olunmuş sənədlərin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi və ya imzalanmaması həmin sənədin birmənalı qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bu zaman imza ilə yanaşı, sənəddə olan möhürün həqiqiliyi baxımından də hüquqi dəyərləndirmə aparılmalıdır. Beləliklə, girov bileti həm T.Məmmədovun adından tərtib edilmiş, həm də onun özünə məxsus şəxsi möhürü ilə təsdiq edilmişdir. İddiaçı, T.Məmmədovun adından tərtib və təsdiq edilmiş həmin sənədin mötəbər olub-olmaması, biletin təsdiqlənmə möhürünün onu təsdiqləyən şəxs tərəfindən vurulmaması və sair bu kimi halları bilmək iqtidarında və ya belə bir məcburiyyətdə olmamış və bütün bunlar iddiaçının təqsirindən baş verməmişdir. Məhkəmənin ikinci mövqeyi ilə bağlı (işə əlavə olunmuş kassa məxaric orderlərinin qəbzlərin cavabdehlər X17 və X10 adından verilsə də həmin qəbzlərdə cavabdehlərin imzasının olmaması) qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. İş materiallarında olan 266829 saylı girov biletinin məzmunundan görünür ki, İddiaçı 15 yanvar 2018-ci il tarixdə X6 dəyəri tərəflərin razılığı ilə girov çıxarılma məbləği 1200 manat müəyyən edilən 4 ədəd, onlardan 3 ədəd brilliant qaşlı, 15,6 qr.,750 əyarlı, 1 əd. brilliant qaşlı, 3,8 qr.585 əyarlı üzuk girov qoymuşdur. Girov bileti üzrə hər ay 6% olmaqla 72 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ödənişlər aparılmasına dair bir neçə kassa mədaxil orderinin qəbzlərini təqdim etmişdir, yəni, ödəniş aparmalı olduğunu qəbul etmişdir. 15 iyun 2018-ci il tarixli kassa məxaric orderi ilə İddiaçı X16 72 manat, 17 mart 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 26 may 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 23 avqust 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 28 aprel 2018-ci il, 27 fevral 2018-ci il tarixli kassa məxaric orderi ilə 72 manat, 17 noyabr 2018-ci il tarixli kassa məxaric orderi ilə 84 manat, 25 dekabr 2018-ci il tarixli kassa məxaric orderi ilə 100 manat X6 ödəniş edilməsi göstərilmişdir. Həmin orderlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun çap edilmiş ciddi hesabat blankları olmaqla hər birinin Seriya GİF/1 nömrəsi mövcuddur və “Ödənilib” ştampı ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası üçüncü əsasla bağlı qeyd edir ki, X23 barəsində aparılan cinayət təqibi zamanı İddiaçı şahid qismində dindirilməməsi və ya zərərçəkmiş qismində tanınmaması iddianın əsassızlığına, iddiaçının qızıl əşyalarının qanunsuz sahiblikdə qalmasına əsas ola bilməz. İşin faktiki halları ilə tam sübuta yetirilir ki, iddiaçıya məxsus əşyalar cavabdeh T.Məmmədovun adına tərtib edilmiş və ona məxsus şəxsi möhürlə təsdiq edilmiş girov bileti ilə təhvil verilmişdir və bu barədə iş materiallarında fotoşəkillər də mövcuddur. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının onun sahiblik və istifadəsindən çıxması tam təsdiqini tapır. Barəsində olan cinayət işinə baxarkən X23 verdiyi izahatında X10 və X4 zərgər işini yaxşı bildikləri üçün anası tərəfindən qeyri-rəsmi olaraq işə götürüldüyünü təsdiq etmiş, bununla yanaşı qızılların qiymətləndirilməsində, saxlanmasında və lombardda keçirilən digər əməliyyatlarda iştirak etmədiklərini bildirmişdir. Hazırkı apellyasiya baxışı zamanı da cavabdeh Zaur Əliyev həmin fikirləri təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Z.Əliyevin göstərdiyi bu hal tək həmin iş üzrə olan cinayət epizodlarına deyil, ümumilikdə lombardın fəaliyyət prinsipinə aid olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıya verilmiş girov biletinin də T.Məmmədov deyil, məhz Z.Əliyev tərəfindən təsdiq edilməsi qənaətinə gəlir və hesab edir ki, əmlaklar da Z.Əliyev tərəfindən saxlanılmağa qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, girov bileti üzrə lombardda saxlanılan iddiaçıya məxsus qızıl zinət əşyaları və ya onların dəyəri cavabdeh Z.Əliyevdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə kollegiyası tələb olunan əşyaların dəyəri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı öz tələbində əşyaların dəyərinin 12000 manat olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC-dən mütəxəssis rəyi alınmış və rəydə 15.12.2020-ci il tarixə girov predmeti olan qızıl əşyalarının dəyərinin 7300 manat olduğu göstərilmişdir. Həmin rəyin verilməsindən xeyli müddət keçdiyini nəzərə alaraq hazırkı apellyasiya baxışı zamanı qızıl əşyalarının qiymətində dəyişiklik olub-olmaması barədə mütəxəssis rəyi verilməsi "xxxx" MMC-dən xahiş olunmuşdur. 12.04.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən hazırkı dövrə münasibətdə qiymətlərdə hər hansı dəyişiklik olmadığı, qızılların dəyərinin 7300 manat olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı "xxxx" MMC-nin nümayəndəsi X19 məhkəmə iclasında iştirak edərək mütəxəssis rəyini müdafiə etdi. İddiaçı mütəxəssis rəyi ilə razı olduğunu bildirdi. Mülki Məcəllənin 302.5, 302.6-cı maddələrinin tələbinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək hüququ yoxdur. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, girov bileti verilməklə İddiaçı və cavabdeh Z.Əliyev arasında əşyanın lombardda girovu haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh girov predmetinin qaytarılması ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Məhkəmə kollegiyası iddianı 30000 manat mənəvi zərərin tutulmasına dair hissədə əsaslı hesab etmir və qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulması halını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. İddiaçı tərəfindən girov bileti üzrə təhvil verilmiş - 3 ədədi briliant qaşlı olmaqla, cəmi 15,6 qram çəkidə 750 əyarlı üzük və 1 ədəd briliant qaşlı 3,8 qr, 585 əyarlı üzük, ümumilikdə 4 ədəd üzük, onlar mövcud olmadıqda hazırkı vaxta olan dəyəri – 7300 (yeddi min üç yüz) manat pul vəsaiti cavabdeh X12 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 100 (bir yüz) manat xidmət haqqı X12 tutulub "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar