Məhkəmə qərarları › İş №2(103)-1786/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1786/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1786/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli qətnamədən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdikləri apellyasiya şikayətlərinə əsasən işə İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və birinci instansiya məhkəmə orqan səhvi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 10.271,8 manat, mənəvi ziyanın əvəzi olaraq 67.400 manat məbləğində pulun cavabdeh Nazirlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-16/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2,2, 178.2.3, 178.2.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinib 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddəti iddiaçının həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İddiaçının həmin hökmdən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 1(106)-529/2024 saylı qərar ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirmiş, iddiaçını Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədilməsinə təqsirli bilərək, iddiaçıya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, CM-nin 32.4 və 312.2-ci maddələri ilə iddiaçını təqsirli bilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı iddiaçıya qarşı irəli sürdüyü ittihamla iddiaçının aldığı pul vəsaitlərini hər hansı vəzifəli şəxsə rüşvət kimi vermək niyyətində olmadığını təsdiq etməsinə baxmayaraq, onu eyni zamanda əsassız olaraq CM-nin 32.4 və 312.2-ci maddələri ilə də ittiham etmişdir. İstintaq orqanının və onun gəldiyi nəticələrlə razılaşan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən mövqeləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçının vəzifəli şəxslərə rüşvət vermək adı ilə başqalarından pul vəsaitini alması əslində onun törətdiyi dələduzluq hərəkətinin üsulu kimi çıxış etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi isə iddiaçının əməllərinə düzgün qiymət verməmiş, nəticədə iddiaçını daha ağır cinayətin törədilməsində təqsirli bilmişdir. Göründüyü kimi Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsi ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin səhvi üzündən olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olmaqla 3 il 11 ay 3 gün həbsdə qalmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mövqeyindən bu məsələyə yanaşdıqda müəyyən edilir ki, iddiaçı 11 ay 3 gün ərzində əsassız olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmişdir. Bununla da iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. İddiaçı ona dəymiş maddi ziyanla bağlı bildirir ki, xx.xx.2024-cü il tarixə olan statistik məlumatlara əsasən Azərbaycan Respublikasında muzdla çalışan işçilərin orta aylıq əmək haqqısı 933,8 manat olmuşdur. Belə olan halda müəyyən edilir ki, 11 ay ərzində iddiaçıya (11 ay x 933,8 manat=) 10.271,8 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ona dəymiş mənəvi ziyanla bağlı bildirir ki, o, qanunsuz olaraq həbsdə olduğu müddətdə uşaqları ilə ünsiyyətdə ola bilməmişdir. İddiaçı heç vaxt azyaşlı qızının 5 yaşındakı vəziyyətini və azyaşlı oğlunun 4 yaşındakı vəziyyətini görə bilməyəcək. Eyni o, 11 ay 3 gün müddətində ailə üzvlərini, valideyinlərini, qardaşını, həyat yoldaşını və 2 azyaşlı uşağını görməmiş, onlardan məcburi surətdə ayrı saxlanılmış, azad yaşaya bilməmiş, azadlığı əlindən alınmışdır. Azadlığın əsassız olaraq əldən alınması ən ağır haldır və bu pula ölçülə bilməyən haldır. Verilən istənilən təzminat azadlığın əldən alınmasını əvəzləyə bilməz. 11 ay 3 gün müddətində azadlığının əlindən alınması və ailə üzvlərindən, o cümlədən azyaşlı uşaqlarından ayrı qalmağına görə ona dəyən mənəvi ziyan hər gün üçün əvəz etməsə belə 200 manat dəyərində qiymətləndirilməsini istəyir. Bu baxımdan iddiaçı hesab edir ki, ona cəmi (337 gün x 200 manat =) 67.400 manat məbləğində mənəvi ziyan dəymişdir. b) iş üzrə tərəflərin məhkəmə baxışı iclasında iştirakı və birinci instnasiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmunun uyğun izahat vermişdir. O, onun tərəfindən yaradılmış təsərrüfatla bağlı fotoşəkilləri və dövlət qulluğu vəzifələri üzrə test imtahanından 74 bal toplamasına dair sənədi Rayon Məhkəməsinə təqdim edərək, iddiasının təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Maliyyə Nazirliyinin Rayon Məhkəməsinə verdiyi “iddia tələbinə qarşı etirazı” onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi zərərlə bağlı kompensasiya tələb etsə də aylıq gəliri ilə bağlı hər hansı sübutları təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda alınması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər iş materillarına əlavə edilməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - 330 manat, ona qarşı ağır cinayət törədildikdə - 165 manat, ona qarşı az ağır cinayət törədildikdə - 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - 11 manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın 330 manat məbləğində müəyyən etmişdir. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi stərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyini münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir.

5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair mövqeyini bildirməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Rayon Məhkəməsi işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.100 manat məbləğində pul vəsaitinin cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iddianın “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin təmin edilməməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona maddi ziyanın vurulmasını və bu ziyanın 10.271,8 manat məbləğində olduğunu bildirsə də, bu tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı bu tələbini əsaslandırmaq üçün onun tərəfindən yaradılmış təsərrüfatla bağlı fotoşəkilləri və dövlət qulluğu vəzifələri üzrə test imtahanından 74 bal toplamasına dair sənədi təqdim etsə də, həmin fotoşəkillər və sənəd iddiaçının itirdiyi qazancın nəinki hansı məbləğdə olmasını, ümumiyyətlə qazancının olmasını təsdiq etmir. Buna görə də hesab edilməlidir ki, iddianın “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsi əsassızdır. İddianın “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin qismən təmin edilməsi barədə mövqeyini isə Rayon Məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçının 11 ay 03 gün müddətinə əsassız olaraq həbsdə olması işin mübahisəsi halıdır. İddiaçı, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmişdir. Lakin nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə, qanunsuz həbsə saxlanılmış şəxslərə 1 ay üçün ödənilən məbləğ 1.000 manat təşkil edir. Belə olan halda mənəvi ziyanın əvəzi olaraq iddiaçıya (1.000 manat x 11 ay 03 gün=) 11.100 manat ödənilməli, bu tələbin qalan hissəsi isə təmin edilməməlidir. d) apellyasiya şikayətləri barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ona vurulmuş maddi ziyanın əvəzi olaraq 15.290 manat, mənəvi zərərin əvəzi olaraq 67.400 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddiaçının mövqeyi dəyişməmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh Nazirlikdən 67.400 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddiaçının mövqeyi dəyişmişdir. Belə ki, iddiaçı 2014-2020-ci illərdə kənd təsərrüfatı ilə məşğul olmuş, hazırda da bu işlə məşğuldur. İddiaçı həbsdən azad olunduqdan təxminən 1 ay sonra Beyləqan rayonu Əlinəzərli kəndində öz ata evində heyvandarlıqla məşğul olmağa başlamış, 4.000 manata 38 baş arıq quzu (hər birini 100-120 manata) almışdır. Həmin quzuları sentyabr ayından dekabr ayına kimi qapalı şəraitdə kökəltmək məqsədi ilə saxlamış və dekabr ayında quzuları (birini 250-300 manatdan) 10.700 manata satmışdır. Quzuların alınmasına və satışa qədər bəslənmələrinə ümumilikdə 5.140 manat xərc çəkmişdir. Beləliklə də, quzuları kökəltdikdən sonra satdığı qiymətdən xərci çıxdıqdan sonra isə 4 ay ərzində iddiaçının qazandığı xalis xeyir (10.700 – 5.140=) 5.560 manat olmuşdur. Yuxarıda qeyd edilən quzuları satdıqdan sonra iddiaçı 47 baş arıq quzu almış və həmin quzuları da təxminən mart ayının axırları, aprelin əvvəllərində satacaq. Göründüyü kimi, 4 ay üçün iddiaçı 8.000 manata yaxın xalis xeyir götürəcəyini ehtimal edir. Beləliklə iddiaçının kənd təsərrüfatı sahəsindən faktiki aylıq gəliri (5.560 manat : 4 ay=) 1.390 manat olacaq. Bundan başqa nəzərə alınmalıdır ki, X2 tərəfindən dövlət qulluğunun BB qrup vəzifələri üzrə xx.xx.2024-cü il tarixdə keçirilən test imtahanında iddiaçı 74 bal toplayaraq BB qrup vəzifələri üzrə dövlət qulluğunda işləmək üçün haqq qazanmış və müvafiq sertifikat almışdır. X3 İnkişaf Mərkəzində Baş məsləhətçi vəzifə boşdur. İddiaçı vakansiyalar açıldıqda sənədlərini həmin vəzifəyə verəcək və çox güman ki, tək namizəd olacağından müsabiqənin müsahibə mərhələsindən asanlıqla keçəcək. Həmin vəzifə üzrə vəzifə səlahiyyətləri, həvəsləndirmə, iş stajına görə əlavələr də nəzərə alındıqda orta aylıq əmək haqqı 1.200-1.300 manatdır. Beləliklə hal-hazırda kənd təsərrüfatından iddiaçının orta aylıq gəliri 1.390 manatdır. İddiaçı həbsdən 11 ay əvvəl azad olunsa idi kənd təsərrüfatı sahəsi ilə də 11 ay əvvəl məşğul ola bilər və həmin müddət ərzində (1.390 manat x 11 ay=) 15.290 manat gəliri ola bilərdi. Buna görə də iddiaçı hesab edir ki, ona dəymiş maddi ziyanın əvəzi olaraq cavabdeh nazirlikdən onun xeyrinə 15.290 manat məbləğində pul tutulmalıdır.

10. Cavabdeh Nazirlik də öz növbəsində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

11. İddiaya qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

12. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətin dəlillərini müdafiə edərək, bu şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

13. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikasının Baş Prokurorluğu işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakı təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) hazırkı apellyasiya baxışının həddi barədə məlumat

14. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı, ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində tələbini artırmışdır. Belə ki, onun tərəfindən irəli sürülmüş və Rayon Məhkəməsinin baxışı predmeti olmuş iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsi 10.271,8 manat olduğu halda, iddiaçı hazırda həmin məbləği artırmış və 15.290 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

15. Məhkəmə bildirir ki, MPM-in 372.4-cü maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

16. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsinin əsaslılığını Rayon Məhkəməsinin baxışı predmeti olmuş 10.271,8 manat həcmdə araşdırır.

17. İddianın “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsinin əsaslılığını isə tam həcmdə araşdırır, çünki həmin hissədə iddiaçı tələbini artırmamışdır. g) hazırki işdə olan sübutlar barədə məlumat

18. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-16/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2,2, 178.2.3, 178.2.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinib 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddəti iddiaçının həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablanmışdır.

19. İddiaçının həmin hökmdən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 1(106)-529/2024 saylı qərar ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirmiş, iddiaçını Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədilməsinə təqsirli bilərək, iddiaçıya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, CM-nin 32.4 və 312.2-ci maddələri ilə iddiaçını təqsirli bilməmişdir.

20. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı iddiaçıya qarşı irəli sürdüyü ittihamla iddiaçının aldığı pul vəsaitlərini hər hansı vəzifəli şəxsə rüşvət kimi vermək niyyətində olmadığını təsdiq etməsinə baxmayaraq, onu eyni zamanda əsassız olaraq CM-nin 32.4 və 312.2-ci maddələri ilə də ittiham etmişdir. İstintaq orqanının və onun gəldiyi nəticələrlə razılaşan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən mövqeləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçının vəzifəli şəxslərə rüşvət vermək adı ilə başqalarından pul vəsaitini alması əslində onun törətdiyi dələduzluq hərəkətinin üsulu kimi çıxış etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi isə iddiaçının əməllərinə düzgün qiymət verməmiş, nəticədə iddiaçını daha ağır cinayətin törədilməsində təqsirli bilmişdir. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

21. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı 11 ay 3 gün ərzində əsassız olaraq azadlıqdan məhrum etmə cəzasını çəkmişdir.

22. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

23. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə .xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).

24. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

25. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).

27. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

29. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

31. Odur ki, yuxarıda qeyd olunanlara, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, ölkə daxilində formalaşmış məhkəmə təcrübəsinə, iddiaçının 11 ay 3 gün müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktına əsaslanaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə (1.000 manat x 11 ay 03 gün=) 11.100 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. Bunda başqa qeyd edilən nəticə ilə bağlı Məhkəmə cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş qaydada, yəni mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmaqla mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı xüsusi olaraq qeyd edir ki, Nazirliyin bu mövqeyi yuxarıda qeyd edilən xarici və ölkədaxili normaların tələblərinə ziddir.

33. İddiaçının verdiyi apellyasiya şikayətində isə göstərilir ki, Rayon Məhkəməsi mənəvi zərərin əvəzini 11.100 manat məbləğində müəyyən etməklə səhv və əsassız nəticəyə gəlmişdir. Həmin zərərin əvəzi iddia ərizəsində qeyd edilən 67.400 manat məbləğində müəyyən edilməlidir.

34. Məhkəmə, yuxarıda qeyd olunanlara əsaslanaraq və iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 11.100 manat məbləğində pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının yuxarıda göstərilən müddətdə əsassız olaraq cinayət təqibinə məruz qalması ona narahatlıq, məyusluq hissləri, stresslər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə (67.100 manat) ödənilməsi ağlabatan deyildir.

35. Göründüyü kimi, qeyd edilən məbləğin artırılması və ya azadılması üçün əsas müəyyən edilmədi.

36. Hər iki apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

37. Cavabdeh Nazirlik tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində həmçinin göstərilir ki, cavabdeh Nazirlik iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

38. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

39. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

40. Bu baxımdan hesab edilməlidir ki, Nazirliyin apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

41. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı tərəfindən cavabdeh Nazirliyə qarşı irəli sürülmüş tələblərdən biri də iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə (apellyasiya baxışının predmeti olan həcmdə) 10.271,8 manat məbləğində pulun cavabdeh Nazirlikdən iddiaçının xeyrinə tutulması barədədir.

42. Rayon Məhkəməsi bu tələbi rədd etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, ona maddi zərərin dəyməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

43. İddiaçının maddi ziyan əvəzinin ödənilməsi barədə tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, onun qanunsuz olaraq həbsə artıq müddət ərzində saxlanılması nəticəsində ona 10.271,8 manat məbləğində maddi ziyanın vurulduğunu qeyd etsə də, bu məbləğin real olduğunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

44. İddiaçı mövqeyini qətnamədən verdiyi apellyasiya şikayətində ətraflı olaraq şərh etsə də (bax: hazırkı qətnamənin 9-cu bəndinə) həmin mövqeyi təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. İddiaçı bu tələbini əsaslandırmaq üçün onun tərəfindən yaradılmış təsərrüfatla bağlı fotoşəkilləri və dövlət qulluğu vəzifələri üzrə test imtahanından 74 bal toplamasına dair sənədi təqdim etsə də, həmin fotoşəkillər və sənəd iddiaçının itirdiyi qazancın nəinki hansı məbləğdə olmasını, ümumiyyətlə qazancının olmasını təsdiq etmir.

46. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi barədə iddianı yuxarıda göstərilən əsasla rədd etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. i) apellyasiya baxışının nəticəsi

47. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar