Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1782/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: məhkəməyə müraciət etmək hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraatın xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktı
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinin onun ərizəsinə və eyni məzmunlu vəkil sorğusuna cavab vermədiyinə görə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xx.xx.2008- xx.xx.2010-cu il tarixədək Cavabdeh2 ASC-də olan "xxxx" Firmasına məxsus sənədlərin, kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin, protokolların, çıxarışların ona təqdim edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4054/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin məqsədi cinayət işi ilə əlaqəli halları sübuta yetirmək üçün sübut toplamaq olduğundan, lakin mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin belə bir vəzifəsi olmadığından, habelə iddiaçının tələbi onun üçün mülki qaydada hüquqi nəticə törətməyəcəyindən, hazırkı işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Əgər işə məhkəmədə baxılmalı olsa da belə, məhz mülki icraat deyil, cinayət icraatı qaydasında baxılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə müdafiəsi hüququndan istifadə etməyin şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddia üzrə icraata xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə suiistifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunuvericiliyin mənasına ziddir. Belə ki, qərardad məhkəmənin istinad etdiyi MPM-in 261-ci maddəsinə ziddir. MPM-in 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsasları göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsi: eyni tərəflər arasında,eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, icraata xitam qərardadı qəbul edilir. İddiaçı ilə hazırkı iş üzrə tərəflər arasında əvvəllər heç bir məhkəmə çəkişməsi olmayıb və iddiaçı heç bir keyfiyyətdə (cavabdeh, iddiaçı və maraqlı tərəf qismində) işə cəlb edilməmişdir. Göründüyü kimi, məhkəmə qərardadı qanunvericiliyin tələb və mənasına ziddir. Eləcə də, məhkəmənin istinad etdiyi hüquq normalarını bu hüquq münasibətinə tətbiq etmək olmaz, çünki işlə əlaqəsi yoxdur. Məhkəmə qərardadı firmanın rəhbərliyi ilə Cavabdeh2 ASC arasında baş vermiş çox böyük dövlət (bank) vəsaitlərinin bir dəstə tərəfindən mənimsənilməsi faktının örtbasdır edilməsinə yönəlib. Belə ki, firma rəhbərliyi cavabdehlərlə birgə 4.5 mln manat Bank vəsaitini ələ keçirdikdən sonra ləğv prosesinə getmişdir. Təsadüfi deyil ki, hazırda həm firma, həm də Cavabdeh2ASC LPO-dur. "xxxx" firmasının həmin ərəfələrdə adının və VÖEN-in dəyişdirilməsi mənimsənilmiş külli miqdarda vəsaitin mənimsənilməsinin ört-basdır edilməsinə yönəlmişdir. Məhkəmə belə səhv nəticəyə gəlmişdir ki, guya həmin məhkəmə mübahisəsi eyni tərəf, eyni əsas və predmet üzrə olduğuna görə icraaata xitam verilməlidir. Halbuki MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa,o,bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmənin özü 14.11.24-cü il tarixdə qərardad qəbul edərək Dövlət Vergi Xidmətinə, LPO Cavabdeh2 ASC-yə, ƏSF-yə sorğu verərək Firma ilə bağlanmış kredit və ipoteka müqavilələrinin, müqavilə əlavələrinin, kassa məxaric orderlərinin, mədaxil qəbzlərinin, imza nümunələrinin təqdim edilməsini tələb etmişdir. LPO Cavabdeh2 ASC və ƏSF sənədləri verməkdən imtina etməklə qanunsuzluq edir və məhkəməyə, vətəndaşa aşkar hörmətsizlik edirlər. Dövlət Vergi Xidmətinin təqdim etdiyi sənədlər isə natamamdır. Dövlət Vergi Xidmətinin sənədlərinin natamam hissəsi də tamamlanmalıdır ki, nəticədə qərar qəbul edilərkən heç bir anlaşılmazlıq qalmasın. Çünki vergi sənədlərinə Şərifov Rövşənin imza etməsi haqqında məlumatlar var. Bununla belə, 99596 saylı cinayət işində CM-nin 213-cü maddəsi üzrə təqsiri iddiaçının qoyublar. LPO Cavabdeh2 ASC-dən isə icraçı direktor iddiaçı olduğu halda, kredit vəsaitlərini başqası götürüb. İşin bu halı aydınlaşdırılaraq hüquqi qiymət verilməlidir. Əldə etdiyi məhkəmə qətnamə və qərarları, eləcə də həmin işə əlavə edilmiş digər sübutlar belə qənaətə gəlməyə əsas verir ki, məhkəmə ədaləti bərpa etmək əvəzində xitam qərardadı qəbul etməklə aşkar edilmiş cinayət əlamətini ört-basdır etmişdir. Bundan əlavə, LPO Cavabdeh2 ASC və ƏSF guya sənədlərin başqa məhkəmələrdə olduğunu bildirmişlər. Hakimin Sumqayıt Apellyasiya Məhkəməsindən sorğu ilə tələb edərək 2(105)-657/23 (X5) və 2(105)-739/2022 (X6) saylı işlərdə iddiaçının iddiasına aid heç bir sənəd aşkar edilmədi. Məhkəməyə təqdim edilmiş Səbail rayon Məhkəməsinin 6(009)-106/2024 (Hakim Ş.Süleymanova) qərardan görünür ki, xx.xx.2010 tarixli 2(81)-1722/2010 saylı qərar və xx.xx.2010 tarixli 2-1(103)-492/2010 saylı qərarla bağlı, yəni işin içində olan qanunsuzluqlarla bağlı artıq araşdırma başlayıb. (Xətai rayon Prokurorluğu) Xətai rayon Məhkəməsində hal-hazırda gedən prosesdə isə digər yeni hallar açılmışdır və hüquqi qiyməti gözlənilir (Hakim P.Zamanlı). Həmin firma ilə bağlı Şirvan Kommersiya Məhkəməsi xüsusi qərardad qəbul edib 17.04.24 tarixdə, 14.08.24 tarixdə isə CMnin 320-ci maddəsi ilə cinayət işi açılıb. Azərbaycan Respublikası Baş Prokurorluğunun tabeliyində Cinayət Təqibindən Kənar İdarədə də DSMF və s. pulların mənimsənilməsi ilə bağlı həmin firma ilə bağlı başqa bir iş də araşdırılmaqdadır. Göründüyü kimi, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4054/2024 nömrəli qərardadının hüquqi əsası yoxdur.Ona görə də ləğv edilməli,iddia ərizəsi təmin edilməli və aşkar edilmiş cinayət əməllərində cinayətin əlamətləri aşkar edildiyinə görə xüsusi qərardad qəbul edilib Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4054/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 261.0.1. Hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata aşağıdakı hallarda xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət əsaslı olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
12. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondundan Cavabdeh2 ASC tərəfindən "xxxx" firmasına kredit verilməsi ilə bağlı Fonda həmin firmaya xx.xx.2008- xx.xx.2010-cu il tarixlərdə verilmiş kredit və ipoteka müqavilələrinin, bankdan pul vəsaitlərinin götürülməsi haqqında qəbzlərin, bank mədaxil və məxaric orderlərinin, imza nümunələrinin, əmrlərin və protokolların, çıxarışların surətlərinin verilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə icraata xitam verilmiş və ona istinad edilmişdir ki, iddiaçının tələbinin məqsədi cinayət işi ilə əlaqəli halları sübuta yetirmək üçün sübut toplamaqdır, lakin mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin belə bir vəzifəsi olmadığından, habelə iddiaçının tələbi onun üçün mülki qaydada hüquqi nəticə törətməyəcəyindən, hazırkı işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində qeyd edlir ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. (Maddə 2.2.) Qanunun 2.3-cü maddəsində qeyd edilir ki, informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
15. Qanunun 6.1.7-ci maddəsində qeyd edilir ki, informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi informasiya əldə olunmasının əsas prinsiplərindəndir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
17. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
19. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
20. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60- cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sübutları nə məqsəd üçün əldə etməsini iddia ərizəsində qeyd etməməsi onun məhkəməyə müraciət etmək hüququnu, onun tələbinə məhkəmədə baxılması ilə bağlı hüququnu məhdudlaşdırmamalıdır. Çünki, mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılmalı olan işlərə münasibətdə, məsələn, ərizəçinin hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu ərizədə göstərməli olduğu qeyd edilmişdir. Lakin hazırki tələb iddia icraatı qaydasına verilmiş tələbdir. Qanunvericilikdə iddiaçının üzərinə belə bir vəzifə qoyulmamışdır. İddiaçı 2008-2010-cu illərdə AER firmasının icraçı direktoru vəzifəsini icra etdiyi dövrdə firma ilə Dəmirbank arasında bağlanmış müqavilələrə dair məlumat əldə etmək istədiyini aydın şəkildə tələbində ifadə etmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, qərardad ləğv edilməklə, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov