Məhkəmə qərarları › İş №2(103)-1791/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1791/2020

30.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1791/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan vəBabayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki yerləşdiyi sahə üzrə təhvil verilməsi, ödənilməmiş kirayə haqqının ödənilməsi və yaradılmış maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya (MTK) qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, “xxxxx” şadlıq sarayının qarşısında MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla B blokunda (ona məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 m2 olan yeni qeyri-yaşayış sahəsinin ona verilməsi; cavabdehin xx xxxxxx 2019-cu il tarixə qədər ödəmədiyi 2400 manat (4 ay x aylıq 600 manat = 2400 manat) kirayə haqqının və xx xxxxxx 2019-cu il tarixdən başlayaraq binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdırılaraq qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqının, habelə 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə onunla Cavabdeh MTK arasında 36 saylı müqavilə bağlanmış, müqaviləyə görə o, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 m2-dən ibarət qeyri-yaşayış sahəsini Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı xx xxxx 2017-ci il tarixli sərəncamı əsasında ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisinin həyata keçirilməsi üçün MTK-nın mülkiyyətinə verməyi, MTK isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisi layihəsi tam başa çatdıqdan sonra həmin yaşayış binasında, ümumi sahəsi 100 m2 təşkil edən qeyri-yaşayış sahəsini təmirsiz qaydada onun mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. Müqavilədə həmçinin qeyd olunmuşdur ki, yeni qeyriyaşayış sahəsi ona təhvil verilənə qədər MTK onun müvəqqəti icarəyə götürdüyü yer üçün xx.xx.2018-ci il tarixdən etibarən aylıq 600 manat kirayə haqqının ödənilməsini təmin edir. Müqavilənin şərtinə əməl edərək Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında və “xxxxx” şadlıq sarayının qarşısında yerləşən qeyri-yaşayış sahəsini boşaldaraq boş vəziyyətdə MTK-ya təhvil vermişdir. Müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, cavabdeh aşağıda qeyd olunanları öz öhdəsinə götürür: Binanın bütün dəmir-beton və hörgü, suvaq işləri; Binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması; Betonaltı elektrik borularının çəkilməsi, mənzilə giriş əsas kabel xəttinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması və şüşə paketlə şüşələnməsi; Mənzillərin giriş qapılarının hazırlanması və qıfılların qoyulması; Binanın və mənzilin daxili su və kanalizasiya xətlərinin quraşdırılması və sınaqdan keçirilməsi; Xarici su və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması; Məhəllə daxili su anbarı, nasos stansiyalarının quraşdırılması; Binanın yerləşdiyi ərazinin abadlaşdırılması; Sərnişin və yük liftlərinin quraşdırılması. Müqavilənin 3-cü bəndində qeyd olunan “MTK-nın öhdəlikləri” bölməsindən belə qənaətə gəlmək olur ki, cavabdeh yuxarıda qeyd olunan öhdəliklərini yerinə yetirdikdən sonra qeyri-yaşayış sahəsini ona təhvil verməlidir. xx xxxx 2019-cu il tarixdə MTK tərəfindən ona bildiriş ünvanlanmış, bildirişdə “hal-hazırda əvəzləşdirmə müqaviləsi əsasında Sizə ayrılmış qeyri-yaşayış sahəsində tikinti işləri yekunlaşmış, müvafiq olaraq elektrik və su xətləri çəkilmişdir. Göstərilənlərə əsasən Sizə ayrılmış qeyri-yaşayış sahəsinin təhvil prosesi ilə əlaqədar müvafiq sənədlərin imzalanması üçün MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etməyiniz xahiş olunur” göstərilmişdir. Bildirişi aldıqdan sonra MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etmiş, cavabdehin əməkdaşları ilə birlikdə tikinti gedən əraziyə baxış keçirmiş, məlum olmuşdur ki, tikinti işləri yekunlaşmamış və davam etməkdədir, hətta binanın dəmir-beton, hörgü və suvaq işləri belə yekunlaşmamışdır. Bundan başqa satış ofisində cavabdehin səlahiyyətli şəxsləri ilə görüşdükdə o da məlum olmuşdur ki, cavabdeh müqavilə üzrə ona verməli olduğu yeni qeyri-yaşayış sahəsini özünə məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən, yəni Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında və “xxxxx” şadlıq sarayının qarşısında yerləşən yerdən vermək istəmir. Cavabdeh tərəfindən bildirilmişdir ki, ona başqa bir yerdən, məhəllə içərisində yerləşən binadan qeyri-yaşayış sahəsi veriləcəkdir. Bu isə onun Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında qeyd olunmuş mülkiyyətçi hüquqlarını pozmaqla yanaşı, maliyyə itkisinə məruz qalması deməkdir. Maliyyə itkisinə məruz qalması dedikdə onu nəzərdə tutur ki, yol kənarında yerləşən qeyri-yaşayış sahəsinin verdiyi gəlir, məhəllə içərisində görünməyən bir yerdə yerləşən qeyri-yaşayış sahəsinin verdiyi gəlirdən daha çoxdur. Həmçinin, tərəflər arasında imzalanmış müqavilənin cavabdehin öhdəlikləri bölməsindən də göründüyü kimi, nəinki tikinti quraşdırma işləri yekunlaşdıqdan, hətta binanın yerləşdiyi ərazinin abadlaşdırılması başa çatdıqdan sonra qeyri-yaşayış sahəsi ona təhvil verilməli və qeyri-yaşayış sahəsi təhvil verilənə qədər aylıq 600 manat kirayə haqqı ödənilməlidir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini pozaraq 4 ayın kirayə haqqını ödəməmiş və bundan sonra da ödəməli olduğu kirayə haqqını ödəmək istəməmişdir. Dəfələrlə cavabdehə müraciət etmiş, buna baxmayaraq cavabdeh tərəfindən hər hansı tədbir görülməmiş, əksinə ona müxtəlif hədə-qorxu gəlinmiş, tənqidlərə məruz qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı xx xxxx 2017-ci il tarixli sərəncamı əsasında ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdıqdan sonra İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 36 saylı müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 100 m2 olan yeni qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən xx xxxxxx 2019-cu il tarixə qədər ödəmədiyi 2400 manat (4 ay x aylıq 600 manat = 2400 manat) kirayə haqqının və xx xxxxxx 2019-cu il tarixdən başlayaraq tikinti işləri tam başa çatdırılaraq qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqının, habelə 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun “ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdıqdan sonra İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 36 saylı müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 100 m2 olan yeni qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” hissəsində ləğv olunaraq həmin hissədə iddiasının tam təmin edilməsini xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun iddiasının təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə faktiki olaraq yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, İddiaçı ilə Cavabdeh MTK arasında xx xxxxxx 2017-ci il tarixdə 36 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 m2-dən ibarət qeyri-yaşayış sahəsini Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı xx xxxx 2017-ci il tarixli sərəncamı əsasında ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisinin həyata keçirilməsi üçün MTK-nın mülkiyyətinə verməyi, MTK isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasında, ümumi sahəsi 100 m2 təşkil edən qeyri-yaşayış sahəsini təmirsiz qaydada onun mülkiyyətinə verməyi, habelə İddiaçı müvəqqəti icarəyə götürdüyü yer üçün xx.xx.2018-ci il tarixdən etibarən aylıq 600 manat kirayə haqqının ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. İddiaçının hazırkı apellyasiya baxışının predmeti olan tələbinə görə, ona məxsus qeyri-yaşayış sahəsi Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında, “xxxxx” şadlıq sarayının qarşısında yerləşmiş və MTK binanın yerləşdiyi ərazini abadlaşdırdıqdan sonra məhz həmin yerdən ona ümumi sahəsi 100 m2 təşkil edən qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürməsinə baxmayaraq, məhəllə içərisində yerləşən binadan qeyriyaşayış sahəsi təklif etməklə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə MTK-nın iddiaçıya, ona məxsus olmuş sahənin yerləşdiyi əvvəlki yerdən qeyri-yaşayış sahəsi vermək öhdəliyi nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi müvafiq tələb üzrə düzgün nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə hazırda da qüvvədədir və iddiaçı həmin müqavilənin etibarlılığını mübahisələndirməməklə məhz bu müqaviləyə istinadla tələblər irəli sürmüşdür. İddiaçının hazırkı apellyasiya baxışının predmeti olan digər tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində göstərilən “tikinti işləri tam başa çatdıqdan sonra” ifadəsi binanın istismara qəbul olunmasını, habelə onun yerləşdiyi ərazinin abadlaşdırılmasını da ehtiva edir və bu mənada iddiaçının müvafiq tələbi mahiyyətcə təmin edilmiş hesab olunmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar