Məhkəmə qərarları › İş №2(103)-1770/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1770/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1770/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçı, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1962/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 4(006)- 607/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin vəsatətinin rədd edilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclasından azad edilməsi qərara alınmışdır.

3. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin qətimkan tədbiri seçmək haqqında xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir.

4. Nəsimi Rayon Polis İdarəsinin əşyaya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2017-ci il tarixli protokolundan görünür ki, 9414-9015-1441 seriyalı, 2014-cü il istehsallı “Candela GentleLase Pro” markalı epilyasiya aparatı götürülərək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır.

5. Nəsimi Rayon Polis İdarəsinin maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə xx.xx.2018-ci il tarixli qərarı ilə 9914-9014-1441 seriyalı, “Candela GenteLase Pro” lazer epilyasiya aparatının ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 təhvil verilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2017-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, Nəsimi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbsdən imtina edilmiş, həmin tarixli qərarla təqsirləndirilən şəxs İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər prokurorluğunun xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2018-ci ilədək uzadılmışdır. Həmin qərar ilə isə ibtidai istintaq müddətinin 03 ay, yəni xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək uzadılması qərara alınmışdır.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)- 32/2019 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmiş, cinayət işi üzrə maddi sübut kimi tanınmış 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı zərər çəkmiş şəxs X2 istifadəsində saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 nömrəli hökmü ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilmiş, X3 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı ondan alınıb İddiaçı qaytarılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)-582/2020 nömrəli qərarı ilə İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2017-2018-ci illər üzrə gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən xalis mənfəət məbləği müəyyən edilməmişdir. Uçotbaza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 14.238,75 manat təşkil etmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur. ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2015-ci il tarixdə **********-20001 kodu ilə uçota alınması barədə məlumat müəyyən edilmişdir. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə müraciət edilməsi barədə məlumat müəyyən edilməmişdir. ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2017-ci il tarixdə **********-20002 kodu ilə uçota alınması və xx.xx.2019cu il tarixdə uçotdan çıxarılması barədə məlumat müəyyən edilmişdir. İddiaçı (VÖEN: **********) 2017-2018-ci illər ərzində əsas fəaliyyət növü “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” (96020), əlavə fəaliyyət növü “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” (93290) kimi müəyyən edilmişdir.

12. 180050261 №-li cinayət işinin materiallarına (cild №: 6) əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçədən görünür ki, epilyasiya aparatının istifadəsindən avqust ayında 3171 manat, sentyabr ayında 3063 manat, oktyabr ayında 2061 manat, noyabr ayında 2416 manat, dekabr ayında 2075 manat, yanvar ayında 2597 manat məbləğində gəlir əldə edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 220.000 manat, mənəvi ziyana görə 100.000 manat, ümumilikdə 320.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-32/2019 №-li, xx.xx.2019-cu il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, fərdi əməklə məşğul olan İddiaçı Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Həmin hökmdən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmü ilə təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilərək iddiaçının əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirmişdir ki, 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsalı “Candela GentleLase” markalı lazer-epilyasiya aparatı alıb, onlardan birini əvvəlcə Neftçilər metrostansiyasının yaxınlığındakı gözəllik salonunun, 2015-ci ilin yay aylarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Əminə” gözəllik salonuna yerləşdirib işlədərək gəlir əldə etmişdir. Həmin vaxtlar “Nazim 1001” şirkətinə olan borcuna görə müvəqqəti istifadə üçün qarşılıqlı razılıq əsasında Rasim Tanrıverdiyevə vermiş və sonuncu xx.xx.2017-ci ilə kimi həmin aparatdan istifadə etmişdir. xx.xx.2017-ci ildə gözəllik salonunun iddiaçıda olan açarlarından istifadə edərək həmin aparatı salondan götürüb yük avtomobilinə qoyub apamışdır. Aparatı bir müddət “Həzi Aslanov” adına metrostansiyanın yaxınlığında yerləşən yerdə saxlamış, xx.xx.2017-ci ildən Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən “Əminə” gözəllik salonuna apararaq orada istifadə etməyə başlamışdır. X1 şikayəti əsasında iddiaçı barəsində Nəsimi rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Nəsimi Rayon Polis İdarəsində aparılan istintaq zamanı müstəntiqin “Maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə” xx.xx.2018-ci il tarixli və xx.xx.2018ci il tarixli qərarlarına əsasən iddiaçının mülkiyyətində olan 9914-9015-1441 seriyalı “Candela GentleLase” markalı lazer-epilyasiya aparatı saxlanılması üçün zərərçəkmiş X5 təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 1(103)- 1068/2019 saylı hökmü ilə qeyd edilən aparatın iddiaçıdan alınaraq saxlanılması üçün Nazim Tanrıverdiyevə verilməsi qanunsuz hesab edilərək həmin aparatın iddiaçıya qaytarılması göstərilmişdir. İddiaçı həmin aparatdan xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər istifadə etmişdir. Aparatdan istifadə ilə bağlı olan bütün əməliyyatlar, o cümlədən əldə olunan gəliri ayırdığı ayrıca dəftərdə qeyd etmişdir. İddiaçı hər ay aparatdan orta hesabla 10.000 manat gəlir əldə edirmiş. Aparatın iddiaçıdan götürüldüyü gündən Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmü çıxarıldığı günədək, yəni 22 ay ərzində 220.000 manat gəlirdən məhrum olmuşdur. Heç bir əsas olmadan iddiaçı şübhəli şəxs kimi 48 saat polis idarəsinin təcridxanasında saxlanılmış, sonradan əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinə tövsif edilərək cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bütün bu müddət ərzində iddiaçı və ailə üzvləri sarsılmış, böyük narahatlıqlar keçirmişlər. Etmədiyi əmələ görə Nəsimi Rayon Məhkəməsi iddiaçını təqsirli bilməklə onun işgüzar nüfuzuna, ləyaqətinə böyük zərbə vurmuş və bütün bunlar onun səhhətində problemlər yaratmışdır. İddiaçının barəsində bəraət hökmü çıxarıldıqdan sonra kassasiya şikayəti verildiyindən məkhəmə istintaqı davam etdirilmiş, bu da iddiaçının və onun ailə üzvlərinin mənəvi sarsıntı keçirməkdə davam etmələrinə səbəb olmuşdur. Nəticədə iddiaçıya qeyd edilən səbəblərdən 100.000 manat mənəvi ziyan vurulmuşdur.

15. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə qarşı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. İlk növbədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, mülki qanunvericiliyə görə, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Lakin mülki qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında o da sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Maddi zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iddiaçıya hər hansı bir cəza təyin edilməmişdir.

16. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tələbin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 240.000 manat, mənəvi zərərə görə 100.000 manat, əmlakının qanunsuz saxlanmasına görə 34.214 manat faiz, ümumilikdə 374.324 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1962/2023 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

18. Azərbayacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLase Pro” markalı epilyasiya aparatının 2014-2015-ci illərə orta bazar qiyməti təxminən 75000-85000 manat müəyyən olunmuşdur. Təmir-bərpa xərcləri icarəyə verən şəxs tərəfindən qarşılanmaqla həmin cihazın, yəni “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLase Pro” markalı epilyasiya aparatının 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqı təxminən 4.500-5.000 manat müəyyən olunmuşdur.

19. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1962/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 61.530 manat və mənəvi zərərin əvəzi kimi 2.000 manat olmaqla, cəmi 63.530 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 77 manat hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

20. Məhkəmə iddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatının xx.xx.2017ci ildə götürülərək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılması, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə isə iddiaçıya bəraət verilməsi ilə aparatın ona qaytarılması iş materialları ilə öz təsdiqini tapan mübahisəsiz haldır. Deməli, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan müddət ərzində iddiaçı istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatından istifadə edə bilməmiş, nəticədə göstərilən müddət ərzində həmin aparat vasitəsilə əldə edə biləcəyi maddi gəlirdən məhrum olmuşdur.

21. İddiaçı ona dəymiş maddi zərəri aparatdan istifadə etdiyi müddət ərzində bütün maliyyə əməliyyatlarını yazdığı dəftərçə ilə əsaslandıraraq, ayda orta hesabla 10.000 manat gəlir əldə etdiyini bildirməsinə baxmayaraq, həmin dəftərçəni məhkəməyə təqdim etməmiş, yalnız dəftərçənin surəti olduğunu bildirdiyi əlyazmalarını sübut qismində təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş surətləri ona görə mötəbər hesab etmir ki, həmin surətlərdə bütün məlumatlar əl yazısı ilə öz əksini tapmış, buna görə də təqdim edilmiş surətlərin dəftərçənin əsli ilə düz olub-olmaması, yazılar üzərində düzəlişlərin edilib-edilməməsi, qeydlərin, həqiqətən də, iddia edilən dövrlərdə yazılması, yazılanların doğru olub-olmaması müəyyən edilə bilmir.

22. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən cavab məktubuna əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı dövriyyə məbləğinin 14238.75 manat təşkil etməsi müəyyən edilmiş, lakin 2017- 2018-ci illər üzrə gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən xalis mənfəət məbləği müəyyən edilməmişdir. Qeyd olunan dövriyyə məbləğinin aylıq ortalamasını hesabladıqda təxminən 1.780 manat əldə olunur.

23. Məhkəmə hesab etmişdir ki, İddiaçı “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı vasitəsilə hər ay fərqli məbləğlərdə qazanc əldə etməsi daha ağlabatandır. Yəni iddiaçının 2017-2018-ci illərdə müvafiq müddət ərzində əldə etdiyi xalis gəlir onun başqa vaxt da həmin qazancı əldə etməsi qənaətinə gəlməyə əsas vermir. Həmçinin qeyd etmək zəruridir ki, aparatın bazar qiymətini, obyektin icarə haqqını, aparatın aylıq icarə haqqı məbləğini və obyektdə işləyən işçinin əmək haqqını nəzərə aldıqda, iddiaçının orta aylıq qazancının 10.000 manat olması (bu halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir) ağlabatan hesab oluna bilməz.

24. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün ********* №-li cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçəni araşdıraraq mötəbər olduğu qənaətinə gəlmişdir. Həmin dəftərçəyə əsasən müəyyən edilmişdir ki, aparatın istifadəsi nəticəsində avqust ayında 3171 manat, sentyabr ayında 3063 manat, oktyabr ayında 2061 manat, noyabr ayında 2416 manat, dekabr ayında 2075 manat, yanvar ayında isə 2597 manat gəlir əldə edilmişdir. Beləliklə, sadalanan 6 ay ərzində aparatdan istifadə edilməklə aylıq orta hesabla (3171 + 3063 + 2061 + 2416 + 2075 + 2597) / 6 = 2563.83 manat gəlir əldə edilmişdir. Deməli, iddiaçı aparatdan məhrum edildiyi 23 ay 3 həftə 4 gün müddətində təxminən 61.530 manat gəlirdən məhrum olmaqla ona həmin məbləğdə maddi ziyan dəymişdir.

25. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən lazer aparatının iddiaçıdan qanunsuz götürülərək başqa şəxsə verilməsi ilə iddiaçının qazanc əldə etmək qabiliyyəti tamamilə məhdudlaşdırılmamışdır. Bununla iddiaçı yalnız lazer aparatı vasitəsilə əldə edəcəyi qazancdan məhrum olmuşdur. Məhkəmənin qənaətinə görə maddi ziyanın məbləği fərziyyələr və ehtimallara görə deyil, tərəfin (iddiaçının) təqdim etdiyi bütün mötəbər sübutlar əsas götürülməklə müəyyənləşdirilməlidir.

26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatının qanunsuz olaraq başqa şəxsdə saxlanıldığı 23 ay 3 həftə 4 gün müddətində iddiaçıya 61.530 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 61.530 (altmış bir min beş yüz otuz) manat məbləğində maddi zərərin əvəzi İddiaçı verilməlidir.

27. İddia tələbinin “əmlakın qanunsuz saxlanmasına görə 34.214 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu məbləği bank uçot dərəcəsinə əsaslanmaqla tələb etsə də, onun bu tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırki işin faktiki halları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan hallara uyğun deyil və həmin normaya əsaslanaraq 34.214 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılması düzgün deyildir. Məhkəmə qeyd edir ki, sözügedən norma məhz pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti müəyyən edərək, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsinə uyğun faizlər ödənilməli olmasına dair məsələni tənzimləyir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməlidir.

28. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq cinayət işinin istintaqının aparılması, 18 ay 3 həftə 4 gün müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, həmçinin, qazanc yeri olan aparatın ondan alınaraq başqasına verilməsilə aktiv gəlirdən məhrum olması iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 100.000 manat deyil. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 2.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

29. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X7rşı» qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3, 57.1, 58.1, 58.2-ci maddələrinə, Mülki Məcəllləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin İ hissəsinin İ bəndinə, 7.6-cı bəndinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 89.3, 101.7, 103.1, 106.1, 119.1, 124.3, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

31. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və cavabdehdən maddi ziyan əvəzi kimi 120.000 manat, mənəvi ziyan əvəzi 5.600 manat, cəmisi 127.560 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdan təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdan təqribən 500 manat, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdan isə təqribən 300 manat müəyyən edilir. Formalaşmış mövqe əsas götürülsə iddiaçıya 18 ay müddət üçün mənəvi ziyana görə 2.000 manat deyil, 5.400 manat ödənilməli idi. İddiaçıya onda olan dəftərdə aparılan qeydlərə görə faktiki olaraq 127.560 manat maddi ziyan vurulmuşdur. Ona görə də həmin məbləğ ona tam həcmdə ödənilməlidir. Məhkəmənin təyin etdiyi qərar əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təmir-bərpa xərcləri icarəyə verən şəxs tərəfindən qarşılanmaqla həmin cihazın, yəni “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLase Pro” markalı epilyasiya aparatının 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqı təxminən 4.500-5.000 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin edilməsinə baxmayaraq məhkəmə vurulmuş ziyanın məbləği müəyyən edilərkən ekspertizanın rəyində ‘GentleLase Pro” markal epilyasiya aparatının 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqını deyil,cinayət işinin materillannda olan «Notebook” sözü yazılmış qara üzlüklü dəftərdə qeyd edilən rəqəmləri əsas kimi götürülməsini əsaslandırılmamış, ekspret rəyi digər sübutlarla yanaşı qiymətləndirilməmişdir.

33. İddiaçı daha sonra “vəsatət”lə məhkəməyə müraciət edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi onun aparatdan istifadə etdiyi dövrü nəzərə almamış, ona aid olmayan dövrü nəzərə alaraq, yəni aparat Cavid Abbasovun istifadəsində olan müddətdə cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçədə lazer epillyasiya aparatının istifadəsindən əldə olunan 6 aylıq hesabata uyğun qətnamə çıxarmışdır.

34. Qətnamədən narazı qalan cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də, mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə 63.530 manat müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə qətnaməsində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçəyə istinad olunsa da, hesab edirlər ki, həmin dəftərçə sübut qismində hesab edilə bilməz, belə ki, həmin dəftərçədəki yazılar iddiaçının epilyasiya ilə bağlı aldığı və ya digər məqsədlər üçün aldığı və ya verdiyi borcları da əks etdirə bilərdi, bu baxımdan adi dəftərçənin sübut qismində hesab edilməsi düzgün yanaşma deyildir və mötəbər sübut kimi dəyərləndirilə bilməz. Bundan başqa, mənəvi zərərlə bağlı hissədə bildirilir ki, dəymiş mənəvi zərər fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi zərərin hesablanması üçün istinad edilmiş dəftər lazer aparatının ondan əvvəl istifadə nəticəsində əldə edilənləri əks etdirir. Aparatdan istifadə nəticəsində onun aylıq gəliri 10.000 manat olmuşdur.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaçının apellyasiya şikayətinə etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

40. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

42. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

43. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

44. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Hazırkı işdə iddia tələbi maddi və mənəvi zərərin tutulması hissəsində qismən təmin olunduğundan və iddiaçı qətnaməni iddianın həmin hissəsini təmin olunmayan hissədə mübahisələndirdiyindən, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərlə bağlı hissədə dəyişdirilməli, həmin məbləğ 4.750 manat məbləğində müəyyən edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

51. İşdən müəyyən olunur ki, İddiaçı Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə isə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və o, dərhal məhkəmə iclasından azad edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli hökmü ilə isə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş, iddiaçının əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan hökmlə, həmçinin, cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatı ondan alınıb İddiaçı qaytarılmışdır.

52. Göründüyü kimi, iddiaçının barəsində qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi, təqribən 19 ay müddətinə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri tətbiq edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində qeyd olunan qətimkan tədbirinin tədbiq edilməsi, həmin müddətdə məhkəmə proseslərinin davam etməsi iddiaçıda mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına səbəb olmuşdur.

54. Qanunvericiliyin tələblərinə əsasən başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçının barəsində tətbiq edilmiş qeyd olunan qətimkan tədbirinin hər ayı üçün 250 manat hesablanmaqla, iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 4.750 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.

56. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, xx.xx.2017-ci il tarixindən (Nəsimi Rayon Polis İdarəsinin əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokolun tarixi) xx.xx.2019-cu il tarixinədək (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının tarixi) olan müddət ərzində (təqribən 24 ay) iddiaçı istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona məxsus “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatından istifadə edə bilməmiş, nəticədə göstərilən müddət ərzində həmin aparat vasitəsilə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı fərdi sahibkar olduğu üçün qeyd olunan aparatdan istifadə nəticəsində əldə edilmiş gəlirləri ilə bağlı vergi orqanlarına bəyannamələr təqdim etməli olduğu halda bunu etməmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Odur ki, iddiaçı tərəfindən aparatdan istifadəyə görə aylıq 10.000 manat gəlir əldə etməsi rəsmi sənədlərlə təsdiq olunmadığından, onun tərəfindən tərtib edilmiş və dəftərində qeyd edilmiş məlumatlar ona dəymiş maddi zərərin hesablanmasında sübut kimi nəzərə alına bilməz.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cinayət işinin materiallarına əlavə edilmiş, qeyd edilən aparatı gəlir əldə etmək məqsədilə real olaraq istifadə etmiş şəxs - X6 qeyd etdiyi məlumatlara istinad edərək hesablamışdır.

60. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, müxtəlif mənbələrdən əldə edilmiş məlumatlara əsaslanaraq nəzəri hesablama yolu ilə müəyyən edilmiş və ekspert rəyində əks olunmuş məlumatlar ilə müqayisədə aparatın real istifadəsi nəticəsində əldə edilmiş gəlir məlumatları daha mötəbər hesab edilməlidir.

61. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

62. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, məhkəmə kollegiyası tərəfindən cinayət işi üzrə ibtidai istintaqı aparmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

64. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya dəymiş maddi zərərin məbləği onun dəftərdə qeyd etdikləri məlumatlar əsasında hesablanmamışdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1962/2023 nömrəli qətnaməsi mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq 4.750 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar