Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1765/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “xidmət haqqına görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: xidmət haqqına görə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “xidmət haqqına görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4738/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktı
1. 24.12.2013-cü il tarixli, 04/142 nömrəli müqaviləyə əsasən, ünvan 1 ünvanındakı yaşayış kompleksində 4-cü blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 147 kv.m olan 3 otaqdan ibarət 296 saylı mənzilin qiyməti 213150 (iki yüz on üç min bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilməklə əldə edilmişdir.
2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “xidmət müqaviləsi”nə və 1 saylı əlavəyə əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanındakı yaşayış kompleksində 4-cü blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 147 kv.m olan 3 otaqdan ibarət 296 saylı mənzilin ümumi sahəsi 138 kv.m hesablanmaqla, xx.xx.2017-ci il tarixdən 0.75 manat xidmət haqqı tutulmaqla, cəmi 103.50 manat hər ay ödənilməlidir.
3. “Park Azure” tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh mənzilinə 10 ay üçün hesablanmış 1164 manat məbləğində xidmət haqqı şirkət tərəfindən ödənilmiş və xx.xx.2021-ci il tarixdən etibarən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh qarşı “xidmət haqqına görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3208,50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC (ad dəyişikliyindən sonra “Azure Management MMC”) ilə Cavabdeh arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən ünvan 2 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 9, ümumi sahəsi 147 kv.m olan 296 saylı mənzilin saxlanılması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində qeyd olunan xidmətləri göstərməyi iddiaçı öhdəsinə götürür, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Cavabdeh bir müddət göstərilən xidmət üzrə aylıq xidmət haqqını ödəsə də, sonradan öhdəliyi icra etməkdən yayınmış və nəticədə 3208.50 manat borcu yaranmışdır. Cavabdeh ona göstərilən bütün xidmətlərdən yararlanmasına baxmayaraq, üzərinə düşən öhdəliyi icra etməkdən yayınır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4738/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2173,50 (iki min yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində kommunal xidmətə görə borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müzakirə edilən tələb tam həcmdə təmin edilə bilməz. Çünki iş materiallarından görünür ki, kommunal xidmətlərə görə xidmət müqaviləsinin müddəti bitdikdən sonra da İddiaçı MMC tərəfindən cavabdehə kommunal xidmətlər göstərilmişdir. Belə olan halda İddiaçı yalnız xx.xx.2022-ci ilə qədər xidmət haqqına görə ödəniş tələb edə bilər. Ondan sonrakı müddətdə isə tələbetmə hüququ "xxxx" MTK-ya məxsusdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdən sonra binaya kommunal xidmətin göstərilməsi "xxxx" MTK tərəfindən icra edilir. İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini xx.xx.2022-ci il tarixdən sonra irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun xidmət haqqına görə ödəniş tələb etmək hüququnu təsdiq edən heç bir sübut mövcud deyil.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 137.5, 385.1, 385.1, 390.1, 390.3, 442-ci maddələri, Mənzil Məcəlləsinin 38.2, 135-ci maddələri, M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4738/2023, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassız olduğuna görə təmin olunmamalıdır. 2017-ci ildə "xxxx"MMC ilə Cavabdeh arasında 1 (bir) illik müqavilə bağlanılmışdır. Müqavilədə müddət yekunlaşdığı zaman sadəcə növbəti 1 (bir) il müddətinə də uzadılma nəzərdə tutulmuşdur. Belə ki, müqavilə üzrə ödəliklərin icrası və hər hansı pul tələbi ilə bağlı müddət maksimum hədd 2019-cu ilədək müəyyən olunmuşdur. Daha sonra tərəflər ümumi razılığa gələ bilməməsi səbəbindən yeni müqavilə imzalanmamışdır. Daha sonra “X4” MMC adlı Şirkət yaradılmışdır, 2023-cü ilin fevral ayından sakinlərin bir qismi ilə çox mənzilli binanın idarə edilməsinə dair müqavilə bağlanılsa da, bir çox sakinlər və cavabdeh müqavilə bağlamaqdan imtina etmişdir. (müvafiq sənədlərin; ümumi yığıncağın iclas protokolu,yığıncağın qərarı təqdim olunmamışdır). Belə ki, idarəedici təşkilat, yəni “X4” MMC mülkiyyətçilərin yaşayış sahəsinin yaxşılaşdırılması, əmlakın saz vəziyyətdə saxlanması və təmiri,əmlakın istifadəsi ilə bağlıməsələlərin həlli, kommunal və digər xidmətlərlə mülkiyyətçini təmin edərək binanın idarə olunmasını öhdəlik götürmüş və bu göstərilən xidmətlərə qarşı sakinlərdən yaşadıları mənzillərin kvadratına uyğun, hər kv.m 0,75 qəpikdən hesablanmaqla xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, adı çəkilən MMC-nin üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və lazımınca icra etməməsinə baxmayaraq, belə ki, sıradan çıxan lift və digər vasitələri təmir etmir, kommunal xidmətləri təmin etmir, blokların və dəhlizlərin gigiyena qaydalarına uyğun təmizlik işlərini həyata keçirmir. Bu və digər səbəblərdən MMC ilə sakinlər arasında ciddi münaqişələrin yaranmasına səbəb olur. Belə ki, binanin təhlükəsizlik xidməti çox aşağı səviyyədədir. Məhkəmənin İddiaçı MMC tərəfindən cavabdehə kommunal xidmətlər göstərilməsi nəticəsinə gəlməsi yalnış və əsassızdır. Çünki, İddiaçı MMC yaradılması barədə sakinlərin yəni Ümumi Yığıncaq üzvlərinin Qərarı vəiclas protokolları mövcud deyildir. Özbaşına yaradılmış İddiaçı MMC tərəfindən hər hansı kommunal xidmət göstərilməsini təsdiq edən hesabat iş materiallarında mövcud deyildir, əksinə özbaşına yaradılmış idarəedicinin kommunal xidmətlər göstərmədiyi, bina sakinlərinin heç bir şikayətinin araşdırılmadığı, nöqsanların aradan qaldırılmadığı, binanın vəziyyətinin pis hala düşdüyü, antisanitariyanın baş alıb getdiyi, liftlərin işləmədiyi və texniki nasazlıqların aradan qaldırılmadığı, sakinlərin müqavilə bağlamamasına rəğmən onlardan vəsaitin tələb olunduğu, cavabdeh daxil sakinlərin şəxsi məlumatlarının liftlərdə asılaraq onların ləyaqətlərinin alçaldıldığını təsdiq edən video görüntü və şahid ifadələrinə düzgün münasibət və qiymət verilmədiyinə görə ədalətsiz qərar qəbul olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayəti əsassızdır. Cavabdehlə müqavilə bağlanılıb, öhdəlik götürüb lakin, cavabdeh öhdəliyini vaxtlıvaxtında yerinə yetirməmişdir, beləliklə borc məbləği yaranmışdır. Buna görə də rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. İddiaçı məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “xidmət müqaviləsi”nə və 1 saylı əlavəyə əsasən xidmət haqqının borcunun ödənilməsini xahiş edir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
22. Cavabeh qətnamədən apellyasiya şikayəti vermişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov “76” ünvanındakı yaşayış kompleksində 4-cü blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 147 kv.m olan 3 otaqdan ibarət 296 saylı mənzilin ümumi sahəsi 138 kv.m hesablanmaqla, xx.xx.2017-ci il tarixdən 0.75 manat xidmət haqqı tutulmaqla, cəmi 103.50 manat hər ay ödənilməlidir.
24. Mənzil Məcəlləsinin 136.3-cü maddəsinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.
25. “Park Azure” tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh mənzilinə 10 ay üçün hesablanmış 1164 manat məbləğində xidmət haqqı şirkət tərəfindən ödənilmiş və xx.xx.2021-ci il tarixdən etibarən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi xahiş edilmişdir.
26. Məhkəmə kollegiyası iddia tələbinin qismən - 2173,50 manat borcun tutulması ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, “Park Azure” tərəfindən sözügedən binaya xidmətin həyata keçirilməsi xx.xx.2022-ci il tarixə kimi həyata keçirilmişdir.
27. “Çoxmənzilli binanın idarə edilməsi üzrə xidmət müqaviləsi”ndən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq ünvan 4 ünvanında yerləşən “Park Azure” yaşayış kompekleksinin ümumi əmlakının saxlanılması və təmiri üzrə xidmət göstərməyi "xxxx" MTK öz üzərinə götürmüş və yaşayış sahəsinin hər bir kv.metri üçün 0.75 manat xidmət haqqı müəyyən edilmişdir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yalnız xx.xx.2022-ci il tarixə kimi olan borcu tələb etməkdə haqlıdır. Çünki xx.xx.2022-ci il tarixdən başlayaraq kommunal xidmətlərin göstərilməsi "xxxx" MTK tərəfindən həyata keçirilmişdir.
29. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün xidmət haqqının borcunun tələb edilməsi ilə bağlı - subyektiv hüququnun olmasına dair hər hansı sübut iş materialarına əlavə edilməmişdir.
30. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üçün xidmət haqqı borcu - 103.50 x 21 = 2173,50 manat pul tutulmalı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-4738/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev