Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1769/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4863/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 və Cavabdeh2 1600 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 03 avqust 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığortalanmış “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 dekabr 2020-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “NAZ Lifan” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeron DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliiyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 2500 manat məbləğində sığorta ödənişi verilmişdir. “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, avtomobil etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə edildiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(010)- 4863/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4863/2021 saylı iş üzrə 11.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilərək 1600 manat məbləğində xərcin və ödənilmiş 46,20 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, "xxxx" ASC-də 03 avqust 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz E200” markalı **-MO- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 dekabr 2020-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 tərəfindən idarə olunan “NAZ Lifan” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeron DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkin avtomobilinin zədələnməsi ilə bağlı 1600 manat məbləğində sığorta ödənişi verilmişdir. "xxxx" ASC məhkəməyə müraciət edərək 1600 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə şirkətin iddiası təmin olunmamışdır. Hesab edirlər ki, qeyd olunan qətnamə əsassız və qanunsuzdur. Belə ki, qətnamədə qeyd edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 rəsmi nikahdadırlar, idarə olunan avtomobil birgə nikah dövründə əldə olunmuşdur, AR Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən “Mercedes Benz E200” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil onların birgə mülkiyyəti hesab olunmalı, bu səbəbdən Cavabdeh2 həmin avtomobildən sərbəst istifadə etmək, o cümlədən idarə etmək hüququ olmuşdur. Cavabdehlərə qarşı subroqasiya tələbi əsassızdır, belə ki, avtomobil qanuni əsaslarla idarə olunmuşdur. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh2 Cavabdeh1 məxsus olan avtomobili notarial qaydada təsdiq olunmuş etibarnamə olmadan idarə etməsi qanuni əsaslarla olmamışdır. AR MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 1-ci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edərək 1600 manat məbləğində xərcin və ödənilmiş 46,20 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair aktın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Naz Lifan” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1600 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş BDYPİ-nin kompüter sistemindən çıxarışdan görünür ki, “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil 13.03.2020-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir və avtomobili idarə etmək üçün verilmiş etibarnamə X9 verilmiş, etibarnamə 10.01.2023-cü il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş 28.12.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 26.12.2020-ci il tarixdə, saat 16:20-də Masazır kəndi, Ə.Vahid küçəsi ərazisində “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş “İcbari sığorta müqavilələrinə dair məlumat” sistemindən çıxarışın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil 12 aylıq sığorta təminatı ilə 03.08.2021-ci il tarixli müqaviləyə əsasən sığortalanmışdır (Sığortaçı "xxxx" ASC; sığortalı Cavabdeh2). İş materiallarına əlavə olunmuş 12.01.2021-ci il tarixli, PGU-210064 nömrəli sığorta ödənişi ilə bağlın aktın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən 26.12.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş “Naz Lifan” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X2 1600 manat məbləğində sığorta ödənişi edilmişəsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 21.01.2021-ci il tarixli, 70788 nömrəli ödəniş tapşırığının iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 1600 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.11.2010-cu il tarixdə verilmiş AZ-İ 623166 nömrəli nikah haqqında şəhadətnamənin məhkəmə tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 və X4 arasında 14.11.2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1415 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 26.12.2020-ci il tarixdə Masazır kəndi, Ə.Vahid küçəsi ərazisində “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, bu avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş digər avtomobilə iddiaçı tərəfindən 1600 manat məbləğində sığorta ödənişi edilmişdir. Digər Cavabdeh1 isə avtomobilin mülkiyyətçisi və eyni zamanda Cavabdeh2 arvadıdır. Elə bu səbəbdən, rəsmi nikahda olduqlarına və avtomobil nikah dövründə əldə edildiyinə görə onlar avtomobili birgə nikah dövründə əldə edilmiş əmlak hesab etmiş, Cavabdeh2 arvadının mülkiyyətində olan avtomobili idarə etmək üçün etibarnamə almamışdır. Lakin iddiaçı hesab etmişdir ki, Cavabdeh2 avtomobili idarə etməsi üçün etibarnaməsi olmalı idi. Odur ki, hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 1600 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, avtomobilin buna hüququ olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə görə sığortaçının zərərçəkmiş avtomobilə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb etmək hüququ vardır. Lakin bunun üçün ilk növbədə avtomobilin həqiqətən “idarə etməyə hüququ olmayan şəxs tərəfindən” idarə edildiyi müəyyən edilməlidir. Hazırkı işdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ər-arvaddır. Onların nikahı 14.11.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 yol nəqliyyat hadisəsi törətdiyi avtomobil isə 13.03.2020-ci il tarixdən etibarən Cavabdeh1 mülkiyyətindədir. Deməli, avtomobil cavabdehlərin birgə nikahı dövründə əldə edilmişdir və onların ümumi mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Beləliklə, Cavabdeh2 arvadı ilə ümumi birgə mülkiyyətçisi olduğu avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 avtomobilin ümumi birgə mülkiyyətçisi olduğundan onun bu avtomobildən istifadə hüququ vardır və bunun üçün hər hansı etibarnaməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, məsələyə bu cür yanaşma ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasından irəli gəlir. Bu prezumpsiyaya əsasən, avtomobilin cavabdehlərin ümumi birgə mülkiyyəti kimi tanınmasına dair rəsmi sənəd olmasa da hər bir şəxs, eləcə də iddiaçı "xxxx" ASC həmin avtomobili cavabdehlərin ümumi birgə mülkiyyəti kimi qəbul etməli, avtomobil üzərində cavabdehlərin hər ikisinin mülkiyyət hüququnu, eləcə də bu hüququn tərkib hissəsi olan istifadə hüququnu tanımalıdır. Xüsusən, istifadə hüququnun tanınması mübahisəsiz olmalıdır. Çünki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3 və 33.4-cü maddələrində ümumi əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı digər tərəfin rəsmi razılığı tələb olunsa da istifadə hüququ ilə bağlı belə bir tələb yoxdur. Yəni, ər-arvad ümumi mülkiyyətlərində olan əmlakı ayrı-ayrılıqda istifadə etməkdə tam sərbəstdirlər və bu hüququ hər hansı etibarnamə almaqla, yaxud başqa qaydada rəsmi olaraq qeydiyyata aldırmağa ehtiyac yoxdur. Təsadüfi deyil ki, Cavabdeh2 həmin avtomobillə törətdiyi yol nəqliyyat hadisəsinə görə inzibati qaydada cərimə olunsa da o, yalnız İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsirli bilinmişdir. Halbuki, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi İXM-in 332-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadır və Cavabdeh2 həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə də təqsirli bilinə bilərdi. Lakin hazırkı işdə bu hal baş verməmişdir. Beləliklə, yol nəqliyyatında təhlükəsizliyə nəzarət edən orqan da bu avtomobil üzərində ümumi mülkiyyətçi kimi Cavabdeh2 istifadə hüququnu tanımışdır. Elə məhkəmə iclasında izahat verən cavabdeh də bildirmişdir ki, heç bir yoxlanışda yol polisi tərəfindən ondan etibarnamə tələb edilməmiş, nikah haqqında şəhadətnaməni və arvadının adına olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etmək kifayət etmişdir. Digər tərəfdən, iddiaçı "xxxx" ASC icbari sığorta müqaviləsini avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 ilə yox, onun əri Cavabdeh2 ilə bağlamış, müqavilə üzrə sığortalı kimi Cavabdeh2 tanımışdır. Halbuki, əgər iddiaçı "xxxx" ASC Cavabdeh2 etibarnamə olmadan avtomobil üzərində heç bir hüququnun olmadığını hesab etsə idi, onunla icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilərdi. Lakin "xxxx" ASC Cavabdeh2 avtomobili qanuni əsaslarla istismar edən şəxs kimi tanımış, onunla icbari sığorta müqaviləsi bağlamış, lakin yol nəqliyyat hadisəsi baş verdikdən sonra nədənsə onun bu avtomobil üzərində heç bir hüququ olmadığını iddia etmişdir. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri baxımından “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla istismar edən sahibidir. Bu faktı iddiaçı "xxxx" ASC də tanıyaraq onu sığortalı kimi qəbul edib icbari sığorta müqaviləsi bağlamışdır. Cavabdeh2 avtomobili idarə etməsinin qanuni əsasını isə artıq yuxarıda qeyd edildiyi kimi ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyası təşkil edir. Bu baxımdan iddiaçı "xxxx" ASC avtomobilin etibarnamə olmadan idarə edilməsi əsası ilə ödədiyi sığorta ödənişini cavabdehlərdən tələb edə bilməz. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3- cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(010)- 4863/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1769/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1769/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver