Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-176/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi, maneələrin aradan qaldırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi göstərilməklə) “tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(009)-157/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Azərbaycan prospekti, ev 17, mənzil 53 İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.
2. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə-1469 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanı (ü/s-17 kv.m) X7 adına rəsmiləşdirilmiş və onun adı ilə bağlı xx.xx.2019-cu il tarixli elektron çıxarış tərtib edilmişdir. Dövlət reyestrində qeydiyyata alınmış eyni ünvan göstəricilərinə malik, xx.xx.1998-ci il tarixdə X2 adına ilkin qeydə alınmış, sahəsi 27,1 kv.m olan digər mənzil də (ünvan 1 ünvanı) X11 tərəfindən satın alınmışdır və 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə1470 reyestr nömrəli alqısatqı müqaviləsi və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən sözügedən mənzillər vahid əmlak olaraq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, mənzil 54 (ü/s-66,5 kv.m) adı altında onun adına rəsmiləşdirilmiş və hazırda mülkiyyətindədir. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 3301 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17) daxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı əvvəlcə iddia ərizəsi ilə, sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyriqanuni tikinti, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanuna uyğunluğunun Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişaf və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azəbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi ilə razılaşdırılması və razılaşdırılmanın nəticələrinin iddiaçıya açıqlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı təmir, tikinti işlərinin icra edilməsinin cavabdehə qadağan edilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və İddiaçı mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi, xüsusi qərardad qəbul edilərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən binaya və onun tərkib hissələrinə cavabdeh tərəfindən qəsdən vurulmuş ziyanla bağlı materialların araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh binanın konstruksiyasına uyğun olmayan yenidənqurma işləri həyata keçirir. Onun hərəkətləri nəticəsində bina və binanın daxilindəki mənzillər yararsız hala düşüb. İddiaçı bu barədə aidiyyəti dövlət təşkilatlarına dəfələrlə müraciət etmişdir. Onlar bu qeyri-qanuni tikintiyə öz etirazlarını bildirsələr də Zaur Adıyev hər hansı irad və tələblərə məhəl qoymamış, işini davam etdirmişdir. O, pandemiya dövründə xüsusi karantin rejimindən istifadə edərək layihəsi olmadan xəlvəti olaraq tikintini davam etdirmişdir. Hətta Səbail rayon MənzilKommunal Təsərrüfatı Birliyi rəsmən bildirmişdir ki, məhkəmə qətnaməsi olmadan həmin mənzildə heç bir təmir işləri aparıla bilməz. FHN və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də rəsmən bu barədə etirazlarını bildirsələr də o, karantin dövründən istifadə edərək qədimi tarixi abidənin memarlıq üslübuna xələl gətirərək təmiri davam etdirmişdir. Ən əsası odur ki, heç bir qanuni icazə olmadan tikinti və təhlükəsizlik qaydalarına, texniki şərtlərə əməl etmədən cavabdeh yaşayış binasının daşıyıcı ana divarını zədələyib. Ağır dəmir metallarla divarları deşərək eyvanı genişləndirib. Bunun nəticəsində İddiaçı mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Bu çatlar getdikcə genişlənməyə başlayır və nəticədə tavanın uçurulmasına gətirib çıxaracaqdır. Bundan başqa bütün binaya xidmət edən qədimi çuğundan olan ümumi kanalizasiya xəttini sındıraraq sanitariya-texniki və kommunikasiya qurğularını sıradan çıxarıb. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdeh tərəfindən əsaslı təmir işləri aparılarkən bir sıra nöqsanlar ayırd edilərək işin dayandırılması tələb edilmişdir. Bina XİX əsrdə inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Binanın altından metro xətti keçir. Binada hər hansı işlərin aparılması xüsusi layihələr üzrə binanın xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Ola bilsin mənzili yeni alan cavabdeh mənzili tez-tələsik “təmir” edib satmaq istəyir. Lakin, İddiaçı və yaxınları uzun illərdir ki, bu mənzildə yaşayır və gələcəkdə də burada yaşamağı planlaşdırırlar. O öz hərəkələri ilə sakinlərin normal yaşayışını mümkünsüz edir, İddiaçı mənzilinə bərpa olunmaz ziyan vurur, yaşayış sahəsini yararsız hala salır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ş.Süleymanova)
6. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17), mənzil 54-də tikinti və yenidənqurma işləri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmalı olduğu halda müvafiq icazə alınmadan aparıldığı müəyyən edildiyindən, həmin tikinti və yenidənqurma işləri qanunsuz hesab edilərək cavabdeh tərəfindən sökülməlidir. 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Xüsusi qərardad çıxarılması isə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin “tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci olan 400 manat məbləğinin 50 manatın İddiaçı, 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 150 manatın İddiaçı, 150 manatın Cavabdeh tutularaq “Azərbaycandövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsini və cavabdeh tərəfindən sökülməsini qərara alsa da, hansı normaya görə vətəndaşın öz mənzilində təmir işlərinin aparılması üçün icazə alınmasını əsaslandırmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının “tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbini təmin edərkən iddiaçının bu hüquqa sahib olub-olmamasını (subyektiv hüququnun olmasını) aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, hər bir fiziki və hüquq şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla başqa subyektlərə aid olan hüquqa dair iddia irəli sürmək hüququna mailk deyildir. Hazırki iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı yaşayış binasının mədəniyyət abidəsi olmasını, guya cavabdehin hərəkətlərinin (konkret olaraq öz mənzilində təmir işləri görməsi) həmin abidəyə xələl gətirəcəyi ehtimalını iddia edərək öz adından iddia irəli sürmüşdür ki, hesab edir ki, buna hüququ yoxdur. Göründüyü kimi, iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Hazırkı mübahisədə isə bu hüquq əgər əsas varsa yerli icra hakimiyyəti orqanına (və ya hər hansı mərkəzi icra hakimiyyəti orqanına) aid olduğu halda, iddiaçı hüquqlarının pozulduğu iddia edərək öz adından iddia irəli sürmüşdür ki, onun belə bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aidiyyat qaydaları ilə bağlı mülki mühakimə icraatını tənzimləyən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, cavabdeh X11 ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşadığı halda, bu səbəbdən həmin işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğu halda, Səbail Rayon Məhkəməsi işə prosessual hüquq normalarını pozaraq icraata götürməklə baxmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev – sədrlik edən və məruzəçi, N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qeyd edilən hissədə qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin, saylı 54 mənzilinin eyvanında metal tirlər üzərində inşa edilmiş eyvan hissəsinin sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, iddia tələbinin mübahisələndirilən qalan hissədə təmin edilməməsi qət edilmişdir. ç) Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1940/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-62/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İddiaçıya görə cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri onun mülkiyyət hüququnu pozmaqla ona ziyan vurur. 46. İş üzrə toplanmış sübutlarla, o cümlədən, məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən edilmişdir ki, 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində əsaslı təmir işləri aparmış, eyni zamanda səlahiyyətli dövlət orqanlarından müvafiq razılıqlar və icazələr alınmadan mənzilinin eyvan hissəsini sökdürərək onun yerinə metal tirlər üzərində əvvəlki ölçülərdən fərqli ölçüdə yeni eyvan inşa etdirmişdir. Qeyd edilən ekspertiza ilə iddiaçının mülkiyyətində olan 53 saylı mənzilə zərər dəyməsi müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri nəticəsində iddiaçının mənzilinə zərər dəyməmişdir. Eyni zamanda iddiaçı verdiyi iddia ərizəsində hər hansı digər hüququnun pozulduğunu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 95-ci maddəsinə görə qanunsuz inşa edilmiş tikililərin sökülməsinə dair müvafiq tədbirlər görmək, o cümlədən bununla bağlı müvafiq iddianı qaldırmaq səlahiyyəti Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir. Ona görə də işə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçının hazırkı iş üzrə verdiyi iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verməklə mübahisəyə münasibət bildirməli idi. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması barədə nəticəyə gələrkən bunu təsdiq edə biləcək heç bir sübuta və işin halına istinad etməmiş və həmin nəticəsini əsaslandırmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
d) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. A 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən qətnamə yalnız iddia tələbinin təmin edilən hissəsi mübahisələndirilərək ləğv edilməsi xahiş edildiyindən, məhkəmənin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi hazırki iş üzrə apellyasiya məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etməklə yeni apellyasiya baxışına göndərərkən Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 95-ci maddəsinə görə qanunsuz inşa edilmiş tikililərin sökülməsinə dair müvafiq tədbirlər görmək, o cümlədən bununla bağlı müvafiq iddianı qaldırmaq səlahiyyəti Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçının hazırkı iş üzrə verdiyi iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verməklə mübahisəyə münasibət bildirməli idi. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması barədə nəticəyə gələrkən bunu təsdiq edə biləcək heç bir sübuta və işin halına istinad etməmiş və həmin nəticəsini əsaslandırmamışdır.
24. Hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
25. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcu olduğundan və sözügedən bina Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 1342 nömrəli qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına (yerli əhəmiyyətli memarlıq abidəsi) kimi 3301 invertar nömrə altında daxil edilmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir.
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətləri ilə bağlı iş üzrə düzgün nəticəyə gəlinmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.
27. Belə ki, işin faktiki hallarına əsasən Bakı şəhəri, Azərbaycan prospekti, ev 17, mənzil 53 İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmış, ünvan 1 ünvanda yerləşən mənzil isə Cavabdeh mülkiyyətindədir və cavabdeh özünə məxsus mənzilə aid eyvanı bunula bağlı müvafiq icazələri almadan sökdürmüş və həmin eyvanın yerində əvvəlki ölçülərdən fərqli yeni eyvan tikmişdir. Baxılan mübahisə tikinti və təmir işləri nəticəsində iddiaçının mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi ilə bağlıdır, belə ki, iddiaçı mülkiyyətində olan mənzilin Cavabdeh apardığı tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərin nəticəsində mənzilinə və ümumi binaya ziyan dəyməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Başqa sözlə cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri onun mülkiyyət hüququnu pozmaqla ona ziyan vurur. İddiaçı isə tələbini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzilinin mülkiyyətçisi və həmin binanın sakini olması ilə əsaslandırır.
28. Göründüyü kimi, tərəflər arasında mübahisə tikinti və təmir işləri nəticəsində iddiaçının mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi ilə bağlıdır. Bu səbəbdən apellyasiya icraatı zamanı keçirilmiş 03 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/275 nömrəli məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı binanın arxa fasad hissəsindəki əksər mənzillərdə, həmçinin 5-ci mərtəbədə yerləşən 54 saylı və 4-cü mərtəbədə yerləşən 53 saylı mənzillərdə sakinlər tərəfindən müxtəlif inşaat materiallarından tikinti norma və qaydalarına əməl olunmadan əlavə yaşayış sahələrinin inşa edilməsi müəyyən edilmişdi. 54 saylı mənzildə əlavə sahənin ölçüsü 5.0x2.6 metr, 53 saylı mənzildə isə 7.0x3.65 metr təşkil edir. 53 saylı mənzilin əlavə sahəsinin ön hissəsi 3 ədəd aşırımı 3.0 metr, diametri 200 mm, hündürlüyü 11.2 metr olan metal borular üzərində inşa olunmuşdur. 54 saylı mənzildə təmir işləri zamanı mövcud olmuş eyvan sökülərək, yerində metal tirlər üzərində daha böyük öiçülü (5.0x2.6 metr) eyvan inşa edilmişdir. Hər iki sahə tikinti norma və qaydalarına əməl olunmadan inşa edilmişdir. Həmçinin binanın 4cü mərtəbəsində yerləşən 53 saylı mənzilə keçirilən baxış zamanı yükdaşıyan divarlarda çat və zədələnmələr müşahidə edilmədi. 53 saylı mənzilə sonradan əlavə olunmuş sahənin binanın divarı ilə birləşməsində eni 2-3 mm olan şaquli çatlar müşahidə edildi. Binanın 4-cü mərtəbəsi ilə 5-ci mərtəbəsinin arasında yerləşən saxlanc otağının divarlarında (parapet divarı) kiçik ölçülü çatlar müşahidə edildi. ünvan 4 ünvanında yerləşən yaşayış binasının 54 saylı mənzilində aparılmış təmir işləri hal-hazırda insanların həyat və sağlamlığı üçün təhlükə yaratmır.
28. Göründüyü kimi, iş üzrə toplanmış sübutlarla, o cümlədən, məhkəmə tikintitexniki ekspertizası ilə müəyyən edilmişdir ki, 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində əsaslı təmir işləri aparmış, eyni zamanda səlahiyyətli dövlət orqanlarından müvafiq razılıqlar və icazələr alınmadan mənzilinin eyvan hissəsini sökdürərək onun yerinə metal tirlər üzərində əvvəlki ölçülərdən fərqli ölçüdə yeni eyvan inşa etdirmişdir. Lakin qeyd edilən ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 53 saylı mənzilə zərər dəyməsi müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri hal-hazırda insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaması müəyyən edilmişdir.
29. Kollegiya qeyd edir ki, iddia tələbinin əsası cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri binanın dayanıqlığına, yəni orda yaşamanın təhlükəli hala gətirilməsinə, o cümlədən onun mənzilinə zərər dəyməsinə söykənir. Hazırda isə məhkəmə araşdırması zamanı sözügedən binadan hətta iddiaçının özünün eyvanının tikinti normaları çərçivəsndə olmadığı, həmin binadan digər sakinlərində bu kimi eyvanlarının olduğunu müəyyən edilməklə yanaşı cavabdehin apardığı təmir tikinti işlərinin, eyvan sahəsinin iddiaçıya hər hansı formada ziyan vurmaması, həmçinin aparılmış təmir işlərinin insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaması müəyyən edilmişdir. Belə olan halda isə məhz iddia tələbinin əsasını təşkil edən hallar təsdiqini tapmadığından iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.
31. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(009)- 157/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. 32 İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh alınaraq dövlət büdcəsi hesabına köçürülməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(009)- 157/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi İddiaçı 50 manat hissəsi isə Cavabdeh alınaraq dövlət büdcəsi hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.