Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1792/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanda inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2,25m x 4,0m ölçüdə, ümumi sahəsi 9,0 kv.m. olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin 1 ayı 2000 manat, 7 il (7x12=84x2000=168.000) 84 aya 168.000 manat icarə haqqı, həmin qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 40.000 manat, cəmi 360.000 manat maddi ziyan olmaqla, cəmi 528.000 manatın, qeyri-yaşayış sahəsinin dəyəri və icarə haqqı olan vəsaitini qanunsuz saxlamaqla illik 5 % hesablanmaqla (26.400 manat x 7 il=184.800 manat) 184.800 manatın, qeyri-yaşayış sahəsinin bu günə qədər iddiaçıya verilməməsi nəticəsində vurulmuş 50.000 manat mənəvi zərərin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, vrulmuş maddi ziyana görə 90.000 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddia tələbinin icrarə haqqı kimi əldən çıxmış faydaya görə 168.000 manat, pul vəsaitini qanunsuz saxlamaqla illik 5 faiz hesablanmaqla 184.800 manat və vurulmuş mənəvi zərər görə 50.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissələri ilə bağlı qeyd edir ki, iddiaçı həmin hisssələrlə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissələrdə təmin edilməməlidir. Məhkəmə bu cür yanaşmaqla Mülki Məcəllənin 449.3 və 449.4-cü maddələrinin tələblərinə zidd hərəkət etmişdir. Belə ki, məhkəmə özü qətnamədə müəyyən etmişdir ki, cavabdeh iddiaçının vəsaitini qanunsuz saxlamışdır və bunun nəticəsində iddiaçı bir çox gəlirindən məhrum olmuşdur. Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya maddi zərər vurulması işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Bu hallar məhkəmə tərəfindən müəyyən edildiyi halda, iddia qismən təmin edilmişdir. İddiaçının ümumilikdə 528.000 manat vəsaitinin cavabdeh tərəfindən qanunsuz saxlanılması, cavabdehin həmin məbləği qaytarmaqdan boyun qaçırması, ödənilməsini digər şəkildə gecikdirməsi, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və toplaması öz təsdiqini tapır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tuutlmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin maddənin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 % ödəməyə borcludur. İşin halları ilə təsdiq edilir ki, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini 7 il ərzində icra etmədiyindən, öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tarixdən, yəni 7 il müddətinə illik 5% məbləğində pul vəsaitinin tələb edilməsi hüququ yaranmışdır. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Ali Məhkəmənin qərarında ididaçıya ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciətə edə bilər göstərilməsi onun istədiyi vaxt məhkəməyə müraciət etməsini ehtiva etmir. Birinci instansiya məhkəməsi isə, iddia ərizəsinin iddiaçının mülkiyyətində olan 3,73 kv.m. əmlaka dair deyil, onun öhdəlik müqaviləsinə əsasən istifadəsinə veriləcək 9,0 kv.m. qeyri-yaşayış sahəsinə dair ziyanın vurulması barədə 7 ildən sonra verilən iddia ərizəsinə iddia müddətini tətbiq etməməkdə haqlı olmamışdır. Məhkəmənin mülahizəsinə görə, mülkiyyətçi xüsusi mülkiyyətində olan əmlak barədə hər hansı bir müqavilə (alqı-satqı, ipoteka, öhdəlik və s.) bağlamamışdırsa və onun mülkiyyət hüquqları pozulduqda mülkiyyətçi olduğuna görə ona iddia müddəti şamil edilməməlidir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2005-ci ildə 2 il müddətinə qarşılıqlı öhdəliklər haqqında müqavilə bağlanmışdır. Cavabdeh müqavilə şərtlərinə əməl etmədiyinə görə, iddiaçı müəyyən olunmuş iddia müddəti ərzində məhkəməyə müraciət etmiş və həmin iş üzrə qəbul edilmiş qətnamə xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almışdır. Ali Məhkəmənin qərarında qeyd olunanlarla bağlı iddiaçı xx xxxxxxxx 2014-cü ilədək məhkəməyə müraciət etməli olduğu halda qanunun tələblərinə əməl etməmişdir. Bununla yanaşı, məhkəmə əmlakının mübahisənin yarandığı dövrə bazar dəyərinin deyil, əmlakın hazırkı real bazar dəyərinin nə qədər təşkil ediməsinə dair ekspert qarşısında sual qoymaqda da haqlı olmamışdır. Belə müəyyən olunur ki, iddiaçı hüququndan sui-istifadə edib, 2018-ci ildə deyil, bir neçə il sonra ziyanın vurulması barədə iddia ərizəsi versəydi, məhkəmə əmlakın həmin dövrdə olan bazar dəyərini əsas götürərdi. O da qeyd olunmalıdır ki, iddiaçının MMC-yə qarşı olan əvvəlki iddia ərizəsi üzrə iş materiallarına əsasən 2010-cu il tarixə həmin ərazidə qeyri-yaşayış sahəsinin 1 kv. metrinin 12xx xxxxxxxx 1716 manatadək olduğu müəyyən olunmuşdur. Daha sonra həmin iş üzrə məhkəmə iclas protokolunda əmlakın dəyərinin 15.444 manat olması və iş materiallarına sübut kimi əlavə edilmiş “Birja qəzeti”ndə həmin ərazidə əmlakın dürüst dəyəri barədə məlumat verilmiş, iddiaçı isə MK-nın sualına cavab olaraq mülkiyyətində 4,4 kv.m. əmlak olmasını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi də öz apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, iddiaçının şikayətinin rədd olunmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin şikayəti rədd, iddiaçının şikayəti isə qismən təmin olunmalıdır. Tərəflərin izahatından və iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən iaşə müəssisəsi 1997-ci ildə kollektiv üzvləri tərəfindən özəlləşdirilmiş və İddiaçı 10,44% əmlak payına dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli 4584 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra həmin müəssisənin binası “xxxxxxxxxxx” MMC tərəfindən sökülmüşdür. xx.xx.2005-ci il tarixdə tərəflər arasında imzalanmış müqaviləyə görə İddiaçı mülkiyyətçisi olduğu əmlak payını Cavabdeh MMC-nin (həmin dövrdə adı “xxxxxxxxxxx” MMC) mülkiyyətinə verməyi, cavabdeh isə həmin binanın yerində ünvan 1 ünvanda inşa olunacaq yeni binanın birinci mərtəbəsində giriş tərəfindən 2,25m x 4,0 m ölçüdə, ümumi sahəsi 9,0 kv.m. olan, təcrid olunmuş qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçıya məxsus əmlak sökülsə də, qeyd olunan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən ona verilməmişdir. Bundan sonra iddiaçı, qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi və öhdəliyin icrasını gecikdirdiyi üçün əldən çıxmış faydanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 15.444 manat tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Gülnarə Səfərovanın apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilmiş və cavabdehdən iddiaçının xeyrinə 10.800 manat məbləğində əldən çıxmış faydanın tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Gülnarə Səfərovanın kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi iddianın 9,0 kv.m sahənin mülkiyyətə verilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qismən ləğv edilmmiş, iddianın ünvan 1 ünvanda inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2,25 metr x 4,0 metr ölçüdə, ümumi sahəsi 9,0 kv.metr olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin ayrılaraq mülkiyyətə veriməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Gülnarə Səfərovanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, cavabdeh tərəf iddiaçı qarşısında öhdəliyini lazımınca icra oluna bilməməsini etiraf etmiş, hətta bu, kassasiya şikayətinə etirazda da öz əksini tapmışdır. İddiaçı, cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Hazırda iddiaçı, mülkiyyət payının əvəzində ona verilməli olan qeyri-yaşayış sahəsinin dəyərini, əldən çıxmış faydanı, pul vəsaitinin qanunsuz saxlanılmasına görə illik 5 faizi və mənəvi zərərin əvəzini tələb edir. Cavabdeh isə iddia müddətinin ötürülməsinə və əmlakın düzgün qiymətləndirilmədiyinə istinad edərək iddiaya etiraz edir. Kollegiya, Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərini əsaslı saymır, ona görə ki, İddiaçı, özünün mülkiyyət hüququnun pozulmasına istinad edərək hazırkı iddianı irəli sürür. Belə ki, iddiaçının əmlak payı olan bina cavabdeh tərəfindən sökülmüşdür. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuş və bu vaxtadək pozuntu aradan qaldırılmamışdır. Bu baxımdan, iddiaçının əmlakın dəyərinin ödənilməsi tələbi pozulmuş mülkiyyət hüququnun bərpasına yönəlmişdir. Əşya hüquqlarına (o cümlədən tam əşya hüququ olan mülkiyyət haqqına) söykənən tələblər isə iddia müddətinə tabe deyil. Bu qayda, Mülki Məcəllənin 384.0.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir. Həmin maddəyə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında da vurğulanmışdır ki, “...MM-in 384.0.4-cü maddəsi ...əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ... Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir”. Ona görə də, birinci instansiya məhkəməsi, haqlı olaraq cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı mübahisə olduğundan birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2.25 metr x 4.0 metr ölçüdə ümumi sahəsi 9.0 kv.m olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin hazırkı real bazar qiyməti 90.000 manat təşkil edir. Kollegiya nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası ekspertizanın rəyi razılaşaraq belə qənaətə gəlir ki, iddiaçıya dəymiş maddi ziyana görə cavabdehdən ekspert rəyinə uyğun olaraq 90.000 manat pulun tutulması əsaslıdır. Bununla belə, birinci instansiya məhkəməsi həmin məbləğdə vəsaitin 7 ildən artıq müddətdə iddiaçıya ödənilməməsinə görə illik 5% pulun tutulması tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Diqqətə alınmalıdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Kollegiya vurğulayır ki, qeyd olunan normada nəzərdə tutulmuş illik 5 faiz, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hər hansı şərtdən asılı olmayaraq hesablanan minimum qanuni faizdir. Bu səbəbdən, hər hansı obyektiv və ağlabatan əsas olmadan, qanuna əsasən hesablanmalı gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsi ilə bağlı mübahisənin Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə başa çatdığı (o cümlədən əmlakın dəyərinin ödənilməsi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququnun bu qərarda izah olunduğu) nəzərə alındıqda, həmin tarixdən hazırkı iddianın qaldırıldığı xx.xx.2018-ci ilə tarixədək gecikdirilən günlərin sayı 2559-dur. 90.000 manatın 2559 gün üçün illik 5 faizi isə 31.987 (90.000x5=0,05:360=12,5x2559=31.987) manat təşkil edir. Ona görə də, qətnamə illik 5 faiz tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, Cavabdeh MMC-dən 31.987 manat faiz tutularaq İddiaçı ödənilməlidir. Kollegiya, iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə bildirir ki, onun cavabdehdən almalı olduğu pul vəsaitinin gecikdirilməsinə görə düşdüyü zərər hazırkı qətnamə ilə illik 5 faiz məbləğinin tutulması ilə bərpa olunur. İddiaçı, digər əsaslardan çıxış edərək daha böyük məbləğdə zərərin əvəzini tələb edə bilmədiyi üçün əldən çıxmış faydanın ödənilməsi iddiası təmin oluna bilməz. Çünki, həmin əsasları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən bu halları təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Kollegiya, iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya, iddiaçının düşdüyü maddi zərərin illik faizi ilə birlikdə cavabdehdən tutulduğunu və mənəvi zərər tələbinin kifayət qədər əsaslandırılmadığını nəzərə alaraq həmin tələbi də əsassız sayır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əldən çıxmış fayda və mənəvi zərər hissələrində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, həmin hissələrdə İddiaçı şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti rədd edilsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-736/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi “qeyri-yaşayış sahəsinin dəyərinin və icarə haqqı olan vəsaitin qanunsuz saxlanılmasına görə illik 5 faiz hesablanmaqla 184.800 manatın tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31.987 (otuz bir min doqquz yüz səksən yeddi) manat məbləğində faiz tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-1792/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1792/2020
12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver