Məhkəmə qərarları › İş №2(103)-1745/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1745/2022

02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1745/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Qafqaz Müsəlmanları İdarəsinə və “Hacı Əjdərbəy” Məscidinə qarşı (Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin işə üçüncü şəxs qismində cəlb edilməklə) "dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5124/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qafqaz Müsəlmanları İdarəsinə və “Hacı Əjdərbəy” Məscidinə qarşı (Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin isə üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 25.06.2021-ci il, 09.07.2021-ci il, 06.08.2021-ci il, 13.08.2021-ci il, 03.09.2021-ci il, 17.09.2021-ci il, 24.09.2021-ci il və 12.11.2021-ci il tarixlərdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün “Hacı Əjdərbəy” məscidinə buraxılmamağını dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməsinə və “Hacı Əjdərbəy” məscidinə cümə namazını yerinə yetirmək, təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququna və digər dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneə yaratmamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.06.2021-ci il tarixdə vətəndaşlar saat 12:43-də başlayacaq cümə namazı ibadətini digər vətəndaşlarla birlikdə yerinə yetirmək məqsədilə ünvan 1 ünvana yerləşən “Hacı Əjdərbəy” məscidinə gələrək içəriyə daxil olmuşlar. İddiaçı eyni məqsədlə saat 12:40 radələrində Məscidə gəlsə də, içəridə 50 nəfərdən çox şəxsin olması səbəbi ilə Məscidin giriş qapısı bağlanmış və cümə namazı ibadətini digər vətəndaşlarla birlikdə Məsciddə yerinə yetirməyinə faktiki olaraq qadağa qoyulmuşdur. Bu qadağa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (sonradan NK) 26.05.2021 -ci il tarixli, 151 saylı qərarı və Qafqaz Müsəlmanları İdarəsinin (sonradan QMİ) 02.06.2021-ci il tarixli bəyanatına əsasən tətbiq edilmişdir. Belə ki, NK-nin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.2. və 2.2.1 -ci bəndlərinə əsasən, dini ibadət yerlərinin fəaliyyəti (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla) 10.06.2021 -ci il tarixdən etibarən bərpa edilmişdir. Bununla da, NK dini ibadət yerlərində (məscidlərdə) eyni zamanda 50 nəfərdən artıq insanın ibadət etməsinə qadağa qoymuşdur. QMİ-nin internet səhifəsində 02.06.2021-ci il tarixdə dərc edilmiş “X1: X2 müəyyən etdiyi qaydalara ciddi riayət olunmalıdır” adlı yazısında da NK-nın müəyyən etdiyi 50 nəfərlik say məhdudiyyətinə istinad edilmiş, habelə ibadət yerlərində (məscidlərdə) riayət olunmalı digər əlavə qayda və qadağalar da bəyan edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məscidə, N K, QMİ və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (sonradan DQK) 25.06.2021 -ci il tarixdə şikayət ünvanlasa da, bu müraciəti hələ də cavablandırılmamışdır. Daha məhdud tutumu olan məkanlara (metro, təyyarə, avtobus və s.) 50 nəfərlik məhdudiyyət qoyulmadığı halda, açıq və qapalı ərazisində yüzlərlə (bəzi məscidlərdə isə minlərlə) insanın eyni zamanda ibadəti mümkün olan məscidlərə 50 nəfərlik məhdudiyyətin tətbiqini dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkilikdir. NK-nın bu qadağası insan hüquqları və azadlıqlarına təminat verən Azərbaycan Respublikasının Konstitusiyasına (sonradan Konstitusiya) və beynəlxalq hüquqa ziddir. Bu ayrı-seçkiliyin dini mənsubiyyətə görə tətbiq edilməsi həm də onunla sübut olunur ki, NK -nın bu qərarının digər bəndləri ilə fəaliyyəti bərpa edilmiş və dini xarakter daşımayan aşağıdakı fəaliyyət növlərinin heç birinə 50 nəfərlik say məhdudiyyəti tətbiq edilməmişdir: Təxminən 60 nəfərədək sərnişin tutumu olan avtobuslara malik yerüstü nəqliyyata; təxminən 240 nəfərədək sərnişin tutumu olan təyyarələrə malik hava nəqliyyatına; təxminən 330 nəfərədək sərnişin tutumu olan vaqonlara malik metro nəqliyyatına; təxminən minlərlə insan tutumu olan iri ticarət mərkəzlərinə və su attraksionlarına; təxminən on minlərlə insan tutumu olan çimərliklərə və idman oyunu yerlərinə. Göründüyü kimi, sahəsindən asılı olmayaraq, bütün ibadət yerlərində, o cümlədən ümumi sahəsi 4000 kv.m. olan və eyni vaxtda təxminən 3000 nəfərin ibadət edə biləcəyi Məsciddə 50 nəfərdən artıq şəxsin toplanmasına qadağa qoyulsa da, sahəsi bundan dəfələrlə az olan qeyri-dini məkanlara 50 nəfərdən artıq şəxsin toplanmasına heç bir qadağa qoyulmamışdır. Nəticə etibarı ilə NK bu qadağaları yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq etmişdir. Bu isə dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsidir. NK-nin bu qərarına və QMİ-nin buna dair bəyanatına əsaslanaraq vicdan azadlığının məhdudlaşdırılmasına son qoyulmalı və iddiaçının Məsciddə Konstitusiyaya ilə təminat verilmiş təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququ, habelə dini mərasimlərin yerinə yetirmək sərbəstliyi təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5124/2021 saylı, 23 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin predmeti say məhdudiyyətin (qadağaların) yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq edilməsinin dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkilik kimi qiymətləndirilməsi olduğu halda, Nəsimi rayon məhkəməsi bu iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə yalnız karantin tədbirlərinin zəruriliyi barədə bir neçə abzasla kifayətlənmişdir. Qeyd edir ki, iddiaçı heç zaman tətbiq olunan karantin tədbirlərinin zəruriliyini mübahisələndirməmişdir. Mübahisə bu karantin tədbirləri ilə əlaqədar olan say məhdudiyyətinin seçici olaraq yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq edilməsinin yolverilməzliyinə aid olmuşdur. Bundan başqa vəsatətlə Nasimi rayon məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.2.1-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə və 48-ci maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılması haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilsin. Lakin vəsatət əsassız olaraq rədd edilmişdir. Həmin qərardad da əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, pandemiya ilə əlaqədar olaraq tətbiq ediən karantin tədbirlərinin zəruriliyini mübahisələndirməmişdir, lakin Nazirlər Kabineti qadağaları yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq etmişdir. Bu isə dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsidir. Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarını inzibati qaydada mübahisələndirmiş, lakin iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, məscidlərin qapalı hissələrində 50 nəfərdən artı toplaşmağa icazə verilməsə də, məscidin həyətində açıq havada insanların toplaşması üçün say məhdudiyyəti olmamışdır və iddiaçının da açıq havada ibadətini etməyə imkanı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinəəsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki tələbində 25.06.2021-ci il, 09.07.2021ci il, 06.08.2021-ci il, 13.08.2021-ci il, 03.09.2021-ci il, 17.09.2021-ci il, 24.09.2021-ci il və 12.11.2021-ci il tarixlərdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün “Hacı Əjdərbəy” məscidinə buraxılmamağını dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməsinə və “Hacı Əjdərbəy” məscidinə cümə namazını yerinə yetirmək, təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququna və digər dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneə yaratmamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 avqust saat 06:00-dək uzadılmışdır. Nazirlər Kabinetinin sonrakı qərarları ilə bu müddət bir neçə dəfə uzadılmışdır. Həmin qərarın 2.2.1-ci bəndinə əsasən 2021-ci il 31 may saat 06:00-dan dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı “Hacı Əjdərbəy” məscidinə buraxılmamağı dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ibadət yerlərinə 50 nəfərdən çox olmamaqla şəxslərin girişinə icazə verilmişdir. Cavabdeh “Hacı Əjdərbəy” məscidi tərəfindən İddiaçı ibadət evinə buraxılmamağı isə digər şəxslərin hüquq və azadlıqlarını (sağlamlıqlarını) qorumaq üçün qanunla nəzərdə tutulmuş çərçivədə həyata keçirilmişdir. Həmçinin qeyd edilməlidir ki, öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü bəndinə əsasən müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində - Nazirlər Kabinetinin qadağalarının yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq etməklə, həmin qadağanın dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsi olmasını qeyd etmişdir, lakin məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bir çox məhdudiyyətlər tətbiq edilmişdir ki, bunun yalnız dini mənsubiyyətlə bağlı ayrı-seçkilik kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5124/2021 saylı, 23 noyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Anar Tanrıverdiyev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar