Məhkəmə qərarları › İş №2(103)-1729/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1729/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1729/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 İsrafil-Ağa qızı və İddiaçı1 İsrafil-Ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1729/2025 (Açar sözlər: pul və əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 İsrafil-Ağa qızı və İddiaçı1 İsrafil-Ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2265/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 İsrafil-Ağa qızı tərəfindən verilmiş apelyasiya şikayətinə 26 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı2 İsrafil-Ağa qızı və İddiaçı1 İsrafil-Ağa oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İsrafil-ağa Şıxlinskinin pulu ilə alınan “Mersedes Benz” markalı,**-FU-*** dövlət qeydiyyat nişanlı minik maşının və atalarının Rusiyadakı əmlakının satışından əldə etdiyi 15 milyon rus rublu məbləğində pulun Cavabdeh1 alınıb iddiaçılara qaytarılması; “Ford” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı maşının Cavabdeh2 alınıb iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 İsrafil-ağa oğlu, Cavabdeh1 2022-cü ildən tanıyır. Onları atası tanış etmişdir. 1994-cü ilin fevral ayında anası, Nümayəndə, atası Şıxlinski İsrafil-ağa David oğlu ilə ailə həyatı qurub Rusiyanın Krasnoyarsk şəhərinə getmişdilər. Atası gənc yaşlarından orada yaşayırdı və Rusiya vətəndaşı idi. Xırda sahibkarlıqla məşğul olduğundan Şəfəq onun maliyyə işlərini və digər tapşırıqlarını yerinə yetirirmiş. Evlənəndən sonra atası “nədənsə” Şəfəqin işlərini anasına tapşırır. Şəfəq ailəsi ilə Moskvaya köçüb orda yaşamağa başlayır. 2001-ci ildə onun 3 , bacısının 5 yaşı olanda valideynləri ayrılır və onlar 2005-ci ildə Azərbaycana köçür, atası Krasnoyarsk şəhərində qalır. Şəfəqlə tanış olandan sonra öyrəndi ki, o da ailəsi ilə 2005də Bakıya köçüb. Atasıyla uzun müddət görüşə bilməmişdir. 2018-ci ildən atasıyla mütəmadi görüşməyə, tez-tez telefonla danışmağa başladılar. Atasının ürəyində problemi var idi, tez-tez müalicə alırdı. Atası Krasnoyarsk şəhərində nəyi varsa satıb həmişəlik Azərbaycana gəlmək istəyirdi. Atası hərdən dədə-baba yurdu olan Ağstafa rayon Dağkəsəmən kəndinə gəlirdi, ordakı evində qalırdı , təmir işləri də görürdü. O orta məktəbi qurtaran kimi Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub dövlət xətti ilə Krasnodar şəhərindəki Şevçenko adına Ali hərbi məktəbdə oxumağa başladı. Atasıyla ilk görüşü də elə ordan başlayıb. Atasının ağır xasiyyəti var idi, o qardaşları və qohumları ilə xoş münasibət qura bilmirdi, övladları ilə də sıx əlaqəsi yox idi, çünki, onlarla yaşamırdı, tək yaşayırdı. Həm hərbçi olduğundan, həm də atasının ağır xasiyyəti üzündən tez-tez görüşə bilmirdi. Ona görə də, daha çox telefonla ünsiyyət qururdular. Atasının birinci nikahından Saida adında qızı da var, hal-hazırda Rusiyanın Novosibirsk şəhərində yaşayır, anası onu tanıyırdı, onların isə əlaqələri yoxdur. Atasıyla Şəfəqin nə vaxtsa , hansı şəraitdəsə yenidən münasibətləri yaranır, atası hər dəfə Azərbaycana gələndə, burda da onun maliyyə və digər işlərini Şəfəq yerinə yetirirdi. Atası 2019-cu ildə yenə Azərbaycana gəlir. Azərbaycan dilini və qanunlarını yaxşı bilmədiyindən burdakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdi. Beləliklə, Cavabdeh1 əlinə yaxşı fürsət düşür. O, atasının etibarını qazanaraq , özünü vəkil kimi göstərərək, bütün işləri öz xeyrinə həll eləməyə başlayır. Dağkəsəmən kəndində hamı onu vəkil kimi tanıyırdı. Sonra koronavirus pandemiyası başladı, yollar bağlandı, atası Azərbaycana gələ bilmədi, ancaq telefon əlaqələri var idi. Atası xəstə olanda, o, Krasnodardan Krasnoyarskiyə ona baş çəkməyə getmək istəsə də, ona icazə vermədilər. 2019-cu ildə atası soyadını Mehrəliyevdən Şıxlinskiyə dəyişir və təkid edir ki, o da, bacıları da onun soyadını götürək və onlar işə başladılar. Atasının xahişi ilə o Şəfəqə etibarnamə verdi ki, soyad işinin davamı ilə o məşğul olsun. Bacısı isə öz işlərini özü yerinə yetirməyə sevir. Ancaq bilmir nəyə görəsə, atası bacına deyirdi ki, o da Şəfəqə çox da güvənmir. Axır ki , neçə ildən sonra onlar 2023cü ilin oktyabr ayında Şıxlinski soyadı ilə yeni şəxsiyyət vəsiqəsi aldılar. Atası bunu çox istəyirdi , hər dəfə onları tələsdirirdi. X7 şəhərində doğulduğu üçün işlər uzun bir vaxt apardı. Təəssüf ki, atası bunu görmədi, xoşbəxtdirlər ki, uzun əziyyətdən sonra atalarının son xahişini yerinə yetirə bildilər. Nəhayət, 2022-ci ilin sonlarında, atası Krasnoyarsk şəhərindəki daşınar və daşınmaz əmlakını 15 milyon rubla satıb Azərbaycana gəlir. Bu pulun böyük bir miqdarını bacısına göndərmək istəyirdi. Bu barədə Azərbaycana gəlməmişdən qabaq telefonda danışmışdılar. Bacısı da “ata , sağ-salamat gəl , qalan işləri burda danışarıq” demişdi. Azərbaycana gələndən sonra, yenə də atasının ətrafında ən çox dolanan Şəfəq olur. Şəfəq öz ailəsindən çox atasıyla vaxt keçirirdi. O, heç bir yerdə işləmir, atasının hesabına dolanırdı. Atasının bütün tapşırıqlarını yerinə yetirir, bunun da müqabilində pul alırdı. Atası belə deyirdi. Atasının hətta stəkanı qırılsa belə onu Şəfəq alırdı, əlbəttə atasının pulu hesabına. Bunu dəfələrlə Şəfəqin özü demişdir ki, atası onun zövqünü bəyənir, nə alsa xoşuna gəlir. Atasının bütün işlərindən Şəfəqin xəbəri var idi. Atası əvvəlcə Şəfəqin adına aldığı mersedes markalı maşını 2022- ci ilin dekabr ayında onun adına keçirir, sonra yenə də Şəfəqin adına . Bu maşının harda olması barədə halhazırda heç bir məlumat yoxdur. Hətta Şəfəqin dediyinə görə, atası kənddəki evini də onun adına keçirirmiş, guya Şəfəq razı olmayıb. Atası Rusiya vətəndaşı olduğu üçün Şəfəq onu inandırıb ki, öz adına heç nə edə bilməz. Ona görə pulları da banka Şəfəqin adına qoyub. Dağkəsəmən kəndinin mollası Hüseynə də maşın (qara rəngli Ford, nömrəsi ** BH ***) alıb ki, kəndin əhalisi ölüsünü maşında aparsın qəbirstanlığa. Ona da demişdir ki, nəzarət etsin. Bu maşının dəqiq kimin adına olduğunu bilmir. Ya Şəfəqin, ya da molla Hüseynin adınadır. Doğrusunu ancaq Şəfəq bilir. Hüseyn bu maşından öz mənafeyi üçün istifadə edir. Maşının üzərinə dini şəkil də çəkdirmişdi, atası öləndən sonra molla Hüseyn onu pozdurub. Bu maşının onların mülkiyyətlərinə verilməsi üçün də köməklik istəyirlər. Onun benzin və təmir xərcini ödəyərdilər və kəndin əhalisinə pulsuz xidmət edərdi. Yoxsa , molla 20 manat almamış heç kimin ölüsünü o maşına qoymur. Bu atasının ruhuna hörmətsizlikdir. Atasının arzusu olub ki , kəndə bir xeyri dəysin. Ancaq onun kəndə yox , mollaya xeyri dəyib, onun cibini doldurur. Kənd üçün daha xeyirli işlər görmək olardı, hər kəs öz ölüsünü son mənzilə son dəfə çiyinlərində də apara bilər. Bu maşını satıb kənd üçün başqa xeyirli işlər görmək olar. Cavahdeh çox şey bilir, ancaq heç nə demir. Bütün kənd əhalisi şahiddir ki , bu maşınlar İsrafilin pulu hesabına alınıb. Bütün bu hadisələr 2022-ci ilin dekabrından, yəni atası sonuncu dəfə Rusiyadan Azərbaycana gələndən rəhmətə gedən günə, xx.xx.2023-cü ilədək olan müddətdə, cəmi 6 ayda baş verib. 2023cü ilin iyunun 12-də gecə 02.25-də Cavabdeh1 anasına zəng edib atasının ölüm xəbərini deyir. Anası “İsrafilin bütün dəfn və məzar daşının xərcini biz çəkərik “ deyir. Şəfəq isə “narahat olmayın, ataları bunun üçün də pul ayırıb” deyir. Sonra ona hərbi hissəyə məlumat verirlər. Ölməmişdən əvvəl Şəfəq onlarla, yəni anası, bacısı, o və atası arasında vasitəçi rolunu oynayırdı və mehriban davranırdı bizimlə. Atalarını dəfn elədilər, 3, 7, 40 mərasimində iştirak etdilər. Ataları öləndən sonra , Şəfəq dəyişib başqa adam oldu. Ölümündən 3-4 gün sonra atasının bütün paltarlarını, qəbul etdiyi dərmanları, hətta reseptləri belə, bütün atama aid olan sənədləri , onun şəxsi telefonlarını yox elədi və anasına dedi ki, gərək onun meyidini ekspertizaya göndərib yardırardılar, o hələ ölməli deyildi. Azərbaycanda atası müalicə edən həkim də Şəfəqin qohumu idi. Ölməmişdən 3-4 gün əvvəl Bakıda həkimin yanında olmuşdu. Özəl xəstəxana idi, oranın bir günü üçün atası 300 manat ödəyirdi. Bunu da Şəfəq deyirdi. yas mərasimində nə onun, nə də bacının ağlına gəlməmişdi ki, heç olmasa atasının şəxsi telefonunu və noutbukunu götürsünlər. Bəlkə orda onlara mesaj var idi. Noutbuku o götürmək istəsə də , Şəfəq ona yox, Süleyman əminin qızına verdi. Atasının evində Şəfəq ev sahibi kimi sərbəst hərəkət edir, sərəncamlar verirdi. Sanki , əmiləri belə onlara düşmən kəsilmişdi. Onun bundan sonra, şübhələri yarandı ki , atasının ölməsinə Şəfəq köməklik göstərib. Şəfəq onları atasının evinə buraxmırdı, açarı onları vermirdi, “siz o evə girə bilməzsiz” deyirdi. Bəzi telefon yazışmalarını saxlaya bilmişlər, qalanlarını Şəfəq yox edib. Bacının axırda səbri tükəndi , 2024- cü ilin yanvar ayında qıfılı dəyişərək evə daxil ola bildilər. Evdə doğrudan da heç nə yox idi, atasının bir dənə corabı belə qalmamışdı. Evdə atasını xatırladan bir əşyası qalmamışdı. Onlar atasının Dağkəsəməndəki evindən Şəfəqin adına ABB və Turan bankın Ağstafa filiallarından verilmiş 2 bank orderi tapdılar, birində 28 min ABŞ dollari, digərində 30 min Azərbaycan manatı. Bu orderlər , Dağkəsəmən kənd sakinlərinin , qonşuların dedikləri , yasa , məzar daşına cavabdeh tərəfindən xərclənən vəsait, Krasnoyarsk şəhərindəki ortaq tanışların və Şəfəqin özünün dedikləri sübut edir ki , atasının pulları var, bu pullar ya Şəfəqin adınadır, ya da onların harda olduğunu ancaq Şəfəq bilir və demir. Çünki , öz tamahkar niyyətini həyata keçirmək istəyir. Onlar atalarının kənddəki evində olarkən , qonşusu sözarası dedi ki, Şəfəq İsrafilin sağlığında ondan yaxşıca istifadə etdi. Hətta atasının Muğan bankda pullarını saxlamaq üçün yeşik götürməsinə aid sənəd də var. Sonra Şəfəqin dediyinə görə ordan pullarını çıxarıb. Atasının yas mərasimləri, məzar daşı ilə Şəfəq məşğul oldu. Onlar xərclənən vəsaitlə bağlı hesabat tələb edəndə , Şəfəq hər dəfə söhbətdən yayınırdı, o, “atanızın etibar elədiyi adamam” deyirdi və heç bir sənəd də təqdim etmirdi. Atasının pullarının aqibətini soruşanda isə “narahat olmayın, 7-sindən sonra deyəcəm, 40-dan sonra deyəcəm , 6 aydan sonra deyəcəm.” Axır vaxtlar isə , heç bir telefon zənginə, heç bir mesaja cavab vermirdi, hətta onları blok edib. Atasının ölümünün 1 ili yaxınlaşır, hələ ki, heç nə demir, ancaq öz xeyrinə olan işlərlə məşğuldur. Onlar dəfələrlə atasının Novosibirsk şəhərindəki qızının telefon nömrəsini Şəfəqdən və əmilərindən istəsələr də, vermədilər. Onu yasa dəvət etmədilər. Ancaq, atasının ölümündən 3 ay sonra , cavabdeh Şəfəq gizlin Saidanı ( atamın birinci nikahından olan qızını) Novosibirskdən Bakıya çağırıb ondan baş etibarnamə alır və gizlin də geri yola salır. Saida Novosibirskdən Bakıya təkcə etibarnamə vermək üçün gəlməmişdi. Bundan əmilərinin də xəbəri var idi. Şəfəq də, əmiləri də Saidanın onlarla görüşməsinə mane oldular. Əmilərinin biri Dağkəsəmən kəndində, digəri Rusiyanın Novosibirsk şəhərində yaşayır. Əmilərini atalarının yasında tanımışdılar, bu günə qədər heç bir münasibətləri olmayıb. Əmilərindən, qonşulardan, qohum-əqrəbadan, yanında olan insanlardan atalarının son sözü, vəsiyyəti barəsində soruşanda, hamı deyirdi ki, Şəfəq bilir. Şəfəq isə vaxt uzadır, “məni narahat etməyin” deyirdi. Hamı sanki, Şəfəqdən qorxurdu, onlara da demişdilər ki, onunla ehtiyatlı olsunlar. Dəfələrlə aidiyyəti orqanlara şikayət etsələr də, hamı məhkəməyə müraciət etməyi məsləhət gördü. Onlar ata çörəyi yeyib, ata qayğısı görməyiblər, onları anaları böyüdüb , heç ataları aliment də verməyib onlara. O baş leytenant İddiaçı1 İsrafil-Ağa oğlu hərbçidir, bacısı İddiaçı2 İsrafil-ağa qızı psixoloqdur, anası isə müəllimdir. Valideynlər ayrılsalar belə, övladlarını böyütmək, onlara maddi və mənəvi dəstək göstərmək üçün eyni hüquqa malikdirlər. Ancaq onları anaları tək böyütdü . Ataları da tək qalıb, əziyyət çəkib, yəqin ki, o da, onları sevirmiş, ancaq bunu hiss etdirə bilməyib. Atasının əziyyətlə qazandıqları niyə övladlarına yox, Şəfəq kimi, Hüseyn kimi yadlara qismət olsun.

3. Məhkəmə gedişatında iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh2 Ford markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh1 Mercedes Benz markalı 77- FU-602 dövlət qeydiyyat nişanlı avtomobilin və atasının Rusiyadakı mülkindən əldə etdiyi 15.000.000 (on beş milyon) rus rublu alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2265/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 386.1-cı Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı2 İsrafil-Ağa qızı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiaçıların iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərilmişdir ki, bütün subutları məhkəməyə təqdim etsə də, hakim tərəfindən onlara düzgün qiymət verilməmişdir. Hakim tərəfindən məhkəməyə təqdim etdiyi nə yazılı sübutlar, nə də ki dindirilməsi üçün məhkəməyə dəvət olunmuş şahid izahatları sübut kimi düzgün qiymətləndirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişlər.

b) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarında olan Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 356289 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, Şıxlinskiy İsrafil-Ağa David oğlu 12 iyun 2023-cü il tarixdə vəfat etmişdir.

29. "xxxx" Ağstafa filialı tərəfindən verilmiş 044 saylı, 02 fevral 2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nın Ağstafa filialında mərhum Şıxlinskiy İsrafil-Ağa David oğlunun adına depozit və hesab yoxdur.

30. "xxxx" ASC tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli Şıxlinskiy İsrafil-Ağa David oğlunun adına Azərbaycan Beynəlxalq Bankında bank hesabı mövcud deyil.

31. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli arayışdan görünürki, Ləğv prosesində olan "xxxx" ASC-də mərhum Şıxlinskiy İsrafil-Ağa David oğlunun adına hər hansı bank hesabı aşkar edilməmişdir.

32. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 28 may 2024-cü il tarixli komputer çıxarışından görünür ki, ** LR *** dövlət qeydiyyat nişanlı Mercedez Benz markalı avtomobil X9, ** BH *** dövlət qeydiyyat nişanlı, X24 Yük markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir.

33. 15 may 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** FU *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil X6 tərəfindən Cavabdeh1 satılmışdır.

34. 30 avqust 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** FU *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil Cavabdeh1 tərəfindən X1.

35. 27 yanvar 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, **-BH-*** dövlət qeydiyyat nişanlı, X24 Yük markalı avtomobil X10 tərəfindən Şahid2 satılmışdır.

36. 03 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** BH *** dövlət qeydiyyat nişanlı, X24 Yük markalı avtomobil Şahid2 tərəfindən Cavabdeh2 satılmışdır.

37. Ağstafa rayon Dağkəsəmən kənd sakinləri tərəfindən tərtib olunmuş aktın məzmunundan görünür ki, Ağstafa rayon Dağkəsəmən kənd sakinləri öz imzalaları ilə təsdiq edirlər ki, Rusiya vətəndaşı, əslən Dağkəsəmən kənd sakini Şıxlinski İsrafil-ağa Davud oğlu qeydiyyat nömrəsi **-BH-*** olan “Ford” markalı maşın (katafalka) alıb təmannasız xidmət göstərmək üçün kənd camaatına ianə etmişdir. Hal-hazırda Cavabdeh2in istifadəsindədir.

38. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş 20 iyun 2024-cü il tarixli 2762 nömrəli məktubdan və məktuba əlavə olunmuş hesabın çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də cari hesab açılmış, hesaba 101.970 AZN mədaxil edilmiş, xx.xx.2024-cü il tarixinə hesab qalığı 0.00 AZN təşkil edir; xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də cari hesab açılmış, hesaba 100.000 AZN mədaxil edilmiş, xx.xx.2024-cü il tarixinə hesab qalığı 7.17 AZN təşkil edir; xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də cari hesab açılmış, hesaba 30.000 AZN mədaxil edilmiş, xx.xx.2024-cü il tarixinə hesab qalığı 0.00 AZN təşkil edir; xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də cari hesab açılmış, hesaba xx.xx.2024-cü il tarixinə hesab qalığı 0.00 AZN təşkil edir.

39. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 6-2-41/2- 25878/2024 saylı məktubun məzmunundan görünür ki, Cavabdeh1 adına "xxxx" ASC-nin Yasamal filialında xx.xx.2023-cü il tarixdə açılmış cari bank hesabı üzrə heç bir əməliyyat aparılmamışdır. Əlavə olaraq Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə Bankın Qazax filialında bank hesabı açılmış və həmin tarixdə hesaba 100.000 manat və 130.000 manat məbləğində pul vəsaiti əmanətə (depozitə) qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə hər iki əmanət məbləği müştəri tərəfindən məxaric edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən 130.000 manat məbləğində pul vəsaitə əmənətə yerləşdirilmiş və həmin tarixdə 60.000 və 70.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə müştəri tərəfindən yenidən 70.000 manat əmanətə yerləşdirilmiş və həmin tarixdə 42.000 manat və 28.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək geri götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmanətə 42.000 manat yerləşdirilmiş və həmin tarixdə 30.000 manat və 12.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək geri götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmanətə yerləşdirilmiş 30.000 manat məbləğində vəsait həmin tarixdə 20.000 və 10.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək geri götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmanətə yerləşdirilmiş 100.000 manat və 20.000 manat məbləğində pul vəsaiti həmin tarixdə 120.000 manat olmaqla məxaric edilərək geri götürülmüşdür. xx.xx.2024-cü il tarixə hesab üzrə qalıq məbləğ 0 manat təşkil edir.

40. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Cavabdeh1 tanıyır. Şəfəqi ilk dəfə İsrafiağanın evində görmüşdür. Heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2 dəfə görübdür onu. İsrafil Rusiyadan gələndə onlar görüşmüşdülər. İsrafil ona bildirmişdi ki, qəbirstanlığa maşın almaq istəyir. Daha sonra 33.000 manata onun adına maşın almışdılar. Sonra Anarla o, birlikdə maşını kəndin mollasının, yəni Hüseynin adına keçirmişdilər. İsrafil onunla birgə Anarın yanına getmişdi. Sonradan Şəfəq də onların yanına gəlmişdi. Onlar erməni qəbirstanlığının yaxınlığında yerləşən Muğan banka getmişdilər. Bankdan 215.000 və ya 275.000 dollar pul götürdülər. Pul Şəfəqdə qalmışdı. Şəfəqi də o maşınla evinə aparmışdı . Şəfəq İsrafilin sağ əli kimi idi. Ona etibar edirdi. Anar kəndçiləridir.

41. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Ağstafa rayonunda Dağkəsəmən rayonunda yaşamışdır. Onun qızı mərhum İsrafillə qonşu olduları üçün tanıyır. O özü də Rafiqlə də həmişə ünsiyyətdə olmuşdur. Cavabdeh1 vəkil kimi tanıyır. Cavabdeh2la da birgə orta məktəbi oxumuşdular. Aralarında heç bir ədavət olmamışdır. Kəndin mollasıdır. İddiaçı Rafiq kəndə maşın almışdı. Kənd camaatının tərtib etdiyi aktda dabunu qeyd edibdir. İsrafil ölənə kimi də maşın məscidə xidmət göstərib. Hazırda maşından istifadə olunmur. Kəndin mollasının şəxsi istifadəsindədir.

42. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, Cavabdeh2 tanıyır. Kəndin mollasıdır. Aralarında heç bir ədavət olmamışdır. Rafiq maşını kənd üçün almışdı və kənd sovetində kəndin mollasına- Cavabdeh2 vermişdi. Cavabdeh2 da özü ilə qohumlarını gətirmişdir. Məqsəd maşını həmin qohumların sürməyini istəməsi idi. Lakin İsrafil razı olmamışdı. Daha sonra maşının kənar bir şəxsin sürməsi barədə razılıq əldə edildi. Kəndin böyüyü tərəfindən kənar bir şəxs tapıldı. İsrafil rəhmətə gedəndən sonra molla maşının üzərində Rafiqə aid olan məlumatları sildirdi və maşını idarə edən şəxs də uzaqlaşdırıldı. Hal-hazırda maşının istifadə edildiyini eşidibdir. Maşını ən son 1 ay əvvəl görmüşdür, maşını almağı da Cavabdeh2 təklif etmişdi. Maşın təhvil verilərkən Cavabdeh1 orda olmayıb. İsrafil heç kimə boşuna pul verməzdi.

43. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Cavabdeh2 kəndin mollasıdır. Aralarında heç bir ədavət olmamışdır. Maşını rəhmətlik İsrafil kənd üçün almışdı. O, bunu hamıya elan etmişdi. Maşını uzun müddətdir ki, kəndə xidmət etmir, maşını görmür. Maşının nə vaxt alındığı yadında deyil. Maşın kəndin mollasına təhvil verilərkən orda deyildi.

44. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Cavabdeh2 kəndin mollasıdır. Aralarında heç bir ədavət olmamışdır. Maşın İsrafil vəfatından əvvəl alınmışdı. Maşın kənd camaatı üçün alınmışdı. Son vaxtlar da maşını kənddə görməmişdir.

45. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqla iddia tələbinin, ümumiyyətlə, hüquqi əsası mövcud olmamış, onlar mübahisələndirilən əmlakların qanunsuz istifadədə olmasına, eləcə də həmin əşyalara dair mərhum atalarının qüvvədə olan mülkiyyət hüququnun mövcudluğuna və bu hüquqa cavabdehlər tərəfindən müdaxilə olunmasına dair heç bir sübut təqdim etməmişlər.

47. Belə ki, iddiaçılar mərhum ataları Şıxlinskiy İsrafil-Ağa David oğluna məxsusluğunu iddia etdikləri əmlakın (Ford markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin və atasının Rusiyadakı mülkündən əldə etdiyi 15 000.000 rus rublunun cavabdehlərdən alınıb qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdirlər.

48. Kollegiya ilk növbədə iddiaçıların atalarına məxsus olduğunu iddia etdikləri adları çəkilən avtomobillərə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi “Mercedes Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 may 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən Cavabdeh1 satılmış, 30 avqust 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən isə X1. Həmçinin “X24 Yük” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil isə 27 yanvar 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X10 tərəfindən Şahid2 satılmış, sonuncu tərəfindən isə 03 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır.

49. İşin faktiki hallarından da göründüyü kimi mübahisəli avtomobillər iddiaçıların atalarına heç vaxt mənsub olmamış, alqı-satqı müqavilələri cavabdehlərlə tamamilə fərqli şəxslər arasında baş tutmuş və onlar arasındakı bu əqdlərin etibarsızlığına dəlalət edən hər hansı hallar iş materiallarına əsasən aşkar edilməmişdir.

50. İddiaçılar tərəfindən isə məhkəməyə bu halları təkzib edən mötəbər hər hansı sübut təqdim edilməmiş, tələbi əsaslandıran bütün hallar şahid ifadələrindən ibarət olmuşdur. Dindirilmiş şahidlərin ifadələrinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. İlk növbədə qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilik formal həqiqət prinsipi əsasında qurulur ki, bu da mahiyyət etibarilə onu deməyə əsas verir ki, məhkəmələr iddia tələbini araşdırılması zamanı tərəflərin təqdim etdiyi sübutlarla işə baxmaqda haqlıdır.

52. Lakin qeyd olunan halların mötəbər hesab olunması üçün həmin sübutlar bir sıra şərtlərə cavab verməli, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

53. Hazırki iddia tələbinin predmeti qismində mülkiyyət hüququ ilə əlaqədar pul tələbi çıxış edir. Yəni göründüyü kimi iddiaçılar tərəfindən analoji halların mövcudluğunu sübut olunması üçün ilk növbədə müvafiq əmlakların onlara məxsus olmasını təsdiq edən hər hansı sənəd, sonra isə həmin əşyalardan qanunsuz istifadə faktı əsaslandırılmalı, o cümlədən bu hallar biri digərini təsdiq edən mötəbər sübutlara söykənməlidir.

54. Kollegiya bu halların əsası qismində iddiaçı tərəfindən çıxış edən şahid ifadəsi ilə bağlı qeyd edir ki, şahid izahatlarında, bir qayda olaraq, həqiqətən də, iddiaçının atası X3 tərəfindən cavabdehlərə kənd camaatının rifahını və şəxsi vəsaitlərinin idarə olunması üçün cavabdehlərə verilməsi qeyd olunsa da, bu halların X2 iradəsindən kənar baş verməsi təkzib olunmuşdur və bu da o deməkdir ki, əgər doğrudan da, mübahisəli avtomobillər iddiaçının vəsaiti hesabına alınmış olsa idi belə, o sağlığında öz vəsaiti və dolayısı ilə əmlakı üzərində sərəncam vermək hüququna malik olmuş və bu hüququnu reallaşdırmışdır.

55. Eləcə də həmin şahid ifadələrində hazırda cavabdehlərin istifadəsində olan əmlaklara dair qanunsuz sahibliyi təsdiq edən hər hansı izahat məhkəməyə bildirilməmişdir. Bu zaman qeyd edilən hallar cavabdehlərin mülkiyyət hüququnun qanunsuz olduğu qənaətinə gəlməyə əsas ola bilməz.

56. Kollegiya iddiaçıların atalarının Rusiyadakı mülkündən əldə etdiyi 15 000.000 rus rublunun cavabdehlərdən alınıb qaytarılması tələbinə münasibətdə isə bildirir ki, həmin hissədə də birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, bir sıra banklara sorğular ünvanlanmış və mərhum Şıxlinskiy İsrafilAğa David oğlunun adına hər hansı depozit və ya cari hesabın mövcud olmadığı təsbit olunmuşdur. Bundan əlavə Cavabdeh1 məxsus bank hesablarında aparılan əməliyyatların tarixçələrinə dair sorğu nəticələri də əldə edilsə də, həmin əməliyyatların məhz iddiaçıların mərhum atası İ.Şıxlinskiyin vəsaiti hesabına aparılması da öz təsdiqini hər hansı mötəbər sübutla tapmamışdır.

57. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

58. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

59. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

60. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2265/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar