Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1740/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-259/2025 saylı, 23 yanvar 2025ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 860/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC şirkətinə aid iddiaçı tərəfindən alqı-satqı ilə əldə edilmiş 10 faiz təsis payının üzərinə qoyulmuş həbsi ləğv etməklə həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərilib ki, 4 aprel 2024-cü ildə 12 saylı Notariat X1 məxsus "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payını alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra Vergilər Xidmətinə müraciət etdikdə ona bildirdilər ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 5(005)-860/2024 saylı qərarı ilə həmin təsis payları üzərinə həbs qoyulmuşdur. Qərarda göstərilmişdir ki, CM-in 178.4-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Telman Babayevin vəsatəti və Azərbaycan Respublikası Baş Prokurorun müavini Elmar Camalovun təqdimatı əsasında "xxxx" MMC şirkətinə aid təqsirləndirilən şəxs X2 məxsus 10 faiz təsis payının üzərinə həbs qoyulmuşdur. Alqı-satqı keçirilən zaman real vaxt rejimində e-taxes.gov.az keçid linki vasitəsilə şəxsi kabinetdən əldə edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş arayışa əsasən müqavilə baglananadək "xxxx" MMC-nin nizamnamə kapitalı girov ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Bu səbəbdən alqı-satqı baş tutmuş, X3 özünə məxsus "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payını ona satmışdır. Hazırki vəziyyətdə "xxxx" MMC şirkətinə aid tərəfindən alqı-satqı ilə əldə edilmiş 10 faiz təsis payının üzərinə qoyulmuş həbs onun əmlak hüquqlarının əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-259/2025 saylı, 23 yanvar 2025ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, iddiaçıya iddia ərizəsində göstərdiyi məsələyə dair cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edə bilməsinin izah olunması qərara alınmışdır. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-259/2025 saylı, 28 yanvar 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Əvvəla, cinayət mühakimə icraatı qaydasında iddiaçının alqı-satqı müqaviləsi ilə əldə etdiyi "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payının üzərinə həbs qoyulduğu işin mübahisəsiz halıdır. Hazırki iddianın yaxud icraatın predmeti olmasa da, demək ki, cavabdeh kimi göstərilən orqanın iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi təsis payının üzərinə həbs qoyulmasına dair vəsatət və təqdimatı “səhvən” olmamışdır. Başqa sözlə vəsatət və təqdimat digər əmlaklarla yanaşı iddiaçının əldə etdiyi təsis payının üzərinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas verdiyi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin mülki iddianın, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin hesabına alınmış əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmasının zəruriliyi ilə əsaslandırılmışdır. Göründüyü kimi, hazırki iddia tələbinin faktiki halları Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki iddiaçı qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olmasa da, məhz həbs qoyulduqdan sonra əldə etdiyi təsis payının üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədilə vəsatət və təqdimat verilmişdir. Hazırki mülki mühakimə icraatında mübahisələndirilən "xxxx" MMC şirkətinə aid 10 faiz təsis payının üzərinə həbs qoyulması faktı barədə iddiaçının məlumatı olmaması barədə dəlillər açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu hal da qeyd olunanlara əsasən şikayətin əsaslı olmasına dəlalət etmir. Məhz yuxarıda göstərilənlər iddiaçıya iddia ərizəsində göstərdiyi təsis payının həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas vermirdi. Çünki həmin əmlakın həbsdən azad edilməsi üçün cinayət mühakimə icraatında bu imkandan istifadə etməmişdirsə hüququ qalır. Göründüyü kimi, iddiaçı cinayət mühakimə icraatı qaydasında üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş təsis payının həbsdən azad olunmasına həmin icraat çərçivəsində nail ola bilmədikdən sonra yenidən və ya bu imkandan istifadə etmədən mülki mühakimə icraatı qaydasında buna nail olmağa cəhd etməmsi anlaşılan olsa da başadüşülən deyildir. Çünki iddiaçının hazırkı iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslıəsassız yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi ayrıca iddianın yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır yaxud ola bilər. Başqa sözlə eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Çünki nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab vermir. Çünki cavabdeh kimi göstərilən Baş prokurorluğa qarşı hər hansı bir tələb yönəlməyib. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki iddiaçının sonradan əldə etdiyi təsis payının üzərinə prokurorluğun deyil məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da cinayət mühakimə icraatı qaydasında apellyasiya şikayəti verməmişdirsə belə bir hüququ mövcuddur. Bu cür vəziyyətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi gec də olsa səhvini başa düşüb və sonradan işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, yəni mülki mühakimə icraatında baxılmalı olmadığına görə xitam vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir. Qeyd olunan qərarda formalaşdırılan hüquqi mövqeyə görə,..., cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 06 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilsin. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilsin. Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin qərarının məsələn üzərinə həbs qoyulan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər və cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozularsa, o cümlədən əmlakı üzərinə həbs qoyula və məhkəmənin ittiham hökmü ilə müsadirə edilərsə belə prosessual qərar və ya hərəkətlərdən cinayət işi üzrə şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-259/2025 saylı, 23 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-259/2025 saylı, 23 yanvar 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1740/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1740/2025
17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver