Məhkəmə qərarları › İş №2(103)-1791/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1791/2021

03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1791/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Kutluca İrfanın, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-870/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər "X1 Mərkəzi" MMC və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, “X1 Mərkəzi” MMC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksinin satılması ilə bağlı hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 03/2 protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-870/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.Kutluca apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hərrac qanunsuz keçirilib, bildirişlər ünvana çatdırılmayıb, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, hərracın keçirilməsi ilə bağlı qəzetdə elan verilib, bildirişlər ünvana göndərilib, idiaçı tərəf üzrsüz səbəbdən, qapı bağlı olduğundan bildirişi əldə etməyib. Həmçinin analoji işlə bağlı məhkəmənin Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış qətnamələri var. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh “X1 Mərkəzi” MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işdə olan, 21.01.20-ci il tarixli, Y-03/2 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, Səbail rayon İcra və probasiya şöbəsinin sifarişi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-428/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonunda Xırdalan yaşayış sahəsin ərazisində yerləşən Xırdalan-Binəqədi şossesi 23 ünvanlı əmlak kompleksi ilkin satış qiyməti 55000 manat olmaqla xxxx ASC tərəfindən 35063 manata alınmışdır. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.02.20-ci il tarixli, 16 saylı arayışdan görünür ki, İddiaçı Rəsul Rza küçəsi 7/9 saylı 2 nömrəli mənzilində qeydiyyatdadır. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 7 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.02.20-ci il tarixli, 15 saylı arayışdan görünür ki, Məmmədova Dövranə Murtuzəliyev qızı Rəsul Rza küçəsi 7/9 saylı 2 nömrəli mənzilində qeydiyyatdadır. Mega Ekspress sürətli poçt xidmətinin 174977 və 174493 nömrəli qaimələrindən görünür ki, X1 Mərkəzi MMC tərəfindən İddiaçı məktublar göndərilmiş, lakin qapı bağlı olduğundan məktublar ona çatmamışdır. X1 Mərkəzi MMC tərəfindən Nikoyl İKB ASC-yə ünvanlanmış 13.12.19 tarixli, 1203 saylı bildirişdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi və Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili üzrə hərracın 25.12.19-cu il tarixdə, saat 11:00-da keçirilməsi barədə xəbərdar edilmişdir. Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi xxxx ASC-yə 35063 manat məbləğdə satılmışdır. “Market” qəzetinin xx.xx.2019-xx.xx.2019 tarixli buraxılışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili ilkin satış qiyməti 85000 AZN olmaqla elan olmaqla, ilkin satışın baş tutmadığı, növbəti hərracın 25.12.19-cu il tarixdə keçiriləcəyi elan edilmişdir. “Market” qəzetinin xx.xx.2019-xx.xx.2019 tarixli buraxılışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi ilkin satış qiyməti 55000 AZN olmaqla elan olmaqla, hərracın keçirilməsi 11.12.19-cu il tarixdə həyata keçiriləcəyi elan edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borclu İddiaçı və «xxxx» ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisə məhkəmə qaydasında həll edilmiş, əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. İşin materiallarına əsasən mübahisəli daşınmaz əmlaklar barəsində hərracın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin iddiaçı üzrsüz səbəbdən bildirişi qəbul etməmişdir. Həmçinin, hərracın keçirilməsi ilə bağlı elan verilmişdir. “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişinin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-870/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar