Məhkəmə qərarları › İş №2(103)-1753/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1753/2023

13.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1753/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2844/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı mənzilin sökülməsi, boşaldılaraq təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 83a, mənzil 39 sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2844/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Bundan sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)-2844/2022 saylı qərardadında yol verilmiş yanlışlığın düzəldilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2844/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(005)-2844/2022 saylı qərardadının 1-ci səhifəsinin təsviri hissəsinin 5-ci abzasına düzəliş edilməsi; qərardadın 1-ci səhifəsinin təsviri hissəsinin 5-ci abzası “cavabdeh tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.” ifadəsi “qarşılıqlı iddia ərizəsinin icraata qəbulu məsələsi üzrə onu bildirir ki, cavabdehin ərizə verməyə kifayət qədər vaxtı olmuş, iddia ərizəsi ilə də tanış olmuş, həmçinin məhkəmə iclası da bir neçə dəfə təxirə salınmış, həmin vaxt ərzində onun qarşılıqlı iddia ərizəsi təqdim etməyə imkanı olmuşdur. Qarşılıqlı iddia ərizəsinin icraata qəbulu məsələsini məhkəmənin mülahizəsinə buraxır.” kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi ərizədə qeyd olunan digər hissələrə münasibətdə isə qeyd etmişdir ki, həmin hissədə ərizənin heç bir hüquqi əsası mövcud deyil. Nəticə etibarilə məhkəmə tərəfindən cavabdehə müvafiq qaydada həmin qərardaddan şikayət vermək hüququ, o cümlədən həmin tələblə müstəqil qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də məhkəmə həmin hissədə ərizənin təmin edilməməsi qənaətinə gəlir. Bu qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın qismən - ərizənin rədd edildiyi hissədə ləğv edilməsini və həmin hissədə də ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2844/2022 saylı, 27 dekabr 2022-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti qaytararkən birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi və ya geri qaytarılması hüquqi nöqteyi nəzərindən eyni nəticəyə səbəb olur. Həmin ifadə tərzi cavabdehin hər hansı hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmir. Belə ki, təkrarən qeyd edilir ki, cavabdehin həmin tələblə müstəqil qaydada iddia irəli sürmək hüququ məhdudlaşdırılmamışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Həmin Məcəllənin 228.3-ci maddəsinə əsasən, düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər ərizənin təmin edilməməsi hissəsində qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi və ya geri qaytarılması mahiyyət etibarı ilə eyni nəticəyə səbəb olur. Edilmiş bu cür düzəliş cavabdehin hansısa hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmir. Başqa sözlə, düzəliş mahiyyəti üzrə həll olunmuş yaxud olunmamış hansısa tələb üzrə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2844/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2844/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar