Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1759/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qeyri yaşayış sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilənin qadağa edilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2553/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və 1998-ci ildən tikildiyi vaxtdan onun istifadəsində olan mağazaya Cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2553/2023 saylı işi üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8, 180.2; "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən qeyd etmişdir ki, hazırki iş üzrə hər iki tərəf mübahisələndirilən qeyriyaşayış sahəsinin iddiaçının və Cavabdeh qardaşları Faiq Məmmədov tərəfindən tikilməsini, 15 ilə yaxın müddət ərzində onun tərəfindən işlədilməsini, sonra isə obyektin iddiaçının yoldaşı tərəfindən icarəyə verilərək işlədilməsini öz izahatları ilə təsdiq etmişlər. İddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsi özbaşına tikilidir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da obyektin həqiqətən idiaçıya aid olması faktı öz təsdiqini tapmamışdır. Əksinə mübahisəli qeyri-yaşayış sahəsinin arxa hissəsinin Cavabdeh hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, əvvəllər də hazırkı mübahisə predmeti ilə demək olar ki, eyni mahiyyətli iddia tələbi qaldırılmış, sadəcə həmin iddia tələbində iddiaçı qismində hazırkı iddiaçının arvadı X6 çıxış etmişdir, bununla belə qeyd olunan qətnamədə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hüquqi vəziyyəti ilə bağlı bir sıra məsələlərə hüquqi qiymət verilmiş, qeyd olunan qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 975/2023 saylı qətnaməsinin təsviri-əsaslandıcı hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, "...Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçı X3 Cavabdeh qarşı iddiası ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya Cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi tələbindən ibarətdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli obyekt uzun müddətdir ki, fəaliyyət göstərmir. Qadağan edilməsi məhkəmə qaydasında tələb olunan müdaxilənin isə nədən ibarət olması da dəqiq olmamaqla, bu barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət edilməsi də iş materiallarından müəyyən olunmur... İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş obyektin onun istifadəsində olmasına dair sakinlər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt və "xxxx" MMC tərəfindən obyektin qiymətləndirilməsi ilə bağlı tərtib edilmiş hesabat cədvəli ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə əvvəlki aktda iştirak etmiş bir qismi Keşlə qəsəbə sakinləri tərəfindən tərtib olunmuş aktda isə mübahisəli obyektin Cavabdeh istifadəsində olması bildirilmişdir...’’. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən, tikinti üçün ayrılmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Tramvay küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi Cavabdeh adına qanuniləşdirilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti aparatının Layihə- Smeta Bürosu tərəfindən təsdiq edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin eskiz layihəsinin həmin fərdi yaşayış evinin baş planında mübahisələndirilən obyektin, yəni mağazanın arxa hissəsi cavabdehin hasara alınmış həyətyanı sahəsinin hüdudları daxilində əks edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-615/2022 saylı qətnaməsinə əsasən, iddiaçı X6 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə "istifadədə olan obyektə qanunsuz müdaxilənin qarşısının alınması və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)- 975/2023 saylı qətnaməsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-615/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2453/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-975/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Məhkəmə tərəfindən yerli baxış keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan dükan cavabdehin həyətində yerləşir. Cavabdehin həyətindən dükana giriş və çıxışlar var. Cavabdehə məxsus evin hər iki tərəfindən yol gedir. Həyətin sağ tərəfindən cavabdehə məxsus bir əmlak daha var; - Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X8 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvandakı obyektləri 30 il olar ki, Abuzər tikib. Orada 3 obyekt, yəni mağaza, dərzi və gözəllik salonu yerləşir. O, çoxdandır ki, Abuzərlə Keşlədə qonşudur, orada doğulub və böyüyüb. Obyekt tikilməmişdən əvvəllər həmin yerdə hasar olub; - məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X1 ifadəsində göstərmişdir ki, o, mağazaya çörək verib, orada yaşayanlar bilir ki, dükanı Abuzər kiçik qardaşı üçün tikdirib, oranı hamı Faiqin dükanı kimi tanıyıb, Faiq dükana 8000 manat maya qoyub. Sonradan isə 30.000 manat borcu olub deyə Abuzər ona borcuna görə köməklik edib; - məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X7 ifadəsində göstərmişdir ki, o, Abuzərin işlətdiyi mağazaya çörək verməklə məşğul olmuşdur. Eldarı və Abuzəri tanıyır, 1981-ci ildən Keşlədə qalır. O, hətta həmin dükandan nisyə mal da götürmüşdür. Mağazanın yiyəsi Abuzərdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2553/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8,178.2, 180.2; Mülki Prosessual Məcəllənin 47.2, 88, 104, 106.1, 217.1, 217.2, 217.3 cü maddələrinə istinadən qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi məhkəmənin qeyd etdiyi kimi cavabdehə məxsus torpaq sahəsində deyil, həmin torpaq sahəsinin qarşı hissəsində əvvəllər zibillik olmuş ərazidə təmizlənərək tikilmiş qeyri-yaşayış sahəsidir. Bundan əlavə, yerli baxış zamanı məhkəmənin qeyd etdiyi qeyri -yaşayış sahəsinin arxa tərəfindən cavabdehə məxsus torpaq sahəsinə giriş qapısının olması halına məhkəmə işin faktiki halları baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin qapının mövcud olması qeyri- yaşayış sahəsinin cavabdehə məxus olması və yaxud ona məxsus torpaq sahəsində tikilməsi anlamına gəlmir. Ona görə ki, qeyri-yaşayış sahəsi tikilən dövrdə iddiaçı ilə cavabdehin (qardaşların) arasında hər hansı mübahisə olmamış, həmin qapı da cavabdehin razılığı ilə açılmışdır. Həmin qeyri-yaşayış sahəsi tikildikdən sonra uzun müddət cavabdehin istifadəsində və sahibliyində olması bu faktı təsdiq edir. Həmçinin məhkəmə qətnaməsində, yerli baxışın nəticəsi olaraq qeyd etmişdir ki, cavabdehə məxsus həyətin sağ tərəfində cavabdehə məxsus daha bir əmlak vardır. Məhkəmə mübahisəli ərazidə məhz cavabdehə məxsus əmlakın olmasına xüsusilə diqqət yetirməmişdir. Belə ki, cavabdeh özünün əmlakı olduğu halda onun əmlakını ələ keçirməyə çalışmaqla yalnız özünə məxsus obyektin həmin ərazidə tək işlətməsinə nail olmağa çalışır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. İddiaçı teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini qeyd etmişdir. 6.Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 178, 180; Mülki Prosessual Məcəllənin 76, 77, 80 - 82, 106.2, 233, 217.4, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlak üzərində hər-hansı hüquqları müəyyən edilmədiyindən və hüquqlarının təsdiqi başqa (inzibati) icraata aid olduğundan və həmin icraat çərçivəsində ilk növbədə iddiaçı öz hüquqlarını dövlət reyestrində qeydə aldıqdan sonra mülki məhkəmə icraatı qaydasında mübahisə etmək hüququları əldə etmiş ola bilər. Hazırki halda isə iddiaçının özünün hüquqlarının olmadığı vəziyyətdə prosessual səlahiyyətlər həddində iddia edilən dəlillərin müzakirəsi yolverilməzdir. Belə ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 10.Diqqətə çatdırılmalıdır ki, iş materiallarından görünür ki, əvvəllər də hazırkı mübahisə predmeti ilə demək olar ki, eyni mahiyyətli iddia tələbi qaldırılmış, iddiaçı qismində isə hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı arvadı X6 çıxış etmişdir, qeyd olunan qətnamədə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hüquqi vəziyyəti ilə bağlı bir sıra məsələlərə hüquqi qiymət verilmiş, qeyd olunan qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur.180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 12.Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 13.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402–406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2553/2023 saylı işi üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.