Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1742/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: məlumat verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı “dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişinin hansı hüquqi və ya fiziki şəxs tərəfindən yerinə yetirilməsi barədə məlumat verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3989/2022 saylı 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2” MMC arasında bağlanmış 11.070.2011-ci il tarixli müqaviləyə əsasən “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2” MMC Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə küçəsi, 264 saylı sahədə iddiaçıya məxsus yaşayış evinin 12,30 kVt elektrik yükünün hesabatını hazırlamaq işini görməyi öhdəsinə götürmüşdür.
2. 08.05.2012-ci il tarixli 10023/0439 saylı texniki şərtdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik xəttinin texniki şərti "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.
3. "xxxx" ASC X6 Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydalarının” 2.2.2 (yeni obyektin yaranması ilə əlaqədar (məişət abonenti istisna olmaqla) qoşulması nəzərdə tutulan gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər) bəndinə əsasən evin (obyektin) enerji təchizatı üçün verilən texniki şərtin “abonentin hesabına görüləcək işlər” bəndində öz əksini tapır. Lakin, təqdim etdiyiniz 1xx-xx/0479 nömrəli 08 may 2012-ci il tarixli texniki şərtdə “abonentin hesabına görüləcək işlər” bəndində “yoxdur” qeyd edilmişdir. Yenidənqurma zamanı sökülmüş 7 ədəd metal dayağın və 400 metr kabelin Sizə məxsus olması haqqında heç bir rəsmi sənəd təqdim etmədiyiniz üçün onların geri qaytarılması tələbi əsassızdır.
4. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Sizin yaşadığınız ünvan 10 kV-luq 27 saylı KTM-dən elektrik enerjisi ilə təchiz olunurdu. Həmin KTM sakinlərin özləri tərəfindən alınmış və özləri üçün pərakəndə şəkildə qeyri-standart naqillərdən istifadə edərək yaşayış evlərini elektrik enerjisi ilə təchiz ediblər 2016-cı ilin 3-cü rübündə 10 kV-luq 27 saylı KTM ləğv olunaraq yerində "xxxx" ASC tərəfindən yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 Kv-luq elektrik xətləri yeni ÖN kabel xətləri ilə əvəz olunmuşdur. Ərazidə olan bütün qeyri-standart naqillər və dayaqlar abonentlərin özləri tərəfindən sökülərək götürülmüşdür. Paylayıcı Şəbəkə sahəsi tərəfindən ərazidə heç bir söküntü işləri aparılmamışdır.
5. İddiaçı tərəfindən cavabdehin adına ünvanlanmış 25 mart 2022-ci tarixli ərizədə Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat verilməsini cavabdehdən xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçının adına ünvanlanmış xx.xx.2022-ci il tarixli 6- 02/06/M088/3/3281 saylı məktubda bildirilmişdir ki, 2016-ci ilin 3-cü rübündə 10 kVluq 27 saylı komplekt transformator məntəqəsi (KTM) ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 kV-luq elektrik veriliş xətləri yeni ÖİN kabel xətləri ilə əvəz olunmuşdur. Paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi Firudin Köçərli küçəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə cavabdehdən məlumat verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, 2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən fərdi yaşayış evinə elektrik xətti çəkdirmək üçün "xxxx" MMC-ə müraciət etmişdir. "xxxx" MMC tərəfindən bildirilmişdir ki, elektrik xətti çəkilməsi üçün “Azərbaycan Elmi Tədqiqat və Layihə-X2” MMC-də elektrik yükünün hesabatı hazırlanmalı və transformator şəxsi olduğu üçün elektrik xəttini öz vəsaiti hesabına çəkiləcəyini, qonşu Rza Təhmasib, Həsən Əliyev və digər küçələrin sakinlərinin enerjidən də bu qayda ilə istifadə etdiklərini bildirmişlər. Sumqayıt şəhərinin çıxışında yerləşən metal satılan yerdən hər birinin uzunluğu 7 metr olan 12 ədəd 90 mm diametrlik, (ümumi dəyəri 312 manat) dəmir boru və Şərq bazarından 400 metr 3 naqilli (ümumi dəyəri 420 manat) kabel aldıqdan sonra xx.xx.2011-ci ildə "xxxx" MMC-nin əməkdaşlarının köməkliyi ilə evinə eletrik xətti çəkilmişdir. Üzürlü səbəbdən bir müddət Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən fərdi yaşayış evinə getməyə imkanı olmamışdır. 25 oktyabr 2017-ci ildə fərdi yaşayış evinə getdiyi zaman şəxsi vəsaiti ilə aldığı boru və kabel xəttinin çıxarılıb aparıldığını, Saray qəsəbəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkildiyini görmüşdür. Şəxsi vəsaiti ilə aldığı avadanlığın özünə qaytarılması ilə əlaqədar əvvəlcə şifahi, 24 may 2019-cu ildə isə rəsmi olaraq X6 Təchizat və Satış İdarəsinin rəisi cənab Şahin Əliyevə ərizə ilə müraciət etmiş, xx.xx.2019-cu ildə X6 Təchizat və Satış İdarəsinin əməkdaşı mobil telefonla zəng edib vəziyyətlə tanış olmaq üçün nümayəndə göndəriləcəyini bildirmişdir. xx.xx.2019cu ildə X6 Təchizat və Satış İdarəsinin əməkdaşı, mühəndisi telefonla əlaqə saxladılar, məlumatlı olduqlarını, şifahi olaraq kabel və boruların tenderin qalibi olmuş özəl müəssisə tərəfindən götürüldüyünü bildirdilər. 27 iyun 2019-cu il tarixdə X6 Təchizat və Satış İdarəsinin rəisinin imzası ilə göndərilən məktubda evin enerji təchizatı üçün verilən texniki şərtdə abonentin hesabına görüləcək işlər bəndində “yoxdur” yazıldığını, 7 (12) ədəd metal dayağın və 400 metr kabelin ona məxsus olması barədə heç bir rəsmi sənəd olmadığı üçün onların geri qaytarılmasından imtina olunduğu bildirilir. Belə ki, fərdi yaşayış evlərinin elektrik enerjisi ilə təchiz olunmasının layihələndirilməsi və çəkilişi “ASAN xidmət”ə verilənə qədər yalnız vətəndaşın şəxsi vəsaiti hesabına çəkilirdi. Lakin X6 Təchizat və Satış İdarəsinin rəsmi şəxslərinin imzaladığı X8 Qaydalar səhifəsinin 5-ci bəndində qeyd olunub ki, istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır. Avadanlıqlar "xxxx" MMC ilə razılaşdırılmalı və onun spesifikasiyalarına uyğun olmalıdır. Bu bəndin tələbindən görünür ki, boruların və kabel xəttinin "xxxx" MMC-yə aidiyyatı yoxdur. 03 noyabr 2020-ci ildə "xxxx" ASC-nin sədrinə etdiyi müraciətə xx.xx.2020-ci ildə Texniki Departamentin direktorunun imzası ilə göndərilən cavab məktubunda "ərazidə olan bütün qeyri-standart naqillər və dayaqlar abonentlərin özləri tərəfindən sökülərək götürüldüyü bildirilir”. 01 yanvar 2021-ci ildə X6 Təchizat və Satış İdarəsinin rəisinə və 15 fevral 2022-ci ildə "xxxx" ASC-nin sədrinə boru və naqillərin nə vaxt dəyişdirildiyi barədə rəsmi məlumat verilməsi Ərizəsinə cavab verilmədiyi üçün xx.xx.2022-ci ildə təkrar göndərdiyi məktuba X6 Təchizat və Satış İdarəsinin istismar üzrə müavininin imzası ilə verilən cavab məktubunda elektrik dirəklərinin və elektrik xətlərinin 2016-cı ilin İİİ ritbündə podratçı təşkilat tərəfindən dəyişdirildiyi bildirilir. 15 yanvar 2022-ci ildə "xxxx" ASC-nin Prezidentinə və 25 mart 2022-ci ildə "xxxx" ASC-nin Sədrinə göndərdiyi elektrik dirəklərinin və elektrik xətlərinin hansı podratçı təşkilat tərəfindən dəyişdirilməsi barədə məlumat verilməsi müraciətinə "xxxx" ASC-nin Texniki Departamentinin direktorunun imzası ilə göndərilən xx.xx.2022-ci il tarixli məktubda 2016- cı ilin 3-cü rübündə 10 kv-luq 27 saylı komplekt transformator məntəqəsi ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırıldığı, 0,4 kv-lıq elektrik verilişi xətləri yeni ÖİN kabel xətləri ilə əvəz olunduğu, paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmadığı bildirilir. "xxxx" ASC mübahisənin məhkəmədən kənar həll olunması üçün podratçı təşkilatın adı, hüquqi ünvanı,rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsi müraciətlərinə bir qayda olaraq qeyri-müəyyən cavab verməklə yayınır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 noyabr 2022-ci il tarixli 2(006)-3989/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi Firudin Köçərli küçəsində (2016-ci ilin 3-cü rübündə) dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixli 6- 02/06/M-088/3/3281 saylı məktubla iddiaçıya verdiyi cavabda ifadə olunan hərəkəti qanunsuz hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 6- 02/06/M-088/3/3281 saylı məktubda iddiaçının tələb etdiyi elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat öz əksini tapmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 12.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, söküntü, quraşdırma işləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmışdır. Həmin dövrdə ad dəyişmə aparılmağına baxmayaraq hazırki günümüzə kimi hələ də sənədlərin təhvil-təslimi aparılmamışdır. Buna görə də qeyd edilən məlumatların verilməsi mümkün olmamışdır. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Sənədlərin üzürlü səbəbdən təqdim edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, qətnamənin gələcəkdə icrası mümkün olmayacaqdır. Nəticədə “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edəcəkdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırki iddia tələbinin inzibati qaydada baxılmalı tələb olduğunu bildirdi.
16. İddiaçı isə işin uzadıldığını bildirdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
17. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
18. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır.
Mülki Prosessual Məcəllə
19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına işə məhkəmə qaydasında (mülki mühakimə icraatı qaydasında) baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
21. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.»
22. Həmin Qərarın 14-cü bəndində izah olunmuşdur ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.
23. İddiaçı hazırda elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsini cavabdehdən tələb edir.
24. Göründüyü kimi iddiaçının tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb olmamaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aiddir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3989/2022 saylı 24 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.