Məhkəmə qərarları › İş №2(103)-1741/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1741/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1741/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)-5459/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 17740 manat maddi, 10000 manat mənəvi ziyanın və iddia qaldırmağa görə ödənilmiş 40 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli müqaviləyə əsasən, cavabdeh Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38-də yerləşmiş tikilməkdə olan yaşayış binasında 10 nömrəli mənzili iddiaçıya verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 2 otaqdan ibarət, ümumi sahəsi 91 kv.m olması nəzərdə tutulmuş, ümumi dəyəri 95000 manat məbləğində müəyyən olunmuş və iddiaçı müqavilə ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirmişdir. Lakin mənzilə dair DƏDRX-nin çıxarışında və texniki pasportunda mənzilin sahəsi 74,10 kv.m qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh öhdəliyin məzmunu ilə bağlı şərtləri pozaraq, iddiaçıya ümumi sahəsi 91 kv.m olan mənzil verilməli olduğu halda, daha az sahəli (74,10 kv.m.) mənzil təhvil vermişdir. Qeyd olunmalıdır ki, mənzilin hər kvadratmetrinə görə qiyməti 1044 manat məbləğində müəyyən olunmuş, belə olduğu təqdirdə isə cavabdeh ondan mənzilə görə 17748 manat artıq pul almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)- 5459/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia rədd olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Kooperativ, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38-də yerləşmiş MMC-yə məxsus tikilməkdə olan binasında 10 №-li mənzili (91 kv.m) payçıya verməyi, payçı isə həmni mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus kooperativ yaşayış binasının İ giriş, İİ mərtəbəsində, ümumi sahəsi 91 kv.m olan 2 otaqlı, 10 saylı mənzilin ümumi pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 74,10 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 10 (yeni qaydalarla AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 64, M3, m4) İddiaçı mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edilir. Bu səbəbdən qeyd olunan mənzilin faktiki ümumi sahəsi ilə göstərilən qaydalara əsasən hesablanmış mənzillərin ümumi sahəsi arasında fərq mövcuddur. İddiaçı hazırki tələbində - cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsinə, müqavilə ilə nəzərdə tutulmuş 91 m2 ümumi sahəsi olan mənzilin ona təhkil verilməməsini, mənzilin sahəsinin daha az, yəni 74,10 m2 olmasını, bu səbəbdən də ondan artıq alınmış pulun cavabdeh tərəfindən ona ödənilməli olmasını bildirmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutumuş ölçüdə mənzilin verilməsini, iddiaçıdan artıq pul alınmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 91 m2 olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 74,10 m2 təşkil edir. Yəni, mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 74,10 m2 kimi hesablansa da, cavabdeh MTK müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 91 m2 təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 91 m2 olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, ilk növbədə bildirir ki, tərəflər arasında 12 sentyabr 2013-cü il tarixli müqavilənin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin ünvan 1 ünvanını iddiaçıya verməyi öhdəsinə götürməsi, tərəflərin qarşılıqlı razılaşmasına əsasən mənzilin ümumi sahəsinin 91 m2 olması və ümumi dəyərinin 95000 manat təşkil etməsi, həmin pul vəsaitinin iddiaçı tərəfindən MTK-ya tam ödənilməsi mübahisələndirilməmişdir. Lakin, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməmişdir. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və mənzilin texniki pasportundan görünür ki, mənzilin ümumi sahəsi 74,1 m2 təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 9,8 m2 ölçsüdə lociya daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 4,9 m2 kimi nəzərə alınmışdır. Belə olan halda isə mənzilin ümumi sahəsi azalma əmsalı nəzərə alınmadan 79 m2 təşkil etmişdir (ekspertiza rəyi ilə isə mənzilin ümumi sahəsi azaltma əmsalları tətbiq olunmadan 78,5 m2 müəyyən olunmuşdur). Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, mənzilin ümumi sahəsi azalma əmsalı nəzərə alınmadan səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasporta əsasən 79 m2, ekspertiza rəyi ilə isə 78,5 m2 müəyyən olunmuşdur. Məhkəmə kollegiyası sübutları müqayisəli təhlil edərək mənzilin ümumi sahəsinin texniki pasporta əsasən müəyyən olunmasını məqsədə müvafiq hesab etmişdir. Hər bir halda cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş ölçüdə, yəni 91 m2 sahədə mənzil təhvil verməmiş, əksinə həmin ölçüdə sahəyə görə müvafiq pul vəsaitini (müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş 95000 manat pul) almışdır. Halbuki, MM-nin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, işin hallarından və tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 91 m2 sahədə mənzili iddiaçıya təhvil verməmişdir. Belə olan halda isə iddiaçı mənzilin çatışmayan 12 m2 sahəsinə görə (hər m2 1044 manat olmaqla, yəni – 95000 manat : 91 m2 = 1044 manat) cavabdehə 12528 manat artıq pul ödəmiş olmuş, bununla da cavabdeh əsassız varlanmışdır. Mülki Məcəllənin (bundan sonra-MM) 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, cavabdehin qeyd edilən pul vəsaitini özündə saxlamaqda qanuni və hüquqi əsası yoxdur. Bu səbəbdən də həmin pul vəsaitini iddiaçıya qaytarmalıdır. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia mənəvi ziyanın ödənilməsi hissəsində də qismən təmin olunmalıdır. Belə ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı). Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Baxılan işdə iddiaçının dəyərini ödəyərək müqavilədə nəzərdə tutulmuş sahədə mənzil alacağına ümidlər etməsi, uzun müddət bunu gözləməsi, lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində ümid etdiyindən daha azına sahib olması əlbəttə ki iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının mənəvi sarsıntı keçirməsi barədə dəlillərini əsaslı sayır və hesab edir ki, ona həqiqətən mənəvi ziyan dəymişdir. Lakin, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 500 manat tutulmasını ağlabatan, ədalətli və qanuni sayır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 12528 manat pul vəsaiti, dəymiş mənəvi ziyana görə 500 manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)-5459/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)- 5459/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 12528 (on iki min beş yüz iyirmi səkkiz) manat pul vəsaiti, dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulsun, iddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci cavabdeh "xxxx" MMC-yə aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar