Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1733/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 07 avqust 2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmünə əsasən İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının göstərilən qərarı ilə dövlət ittihamçısının protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(101)-93/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı ilə "Azəriqaz” istehsalat Birliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli 276 saylı Xidmət müqaviləsindən görünür ki, iddiaçı tərəfindən nəzarətçi-çilingər xidmətini göstərməyi, "Azəriqaz” istehsalat Birliyi isə 277 manat aylıq xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər.
5. Həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında 01 iyun 2016-cı il tarixli əlavə razılaşmaya əsasən aylıq xidmət haqqının məbləği 271,50 manat müəyyən edilmişdir.
6. xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, müqavilə yolu ilə işə götürülmüş İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir.
7. "Azəriqaz” X8 X19 İdarəsinin Göygöl rayonu üzrə xidmət sahəsinin xx.xx.2019-cu il tarixli SH-01/05-01-161 saylı məktubundan görünür ki, Göygöl rayonu üzrə xidmət sahəsində müqavilə yolu ilə işə götürülmüş İddiaçı rəhbərliyin icazəsi olmadan uzunmüddətli işə gəlmədiyi və xidməti müqaviləçilərin qeydiyyatı tabelində qeydiyyatdan keçmədiyi üçün, onunla bağlanmış xidməti müqaviləyə xitam verilməsinə göstəriş verilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 7756 manat məbləğində maddi, həmçinin maddi ziyan hissəsində qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin, eyni zamanda 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X2 07 avqust 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarxdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 07 avqust 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinin qərarına əsasən isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən, guya qohumu X9 və tanışı X5 ilə birlikdə yetkinlik yaşına çatmayan şəxs 23 noyabr 2002-ci il təvəllüdlü X10 barəsində adam oğurluğu cinayəti törətmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2021 saylı 17 dekabr tarixli hökmü ilə AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2021 saylı 17 dekabr 2021-ci il tarixli hökmü ona dair hissədə qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına əsasən 07 avqust 2019-cu il tarixdən 17 dekabr 2021-ci il tarixədək, yəni 2 il 4 ay 10 gün Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. xx xxx 1994-cti il tarixdə anadan olmuş, lakin çox kiçik yaşlarda hər iki valideyinini itirmişdir. Belə ki, baş vermiş avtomobil qəzası nəticəsində atası X6 xx.xx.1996-cı il tarixdə, anası X11 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Həbs olunduğu günədək nənəsi X7 ilə birlikdə yaşamışdır. Lakin həbsdə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə nənəsi X7 vəfat etmişdir. Barəsində bəraət hökmü çıxarıldığı gün həm valideyn himayəsindən, həm də onu böyüdüb boya-başa çatdırmış nənəsindən məhrum olmuşdur. Həbsdə olduğu üçün nənəsinin dəfn və yas mərasimində belə iştirak edə, onun son günlərində yanında ola bilməmişdir. Yəni, ibtidai istintaq orqanın əsassız və ədalətsiz ittihamı onu bir çox mənəvi şeylərdən məhrum etmişdir. Ona dəymiş mənəvi ziyanın həcmi pulla belə ölçülə bilməz. Həyatın ən sərt üzünü görmüş, valideyn himayəsindən məhrum olmuş, 3 ilə yaxın müddətdə əsassız olaraq azadlıqdan məhrum edilmiş, onu böyüdən nənəsini həbsdə olarkən itirmiş bir şəxsdə yaranan mənəvi sarsıntını diqqətə çatdırmaq belə çox çətindir. Barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bundan başqa əsassız olaraq ona ittiham elan edildiyi günədək “Azəriqaz" X13 Regional Qaz istismarı İdarəsində aylıq 277 manat məbləğində əmək haqqı alaraq çalışmışdır. Həbs edildiyi üçün 2 il 4 ay 10 gün müddətində aylıq əmək haqqından məhrum olmuşdur. Ona faktiki olaraq 7756 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda da işsizdir. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqəti ləkələnmişdir. Yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
11. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 29.000 (iyirmi doqquz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır.
12. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona ittiham elan edildiyi günədək “Azəriqaz" X13 Regional Qaz istismarı İdarəsində aylıq 277 manat məbləğində əmək haqqı alaraq işləməsini qeyd etsə də, iş materialları ilə iddiaçının "Azəriqaz” X8 X19 İdarəsinin Göygöl rayonu üzrə xidmət sahəsində xx.xx.2019-cu il tarixədək işləməsi, həmin tarixdən sonra heç bir üzürlü səbəb göstərmədən işə getməməsi və həmin əsasa görə də onunla bağlanmış xidmət müqaviləsinə xitam verilməsi müəyyən olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış xidmət müqaviləsinə xitam verilməsinin onun qanunsuz həbs müddəti ilə əlaqədar olmadığından iddia göstərilən hissədə təmin oluna bilməz.
13. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinə, AR CPM-in 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
15. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3803/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunsuz olaraq həbs edildiyi günə, yəni xx.xx.2019-cu il tarixədək daim əmək fəaliyyəti ilə məşğul olmuş, yəni xx.xx.2019-cu il tarixli Aktda və "Azəriqaz” X8 X19 İdarəsinin Göygöl rayonu üzrə xidmət sahəsinin xx.xx.2019-cu il tarixli SH-01/05-01-161 saylı məktubunda qeyd olunduğunun əksinə həbs edildiyi günədək əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.2019-cu il tarixdə işdən azad edilməsi onun iyul ayında işə gəlmədiyinin həqiqətə uyğun olmadığını bir daha təsdiqləyir. Əgər həqiqətən o, xx.xx.2019-cu il tarixdə işə üzürsüz səbəbdən gəlməmiş olsaydı, rəhbərlik tərəfindən müqaviləyə sentyabr ayında deyil, ən gec halda avqust ayında xitam verilərdi. Bundan başqa, işə üzürsüz səbəbdən gəlmədiyini qəbul etsə belə, aktdan və ərizədən də göründüyü kimi müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Yəni, xx.xx.2019-cu il tarixdə barəsində əsassız olaraq həbs qətimkan tədbiri seçilməsəydi, yenidən əmək fəaliyyəti ilə məşğul ola, aralarındakı müqaviləyə isə xitam verilməyə bilərdi. Lakin əsassız olaraq barəsində həbs qətimkan tədbiri seçildiyi üçün əmək fəaliyyətini davam etdirə bilməmiş, buna görə də aralarındakı müqaviləyə də xitam verilmişdir. Yəni, rəhbərlik sentyabr ayınadək gözləyərək müqaviləyə xitam verməmişdir. Lakin qeyd olunan, yəni işin faktiki halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən işə birtərəfli qaydada baxılmış, hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur.
17. Cavabdeh apellyasiya şikayətində Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(006)-3803/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda, son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Tərəflərin bir-birlərinin apellyasiya şikayətlərinə qarşı yazılı etirazları daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
21. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. 1100-cü madəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
31. 1101.1-ci madəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
32. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin:
33. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
34. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
35. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
36. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
37. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
38. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
AR Mülki Prosessual Məcəlləsi
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsasında hazırkı iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.
44. Kollegiya ilk növbədə iddianın mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
45. Belə ki, işin mübahisəsiz hallarından müəyyən edildiyi kimi, 07 avqust 2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmünə əsasən İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının göstərilən qərarı ilə dövlət ittihamçısının protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(101)-93/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
46. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 2 il 4 ay 10 gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
49. Hazırkı işin hallarına (iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək azadlıqdan məhrum edilməsi və 2 il 4 ay 10 gün müddətində istintaq təcridxanasında saxlanılması, bununla da onun həmin müddətlərdə sərbəst hərəkət etmək imkanının və azadlığının məhdudlaşdırılması, sonradan isə ona həmin cinayət işi üzrə bəraət verilməsi) Konstitusiya Məhkəməsinin bu qərarında əks olunmuş hüquqi mövqedən yanaşdıqda, belə nəticəyə gəlmək olur ki, istintaq və məhkəmə orqanlarının qeyd edilən hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasına dair iddiası əsaslı olmuşdur.
50. Belə ki, iddiaçının ona aidiyyatı olmayan cinayət əməli üzrə məhkum olunması və uzun müddət ərzində istintaq təcridxanasında saxlanılması onun adətən öyrəşdiyi həyat tərzinin kəskin dəyişməsi, əhəmiyyətli məhrumiyyətlərə uğraması, habelə öz vəziyyəti ilə bağlı inamsazlıq hissinin yaranması ilə nəticələnmiş olur ki, bu halların birlikdə mövcud olması şəxsi mənəvi iztirablara və sarsıntılara məruz qoyur.
51. Belə olan halda isə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məruz qaldığı mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb etmək hüququ yaranmış olur.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
53. Kollegiya iddiaçının 2 il 4 ay 10 gün müddətində həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 29.000 manat müəyyən edilməsini də əsaslı hesab edir.
54. Cavabdeh apellyasiya şikayətində Maliyyə Nazirliyinin heç bir delikt törətmədiyi halda yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirildiyini və kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyətinin olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, bu hal iddianın rədd edilməsi üçün əsas deyildir.
55. Maliyyə Nazirliyinin heç bir delikt törətmədiyi halda, son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, nazirlik Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazılayan və dövlət düdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimləməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
56. Göründüyü kimi, burada Maliyyə Nazirliyi delikt törədən deyil, deliktə görə dövlət büdcəsindən ödənilməli olan vəsaiti idarə edən səlahiyyətli dövlət orqanı olaraq hazırkı mülki prosesə cavabdeh qismində cəlb edilmişdir.
57. Göstərilənlərlə yanaşı, iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsində birinci instansiya məhkəməsinin mövqeyini kollegiya düzgün hesab etmir.
58. Belə ki, xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, müqavilə yolu ilə işə götürülmüş İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir.
59. "Azəriqaz” X8 X19 İdarəsinin Göygöl rayonu üzrə xidmət sahəsinin xx.xx.2019-cu il tarixli SH-01/05-01-161 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, fərdi sahibkar İddiaçı ilə Birliyin regional qurumu arasında xx.xx.2016-cı ildə xidmət müqaviləsi bağlanmış, müqavilənin şərtinə görə ona göstərdiyi xidmətlərə görə aylıq 271,50 manat xidmət haqqı ödənilmiş, lakin İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlmədiyindən və xidməti müqaviləçilərin qeydiyyatı tabelində qeydiyyatdan keçmədiyi üçün, onunla bağlanmış xidməti müqaviləyə xitam verilməsi səlhiyyətli şəxsdən xahiş edilmişdir.
60. Birinci instansiya məhkəməsi iddiaçının 07 avqust 2019-cu ildə həbs edildiyini, amma onun müqavilə şərtlərini xx.xx.2019-cu ildən başlayaraq pozduğunu və müqaviləyə xitam verilməsinin də məhz bununla, yəni hələ həbs edilməmişdən əvvəl pozuntulara yol verməsi ilə bağlı olduğunu əsas götürməklə iddianı maddi ziyanın tutulması hissəsində təmin etməmişdir.
61. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
62. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış xidmət müqaviləsinə xitam verilməsi barədə müraciət 04 sentyabr 2019-cu ildə, yəni onun həbs edilməsindən 25 gün sonra edilmişdir. Bu müraciətdə iddiaçının xidmət müqaviləsi üzrə öhdəliklərini həm həbs müddətindən əvvəl, həm də sonrakı dövrdə, yəni 04 sentyabr 2019-cu il tarixədək yerinə yetirmədiyi qeyd edilmişdir. Deməli, onunla bağlanmış müqavilənin xitamı həm də onun həbsdə olduğu müddətdə öz müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur.
63. Bundan başqa, iddiaçı onun guya 01 iyul 2019-cu ildən başlayaraq heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi barədə aktda qeyd edilənlərin doğru olmadığını bildirmiş, əslində onun həbs edildiyi tarixədək öz müqavilə öhdəliklərini yerinə yetirdiyini və buna görə ona xidmət haqqının ödənildiyini göstərmişdir.
64. İş materiallarına əlavə edilmiş “Kapital Bank” tərəfindən verilmiş bank hesabından çıxarışdan müəyyən edilir ki, iddiaçıya 12 iyul 2019-cu ildə 248,10 manat, 09 avqust 2019cu il tarixdə 248,00 manat ödənişlər edilmişdir.
65. Göründüyü kimi, iddiaçıya iyul ayı üçün müqavilə üzrə ödəniş həyata keçirilmişdir. Ödənişin edilməsi isə iddiaçının həmin müddətdə öz müqavilə öhdəliklərini yerinə yetirməsi ilə bağlı dəlillərini təsdiq edir.
66. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, iddiaçının xx.xx.2016-cı ildə bağladığı müqavilə üzrə öhdəliklərini fiziki olaraq yerinə yetirə bilməməsi və bu səbəbdən də həmin müqavilə üzrə gəlir əldə etmək imkanından məhrum olması onun 07 avqust 2019-cu il tarixdə həbs edilməsi ilə bağlı olmuşdur.
67. Ona görə də, kollegiyanın qənaətinə görə, iddia tələbi iddiaçının həbsdə olduğu müddət ərzində əldən çıxmış fayda şəklində məruz qaldığı maddi ziyanın əvəzinin ödənilməsinə dair hissədə əsaslı olmuşdur.
68. İddiaçı ilə bağlanmış 12 fevral 2016-cı il tarixli müqaviləyə əlavə və dəyişiklikləri nəzərdə tutan 02 may 2016-cı il tarixli əlavə razılaşmaya əsasən onun həbsdə olduğu müddət ərzində aylıq xidmət haqqı vergi və digər ödənişlər daxil olmaqla 271,50 manat təşkil etmişdir.
69. İddiaçının 2 il 4 ay 10 gün həbsdə olduğu nəzərə alınmaqla və ona dəymiş ziyanın məbləği həmin dövr üçün əldə etməli olduğu xidmət haqqı (hər ay 271.50 manat) məbləğində olmaqla, cəmi 7693,50 manat təşkil etmişdir.
70. Bununla yanaşı, kollegiya hesab edir ki, hazırkı hissədə qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin ödənilməsi hissəsində iddia əsaslı olmamışdır və birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir.
71. Belə ki, hazırkı iddia tələbi iddiaçının qanunsuz həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
72. Mülki qanunvericiliyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
73. Göründüyü kimi, qanunvericilik zərərin real zərər və ya əldən çıxmış fayda şəkilində iki növünü müəyyən etmişdir.
74. Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi, qətnamə icra olunan günə kimi hər ay üçün orta aylıq əmək haqqı məbləğində pul məbləği nə real zərər, nə də əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz.
75. Bununla yanaşı, kollegiya izah edir ki, Mülki Prosessual və İcra haqqında qanunvericilikdə qətnamənin icrasının gecikdirilməsinə görə borclu şəxsin məsuliyyətini müəyyən edən və tələbkarın qanuni maraqlarını qoruyan normalar müəyyən edilmişdir.
76. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
77. Bundan başqa, “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 43 və 44-cü maddələrində borclu şəxsin icranı gecikdirdiyi təqdirdə, məcburi icra tədbirlərinin həyta keçirilməsi müəyyən edilmişdir.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz məhkum edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində onun maddi ziyana uğraması iş materiallarında olan sübutlarla kifayət qədər təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin həmin hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticə doğru hesab edilə bilməz.
79. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində düzgün nəticəyə gəlsə də, maddi zərərin əvəzinin ödənilməsinə dair hissədə işin qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
80. Ona görə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı, cavabdehin apellyasiya şikayətini isə əsassız hesab etməklə bu qənaətə gəlir ki, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, iş üzrə maddi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi hissəsində yuxarıda şərh edilmiş əsaslarla yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
82. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3803/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən – maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə görə 7693,50 (yeddi min altı yüz doxsan üç manat əlli qəpik) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.