Məhkəmə qərarları › İş №2(103)-1772/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1772/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1772/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin satın alınmasına və həmin evin inşasına sərf edilmiş vəsaitin dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin satın alınmasına və həmin evin inşasına sərf edilmiş vəsaitin dəyərinin ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 mart 2022-ci il tarixli, **********50 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi 290.3 kv.m. olan fərdi yaşayış evinə dair X3 adına 04 aprel 2013-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

2. X9 ilə Cavabdeh arasında Şəmkir rayon notariat kontorunda bağlanmış 05 aprel 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, X1 şəhəri, Q. Mirzəməmmədov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evini 5.300 manata Cavabdeh satmışdır.

3. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhəri, Q.Mirzəməmmədov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin satın alınmasına və həmin evin inşasına sərf edilmiş vəsaitin dəyərinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 2 ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evinin satın alınmasına sərf edilmiş vəsaitin və həmin mülkün sökülərək yerində şəxsi vəsaitlə inşa etdirdiyi iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otağın, kompüterlə işləyən seyf darvazanın inşa edilib başa çatanadək sərf edilmiş vəsaitin cəmi dəyəri olan 250.000 (iki yüz əlli min) manat pulun və 540 (beş yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun qardaşı Saleh Hacıyevin qızıdır, əvvəllər aralarında hər hansı ədavət və narazılıqları olmamışdır. O, Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 275, mənzil 25-də qeydiyyatda olmasına baxmayaraq xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini, eyni zamanda həmin sahədə yerləşən 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini Şəmkir şəhər sakini X4 60.000 manata satın almış, ancaq həmin vaxt onun adına Şəmkir şəhərində yerləşən digər fərdi yaşayış evinin olması və qanunvericiliyin tələbinə əsasən bir şəxsin adına 2-ci evin rəsmiləşdirilməsinin mümkünsüzlüyü səbəbindən və cavabdehlə mehriban münasibətlərdə olduğuna görə aldıı evi qardaşı qızı Cavabdeh adına rəsmiləşdirmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini sökdürərək yerində Rusiyada yaşayarkən ona məxsus olan fərdi yaşayış evini və digər ticarət obyektlərinin satılması nəticəsində əldə etdiyi vəsaitlə iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2- ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otaq inşa etdirmişdir. Həmin tikililəri təxminən bir il ərzində başa çatdırıb həmin mülkdə qardaşı X13 ilə yaşayır. Həmin evin inşaat işlərində daş hörgü və suvaq işlərini Şəmkir rayonu Təzəkənd kənd sakini X7 briqadası, taxta dülgər işlərini Şəmkir şəhər sakini X5 briqadası, malyar işlərini X14 briqadası icra etmişlər. Həmin mülkün icrasına ümumi halda ən aşağı qiymətlə 250.000 manat pul sərf etmişdir. O və qardaşı Valeh Hacıyev həmin evin inşasını başa çatdırandan, yəni 2014-cü ilin ortalarından bugünə qədər orada yaşayaraq mavi qazın sərfiyyatına görə ödənişləri edib əvvəlki sahibi X3, elektrik enerjisinin sərfiyyatlna görə ödənişləri isə Cavabdeh adına ödəmişdir. Cavabdeh təxminən bir il olar ki, ailəsi ilə birlikdə RF-nın Moskva şəhərində yaşayır. İddia ərizəsinin verilməsindən təxminən bir ay əvvəl telefonla cavabdehə zəng edərək şəxsi vəsaiti hesabına alıb inşa etdirdiyi mübahisəli fərdi yaşayış evinin onun adından çıxarılması öz adına rəsmiləşdirilməsi üçün etibarnamə verilməsini xahiş etdikdə aralarında yaranmış mübahisə nəticəsində cavabdeh etibarnamə verməkdəm imtina etmişdir. Bundan sonra cavabdeh əri Nümayəndə adına etibarnamə verərək Moskvadan Şəmkir şəhərinə göndərmiş, onu və qardaşı Valeh Hacıyevi mübahisəli evdən çıxarması barədə göstəriş vermişdir. Beləliklə, Nümayəndə evə gələrək onları ordan çıxarmaq məqsədi ilə mavi qaz xəttini kəsdirmiş, bütün qapıların qıfıllarını söküb dəyişdirmiş, internet xəttini məhv etmiş, həmçinin həyətə daxil olan darvazanın elektrik komputerini birləşdirən naqilləri kəsib yararsız hala salmışdır ki, onlar evi tərk etmək məcburiyyətində qalsınlar. Həmçinin Nümayəndə evdə olan ona məxsus bütün geyim əşyalarını şkafdan çıxarıb dəhlizə atmışdır. Nümayəndə bu kimi qanunsuz əməlləri onlar arasında kəskin münaqişə yaratmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının fərdi yaşayış evini 60.000 manata əvvəlki mülkiyyətçi olan X2 almasına və formal olaraq cavabdehin adına rəsmiləşdirilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində 60.000 manatı nəğd şəkildə İddiaçı sonuncunun dostu Füzuli İbrahimovun yanında verməsini bildirməsinə baxmayaraq, buna dair məhkəməyə hər hansı mötəbər sübut (müqavilə, qəbz və s) təqdim edilməmişdir. Bunun əksinə olaraq 05 aprel 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdehin mübahisəli fərdi yaşayış evini almaq məqsədilə X6 5.300 manat ödəməsi təsdiq olunur. Şahid E.Süleymanov isə müqavilədə satış qiymətinin fərqli göstərilməsi səbəbini məntiqli olaraq izah edə bilməmişdir. Bundan başqa, iddiaçı tələbində fərdi yaşayış evini cavabdehin adına formal olaraq rəsmiləşdirmə səbəbini evin oğluna qalmaması və ya bir şəxsin adına iki evin rəsmiləşdirilməsinin mümkün olmaması kimi bildirməsinə baxmayaraq, məhkəmə bu dəlili əsaslı və inandırıcı hesab etmir. Belə ki, mövcud qanunvericilikdə bir şəxsin adına yalnız bir yaşayış sahəsinin qeydə alına bilməsi kimi hər hansı məhdudlaşdırıcı norma yoxdur. Evin gələcəkdə oğluna qalmaması üçün isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi imkanları mövcuddur. Məsələn, evi qardaşı nəvəsinə hədiyyə etmək istədikdə bağışlama müqaviləsi bağlaya, vəsiyyətnamə verə bilər və s. kimi qanunla müəyyən edilmiş imkanlardan istifadə edə bilərdi. Göstərilənlərlə yanaşı, iddiaçı məhkəməyə depozit bank hesablarından çıxarışları təqdim etməsinə baxmayaraq, həmin pul vəsaitinin depozitə qoyulması ilə bağlı əldə etdiyi vəsaitləri məhz mübahisəli evin təmirinə sərf etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, onun nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlardan, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır. Belə ki, həmin ev X9 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 fərdi yaşayış evini 5300 manata Cavabdeh satmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən həmin evin mülkiyyətçisi Cavabdehdır. Bu hal Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahidlər konkret olaraq hər hansı halın şahidi olmamış, yalnız mübahisəli evdə təmir işlərini aparan şəxslər olmuşdur. Həmin şəxslərin qeyd olunan evin rəsmi olaraq kimin olması barədə məlumatlarının olması absurddur. Mübahisəli evdə təmir işləri aparan şəxslərin ifadələri iddia tələbinə dair heç bir faktı sübuta yetirməməkdədir. Həmçinin evin kimə məxsus olması ilə bağlı bildirdikləri İddiaçı eşitdikləri səthi məlumatlara əsaslanmaqdadır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mühabisəli evin onun olması və həmin evə dair bütün xərcləri onun çəkməsi üçün əsaslar mövcud olmadığına görə iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı qeyd olunan evin onun olması formal olaraq cavabdehin adına rəsmiləşdirilməsini, həmin evin söküntü və təmir işləri üçün 250.000 manat xərc çəkdiyini sübut edə bilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 146, 153.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2., 77.1, 217.3, 217.4, 218.3, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı işdə mübahisənin ədalətli həlli həmçinin “sübut” hesab edilən və digər sübutlarla birgə qiymətləndirilməli olan şahid ifadələrinə və faktlara işin hallarına uyğun lazımi hüquqi qiymət verilməsini tələb edirdi. Lakin birinci instansiya məhkəməsi bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Hazırkı işdə cavabdeh evin “almasından” faktiki olaraq xəbərsiz olmuş, həmin evi qəbul etməmiş, dəyərini ödəməmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh formal olaraq onun adına rəsmiləşdirilmiş evin seçilməsində, qiymətinin razılaşdırılmasında, dəyərinin ödənilməsində, həmin evin sökülərək yerində əvvəlki dəyərindən dəfələrlə çox məbləğ təşkil edən yeni evin tikilməsində iştirak etməmiş, sadalanan halların heç olmasa birini təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh həmin proseslərdə iştirak etməməkdən başqa, hətta evin hazır olmasından sonra da ona sahiblik etməsini təsdiq edən heç bir sübut da təqdim edə bilməmişdir. Halbuki, cavabdehdən fərqli olaraq, iddiaçı həmin halları təsdiq edən kifayət qədər sübutlara istinad edərək, onları məhkəməyə təqdim etmişdir. Belə ki: - İş üzrə şahid qismində dindirilmiş X9 öz izahatında bildirmişdir ki: ...Mübahisəli fərdi yaşayış evi əvvəllər onun mülkiyyətində olmuş və şəxsi problemləri ilə bağlı 2013-cü ildə satışa çıxarmışdır. Müştəri kimi İddiaçılə evin dəyərini 60.000 manata danışıb razılaşmışlar. Lakin notariat ofisində müqavilə bağlananda tanımadığı bir xanım gəlmiş və müqavilə onunla rəsmiləşdirilmişdir. O, həmin xanımın kimliyi ilə maraqlanmamışdır… - İş üzrə şahid qismində dindirilmiş X12 öz izahatında bildirmişdir ki: “... İddiaçı tanıyır. Belə ki, onların uzun müddət davam edən dostluq münasibətləri vardır. Bu səbəbdən də onun ailə üvzlərini, o cümlədən mərhum qardaşı Saleh Hacıyevi və onun qızı Cavabdeh tanımışdır. İddiaçı ümumilikdə 3 evi olmuş, lakin hamısını dolanışığı üçün satmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin, eləcə də iddiaçıya məxsus bir neçə evin təmir işlərinin aparılmasına o, nəzarət etmiş, lakin dostluq münasibətlərindən irəli gələrək bu xidmət müqabilində İddiaçı ödəniş almamış, təmənnasız olaraq ona xidmət etmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinın axtarıb tapılmasında, alqı-satqısı ilə bağlı danışıqların aparılmasında da o, İddiaçı bilavasitə köməklik etmişdir. Həmin vaxt İddiaçı evin gələcəkdə oğluna qalmaması üçün mehriban münasibətlərdə olduğu qardaşı qızı olan - hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirmişdir. Bundan sonra evdə təmir işləri təxminən 3-4 il davam etmişdir. Təmir üçün bütün ödənişləri İddiaçı özü etmiş, onun qardaşı Saleh Hacıyev isə heç bir ödəniş etməmişdir. Hətta materialların alınması üçün o, şəxsən Talehlə birlikdə mağazalara və bazara getmiş, material və əşyaların alınmasında, daşınmasında iştirak etmişdir. Lakin material və əşyaların qiyməti ilə bağlı hər hansı çek mövcud deyildir. Təmir işlərini aparan ustalarla isə müqavilələr bağlanmamışdır. Verilmiş suallara əsasən şahid F.İbrahimov bildirmişdir ki, İddiaçı 60.000 manat pul vəsaitini evi satan mülkiyyətçi Eyvaz Süleymanov onun yanında versə də, onlar tərəfindən hər hansı qəbzə imza edilməmişdir…” - İş üzrə şahid qismində dindirilmiş X15 öz izahatında bildirmişdir ki: “... o, santexnika ustasıdır və 2014-cü ildə mübahisəli fərdi yaşayış evində İddiaçı sifarişinə əsasən 20 gün müddətində santexnika işlərini görmüşdür. Görülmüş işlərin həcmini, evin sahəsini uzun müddət keçməsi səbəbindən xatırlamır, lakin yadında dəqiq qalıbdır ki, İddiaçı ona hissə-hissə görülən işlərin müqabilində 3.400 manat vermişdir…” - İş üzrə şahid qismində dindirilmiş X18 öz izahatında bildirmişdir ki: “... Təxminən 2014-2015-ci illərdə İddiaçı sifarişi ilə Şəmkir şəhəri Qalib Mirzəməmmədov küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evində təmir işləri aparmışdır. Bu müddət ərzində Saleh Hacıyevin də oraya ara-sıra gəlməsinin şahidi olmuşdur. Hətta gəldiyi vaxtlarda Saleh əmi ona və digər ustalara siqaret gətirib vermişdir. Həmin vaxt Saleh Hacıyevin ağır xəstəlikdən əziyyət çəkməsini bilmişdir. Saleh Hacıyev onlara işlərlə bağlı heç bir göstəriş verməmiş və heç bir ödəniş etməmişdir. Ödəniş və tapşırıqları İddiaçı etmişdir. Ona ümumi olaraq gördüyü işlərin müqabilində təxminən 15.000-20.000 manat pul ödənilmişdir…” - İş üzrə şahid qismində dindirilmiş X10 öz izahatında bildirmişdir ki: “… İddiaçının sifarişi ilə mübahisəli fərdi yaşayış evində 2014-cü ildə 5-6 ay müddətində öz briqadasına daxil olan ustalarla birgə işləmiş və sifarişçi olaraq görülmüş işlərə görə İddiaçı ona 14.000-15.000 manat pul vermişdir. Tikinti işlərinə nəzarəti əsasən Taleh və Füzuli həyata keçirmişdir. O, İddiaçı qardaşı Saleh Hacıyevi tanımış, bir neçə dəfə təmir işləri gedəndə onun oraya gəlməsinin şahidi olmuşdur. Hətta bəzən Saleh görülən işlərlə bağlı maraqlanmış, nə iş görüldüyünü ondan soruşmuş, arabir ustalara siqaret alıb vermişdir. İddiaçı Saleh Hacıyevə təmirlə bağlı məruzə etdiyini eşitməmişdir…” - İş üzrə şahid qismində dindirilmiş X21 öz izahatında bildirmişdir ki: “... Mübahisəli fərdi yaşayış evində 2014-2015-ci il müddət ərzində işləmişdir. Belə ki, o, həmin evin kafel-metlax və digər işlərini görmüşdür. Təmir üçün İddiaçı ona ümumilikdə 17.000-18.000 manat ödəniş etmişdir…” İş üzrə şahid qismində dindirilmiş X8 öz izahatında bildirmişdir ki: “... 2016-cı ildə evin həyətində betonlama və tamet daşlarının döşənməsi işini rəhbəri olduğu 4 nəfərlik briqada ilə birlikdə görmüşdür. Təmir işləri ilə bağlı İddiaçı ona ümumilikdə 5000-6000 manat pul ödəmişdir…”. İddianın əsaslı olmasını təsdiq edən həmin şahid ifadələrinə qarşı cavabdeh yalnız iki “dəlil”- guya, iddiaçının kifayət qədər pulunun olmaması və cavabdehin atasının təmirə sərf edilən vəsaitlərlə bağlı hesabat dəftərinin olması irəli sürmüşdür. Cavabdehin birinci “dəlili” ilə bağlı qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ü/s 75.66 kv.m olan 4 otaqlı mənzilinin X16 62920 (altmış iki min doqquz yüz iyirmi) manata satmasını və onun həmin dövrdə maddi vəsaitinin olmasını təsdiq edən 05 aprel 2012-ci il tarixli, AN-№2 ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsini, həmçinin 2013-2016-cı illər ərzində iddiaçının Azərbaycan Beynəlxalq Bankında hesabından çıxarışları da məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının həmin yaşayış sahəsini tikməsi üçün kifayət qədər vəsaiti olmuşdur. Məhkəmə isə bu sübutlara qiymət verməmişdir. Cavabdehin ikinci “dəlili” ilə bağlı qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda qeyd etmişdir ki, sözü gedən mənzilin təmir işlərinin hesabatı tam olaraq cavabdehin mərhum atasında olmuş və buna dair hesabat kitabı mövcud olmuşdur. Lakin cavabdehin “sübut” kimi istinad etdiyi həmin “hesabat kitabı” məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən sözü gedən əmlakın alınması və təmirinə (inşasına) sərf olunmuş vəsaitin dəqiq müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə Məhkəməyə vəsatət verilmişdir. Məhkəmə tərəfindən həmin vəsatət rədd edilmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırılmış qərardad qəbul edilməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yalan və doğru olmayan səbəbləri gətirərək pul tələb deməyə cəhd göstərir, vəsatət olmadığı halda qanunsuz olaraq şahidlər dindirilmişdir və hətta ilk iclaslarda zalda əyləşən şəxs X11 qanunsuz olaraq hakim tərəfindən şahid kimi dindirilmişdir, ümumiyyətlə pul tələbi olan iddiaya aid kifayət qədər sübutlar təqdim edib, lakin İddiaçı heç-bir əsaslı maddi sübüt təqdim etməyib. Üstəlik şahidlər konkret olaraq iddiaçının xeyrinə ifadələr verə bilməyiblər. Əksinə olaraq şahidlər bildiriblər ki, cavabdehin atası onlara işin gedişatı vaxt göstərişlər verib, vaxt aşırı yemək və siqaret alıb və ən əsası olaraq həyətlərində toyuq cücə saxladığını və o quşları mütəmadi yem gətirib yedizdirməyinə dair ifadələr veriblər. Lakin bu əsas sübüt deyil. İşin materiallarında o kifayət qədər maddi sübut təqdim edib. İddiaçı tüfeyli həyat yaşayıb və oğlu cinayətkardır, iddiaçının barəsində hal-hazırdə cinayvət işi açılıb. İddiaçı bundan istifadə edərək süni olaraq məhkəmə sistemindən süni istifadə edib ailələrinə problem yaradır və işi uzadır.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı və qardaşı Valeh Hacıyev evin bir neçə otağının inşasını başa çatdırandan bugünə qədər orada yaşayaraq qaz sərfiyyatına görə ödənişləri evin əvvəlki sahibi X3, elektrik enerjisinin sərfiyyatına görə ödənişləri isə Cavabdeh adına ödəmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Şahid ifadələrinin düzgün olmadığı və işin mahiyyətinə təsir etmədiyini qətnamədə qeyd edilmişdir. Həmçinin, iddiaçının maddi imkanının olmaması barədə cavabdeh tərəfin gətirdiyi dəlillər əsassızdır. 2013-2016-cı illər ərzində iddiaçının Azərbaycan Beynəlxalq Bankında hesabından çıxarışlar və 05 aprel 2012-ci il tarixli alqısatqı müqaviləsini məhkəməyə təqdim ediblər. Bütün bunlar iddiaçının maddi imkanının yaxşı olmasını sübut edir. Cavabdehin nümayəndəsi Nümayəndə mənzilin təmir işlərini cavabdehin mərhum atasının etdirdiyini və buna dair hesabat kitabının olduğunu bildirsə də, cavabdehin nümayəndəsi həmin hesabat kitabını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Həmçinin, qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə məhkəməyə iddiaçı tərəfindən vəsatət verilmişdir. Məhkəmə tərəfindən həmin vəsatət rədd edilmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırılmış qərardad qəbul edilməmişdir. Məhkəmə bununla bağlı heç bir münasibət də bildirməmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, onlar məhkəməyə kifayət qədər sübutlar təqdim ediblər. İddiaçı tərəfindən evin alınmasına, inşasına və təmirinə 250.000 manat vəsait sərf edilmişdir. Cavabdehin sərfiyyatı özünün etməsi barədə heç bir sübutu yoxdur. Hazırkı işdə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında keçiriləcəyi və müvafiq ekspertiza təyin olunacağı təqdirdə sözü gedən əmlakın alınması və təmirinə xərclənmiş vəsaitin miqdarı dəqiq müəyyən olunacaqdır ki, bu da həmin vəsaitin iddiaçı tərəfindən xərcləndiyini təsdiq edəcəkdir. İddiaçının oğlu narkomandır, özü də hazırda xəstədir, acınacaqlı vəziyyətdədir. Bütün ev işlərini iddiaçı özü görüb, evi də özü üçün təmir etdirmişdir.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər qarışıq ifadələr veriblər. Konkret olaraq iddiaçıya məxsus evin olduğunu bildirməyiblər. Həmçinin, Azərbaycan Beynəlxalq Bank hesabının çıxarışlarında 100.000 dollar olduğu göstərilib. 250.000 manat vəsaitin sərf edilməsi absurddur. Bəzi şahidlər məhkəmədə yalan ifadələr veriblər. İddaçı maddi vəziyətinin yaxşı olması barədə heç bir sənəd təqdim etməmişdir. Əgər Rusiya Federasiyasında bizneslə məşğul olursa, bu barədə reyestrdən çıxarışları məhkəməyə təqdim edə bilərdi. İddiaçı barəsində də hazırda cinayət işi açılmışdır. Hazırda qiymətləndirmə ekspertizasının keçirilməsi üçün də heç bir əsas yoxdur, çünki məbləğ mübahisələndirilmir. Cavabdehin atası dünyasını dəyişdiyinə görə vəziyyətdən istifadə etməyə çalışırlar. Evi qaynatası təmir etdirmişdir, lakin ustalar Talehin tərəfini saxladılar. Talehin puluyla heç bir təmir işi görülməmişdir. Saleh qazanırdı, o maliyyələşdirmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

16. Həmin Məcəllənin 146.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

17. Həmin Məcəllənin 146.2-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

18. Məcəllənin 146.8-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, İddiaçı hazırkı iddiasında ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi 290.3 kv.m. olan fərdi yaşayış evini X2 60 000 manata aldığını və həmin mülkün sökülərək yerində şəxsi vəsaitlə inşa etdirdiyi iki mərtəbəli evin təmiri ilə bağlı xərcləri çəkdiyini iddia edərək evin tikintisinə və təmirinə çəkilmiş xərclərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi 290.3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən alınması və həmçinin həmin evin sökülərək yerində yeni evin inşasına vəsaitin onun tərəfindən xərcləndiyinə dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, X9 ilə Cavabdeh arasında Şəmkir rayon notariat kontorunda 05 aprel 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi imzalanmış X1 şəhəri, Q. Mirzəməmmədov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evini 5.300 manata Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsinin nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir.

26. İddiaçı evin alqı-satqısı ilə bağlı X6 60 000 manat pul verildiyini, cavabdehlə bağlanmış müqavilənin formal olaraq bağlandığını iddia etsə də, bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir.

27. İşə birinci instansiya məhkəməsində baxılması zamanı X9 şahid qismində dindirilərkən verdiyi izahatında qeyd edir ki, İddiaçı tanısa da Cavabdeh, iddiaçının qardaşı, cavabdehin atası olan mərhum Saleh Hacıyevi də tanımamışdır. Mübahisəli fərdi yaşayış evi əvvəllər onun mülkiyyətində olmuş və 2013-cü ildə satışa çıxarmışdır. Müştəri kimi İddiaçılə evin dəyərini 60.000 manata danışıb razılaşmışlar. Lakin notariat ofisində müqavilə bağlananda tanımadığı bir xanım gəlmiş və müqavilə onunla rəsmiləşdirilmişdir. O, həmin xanımın kimliyi ilə maraqlanmamışdır, 05 aprel 2013-cü il tarixdə Şəmkir rayon notariat kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndə onun tərəfindən satılan mübahisə predmeti olan Şəmkir şəhəri Qalib Mirzəməmmədov küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evinin satış qiymətinin 5300 (beş min üç yüz) kimi göstərilməsinin səbəbini izah edə bilməmişdir. X9 həmçinin qeyd edir ki, iddiaçıdan 60.000 manat almasına dair isə hər hansı müqavilə bağlanmamış, qəbz tərtib edilməmişdir, buna dair sübutu yoxdur, ev 60.000 manata satılsa da müqavilədə qeyd edilməmiş və müqavilədə nə qədər qeyd edildiyini bilməmiş, sadəcə olaraq müqaviləni oxumadan imzalamışdır.

28. Göründüyü kimi, alqı-satqı müqaviləsinin digər tərəfi X9 iddiaçı tərəfindən ona evin alqı-satqısı ilə bağlı 60 000 manat verildiyini bildirsə də, bunu sübut edən müqavilə və ya qəbz məhkəməyə təqdim edilməmişdir, həmçinin cavabdehlə bağlanmış müqavilədə evin dəyərinin 60 000 manat olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Q.Mirzəməmmədov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır.

31. Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Hazırkı halda mübahisəli evin cavabdehə satılması ilə bağlı bağlanmış alqı-satqı müqaviləsinin, həmçinin evin cavabdehə məxsus olması barədə verilmiş hüquqmüəyyənedici sənəd – çıxarışın mübahisələndirilməsi iş materialları ilə müəyyən edilməmişdir.

33. İddiaçı X2 alınmış evin sökülərək yerində onun vəsaiti hesabına yeni ev tikildiyini, təmir olunduğunu iddia etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

34. Belə ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı evin təmirində, evə təmir üçün ləvazimatların alınmasında iştirak etdiklərini iddia edən şəxslər şahid qismində dindirilmiş, lakin onlar izahatlarında təmir üçün pul vəsaitinin iddiaçı tərəfindən verilməsi və ya avadanlıqların alınması ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiklərini qeyd etmişlər. Bundan əlavə, şahidlər cavabdehin atası Saleh Hacıyevin ağır xəstə olması səbəbindən təmir zamanı mübahisə predmeti olan evə az gəlib getməsini bildirmişlər. X33 bildirmişdir ki, nə Taleh, nə də Saleh Hacıyev evin onlara məxsus olmasını açıqca ifadə etməmişlər. X28 da bildirmişdir ki, evin mülkiyyətçisi barədə məlumatı olmayıb.

35. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili təmirə çəkilmiş xərclərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin tikintisi və təmirinin iddiaçının vəsaiti hesabına edildiyi sübuta yetirilmədiyi üçün bununla bağlı xərclərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə də ehtiyac yoxdur.

36. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

38. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digərtərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

39. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

40. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

43. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar