Məhkəmə qərarları › İş №2(103)-1739/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1739/2020

24.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1739/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X4 qarşı X9 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “özəlləşdirmənin, vərəsələyin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 4187/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, 12 nömrəli mənzilin xx.xx.1993-cü tarixdə əsassız olaraq X5 adına özəlləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, vərəsəlik işinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının X1 Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 60, 12 nömrəli mənzil xx.xx.1993-cü tarixdə anası X5 adına xüsusi mükiyyət kimi qeydiyyatdan keçirilmişdir. Həmin tarixdə müvafiq ünvanda qeydiyyatda o, X6 (atası) və X13 (anası) olmuşlar. Mənzil özəlləşdirilən zaman onun razılıq ərizəsi olmamışdır. Bununla bağlı 2 dəfə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Dövlət Notariat Arxivinə sorğu ilə müraciət etmiş, 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli cavabında bildirilmişdir ki, özəlləşdirmə barədə sənədlərin surəti məhkəmə qərarı əsasında verilə bilər. xx xxxx 2019-cu il tarixli Dövlət Notariat Arxivinin cavabında isə bildirilmişdir ki, Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.1993-cü il tarixdə 3172 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində onun tərəfindən verilmiş razılıq ərizəsi işə əlavə edilməmişdir. Həmçinin xx xxxx 2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi təsdiq etmişdir ki, arxiv qovluğunda onun razılıq ərizəsi aşkar edilməmişdir. Anası X13 xx.xx.2013-cü il tarixdə rəhmətə getmişdir. Hazırda qardaşı və bacısı mənzilə məcburi payları natura şəklində verilə bilmədiyindən, pul əvəzinin ödənilməsini istəyirlər. Anası vəfat etdikdən sonra 1 saylı Bakı “ASAN xidməti” mərkəzinin notariat kontorunun xüsusi notariusu X10 tərəfindən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən mənzilə dair çıxarışlar alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən X9 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb olunmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 4187/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti, apellyasiya baxışı zamanı isə apellyasiya şikayətinə əlavə təqdim edilərək, qətnamənin ləğv edilməsi, xx.xx.1993-cü il tarixdə X5 adına qeydiyyatdan keçmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək, vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və əlavə belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmadan, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin ərizələri və şifahi çıxışlarına əsaslanaraq iddia tələbinin təmin edilməməsi barədə əsassız qətnamə qəbul etmişdir. O, doğulduğu vaxtdan ata və anası ilə birgə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamış, üçüncü şəxslər isə onun 10 yaşı olandan sözügedən mənzildən qeydiyyatdan çıxmışlar. Anasının ölümündən hazırki vaxta qədər də övladları ilə həmin mənzildə yaşayır. Birinci instansiya məhkəməsi bağışlama müqaviləsinə əsaslanmış, həmin vaxt qüvvədə olan qanunvericiliyə istinad etməli olduğu halda, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Onun razılığı olmadan vərəsəlik işi açılmışdır, həmin hissədə maddi hüquq normaları pozulmuşdur. Notarius mənzilin hüquqi vəziyyəti ilə bağlı araşdırma aparmadan mirası ədalətsiz bölmüşdür. O, 36023,30 manat xərcləyərək şəxsi vəsaiti ilə mənzili əsaslı təmir etdirmiş və əlavə tikinti işləri görmüşdür. Onun əmlaka vəsərəlikdə üstünlük hüququ var. Məhkəmə kollegiyasının iclasında iştirak edən X12 apellyasiya şikayətinin və əlavənin əsassız olduğunu bildirərək, tərəfindən təqdim edilmiş etirazları və ona əlavəni müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir, iddiaçı 1997-ci ildə X7 adlı qadınla rəsmi nikaha daxil olaraq ailə qurmuş, bir neçə ay valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşamış və sonra isə ayrılmışlar və X7 mübahisəli mənzildən çıxmaq istəməmiş və mənzilə istifadə hüquqlarının tanınması barədə mənzilin mülkiyyətçisi olan anası Fatma Əliyevaya və mənzildə qeydiyyatda olan atası Fikrət Əliyev və İddiaçı qarşı iddia qaldırmış, daha sonra o, anası və atası ilə birlikdə kompensasiya ödəməklə Nazilə Həsənovanı razı salaraq iddiadan imtina etməsinə nail olmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı qəbul olunmuşdur. Ən azından bu işə baxılarkən və qərardad qəbul olunarkən İddiaçı, yəni hazırki iddiaçı mənzilin mülkiyyət hüququ ilə anasının adına qeydiyyata alınmasından məlumatlı olmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhər X15 İcraiyyə Komitəsinin 120760 nömrəli xx.xx.1973-cü il tarixli Orderinin surətindən görünür ki, Bakı şəhəri, 11-ci Perevalnaya küçəsi, ev 60, blok 2, 1-ci mərtəbədə yerləşən 3 otaqlı, yaşayış sahəsi 46,05 kv.m olan 12 nömrəli mənzil xx.xx.1973-cü il tarixdə X11 verilmişdir. Orderdə X8 ailə üzvləri əri X6 və uşaqları - X14, X12 və İddiaçı qeyd olunmuşdur. “Azəravtonəqliyyat” Dövlət Konserninin və Mərkəzi Mənzil Məişət komissiyasının və həmkarlar komitəsinin xx.xx.1993-cü il tarixli 3 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, 2-ci Aşırım küçəsi, 60 nömrəli evin 3 otaqlı ümumi sahəsi 66,65 kv.m, yaşayış sahəsi 46,05 kv.m, balans dəyəri 13,370 min rubl olan 12 nömrəli mənzilinin X8 adına özəlləşdirilməsinə icazə verilmişdir. “Azəravtonəqliyyat” Dövlət Konserni ilə X16 arasında notariat qaydada bağlanmış 13D-3172 reyestr nömrəli xx.xx.1993-cü il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Aşırım küçəsindəki 60 saylı evin 12 nömrəli mənzili “Azəravtonəqliyyat” Dövlət Konserni tərəfindən X11 bağışlanmışdır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 2-ci Aşırım küçəsindəki 60 saylı evin 12 nömrəli mənzili X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 38 nömrəli reyestr kitabında 30/5545 nömrə ilə xx.xx.1993-cü il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, mənzil 12 tam mülkiyyət hüququ üzrə X11 məxsusdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2106 nömrəli reyestr kitabının 194848 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli AZ-İ seriyalı 659688 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2013-cü il tarixində vəfat etmişdir. xx xxxx 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X10 xx xxxxxx 2013cü ildə vəfat etmiş X8 vərəsəsi olaraq X3 Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, mənzil 12-nin 1/3 hissə olmaqla irs almalı olduğunu təsdiq etmişdir. xx xxxx 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X10 xx xxxxxx 2013cü ildə vəfat etmiş X8 vərəsəsi olaraq X2 Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, mənzil 12-nin 1/3 hissə olmaqla irs almalı olduğunu təsdiq etmişdir. xx xxxxx 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X10 xx xxxxxx 2013cü ildə vəfat etmiş X8 vərəsəsi olaraq İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, mənzil 12-nin 1/3 hissə olmaqla irs almalı olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, 12 nömrəli mənzilin 1/3 hissəsi X3 (xx.xx.2014-cü il tarixində), 1/3 hissəsi X2 (xx.xx.2014-cü il tarixində), 1/3 hissəsi İddiaçı (xx.xx.2016-cı il tarixində) adına daşınmaz əmlakın dövlət reyestrində 2106 nömrəli reyestr kitabının 194848 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********65 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, mənzil 12-yə dair İddiaçı razılıq ərizəsi arxiv qovluğunda aşkar edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)- 11348/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X3 və X2 Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 60 saylı evin 12 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə xx xxxxxx 2016-cı il tarixində qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 018/39-932 nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən hal-hazıradək Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov (keçmiş 11-ci Mədən) küçəsi, ev 60, mənzil 12-də qeydiyyatdadır. İddiaçı hazırda Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, 12 nömrəli mənzilin xx.xx.1993-cü tarixdə X5 adına özəlləşdirilməsinin, habelə buna müvafiq olaraq vərəsəlik işinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilərək ləğv olunmasını tələb edir. İddia tələbinin əsası kimi Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna istinad etmiş, mənzilin özəlləşdirilməsi zamanı onun razılıq ərizəsinin olmamasını əsas gətirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov (keçmiş 11-ci Aşırım) küçəsi, ev 60, 12 nömrəli mənzil xx.xx.1973-cü il tarixli Order əsasında X11 verilmiş, həmin order əsasında “Azəravtonəqliyyat” Dövlət Konserni ilə X16 arasında bağlanmış xx.xx.1993-cü il tarixli müqaviləyə əsasən müvafiq mənzil “Azəravtonəqliyyat” Dövlət Konserni tərəfindən X11 bağışlanmış, bu bağışlama müqaviləsinin hüquqi nəticəsi olaraq mənzil X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və xx.xx.1993-cü il tarixində qeydiyyat aparılmışdır. İddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə istinad etməklə mənzilin özəlləşdirilməsi zamanı onun razılığının alınmadığını əsas gətirmiş, bu səbəbdən xx.xx.1993-cü il tarixli özəlləşdirmənin etibarsız hesab olunmasını istəmişdir. Halbuki istinad olunan maddənin məzmunundan görünür ki, mənzillərin özəlləşdirilməsi zamanı kirayə müqaviləsində göstərilmiş və müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur. İş materiallarından görünür ki, hazırki iddia tələbi ilə mübahisələndirilən xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş müqavilə “Azəravtonəqliyyat” Dövlət Konserni ilə X16 arasında bağlanmış xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsidir. Başqa bir ifadəylə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi kirayə müqaviləsindən yaranan münasibətləri tənzimləməyə yönəldiyi halda hazırda mübahisələndirilən qeydiyyat vəsiqəsi bağışlama müqaviləsinin hüquqi nəticəsi olaraq verilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hazırda qüvvədə olan Mülki Məcəllənin bağışlama müqaviləsinə aid müddəalarını tətbiq edərək qeyd etmişdir ki, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən qanunvericiliklə müəyyən edilmiş müddəalara əməl edilmiş və həmin müqaviləni bağlamaqla tərəflər heç bir qanun pozuntusuna yol verməmişlər. Bu səbəbdən həmin müqaviləyə əsaslanılaraq verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur, eyni zamanda məhkəmə qüvvədə olan Mülki Məcəllənin müddəalarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 illik iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etmək əvəzinə hazırda qüvvədə olan Mülki Məcəlləsinin müddəalarını tətbiq etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kollegiya iddiaçının bu barədə dəlili ilə razılaşaraq qeyd edir ki, həqiqətən hazırki mübahisəli mənzilin özəlləşdirilməsinin qanuni əsası “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu olmuşdur və Bakı şəhər X15 İcraiyyə Komitəsinin 120760 nömrəli xx.xx.1973-cü il tarixli Orderinə əsasən X11 verilmiş mənzil həmin Qanunun tələbləri əsasında özəlləşdirilməli idi. Həmin mənzilin bağışlama müqaviləsinə əsasən özəlləşdirilməsi yolverilməz olmuşdur. Birinci instansiya məhkəməsi də bu halı nəzərə almadan hazırki iddia tələbi ilə mübahisələndirilən xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş müqavilənin “Azəravtonəqliyyat” Dövlət Konserni ilə X16 arasında bağlanmış xx.xx.1993cü il tarixli bağışlama müqaviləsi olması və mübahisələndirilən qeydiyyat vəsiqəsinin bağışlama müqaviləsinin hüquqi nəticəsi olaraq verilməsi nəticəsinə gəlmiş və hazırda qüvvədə olan Mülki Məcəllənin bağışlama müqaviləsinə aid maddələrinə əsasən mübahisəni həll etmişdir. Digər tərəfdən iddiaçı onun razılıq ərizəsinin olmadığına əsaslanmışdır ki, iş materiallarından da göründüyü kimi İddiaçı razılıq ərizəsi arxiv qovluğunda aşkar edilməmişdir. Kollegiya bu halları qəbul etsə də, qeyd edir ki, iddiaçının tələbi iddia müddəti ötürülməklə verildiyindən təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli mənzil 1993-cü tarixdə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İddiaçı məlumatının olmamasını bildirmişdir. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı X12 tərəfindən təqdim edilmiş xx.xx.1998-ci il tarixli qərardaddan görünür ki, hazırki iddiaçının arvadı X7 iddiaçı ilə ayrıldıqdan sonra mübahisəli mənzilə köçürülməsi barədə mənzilin mülkiyyətçisi olan Fatma Əliyeva və mənzildə qeydiyyatda olan Fikrət Əliyev və İddiaçı (hazırki iş üzrə iddiaçıya) qarşı iddia qaldırmış, lakin iddiasından imtina etdiyi üçün işin icraatına xitam verilmişdir. Belə olan halda görünür ki, hazırki iş üzrə iddiaçı 1998-ci il tarixdə həmin iddiaya baxılarkən və qərardad qəbul olunarkən mənzilin mülkiyyət hüququ ilə anasının adına qeydiyyata alınmasından məlumatlı olmuşdur. Odur ki, iddiaçı tərəfindən hazırki iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir (maddə 78). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır (maddə 82). Göründüyü kimi münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən 3 illik ümumi iddia müddəti nəzərdə tutulmuşdur. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Mübahisəli mənzil 1993-cü ildə özəlləşdirilmiş, iddiaçının həmin tarixdə məlumatı olmaması inandırıcı hesab edilsə belə, ən azından 1998-ci ildə həmin mənzillə bağlı cavabdeh olduğu mübahisəyə baxılarkən və qərardad qəbul edilərkən onun artıq məlumatlı olması aşkardır və belə olan halda həmin vaxtdan onun üçün iddia müddətinin axımı başlanmış hesab edilir. İddiaçı isə həmin vaxt bu məsələni mübahisələndirməmiş və iddia tələbi ilə uzun zaman sonra - xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə nəzərdə tutulmuş 3 illik müddəti buraxmışdır. İddia müddətinin üzrlü səbəblərdən ötürülməsi halları müəyyən edilməmişdir. Beləliklə, Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır və hazırki iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etsə də, hazırda qüvvədə olan qanunvericiliyin müddəalarına əsaslanmışdır. İddia tələbinin digər hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, özəlləşdirmənin etibarsız hesab edilməsi ilə bağlı tələb təmin edilmədiyindən və özəlləşdirmə qanunsuz hesab edilmədiyindən, ondan irəli gələn vərəsələyin və onun əsasında verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi də təmin edilməməlidir, belə ki, iddiaçı «vərəsəlik işinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi» tələbini özəlləşdirmənin etibarsızlığının nəticəsi olaraq irəli sürmüşdür. Digər tərəfdən isə vərəsəlik işini həyata keçirmiş notariusun hərəkətlərində qanun pozuntusu müəyyən olunmur, belə ki, iş materiallarına əlavə edilmiş notariat işinin təsdiq olunmuş surətindən görünür ki, üçüncü şəxslər tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş 3 aylıq müddət buraxılmamış və birinci növbəli vərəsələrin dairəsi və onların payları düzgün müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4187/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqlaİddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X4 qarşı (X9 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “özəlləşdirmənin, vərəsələyin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar