Məhkəmə qərarları › İş №2(103)-1768/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1768/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1768/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5209/2022 saylı 06 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 000 (otuz min) ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq ödəniş günü manata məzənnə ilə manatla İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tanıdığı İran İslam Respublikası vətəndaşı Talibimokarram Tahir Jafər ilə bir neçə dəfə bu sahədə alqı-satqı münasibətlərinə daxil olmuş, ondan aldığı ödəniş qarşılığında öz tanışları vasitəsi ilə həmin şəxsin şirkətinə dizel yanacağı göndərmişdir. Bu münasibətlərin axırıncısında əvvəlcədən tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh1 və Cavabdeh2 qardaşları iddiaçıdan onun əldə etdiyi, İran İslam Respublikası vətəndaşına məxsus olan pulun bir hissəsini-30000 (otuz min) ABŞ dollarını alqı-satqı məqsədilə və gəlir qazanmaq üçün istifadə edəcəkləri şərtilə onlara borc kimi verməsini xahiş etmişdir. Onlar daha sonra pulu qaytaracaqlarını, onun İranlı vətəndaşa borclu qalmayacağını vəd etmişlər. İddiaçı tərəfindən göstərilən məbləğ qardaşlara verilmiş, lakin onlar tərəfindən verilən vəd tutulmamışdır. İran İslam Respublikası olan vətəndaş iddiaçı barəsində ona olan borcuna görə Şərur Rayon Polis Şöbəsinə müraciət etdikdən sonra o, Cavabdeh1 və Cavabdeh2 qardaşlarından borclarını qaytarmalarını xahiş etsə də, bu dəfə cavabdehlər ona borcları əvəzində daşınmaz əmlak verəcəklərini vəd etmiş və bu vədi də yerinə yetirməmişlər. Hüquqlarını müdafiə etdiyi şəxs dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə çağırılmış və onun şəxsiyyət vəsiqəsi Şərur Rayon Polis Şöbəsində saxlanılmaqdadır. Üstəlik, İran İslam Respublikası vətəndaşı olan Talibimokarram Tahir Jafər tərəfindən ona qarşı pul tələbi ilə Şərur Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qeyd etmək istəyir ki, cavabdehlərin iddiaçıya borclu olmaları onlar arasındakı WhatsApp yazışmalarında, səs yazılarında da öz təsdiqini tapmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5209/2022 saylı 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbinin rədd edilməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və İddiaçı Cavabdeh1 və Cavabdeh2 30 000 (otuz min) ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq ödəniş günü manata məzənnə ilə manatla İddiaçı ödənilməsi barədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5209/2022 saylı 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Hazırkı iddia tələbində iddiaçı tərəf cavabdehlərin alqı-satqı məqsədilə və gəlir qazanmaq üçün istifadə edəcəkləri şərtilə ondan 30 000 ABŞ dolları borc pul aldığını, iddia etsə də, iş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmişdir. İddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmişdir.

23. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

24. İddiaçı “whatsup” yazışmalara və səs yazılarına istinad etsə də yazışmaların məhz cavabdehlərlə onun arasında olması iş matrerialları ilə müəyyən edilməmiş, səs yazılarında isə borc götürülmə ilə bağlı faktlar aşkar edilməmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində qeyd etmişdir ki, iddiaçının faktik istifadəsində olan nömrə onun adına deyil, “whatsup” yazıları onun əvvəlki nömrəsindən indiki nömrəsinə atılmadır, yazışma formasında deyil, fleş kartdakı səs yazılarında borc etirafı halı yoxdur, dolayı yolla bu öz təsdiqini tapır.

25. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5209/2022 saylı 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar