Məhkəmə qərarları › İş №2(103)-1734/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1734/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1734/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“maddi və mənəvi ziyanın ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 306/2022 saylı işi üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia (tələbinin dəqiqləşdirilməsi barədə) ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərə görə 100000 manat, vurulmuş maddi ziyana göm 14860, cəmi 114860 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (icraat ayrılmışdır).

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-306/2022 saylı işi üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 10714,14 manat və mənəvi zərərə görə 10000 manat, cəmi 20714,14 manat alınaraq İddiaçı5 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,1101.1; Mülki-Prpsessual Məcəllənin 14.2, 217.3, 217.4; Cinayət Prosessual Məcəllənin 57.1,58.3; "Dövlət rüsumu haqqında” Qanunun 9.1.13; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1,5,6,7-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı5 vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 10000 manat məbləğində təmin olunmasını ədalətli və ağlabatan hesab edir. "vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar iddiaçı 13 may 2017-ci il tarixə qədər kapitan rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş, onun sonuncu dəfə aldığı əmək haqqı 1190,46 manat olmuş, barəsində həbs qətimkan tədbiri tətbiq edildiyi tarixdən azadlığa buraxıldığı tarixə kimi məhrum olduğu əmək haqqı (9ay x 1190,46) 10714,14 manat təşkil etməkdədir. Belə olan halda iddia "maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 10714,14 manat alınaraq İddiaçı5 ödənilməlidir. Məhkəmə baxışı zamanı iddiaçının əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları da müəyyən edilməmişdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Ona görə də maddi və mənəvi zərərin əvəzi olan cəmi 20714,14 manat məbləğində pul məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(098)-7/2019 saylı hökmünə əsasən, X16, X9 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı5 zərərçəkmiş şəxs qismində cəlb edilmişdir; - Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(098)-9/2019 saylı hökmünə əsasən, X1, X10, X7, X4 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı5 zərərçəkmiş şəxs qismində cəlb edilmişdir; - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X5 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır; - İddiaçı5 məxsus ödəniş kartı üzrə çıxarışa əsasən, xx.xx.2017-ci il tarixdə hesaba 1.190,46 manat məbləğində pul nəğdsiz mədaxil edilmişdir; - X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli psixoterapevtik müayinə haqqında rəyə əsasən, psixoterapevtik müayinə üçün müraciət etmiş xx.xx.1986-ci ildə anadan olmuş İddiaçı5 verdiyi məlumata əsasən, o, 2010-cu ilin avqust ayından etibarən cəbhəyanı hərbi hissədə Kəşfiyyat Tağım komandiri kimi xidmətdə olmuşdur. xx.xx.2017-ci il tarixində haqqında yaranmış hərbi cinayət şübhələri ilə əlaqədar olaraq həbs edilmişdir. Həbs müddətində, istintaq prosesində ağır işgəncələrə (dırnağının çıxarılması, elektrik naqilinə qoşulması, armaturla döyülməsi və s.) məruz qaldığını bildirmişdir. xx.xx.2018-ci il tarixində isə heç bir cinayət əməli olmadığı üçün sərbəst buraxılmışdır. İddiaçı5 xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı5 gərgin görünüşlüdür, səbrsizdir. Yuxusu pozulub, yatan zaman qorxulu yuxular görür və yuxuda sayıqlayır, buna görə də tez-tez oyanır, hirslidir, daxili aqressiya hiss olunur. Özünə, ətraf mühitə və zamana bələdlik saxlanılıb. Diqqəti zəifləyib. Başına gələni həvəssiz danışır,amma sifət cizgilərindən, baxışlarından hiss olunur ki, həmən an necə gərginləşir, səs tonu dəyişir. Əhval-ruhiyyəsi qeyri-sabitdir, emosional davamsızdır (iş səh. 23-44; 45-60; 160-168; 169- 172; 173 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(006)-306/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarı; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17- ci maddələri; Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu; Mülki Prosessual Məcəllənin 387.2.8; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1114.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrincə, Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 10000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Eyni zamanda ona dəymiş mənəvi ziyanla bağlı bu qədər yüksək məbləğdə kompensasiyanın müəyyən olunması, analoji məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsi baxımından da əsassızdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Qanunvericilik normasına zidd olaraq məhkəmə iddiaçıya dəymiş ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması qət etmişdir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Məhkəmə işə mahiyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Lakin, bu qanunvericilik normasına zidd olaraq məhkəmə iddiaçıya dəymiş ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması qət etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı5 məhkəmə qətnaməsi ilə tutulan məbləğin hansı qurum tərəfindən ödənilməsinin onun üçün heç bir fərqi olmadığını bildirmişdir.

6. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir. Fəhlələrin və dövlət qulluqçularının,eləcə də üzvlük əsasında (kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin birinci hissəsində göstərilmiş müddətlərin əlavə edilməsi şərtilə hesablanmış əmək stajı, həmin şəxslərə imtiyazların və müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası üzrə ödənişlərin təyin edilməsi zamanı nəzərə alınır. Bu staj fəhlələrə və qulluqçulara imtiyazlı təqaüdlərin və xidmət işlərinə görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin davamından asılı olaraq aylıq maaş dərəcəsinin (vəzifə maaşının) müəyyən edilməsi və birdəfəlik mükafatlandırma və ya xidmət illərinə görə faiz artırmalarının ödənilməsi zamanı nəzərə alınmalıdır.Bu maddənin birinci hissəsində göstərilmiş müddəalar, yaşla əlaqədar imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı, təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən sonrakı işinə bərabər tutulur.

9. Bu Qanunun preambulasında qeyd edilmişdir ki, Bu Qanunun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir.

10. Qeyd edilənlərdən əlavə bu qanunun aşağıdakı müddəaları nəzərə alınmalıdır: Ödənilən ziyan adlanan maddə 5: bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

11. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına vurulmuş ziyanın ödənilməsi qaydasını müəyyən edən maddə 6: Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir. Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir. Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir. Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir. Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir. Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.

12. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

13. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Cavabdehin apellyasiya şikayətində delikt törətməməsi halında özünün mülki məsuliyyətə cəlb edilməsi dəlillərinə dair isə kollegiya birinci instansiya məhkəməsinin faktiki hallar üzrə gəldiyi nəticə üzrə fərqli maddi və ya prosessual hüquqi əsaslar müəyyən etmir.

14. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

15. Mülki Məcəllənin müddəalarına görə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-306/2022 saylı işi üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar