Məhkəmə qərarları › İş №2(103)-1736/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1736/2022

17.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1736/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı X5 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evinin və 0,5894 ha torpaq sahəsinin 20 may 2016-cı il tarixdə X1 barədə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı Bakı şəhəri 30 saylı xüsusi notariat kontorunun notariusu X4 yaşayış sahəsinin təqdim edilməsinə görə ondan səhvən 6563,70 (altı min beş yüz altmış üç manat yetmiş qəpik) manat məbləğində sadələşdirilmiş vergi tutduğunu, həmin ünvanda 5 ildən artıq qeydiyyatda olduğundan verginin tutulmamlı olduğunu, səhvən tutulmuş məbləğin qaytarılmasını dəfələrlə cavabdehdən tələb etsə də, onun müxtəlif bəhanələrlə bundan yayındığını bildirmiş, buna görə də ondan səhvən aldığı 6563,70 (altı min beş yüz altmış üç manat yetmiş qəpik) manat məbləğində sadələşdirilmiş verginin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. X6 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, notariat əməliyyatını apardığı zaman Vergi Məcəlləsinin müddəalarına riayət etmiş, tutulan sadələşdirilmiş vergi dövlət büdcəsinə ödənilmiş, həmin vəsait onun depozit hesabına vergi orqanı tərəfindən qaytarılmadığı üçün onun iddiaçıya ödənilməsi mümkün olmamış, məhkəmə isə işin hallarına düzgün hüquqi qiymət verməyərək və iddia tələbinin əsl olmayan cavabdehə yönəldiyini, eləcə də artıq ödənilmiş vergi məbləğinin vergi orqanı tərəfindən qaytarılmalı olmasını nəzərə almayaraq əsassız nəticəyə gəlmişdir. X4 məhkəmə iclasında iştirak edən vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını; iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu və ondan əsassız tutulan pulu kimin qaytarmalı olmasının onun üçün əhəmiyyət kəsb etmədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmet barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Maliyyə Nazirliyi nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, İddiaçı 20 may 2016-cı il tarixdə 04.03.2009-cu il tarixindən qeydiyyatda olduğu özünə məxsus ünvan 1 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evini və 0,5894 ha torpaq sahəsini 30 saylı notariat kontorunun xüsusi notariusu Əli Əliyev tərəfindən rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında X2 370 000 manata satmış, müqavilə bağlanarkən ondan, həmin evdə 5 ildən artıq qeydiyyatda olması nəzərə alınmayaraq yaşayış sahəsinin təqdim edilməsinə görə səhvən 6563,7 manat sadələşdirilmiş vergi tutulmuş və dövlət büdcəsinə köçürülmüş, həmin məbləğin geri qaytarılması ilə bağlı notariusa etdiyi müraciətə isə “müvafiq vergi orqanına müraciət etməli olması” məzmununda cavab verilmiş, Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 01.03.2017-ci il tarixli məktubda da fiziki şəxsin 5 ildən artıq qeydiyyatda olduğu daşınmaz əmlakı təqdim etməsinə görə verginin tutulmamalı olduğu bildirilərək, artıq ödənilmiş vəsaitin qaytarılması üçün müvafiq vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə 24.10.2018-ci il tarixdə ərizə ünvanlayaraq 20.05.2016-cı il tarixli AN ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” rəsmiləşdirilərkən Bakı şəhəri 30 saylı xüsusi notariat kontorunun xüsusi notariusu Əli Əliyevin səhvən ondan 6563,70 manat sadələşdirilmiş vergi tutduğunu bildirmiş və bu vəsaitin ona qaytarılması üçün notariusun depozit hesabına köçürülməsini xahiş etmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bakı şəhəri 30 saylı xüsusi notariat kontorunun xüsusi notariusu Əli Əliyevə onun 04.01.2019cu il tarixli məktubuna cavab olaraq göndərilmiş məktubda isə, şəxsi hesab vərəqəsində 05.12.2018-ci il tarixə olan 13209,92 manat artıq ödəmənin 6721,23 manatının gələcək dövrün vergi öhdəliklərinə aid edildiyi, şəxsi hesab vərəqəsində cari tarixə 6488,69 manat artıq ödəmə məbləğinin olduğu, 6563,70 manat artıq ödəmənin olmadığı, bu səbəblə də müraciətin icrasının mümkün olmadığı göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin birinci instansiya məhkəməsində izahat vermiş nümayəndəsi göstərmişdir ki, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir. Qanunvericiliyin qeyd olunan normasına əsasən, iddia ərizəsində qeyd olunan əməliyyat üzrə notarius tərəfindən tutulmuş və dövlət büdcəsinə ödənilmiş sadələşdirilmiş vergi məbləğinin geri qaytarılması tələbi üzrə İddiaçı 30 saylı notariat ofisinə qarşı iddia verməsi düzgün deyil. Hətta məhkəmə qərarına əsasən, iddia tələbi üzrə qaytarılması tələb olunan məbləğin İddiaçı qaytarılması öhdəliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsa belə, həmin qərarın icrası mümkün olmayacaq. Ona görə ki, mübahisələndirilən məbləğ İddiaçı tərəfindən yox, 30 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmin məbləğin dövlət büdcəsindən qaytarılmasını X7 tələb edə bilər. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Beləliklə, mülkiyyətindəki əmlakını satarkən iddiaçıdan səhvən 6563,7 manat sadələşdirilmiş verginin tutulduğu və dövlət büdcəsinə köçürüldüyü işin mübahisələndirilməyən halıdır – iddiaçının iddiasına görə isə bu səhvə notarius yol verdiyindən həmin məbləğ məhz notariusdan alınıb ona geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi həmin faktiki hal, onun iddia tələbinin qanuni əsasının dispozitiv şərti ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının müvafiq alqı-satqı müqaviləsini bağladığı tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsində nəzərdə tutulmuşdu ki, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius vergi agenti qismində ödəmə mənbəyində vergini tutmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə görə, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının bağladığı alqı-satqı müqaviləsini rəsmiləşdirən notarius vergi agenti olaraq üzərinə qoyulan vəzifəni icra etmiş, iddiaçıdan səhvən tutulan vergi məbləği dövlət büdcəsinə köçürülmüş, həmin vəsaitin geri qaytarılması barədə notarisun, eləcə də iddiaçının vergi orqanına ünvanladıqları müraciət isə həmin orqan tərəfindən müsbət həll olunmamışdır. Halbuki, Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na görə vergi orqanı səhvən ödənilən vergi məbləğini notariusun depozit hesabına qaytarmalı, notarius isə bu məbləği iddiaçıya ödəməli idi. Bu mənada kollegiyanın qənaətinə görə, vergi agenti qismində fəaliyyət göstərərkən yol verdiyi səhvə görə iddiaçıdan tutulmuş vergi məbləğinə münasibətdə notariusu əsassız varlanmış şəxs hesab etmək və həmin məbləği ondan tutmaq mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.3-cü maddəsinə görə isə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbi təmin oluna bilməz və ona həmin tələblə vergi orqanına qarşı iddia qaldırmaq, eləcə də əgər notariusun səhvi nəticəsində zərərə məruz qalmışdırsa, bu zərəri notariusdan tələb etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X4 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2430/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X5 qarşı “pulun ödənilməsi” tələbi təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar