Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1731/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı “xxxx” ASC nin nümayəndəsi Ələkbərov Fuad Rafiq oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3219.27 manat verilmiş sığorta ödənişinin, 30.40 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 3219,27 manat verilmiş sığorta ödənişi və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq, “xxxx” ASC-nin hesabına, 100 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianı tam təmin edilərək, 3219 manat xərcin və ödənilmiş 45,80 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə MM-in 1108-ci maddəsini yanlış tətbiq etmişdir. Belə ki, BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin çıxarışından görünür ki, “VAZ- 21214” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixli şəhadətnamə ilə Cavabdeh2a məxsusdur. Mülkiyyətçi tərəfindən avtomobilə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh1 etibarnamə verilmişdir. Hadisə baş verdiyi gün, yəni xx.xx.2018-ci il tarixdə isə avtomobilin idarə olunması üçün Cavabdeh1 etibarnaməsi olmamışdır. Göründüyü kimi, avtomobil Cavabdeh2 mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçınının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia Cavabdeh2 münasibətdə də təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən, “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, “VAZ 21214” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta müddətində - xx.xx.2018-cı il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Toyota Camry” markalı, **- AY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində “VAZ 21214” markalı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. “Toyota Camry” markalı, **-AY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 3219,27 manat məbləğində qiymətləndirilmiş və ona həmin məbləğdə sığorta ödənişi verilmişdir. İş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-cu il tarixli rəyinə əsasən də, nəzəri hesablamalar yolu ilə iş materiallarında olan qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Toyota Camry” markalı **- AY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 3219,27 manat müəyyən edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsi, Azərbaycan Respublikası Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, “X6” MMC-nin xx.xx.2018-ci il tarixli qüsur aktı, “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, PGU- 182814 nömrəli sığorta aktı, Baş Dövlət X7 xx.xx.2019-cu il tarixli, 77875-1219 nömrəli məktubu, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-cu il tarixli, 9/3509 nömrəli ekspert rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Göründüyü kimi, iddiaçının Cavabdeh2 qarşı tələbi maddi zərər vuran avtomobilin sonuncunun mülkiyyətində olmasına əsaslanır. Kollegiya, “xxxx” ASC-nin subroqasiya tələbinin xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsindən irəli gəldiyini nəzərə alaraq, “İcbari Sığortalar haqqında” Qanunun sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişinin subroqasiya qaydasında tələb etmək hüququnun yaranması, eləcə də bu hüququn kimə qarşı irəli sürülə bilməsi ilə bağlı bəzi normalarına istinad etməyi zəruri sayır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 6.1-ci və 6.2-ci maddələrinə görə, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun “İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları” başlıqlı 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları müəyyən edilmiş və həmin əsaslardan biri kimi isə Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. Adı çəkilən Qanunun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, qanunverici, könüllü sığorta müqaviləsindən fərqli olaraq icbari sığortada sığortaçının subroqasiya hüququnun yaranmasının konkret əsaslarını müəyyən etmiş və onlardan biri kimi sığorta şəhadətnaməsində göstərilən əmlakın hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halını nəzərdə tutmuşdur. Eyni zamanda, sözügedən normada sığortaçının subroqasiya hüququnun kimə qarşı yaranacağı müəyyən şərtlərdən asılı edilmişdir. Belə ki, sığortalının və ya sığorta olunanın məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, sığorta şəhadətnaməsində göstərilən əmlakın hüququ olmayan şəxs tərəfindən istismar edilməsi barədə xəbəri olmazsa, o zaman sığortaçının subroqasiya hüququ qanuni əsas olmadan əmlakı istismar edən şəxsə qarşı yaranır. Bunun əksi olaraq, əgər sığorta predmeti olan əmlakın buna hüququ olmayan şəxs tərəfindən istismar edildiyini sığortalı və ya sığorta olunan bilməli idisə, onda subroqasiya hüququ ümumi qaydada sığortalı və ya sığorta olunana qarşı yönələcəkdir. O da nəzərə alınmalıdır ki, sözügedən Qanunun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, sığortaçının bəhs edilən Qanunun 25.1.3-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ sığortalının və ya sığorta olunanın məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, bir qayda olaraq qanuni əsas olmadan əmlakı istismar edən şəxsə qarşı yaranır. Əgər, əmlakı istismar etmiş şəxs əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirməsi üçün sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməli olmuşsa, o zaman sığorta hadisəsinin baş verməsində təqsirli şəxslə yanaşı, sığortalı da subroqasiya qaydasında məsuliyyət daşıyır. Bu səbəblə Kollegiya, qeyd edilən normların dispozisiya şərtlərinin nəzərə alaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3cü maddəsi ilə subroqasiya qaydasında məsuliyyət daşımaması üçün onun sözügedən avtomobilin hüququ olmayan Cavabdeh1 tərəfindən istismar edilməsi barədə məlumatlı olmamasının müəyyən edilməsi lazımdır. İşin müəyyən olunmuş hallarına görə, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmişdir. Eyni zamanda, Cavabdeh1 tərəfindən “VAZ 21214” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hər hansı qanuni əsas olmadan idarə edildiyi təsdiqlənmişdir. Belə ki, işdə olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2019-cu il tarixli məktubunda “VAZ 21214” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi Cavabdeh2 olduğu və həmin avtomobilin etibarnamə əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarədək Cavabdeh1 istifadəsinə verildiyi qeyd olunmuşdur. İşdə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə isə 2 ay müddətinə verilməklə müddəti xx.xx.2018-ci il tarixə bitmişdir. Göründüyü kimi, sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2018-ci il tarixdə Cavabdeh1 “VAZ 21214” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Avtomobilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən ona verilmiş sonuncu etibarnamənin tarixi xx.xx.2018-ci il tarixdə bitmişdir. Lakin xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən yenidən Cavabdeh1 adına avtomobilə dair 1 illik etibarnamə verilmişdir. Bu hal isə, ona dəlalət edir ki, Cavabdeh2 avtomobilə dair adına etibarnamə verdiyi Cavabdeh1 tərəfindən bundan iki gün əvvəl, yəni yol-nəqliyyat hadisəsinin baş verdiyi gün xx.xx.2018-ci il tarixdə həmin nəqliyyat vasitəsinin istismar edilməsi barədə məlumatlı olmaması hüquqi və faktiki baxımdan mümkün deyil. Belə ki, bu hal həyatın ümumi axarına uyğun olmamaqla, həm də hüquqi baxımdan onun tərəfindən əvvəlki vəziyyətin (avtomobilin tərəfindən Cavabdeh1 əvəzsiz istifadəsinə verilməsi) qəbul edilməsi deməkdir. Kollegiya, həmçinin vurğulayır ki, Cavabdeh2 də məhkəməyə hadisənin baş verdiyi vaxt avtomobilin onun iradəsinə zidd olaraq Cavabdeh1 tərəfindən istismar edildiyini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş (apelyasiya şikayətinin surəti əlavə edilməklə) göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və apelyasiya şikayətinin dəlillərinə qarşı hər hansı formada etiraz etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, eyni zamanda Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən Kollegiya hesab edir ki, “VAZ 21214” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərər görə Cavabdeh2 də məsuliyyəti müəyyən olunmalıdır. Həmin maddəyə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, Kollegiya, bu qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmadığı hissədə ləğv edilərək, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-949/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. “xxxx”ASC-nin xeyrinə ödənilməli olan 3219,27 manat məbləğində sığorta ödənişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1731/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1731/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver