Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1787/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” MTK-nın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5516/2020 saylı qərardadından iddiaçı “xxxx” MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MTK cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5516/2020 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı “xxxx” MTK tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 2(004)-5516/2020 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qeyd edir ki, məhkəmə iddia ərizəsini qaytararkən AR MPM-nin 152.1.7-ci maddəsinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən müxtəlif məbləğlərdə kommunal borclarının tutulması bir-biri ilə əlaqədar olmayan tələblərdir. 75 nəfər cavabdehə yönələn iddia tələblərinin bir icraatda birləşdirilməsi dövlət büdcəsinə ödənilən dövlət rüsumundan yayınma halıdır. İddia ərizəsinin qeyd olunan əsasla qaytarılması əsassızdır. İddia ərizəsinə qoşma kimi əlavə edilmiş AR Ali Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli 2(102)- 3385/2020 saylı qərarından görünür ki, iddiaçı “xxxx” MTK tərəfindən eyni ünvanda yaşayan 12 nəfərdən kommunal xidmətlərin tutulması ilə bağlı vahid iddia ərizəsi irəli sürmüşlür. Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılmış, vahid iddia ərizəsi ilə iddianın irəli sürülməsində prosessual qanunvericiliyin pozulması halı müəyyən olunmamışdır. Hazırki iddia ərizəsində 75 nəfərə qarşı iddia tələblərinin bir icraatda birləşdirilməsi nəticəsində dövlət büdcəsinə ödənilən dövlət rüsumundan yayınma halının konkret maddi və prosessual hüquqi əsaslar göstərilməmişdir. İddiaçı tərəfindən həm 12 nəfərə, həm də 75 nəfərə qarşı irəli sürülmüş iddia tələblərinin predmeti (eyni binada yaşayan sakinlərə qarşı kommunal xidmətlərə görə borc) eynidir. Eyni zamanda iddia tələblərinin müxtəlif sakinlərə qarşı bir-biri ilə əlaqədar olmasını qüvvədə olan Mülki və Mənzil Məcəlləsinin ümumi birgə əmlakların saxlanılması və qorunması xərcləri üçün sahiblərin qarşılıqlı mütənasib öhdəliklə bağlı olduqları müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MTK-nın nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5516/2020 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iddia ərizəni geri qaytararkən qeyd etmişdir ki, cavabdehlərdən müxtəlif məbləğlərdə kommunal borclarının tutulması bir-biri ilə əlaqədar olmayan tələblərdir. 75 nəfər cavabdehə yönələn iddia tələblərinin bir icraatda birləşdirilməsi dövlət büdcəsinə ödənilən dövlət rüsumundan yayınma halıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəllənin 136.2.1 və 136.2.2-ci maddələrinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqından və kommunal xidmətlərə görə haqqından ibarətdir. Mənzil Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı eyni binada yaşayan sakinlərdən kommunal xərclərin tutulmasını tələb edir. Yaşayış və kommunal xidmətlərə görə ödənilən haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqından və kommunal xidmətlərə görə haqqından ibarətdir. Göründüyü kimi, iddiaçının tələbi bir-biri ilə əlaqəli olmaqla, iddiaçı tərəfindən tələblərin bir icraatda birləşdirilməsi Prosessual Qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmənin istinad etdiyi “75 nəfər cavabdehə yönələn iddia tələblərinin bir icraatda birləşdirilməsi dövlət büdcəsinə ödənilən dövlət rüsumundan yayınma halı” ilə bağlı qeyd olunmalıdır ki, bu hal özü-özlüyündə Prosessual Qanunvericiliyin tələbinə zidd olmaqla, Qanunda iddia ərizəsinin qaytarılması üçün belə bir əsas nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MTK tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5516/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1787/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1787/2021
27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver