Məhkəmə qərarları › İş №2(103)-1791/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1791/2025

21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1791/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X4 qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış 03 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 25.000 USD 00 sent məbləğində borc verməyi, 03 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən aparılan 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydinə əsasən Cavabdeh xeyrinə İddiaçı 25.000 USD 00 sent və 20 AZN pul tutulması nəzərdə tutulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən Cavabdeh xeyrinə verilmiş İddiaçı 25.000 USD və 20 manat pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli İcra Qeydinin ləğv edilməsi və vəkilə ödənilən 300 manat hüquqi xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zaur Əliyev adlı şəxslə razılaşaraq xx.xx.2016-cı ildə Zaurdan 20.000 (iyirmi min) ABŞ dolları borc (sələmə) pul alıb. Bu pulu o, 5000 faizi ilə birlikdə, yəni 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində Zaura qaytarıb. Həmin 20.000 ABŞ dolları pulun təminatı üçün Zaur Əliyevin təkidi ilə Cavabdeh ilə xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25.000 (iyimi beş min) ABŞ dollar pulun guya Cavabdeh tərəfindən ona verildiyinə dair formal (uydurma) Borc Müqaviləsi bağlayıb. Cavabdeh Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu bildirmişdir. Həmin izahatda Cavabdeh həm də bildirmişdir ki, xx.xx.2016-cı il tarixində Cavabdeh həm də İddiaçıya 25.000 ABŞ dolları verərək ondan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini satın almışdır. Belə çıxır ki, cavabdeh eyni gün iddiaçıya həm 25000 USD borc pul verib, həm də 25 000 USD-yə ondan mağazanı satın alıb. Bu fakt da cavabdeh ilə iddiaçı arasında olan xx.xx.2016-cı il tarixli Borc Müqaviləsinin və Alqı-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq edir. Bu müqavilələrin etibarsız sayılması ilə bağlı Bakı şəhəri Nizami rayon məhkəməsinin icraatında 2(007)-637/2021 saylı işə baxış davam edir. Cavabdeh həyat yoldaşı olduğunu dediyi Zaurun vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra iddiaçıya qarşı Bakı şəhəri 14 Saylı Notariat Kontoru vasitəsi ilə xx.xx.2020-ci il tarixli İcra Qeydini göndərib və borc verdiyini iddia etdiyi 25.000 ABŞ dollarını ondan tələb edib. Cavabdeh bu 2 il 10 aylıq müddət ərzində 1 dəfə də olsun iddiaçıya müraciət edərək həmin 25.000 ABŞ dollarını ondan tələb etməyib. İddiaçının borc pulu aldığı və tamamilə geriyə ödədiyi Zaur Əliyevin (2019-cu ilin yanvar ayında vəfat edib) sonra cavabdeh bu formal müqavilə əsasında iddiaçıya qarşı İcra Qeydini göndərmişdir. Bu durum da həmin Borc Müqaviləsinin formal (uydurma) olduğunu bir daha təsdiq edir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-11/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilmiş, Bakı şəhəri 14 Saylı Notariat Kontorunun xüsusi notariusu X5 tərəfindən aparılmış 15 aprel 2020-ci il tarixli, 8İ- 4505 nömrəli icra qeydinin ləğv edilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən hazırki iş üzrə Cavabdeh öz izahatında qeyd etmişdir ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2006-cı tarixli kredit müqaviləsi formal olaraq, yəni ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə o, İddiaçı heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları verməmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2006-cı tarixli kredit müqaviləsinin formal bağlanıldığını, onun tərəfindən iddiaçıya heç bir pul vəsaitinin verilmədiyini özü etiraf etmişdir. .Beləliklə də icra qeydi verildiyi zaman tərəflər arasında faktiki olaraq borc pulun verilməsinə dair hər hansı bir müqavilə mövcud olmamışdır. Belə olduğu təqdirdə də formal olaraq bağlanılan müqavilə üzrə icra qeydinin verilməsi qanunsuz və əsassız olmaqla iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Daha sonra məhkəmə iddia tələbinin vəkilə ödənilən 300 manat hüquqi xidmət haqqının Cavabdeh tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. 26.Belə ki, iddiaçı hazırki iş üzrə vəkilə 300 manat məbləğində hüquqi xidmət haqqını ödədiyini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-79-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 saylı, xx.xx.2024-cü iltarixli qətnaməsindən göründüyü kimi, Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi etibarsız hesabe dilməmişdir. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə işin halların tam araşdırmamış və iddiaçının natamam təqdim etdiyi məhkəmə qətnamələri əsasında apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə tamamilə zidd olaraq qətnamə qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsi preyudisiya institutunun tələblərini də pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Maddə 77. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlərdən yalnız Cavabdeh tərəfindən mübahisələndirilsə də, iddia qismən təmin edildiyindən və iddiaçı şikayət vermədyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsinin hazırkı mübahisə üzrə preyudisial olmaması barədədir. Apelyator bu dəlilini onunla əsaslandırıb ki, adı çəkilən qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv olunduğundan hazırkı iş üzrə heç bir preyudisiallığı yoxdur.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin sonradan ləğv olunmuş xx.xx.2022-ci il tarixli qətnaməsində kredit müqaviləsi üzrə pul məbləğinin verilməməsi məhz Cavabdeh özünün izahatına əsasən qeyd edilmişdir. Digər tərəfdən, ləğv olunan qətnamə ilə həmin işin yeni apellyasiya baxışı zamanı çıxarılmış xx.xx.2024-cü il tarixli qətnamədə müəyyən olunan hallar arasında faktiki olaraq elə bir ciddi fərq də yoxdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 saylı xx.xx.2024-cü iltarixli qətnaməsi ilə də kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən İddiaçı hər hansı məbləğdə pul verilmədiyi və bu baxımdan sonuncunun həmin müqavilə üzrə hər hansı məbləği qaytarmaq öhdəliyinin yaranmadığı müəyyən edilmişdir.

18. Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatlara və iddiaçının nümayəndəsinin izahatına əsasən həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

19. Göründüyü kimi, müqavilə üzrə hər hansı məbləğin verilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir və belə olan vəziyyətdə həmin müqavilə üzrə icra qeydinin verilməsi qanunsuz olmaqla Cavabdeh əsassız varlanması ilə nəticələnə bilər.

20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

21. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

23. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

25. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

26. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

27. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 09 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar