Məhkəmə qərarları › İş №2(103)-1776/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1776/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1776/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi tələbinə dair” 2(006)-5932/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə “SAF” aptekində əczaçı kimi işləyirdi. Həmin vaxt iddiaçı ilə birlikdə Cavabdeh da əczaçı kimi işləyirdi. O vaxtdan tərəflərin dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin yanvar ayında iddiaçı “SAF” aptekindən işdən çıxaraq “Buta-211” aptekində işə düzəlmişdir. 2019-cu ilin fevral ayında Cavabdeh iddiaçının işlədiyi aptekə gələrək onunla birlikdə iş qurmaq istədiyini bildirmiş və Bakı şəhərinə kosmetik vasitələrin gətirilməsini təşkil edəcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh ilkin olaraq iddiaçıdan 19000 manat məbləğində pul almış, daha sonra isə əlavə olaraq 8000 manat məbləğində pul almışdır. Danışdıqları vaxtda cavabdeh tərəfindən həmin kosmetik vasitələr ona təqdim olunmadığı üçün iddiaçı bir neçə dəfə ona zəng vurmuşdur. Elvira həmin malların artıq Türkiyədən göndərildiyini və yaxın günlərdə Bakıya çatdırılacağını bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, həmin kosmetik vasitələr iddiaçıya təqdim edilməmişdir. Artıq iddiaçı aldadıldığını başa düşərək şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət etmiş, Polis Bölməsində araşdırma zamanı cavabdeh iddiaçıdan 19000 manat məbləğində pul aldığını etiraf etmiş, lakin həmin pulu ona qaytardığını göstərmişdir, lakın həmin pulun iddiaçıya ödənilməsi ilə əlaqədar heç bir sübutu təqdim edə bilməmişdir. Polis Bölməsində araşdırma zamanı cavabdehin anası X2 iddiaçıya öz xətti ilə yazılmış qəbz təqdim edərək qızı Cavabdeh həqiqətən ona 27000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Həmçinin qızından şikayət etməməyini xahiş etmiş və yaxın günlərdə qızının ona olan borcunu qaytaracaqlarını bildirmişdir. Lakin bugünə kimi borc iddiaçıya qaytarılmamışdır. Artıq 2 ildən çoxdur ki, borclu tərəfindən iddiaçının xeyli miqdarda pul vəsaiti qeyri-qanuni olaraq özündə saxlanılır. Bununla da iddiaçıya külli miqdarda ziyan dəyir. Göstərilənlərə əsasən cavabdehdən əsas borca görə 27000 manat, vurulmuş ziyana görə 10000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 39730 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya olan borcunu qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin buna baxmayaraq, məhkəmə əsassız olaraq iddianın təmin edilməsindən imtina etmişdir. Çox qəribədir ki, cavabdeh özü iddiaçıya olan borcunu etiraf etsə də, məhkəmə yenidən iddiaçıdan hər hansı bir sübut təqdim etməyi tələb etmişdir. Ona görə də iddiaçı hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassız və qanunsuzdur. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını, onun vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Əliyev tərəfindən qəbul olunmuş 02 dekabr 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında bildimişdir ki, 2019-cu ilin yanvar ayının ortalarında o, İddiaçı ilə işlətdikləri ünvan 1 ünvanında yerləşən “Buta 211” əczaxanasında görüşən zaman İddiaçı ona 19000 manat pul vermişdir. Həmin məbləğin üstündə İddiaçı ondan əlavə olaraq faiz borcu kimi 7000 manat istəmişdir. Onlar həmin əczaxananı işlətməyə başlamışlar və həmin məbləği o, İddiaçı tam olaraq qaytarmışdır. İş materiallarında olan X1 yazılı qəbzinin surətindən görünür ki, o, həmin qəbzdə qızı Cavabdeh həqiqətən İddiaçı 10.01.2019-cu il tarixdə 27000 manat məbləğində pul aldığını təsdiq etdiyini göstərmişdir. İşə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hər hansı əqdin (borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxsin və ya öhdəlik götürmüş şəxsin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacib olduğu halda, bu hallar mövcud olmamışdır, iddiaçı da bununla bağlı irəli sürdüyü dəlillərin əsasını təşkil edən sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni əsaslı saymır və qeyd edir ki, cavabdehin iddiaçıdan 19000 manat pul almasını etiraf etməsi barədə polis orqanına verdiyi izahatı iddianın tələb edilən pul məbləğinin 19000 manat hissəsinin sübutu kimi qəbul edilməlidir. Tərəflər arasında hüquq münasibətləri 2019-cu ildə yaranmışdır, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Göründüyü kimi, iddiaçı 2019-cu ildə yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiya hesab edir ki, iddiaçı 2019-cu ildən yaranmış borcları tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqdlər əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırki halda iddiaçının tələb etdiyi 19000 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən İddiaçı Cavabdeh 2019-cu ildə yaranmış 19000 manat məbləğində pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Hazırki mülki mübahisə üzrə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehə 19000 manat pul verdikdən sonra 8000 manat əlavə pul verdiyini iddia etsə də buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin, iddia tələbinin 2700 manat maddi zərərin ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən cavabdehə verilməsi sübuta yetirilən 19000 manat məbləğin qaytarılmasının gecikdirildiyi tələb olunan 2 il müddət üçün illik 5 faizin tutulması hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə borc məbləğinin ödənilməsinin gecikdirildiyi vaxt üçün 1900 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, 10000 manat mənəvi zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)-5932/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19000 manat borc, həmin borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 1900 manat məbləğində faiz, cəmi 20900 (iyirmi min doqquz yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)- 5932/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh 19000 (on doqquz min) manat məbləğində borc və həmin borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 1900 (min doqquz yüz) manat faiz, cəmi 20900 (iyirmi min doqquz yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar