Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1737/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən "xxxx" MTK və X5 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi ilə birlikdə yenidən elektron formada 27 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir və apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-262/2024 saylı qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericiliklə buraxılmış müddətin bərpa edilməsinin mümkünlüyü müəyyən edilmişdir. İddiaçı apelyasiya şikayəti verən zaman qanunla nəzərdə tutulmuş müddətə əməl etmiş, lakin qanunu tam bilmədiyindən formaya tam formada riayət edə bilməmişdir. Şİkayət vermə müddətinin sonradan ötürülməsinin əsas səbəbi isə işin apelyasiya məhkəməsinə göndərilməsi, apelyasiya məhkəməsi tərəfindən şikayətin qeyri-mümkün edilməsi və nəticədə keçən müddət olmuşdur. Müddətin ötürülməsində onun təqsiri olmamışdır. Belə ki, hətta işə baxan birinci instansiya məhkəməsi də şikayəti məqbul hesab edərək Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi onun hər hansı bir məsuliyyətsizliyi və hərəkətsizliyi olmamışdır. Ona görə də, hesab edir ki, qanunla nəzərdə tutulmuş şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 nömrəli, 10 yanvar 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir, iddiaçının nümayəndəsi-vəkili tərəfindən elektron qaydada məhkəməyə şikayətə etiraz ərizəsi (məlumat) göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən 27 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 06 sentyabr 2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizədə isə iddiaçı tərəfindən prosessual müddətin bərpası edilməsi üçün qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayəti müddət ötürülməklə verilmiş və iş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. İddiaçı isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, … Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Plenum qərarının qəbulundan sonra formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət kimi çox qısa müddət (5-6 gün) gün kimi qəbul edilmişdir. Göründüyü kimi iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmədən apellyasiya şikayəti versə də, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, bu barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6492/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərardadı qəbul edilmiş, lakin iddiaçı həmin qərardadla tanış olduqdan 12 gün sonra, yenidən apellyasiya şikayəti və ərizə təqdim etmişdir ki, kollegiya həmin müddəti ağlabatan müddət hesab etmir. Belə ki, iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edildikdən keçən müddət ərzində nöqsanları aradan qaldırmaqla yenidən apellyasiya şikayəti ilə müraciət etməsinə maneə olan hallar müəyyən edilməmişdir. Halbuki üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, iddiaçı qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1737/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1737/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver