Məhkəmə qərarları › İş №2(103)-1781/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1781/2021

05.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1781/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X8 və cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 Tahə oğlunun, İddiaçı2 Tahə oğlunun, İddiaçı3, X3 və İddiaçı5 Şixəli oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1 Tahə oğlu, İddiaçı2 Tahə oğlu, İddiaçı3, X7 və İddiaçı5 Şixəli oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 Tahə oğlunun xeyrinə 9500 manat, İddiaçı2 Tahə oğlunun xeyrinə 9500 manat, İddiaçı4 xeyrinə 10000 manat, İddiaçı3 xeyrinə 10000 manat və İddiaçı5 xeyrinə 9000 manatın, pulun qanunsuz saxlanmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq, faizlərin borcun ödənildiyi günə olan uçot dərəcəsinə müvafiq hesablanıb tutulması, hər birinə 10000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçılardan Fövqəldə Hallar Nazirliyində işə düzəltmək adı ilə cəmi 57500 manat pul almış, lakin onları aldadaraq, pullarını ələ keçirərək mənimsəmişdir. Dəfələrlə müraciət etsələr də, müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Nəticədə xx.xx.2020-ci il tarixdə iddiaçılar İddiaçı1 Tahə oğlu, İddiaçı2 Tahə oğlu və X10 şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət etmişdir. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M.Məmmədovun "Cinayət işinin başlanamasının rədd edilməsi barədə" xx.xx.2020-ci il tarixli qərarı ilə işin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İlkin yoxlama zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, "tanışı, əvvəllər FHN-də kadrlar şöbəsirıdə işləmiş X6 2019-cu ilin aprel ayında onunla söhbət edən vaxt tikinti şirkətinə şərik olduğunu bildirmiş, o da, nisbətən ucuz qiymətə ev almaq üçün Qəzənfərə 10000 manat pul vermişdir. Sonra bu barədə tanışı Fizulinin yanında danışmışdır. Fizuli də həmin tikinti şirkətinə pul qoymaq istədiyini bildirmiş, qardaşı Zakirlə birlikdə gəlib ona 19000 manat pul vermişdir. Sonra Fizulinin qonşusu Asəf oğlu Elmanla birlikdə gəlib ona 10000 manat pul vermişdir. O həmin pulları aparıb Qəzənfərə vermişdir. Qəzənfər ona altı ay müddətində tikintinin başa çatacağını və həmin binanın Nizami rayonu ərazisində tikildiyini bildirmişdir. Tikinti başa çatdıqdan sonra ona üç otaqlı mənzil, pulunu aldığı Fizuli, Elman və Zakirə aldığı puldan təxminən 2-3 min manat artıq pul qaytaracağına söz vermişdir. Lakin 6-7 ay sonra Fizuli, Zakir və Elman ondan pullarını geri qaytarmasını tələb etmişdir. O həmin şəxsləri 2019-cu ilin oktyabr ayında Qəzənfər Quliyevlə görüşdürmüş, söhbət zamanı Qəzənfər pulu geri qaytara bilmədiyini bildirmiş, Fizuli aldığı pulun əvəzində öz oğlunu, qardaşı oğlunu və Elmanı FHN sistemində işə düzəltməsini xahiş etmişdir. Qəzənfər də onları işə düzəldəcəyinə söz vermişdir. Lakin sonradan Qəzənfərlə əlaqə saxlamaq mümkün olmamışdır. Qəzənfərin bacısı Aygün ona tikinti işlərinin dayandığını, işlər başlayan kimi pulları geri qaytaracağına söz vermişdir.” Halbuki, cavabdehin guya pulu tikintiyə vermələri barədə dedikləri həqiqətə uyğun deyil və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa Cavabdeh oğlunu işə düzəltmək adı ilə İddiaçı5 da 9000 manat pul almış, lakin onu da aldadaraq, pulu mənimsəmişdir. Pulu tələb etdikdə isə cavabdeh pulu qaytarcağına söz verərək bu barədə xx.xx.2019-cu il tarixində notarial qaydada borc müqaviləsi imzalamışdır. Həmin borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı5 aldığı pulu xx.xx.2019-cu il tarixinədək qaytarmalı olduğu halda bunu etməmişdir. Cavabdeh iddiaçı X1 də onu FHN-nə işə düzəldəcəyi adı ilə aldadaraq, 10000 manat pul alaraq, ələ keçirmiş və bugünədək qaytarmaqdan imtina etmişdir.Əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara maddi və keçirdikləri stresslər nəticəsində mənəvi ziyan da vurulmuşdur. Hesab edirlər ki, ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin mənəvi zərərə görə hər birinə 10000 manat da cavabdehdən tutulmalıdır. Həmçinin pulun qanunsuz saxlanmasına görədə faizlər də cavabdehdən tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçılar İddiaçı1 Tahə oğlunun xeyrinə 9.500 (doqquz min beş yüz) manat, İddiaçı2 Tahə oğlunun xeyrinə 9.500 (doqquz min beş yüz) manat, X3 xeyrinə 10.000 (on min) manat, İddiaçı3 xeyrinə 10.000 (on min) manat, İddiaçı5 Şixəli oğlunun xeyrinə 9.000 (doqquz min) manat pulun tutularaq ödənilməsi, Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 Tahə oğluna, İddiaçı2 Tahə oğluna, X4, İddiaçı3 və İddiaçı5 Şixəli oğluna verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki mübahisəyə dair qətnamə qəbul edərkən prosessual hüquq normalarının əsası kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 119.1, 220.5-ci maddələrinə, maddi hüquq normalarının əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.7, 739.1, 1091.1, 1091.2, 1093.1-cı maddələrinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qəraına, həmçinin, mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiq M.Məmmədovun və Pirallahı RPŞ-nin TQ-nun təhqiqatçısı C.Rzayevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını sadalasa və istinad etsə də, iddia tələbinin maddi hissəsinin tam şəkildə təmin etməsi ilə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmədə maddi tələbin kredit müqaviləsi üzrə olan hissəsini etiraf edilsə də, digər hissələrdə, cavabdeh verilmiş pul vəsaitinin mənzil tikintisi ilə məşğul olan X2 verilməsi, iddiaçıların hər birinin Qəzənfərlə görüşdürməyi, Qəzənfər tərəfindən pul vəsaitinin həqiqətən də ona verilməsi hallarına məhkəmə düzgün qiymət verməmiş, iddiaçılara vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlməsi hissəsində səhvə yol vermişdir. İddiaçıların bu faktı özləri də təsdiq etmələrinə baxmayaraq, Qəzənfər Baba oğlunun məhkəməyə cəlb edilməsi barədə verilmiş vəsatəti məhkəmə əhəmiyyətsiz hesab etmişdir. Məhkəmə tam şəkildə araşdırma aparmamış, uzun müddət davam edən mülki iş üzrə birinci araşdırmada qətnamə qəbul etməklə bir daha çəkişmə prinsipinə əməl etməmiş, prosessual normaların tələblərini pozmuşdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili K.Tağıyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili A.Bağırov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı5 9000 manat borc almış və aldığı pulu xx.xx.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M.Məmmədovun "Cinayət işinin başlanamasının rədd edilməsi barədə" xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 Tahə oğlu, İddiaçı2 Tahə oğlu və X10 şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət etmiş, ilkin yoxlama zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, "tanışı, əvvəllər FHN-də kadrlar şöbəsirıdə işləmiş X6 2019-cu ilin aprel ayında onunla söhbət edən vaxt tikinti şirkətinə şərik olduğunu bildirmiş, o da, nisbətən ucuz qiymətə ev almaq üçün Qəzənfərə 10000 manat pul vermişdir. Sonra bu barədə tanışı Fizulinin yanında danışmışdır. Fizuli də həmin tikinti şirkətinə pul qoymaq istədiyini bildirmiş, qardaşı Zakirlə birlikdə gəlib ona 19000 manat pul vermişdir. Sonra Fizulinin qonşusu Asəf oğlu Elmanla birlikdə gəlib ona 10000 manat pul vermişdir. Həmin qərarla zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. İş materiallarında olan Pirallahı RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı C.Rzayevin "Cinayət işinin başlanamasının rədd edilməsi haqqında" xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı4 ərizəsi əsasında toplanmış material əsasında Cavabdeh xx.xx.2020-ci il tarixdə Pirallahı rayonu, Pirallahı qəsəbəsi helikopter meydançasının ərazisində İddiaçı4 FHN-də işə düzəltmək adı ilə sonuncudan 10000 manat pul alması, lakin təhqiqata məlum olmayan səbəbdən sonuncunu işə düzəltdirməməsi və pulu qaytarmaması müəyyən edilmiş, zərərçəkmiş şəxsə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1 və 14.2.7-ci maddələri ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, əsassız varlanma mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər Kollegiya iş materiallarına, tərəflərin izahatlarına və məhkəmə araşdırmasına əsasən müəyyən etmişdir ki, Cavabdeh iddiaçılar, İddiaçı1 Tahə oğlundan 9500 manat, İddiaçı2 Tahə oğlundan 9500 manat, İddiaçı3 10000 manat, X1 10000 manat və İddiaçı5 Şixəli oğlundan 9000 manat pul almış, həmin pulu iddiaçılara geri qaytarmamışdır. Qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara yuxarıda qeyd olunan məbləğlərdə maddi ziyanın vurulması işin hallarına və iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. Bu hallar iş materiallarında olan kredit müqaviləsi (i.v. 6), cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarları (i.v. 13, 65) ilə öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin maddi ziyanın tutulması hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçıların iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdikləri stresslər nəticəsində onların hər birinə 10000 manat məbləğində mənəvi ziyanın vurulması, həmçinin, pulun qanunsuz saxlanmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq, faizlərin borcun ödənildiyi günə olan uçot dərəcəsinə müvafiq hesablanıb tutulması hissələrinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Çünki, iddia tələbi qeyd edilən hissədə əsaslandırılmadığndan və bununla bağlı tələblər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən iddia tələbinin həmin hissələrdə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmədə maddi tələbin kredit müqaviləsi üzrə olan hissəsi etiraf edilsə də, digər hissələrdə o, verilmiş pul vəsaitinin mənzil tikintisi ilə məşğul olan X2 verilməsi, iddiaçıların hər birinin Qəzənfərlə görüşdürməyi, Qəzənfər tərəfindən pul vəsaitinin həqiqətən də ona verilməsi hallarına məhkəmə düzgün qiymət verməmiş, iddiaçılara vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlməsi hissəsində səhvə yol vermişdir. cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, pul vəsaitinin mənzil tikintisi üçün X2 verilməsi mübahisə predmeti təşkil etmədiyindən və həmin halın müəyyən edilməsi işin həllində təsirə malik olmadığından birinci instansiya məhkəməsinin həmin hala qiymət verməməsi prosessual pozuntu hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar