Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1740/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehın həkimlərinin laqeydliyi nəticəsində ona qarşı yol verilən hərəkətlərin şərəf və ləyaqətinə təhqir kimi qiymətləndirilməsi və əvəzində mənəvi zərərə görə cavabdehdən 50000 manat kompensasiyanın və ürəyinə stend qoyulması üçün ödədiyi 400 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı İ qrup müharibə əlilidir. Son zamanlar səhhətində yaranan problemlər onu ciddi narahat etməyə başlamış, sonradan məlum olmuşdur ki, onun ürəyində ciddi problemlər var və təcili surətdə ürəyinə stend qoyulmalıdır. Ona görə də yaşadığı əraziyə yaxın olan "Medistyale" özəl Hospitalına müraciət etmişdir. 04 oktyabr 2018-ci il tarixində lazım olan analizləri verib cavabları aldıqdan sonra onu əməliyyat otağına gətirmiş, əvvəlcə ona 10-15 dəqiqəyə həkimin gələcəyi bildirilsə də, onu 3-4 saat orada saxladıqdan sonra bildirmişlər ki, cərrah həkimin işi çoxdur, ona görə də gecikir. O bu kimi özbaşınalığa və laqeydliyə etirazını bildirəndə ona demişlər ki, onun pulunu qaytara bilərlər və başqa yerdə əməliyyat oluna bilər. Hospitalda ona qarşı laqeyd münasibəti özünə qarşı təhqir hesab etdiyinə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışının gedişində İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 manat kompensasiyanın və stend qoyulması üçün ödədiyi 400 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)- 3154/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 400 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, İnsan hüquqlarının və x3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, Cavabdeh özəl klinikasının əməkdaşları tərəfindən ona qarşı edilən şərəf və ləyaqətinə ziyan vuran alçaldıcı xarakterli hərəkətlər iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmasına baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun məzmunda izahat verdi və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)-3154/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv olunmasına yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh "Cavabdeh” MMC-yə səhhətində olan problemlərlə bağlı müraciət etmiş, həmin tibb müəssisəsində keçirilmiş müayinələr və həkim məsləhətləşmələri nəticəsində İddiaçı razılığı ilə onun üzərində cərrahiyyə əməliyyatının keçirilməsi (ürəyinə stend qoyulması) üçün müəssisənin kassasına iddiaçı tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Lakin razılaşdırılmış əməliyyatlar cavabdeh müəssisə tərəfindən keçirilməmişdir. İddiaçı hazırda Cavabdeh həkimlərinin ona qarşı laqeydliyə yol verildiyini iddia edir, bu səbəbdən iddiaçı tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini və cavabdehə ödədiyi pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və x3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə x5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və x3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və x5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və x3 Haqqında Konvensiya”nın müddəaları və x5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışıinsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmçinin, plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. “İnsan Hüquqlarının və x1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və x5 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Cavabdeh MMC-nin nümayəndəsi x2 birinci instansiya məhkəməsində verdiyi izahatda göstərmişdir ki, həmin hospitalda iddiaçıya başqa həkimin onu əməliyyat etməsi təklif olunsa da, o özü bununla razılaşmamış, iddiaçı əməliyyat otağında uzun müddət gözlədilməmişdir. Bu barədə iddiaçının bildirdikləri həqiqətə uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, İddiaçı “Cavabdeh Hospital”da saatlarla gözlədilməsi, ona qarşı şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən apelyasiya şikayətində qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, “İnsan hüquqlarının və x3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulması barədə apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(005)- 3154/2019 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1740/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1740/2020
04.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver