Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1784/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçılar X2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh MMC-yə qarşı “maneənin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)- 1211/2022 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması, maddi ziyan kimi 11.000 manat, əldən çıxmış fayda kimi 36.000 manat pulun, mənəvi ziyan kimi 10.000 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)- 1211/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi və obyektin ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, 3.916 manat məbləğində vurulmuş maddi ziyanın əvəzinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı1 və X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və X5 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdeh MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar X2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)-1211/2022 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarın: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 424 saylı sərəncamına əsasən ünvan 3 ünvanında İddiaçı1 müstəsna hal kimi, (3,5x6) metr ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq, həmin ünvanda qeyri-yaşayış obyekti (ərzaq mağazası) inşa edilmişdir. xx.xx.2004-cü il tarixdə İddiaçı1 Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, həmin sərəncamın İddiaçı2 adına rəmiləşdirilməsini xahiş etmişdir. 2007ci ildə obyektin eskiz layihəsi tərtib edilərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin memarı və təsərrüfat hesablı layihə-smeta bürosu tərəfindən təsdiq edilmişdir. Bundan sonra İddiaçı2 fərdi sahibkar kimi vergi orqanlarında qeydə alınmış (**********) və həmin qeyri-yaşayış obyektində (ərzaq mağazasında) nəzarət-kassa aparatı qeydiyyatdan keçirərək, fərdi sahibkar kimi fəaliyyət göstərməyə başlamışdır. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən 1.2273 ha ölçüdə torpaq sahəsinin istifadə hüquqları alqı-satqı müqqviləsinə əsasən Cavabdeh MMC-yə verilmiş və onun bu hüququ xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra cavabdeh aidiyyəti qurumlarla razılaşdırmaqla, o cümlədən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş icazəyə əsasən həmin ünvanda yaşayış binaları inşa etməyə başlamış və bu məqsədlə tikinti ərazisini hasarlamışdır. İddiaçılar da cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərzaq mağası yerləşdiyi ərazidə cavabdeh tərəfindən tikinti işləri aparıldığını, o cümlədən mağazanın ətrafına dəmir hasarın çəkildiyini və tikinti materiallarının yığıldığını, nəticədə mağazaya girişçıxığın maneənin yaradıldığını iddia edirlər və maneənin aradan qaldırılmasını, hasarın sökülməsini, tikinti materaillarının götürülməsini, habelə maneənin yaradılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Cavabdeh iddianı qəbul etmir və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e- 2(011)-1211/2022 saylı qətnaməsini hazırda mübahisələndirir. Başqa sözlə, fərdi sahibkar kimi uçota alınmış İddiaçı2 hüquqi şəxs olan Cavabdeh MMC tərəfindən aparılan tikinti işləri nəticəsində onun istifadə və sahibliyində olan ərzaq mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneənin yarandığını iddia edir və istifadə və sahiblik hüququnun müdafiəsindən irəli gələn tələblər irəli sürür. Məhkəmə kollegiyası göstərilənləri, habelə hazırda tərəflər arasında yaranmaqla istifadə və sahiblik hüquqlarının müdafiəsi ilə bağlı olan mübahisənin həm iddiaçı, həm də cavabdehin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış və nəticədə məhkəmə aidiyyəti ilə bağlı qaydalara riayət etməməklə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)-1211/2022 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32-ci, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X5, habelə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2(011)- 1211/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və X2 Cavabdeh MMC-yə qarşı “maneənin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1784/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1784/2023
23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver