Məhkəmə qərarları › İş №2(103)-1793/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1793/2024

12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1793/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin lazımi qaydada icra edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 Lətif oğlunun, Cavabdeh nümayəndəsi X5 qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4658/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən dərhal ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Müqavilənin 4.2-ci bəndinə əsasən göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu müqavilə ləğv edilə bilər.

3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. 10.600 avro məbləğində pul vəsaitinin 30%-i 3.180 avro təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.180 avro məbləğinin manata olan rəsmi məzənnəsinin və 83 manat dövlət rüsumunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 3.180 avro məbləğində pulun 2023-cü ilin bank uçot dərəcəsi (9%) əsas götürülməklə 287 avro məbləğinin manata olan rəsmi məzənnəsinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 2, 17 saylı mənzilə görə ödənilmiş 72.900 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 14.580 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1580/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-241/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-615/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qismən - “Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 2, 17 saylı mənzilə görə ödənilmiş 72.900 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 14.580 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması” hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərarın qəbul edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1082/17 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-615/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-615/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Avropa Məhkəməsinə şikayət təmin edilərək Cavabdeh 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Müqavilənin 4.2-ci bəndinə əsasən göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu müqavilə ləğv edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, 10.600 avro məbləğində pul vəsaitinin 30% 3.180 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 3.180 avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı Cavabdeh xx.xx.2023-cü il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubunun xx.xx.2023-cü il tarixdə qəbul edilməsindən imtina edilmişdir. Bununla yanaşı bildirir ki, Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 3.180 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. xx.xx.2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə tək Cavabdeh ilə deyil, digər şəxslərlə (sifarişçilərlə) də bağlanmışdır. Həmin müqavilədə sifarişçilərdən biri olan X3 ilə arasında olan hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizəsi qismən (30% xidmət haqqı hissəsində) - xidmət haqqı olaraq 2.550 avro məbləğində pulun T.Muradovadan tutularaq ona ödənilməsi hissəsində təmin edilməsi qət edilmişdir. Eyni şərtlərlə sifarişçilərlə arasında bağlanmış digər müqavilələrdən irəli gələn hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiyası məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizələri qismən (30% xidmət haqqı hissəsində) təmin edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021ci il tarixli qərarında adları qeyd edilən (hüquqlarını müdafiə etdiyi) 7 nəfərdən - 4 nəfərə qarşı iddia ərizələri təmin edilmiş və qəbul edilmiş qərarlar hazırda icra mərhələsindədir. Qalan 3 nəfərə qarşı iddia ərizələri birinci instansiya məhkəməsinin icraatındadır. Beləliklə Cavabdeh tərəfindən ona Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətin edilməsinə tapşırıq verilmiş, ona verilməsi qət edilmiş kompensasiya qəbul edilmiş və bununla da nümayəndə olaraq tərəfindən onun adından edilmiş müraciətin bəyənildiyi nümayiş etdirilmişdir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, “bu müqavilə xx.xx.2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır”. Həmin müqavilə əsasında iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək N.X4 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət etməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında N.X4 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4658/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 3.180 (üç min yüz səksən) avro məbləğində pul vəsaitinin ödəniş gününə olan Azərbaycan Respublikasının manat məzənnəsi ilə Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən hüquqi xidmət haqqında müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət edilməsini də əhatə etmişdir. Müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Cavabdeh ödənilmiş 10.600 avro məbləğində pulun 30 faizi olan 3.180 avro məbləğinin manata olan rəsmi məzənnəsi nəzərə alınmaqla, qeyd olunan məbləğ hüquqi xidmət xərci kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 404.1, 430.1, 442, 777.1, 777.2, 778.1, 778.2 və 449.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4658/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 404.1-ci maddəsinin Hüquqi Xidmət Haqqında xx.xx.2015-ci il tarixli müqavilənin predmetində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verməsinə tətbiqi qanunsuz və əsassızdır. Hüquqi Xidmət Haqqında xx.xx.2015-ci il tarixli müqavilədə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verməsi nəzərdə tutulmadığından həmin müqavilənin şərtlərini icra edilməməsi imtina və ya birtərəfli imtina kimi qiymətləndirilməsi əsassızdır. Hüquqi Xidmət Haqqında xx.xx.2015-ci il tarixli müqavilədə iddiaçıya Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi tapşırığı nəzərdə tutulmayıbdır. Hüquqi Xidmət Haqqında xx.xx.2015-ci il tarixli müqavilədə iddiaçının səlahiyyəti rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiya məhkəmələrinə aiddir. Hüquqi Xidmət Haqqında xx.xx.2015-ci il tarixli müqavilədə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsi nəzərdə tutulmamış, bundan sonra isə tərəfindən iddiaçıya və iş üzrə 3-cü şəxsə həmin məhkəməyə şikayətin verilməsi məqsədilə etibarnamə və müqavilə bağlanmamışdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hüquqi xidmət haqqında müqavilə vardır. Lakin müqavilənin predmeti Azərbaycan Respublikası daxilində olan məhkəmələr üçün nəzərdə tutulmuşdur. Avropa Məhkəməsinə müraciət orada nəzərdə tutulmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması ilə yanaşı, iş demək olar ki, araşdırılmamış, işə aidiyyəti olmayan şəxslər şahid qismində dindirilmiş və qətnaməninin tələblərini qanuniləşdirmək məqsədilə Mülki Məcəllənin 771-ci maddəsinə istinad edilmişdir. Amma iddia ərizəsinə tapşırığın icra olunub-olunmaması və ya tapşırığın verilməsi ilə əlaqədar heç bir sənəd əlavə olunmayıb. Qətnamədə tamamilə yanlış maddi hüquq normalarına istinad edilib. İşin məğzi olan etibarnamənin verilib-verilməməsi və tapşırıq müqaviləsinin olub-olmaması kimi faktlardan yan keçilib. Xətai Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh qarşı tərəfə tapşırıq müqaviləsi vermişdir. Həmin tapşırıq müqaviləsi əsasında iddiaçı Avropa Məhkəməsinə müraciət etmiş və müsbət qərar çıxarılmışdır. Həmin qətnamədə üçüncü şəxs qanunsuz olaraq prosesə daxil edilmişdir. X6 bildirmişdir ki, İddiaçı icraatında olan işlər üzrə Avropa Məhkəməsinə müraciət etmək üçün ona müraciət etmişdir. Hər hansı bir şəxsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi prosesə daxil edilməsi üçün üç vacib şərt lazımdır: 1) üçüncü şəxs hər hansı tərəflə maddi hüquq norması ilə hüquq münasibətində olması – lakin işə nəzər salınsa, iddiaçı və üçüncü şəxsin hansı norma ilə münasibətdə olmaları naməlumdur (etibarnamə, müqavilə və. s); 2) əgər bu münasibət etibarnamə, müqavilə ilə mövcuddursa, həmin şəxs bu predmetlə əlaqədar olan işdə iştirak edə bilməz; 3) məhkəmənin çıxardığı qətnamədə üçüncü şəxsin hüquq və vəzifələrinə necə təsir göstərməsi əks olunmalıdır. Qətnamədə bu üç şərtin tələbləri öz əksini tapmayıb. Üçüncü şəxslə nə müqavilə, nə də etibarnamə mövcuddur. Bütün məhkəmələrdən fərqli olaraq işə analoji qaydada baxan Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamədə qeyd olunur ki, şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanaraq göndərilməsi ilə əlaqədar göstərilən hüquqi xidmət xərcinin kompensasiyanın 30%-i həddində müəyyən edilməsi ilə bağlı tərəflər arasında hərhansı razılığın əldə edilməsinə dair hər–hansı mötəbər sübut iddiaçı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmiş və belə sübutlar məhkəmədə iclasında işə baxılan zaman da təqdim edilməmişdir. Əgər hal-hazırda iddiaçı Avropa Məhkəməsinə müraciət etmək üçün mötəbər sənəd təqdim etsə (etibarnamə, müqavilə), onda iddianı qəbul edəcək. Ali Məhkəmənin çıxardığı qərarlar barədə fikri odur ki, bu qərarlar preyudisial əhəmiyyət kəsb etmir. Ali Məhkəmə hakiminin mövqeyi və çıxardığı qərarla razılaşmır. 10.600 avro mübahisələndirilən iş üzrə kompensasiya alınmışdır. İşin mahiyyəti ondadır ki, bu işi kim görüb, iddiaçı tərəf yoxsa Bağırov Sadiq? Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı, lakin Bağırov Sadiqin dediyinə əsasən özü bu işi görüb.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, iddiaçıya 700 manat pul verib. Özünə görə 700 manat və anasına görə də 700 manat pul vermiş, buna baxmayaraq üç məhkəmədə də uduzmuşdur. 100 dolları onun yoldaşı, hansısa kafedə görüşərək iddiaçıya vermiş və demişdir ki, “bundan sonra bir qəpik də pul sənə ödəməyəcəm”. Pulu həm özünün, həm də anasının adından qəbul etmişdir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəfin istinad etdiyi bir sıra məhkəmələrin, xüsusilə Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamələr ləğv edilib. Avropa Məhkəməsinin çıxardığı vahid qərarda hamıya aid tələb olunan kompensasiya, xidmət müqaviləsi və şərtlər, hüquqi əsaslar eynidir, sadəcə cavabdehlər fərqlidir. Bunların hamısı qərarda öz əksini tapıb. O, 6-7 nəfərlə notarial qaydada hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə imzalamışdır. Öz cibindən bir sıra xərcləri, habelə dövlət rüsumunu ödəyərək birinci instansiya məhkəməsindən Ali Məhkəməyə kimi bunların işini o aparmışdır. O, milli məhkəmələrdə apardığı bır sıra eyni tipli işləri udaraq vətəndaşların kompensasiyasını yerində vermiş və 30%-ni özünə götürmüşdür. Bir sıra işlərdə isə iddia təmin olunmamışdır, o, bu işdə perspektiv gördüyü üçün hər bir vətəndaşa bildirdi ki, özünə görə yox, Bağırov Sadiq şikayətləri formaya salmağında ona kömək etdiyi üçün ona 100 manatdan pul versinlər. Bunun səbəbi odur ki, Bağırov Sadiq bu işdə ona yardım edərək şikayətin formasını düzəldərək Avropa məhkəməsinə hazırlayacaq, habelə ingilis dilini yaxşı bildiyi üçün tərcümə edəcəkdir. Sadiq dedi ki, “formal olaraq 100 manatdan pul versinlər ki, tərcümə edib göndərək”. İş üzrə aparılan hər bir konvertləşməyə görə onun 20-30 manat pulu çıxmışdır. Bu işləri o görmüş və bunların əvəzində pul ödəmişdir. Hətta vətəndaşlar ondan xahiş edirdilər ki, sən bu işi gör, nəinki 30%, bundan yuxarı miqdarda kompensasiya ödəyəcəklər. O da bunlara inanaraq heç bir ilə müqavilə imzalamadı. Bağırov Sadiq isə yalnız tərcümə edərək ona yardım göstərmişdir. Kommunikasiyanı yalnız özü aparmışdır. 20 Yanvarda 100 manatı Cavabdeh həm özü, həm də anasına görə gətirib vermişdir. Ali Məhkəmənin qərarı çıxdıqdan sonra 6 aylıq şikayət vermə müddətinə son 3 gün qalmış bu pulu gətirmişdi. Gətirməyinin səbəbi odur ki, artıq o, bu işə görə öz cibindən əlavə pul ödəmək istəmirdi və qarşı tərəfə bildirmişdir ki, pulu gətir, yoxsa müddət keçdikdən sonra vermək mümkün omayacaq. Bəziləri ona yeni tarix ilə etibarnamə vermişdir. Necə olur ki, onların 4-5-nin işini o gördü, qalanlarını isə Bağırov Sadiq? Əgər qarşı tərəf pulu istəmirdisə, Ali Məhkəmədən sonra həqiqətən də ondan imtina etmişdirsə, onda niyə pulu götürüb? Qarşı tərəf öz hesablarını təqdim etdiyi halda, onu kənar etdilər. Yalnız 10000 avro deyil, həmçinin Avropa Məhkəməsinin qərarına əsasən 3000 manat maddi ziyan vurulub. Cavabdeh 7600 avro, həmçinin vurulan maddi ziyana görə 3000 avro kompensasiya alıb. Avropa Məhkəməsinin çıxardığı qərar hələ Ali Məhkəmədə tanınma mərhələsindədir. Cavabdeh etibarnaməni 14 saylı notariat kontorunda vermişdir. Həmin etibarnamədə birinci instansiya, apellyasiya və kassasiya şikayəti verilməsi səlahiyyəti göstərilmişdir, Avropa Məhkəməsinə şikayət verilməsi isə öz əksini tapmayıb. O da qarşı tərəfə inanaraq bu xidmətdə onlarla əlavə müqavilə imzalamamışdır. Bağırov Sadiq bunu öz ərizəsi ilə təsdiq edib. Sadiq Bağırov bildirir ki, “mən ona tərcümə zamanı kömək etmişəm, faktiki olaraq işi görən İddiaçıdir”. Avropa Məhkəməsinə verilən şikayəti cavabdeh imzalamışdır, o imzalamamışdır. O, şəxsən bütün şikayətləri vətəndaşların özlərinə imzalatdırıb göndərmişdir. Bağırov Sadiqin adının Avropa Məhkəməsi qərarında keçməsinin səbəbi odur ki, bütün yazışmalar onun ünvanına gəlirdi.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 24.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.443.9-ci maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 26.777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 27.777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 28.778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 29.778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

30. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 31.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 32.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, tərəflər arasında hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin (tapşırıq müqaviləsi) bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bağlanmış müqaviləyə əsasən vəkalət alan-İddiaçı məhkəmə müstəvisində hüquqi xidmətlərin göstərilməsi istiqamətində vəkalət verənin xeyrinə müəyyən hərəkətləri etməyi, vəkalət verən-Cavabdeh isə tərəfindən lazımi qaydada göstərilmiş xidmətləri qəbul edib müqabilində isə müqavilədə nəzərdə tutulmuş həcmdə və qaydada muzd ödəməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında yaranmış öhdəlik münasibətlərindən iddiaçı tərəfindən həm də cavabdehin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədlərin hazırlanmasının, həmin hüquqi xidmətin təkcə ölkədaxili məhkəmələrində deyil, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməklə göstərilməsinin müqavilə predmeti ilə əhatə edildiyi müəyyən edilmişdir.

35. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək cavabdehin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. Bu halda xidmət göstərilən şəxs iş üzrə müəyyən edilmiş kompensasiyanı əldə etməklə, məhkəmə mərhələsindən asılı olmayaraq iddiaçı tərəfindən görülmüş işin nəticələrini qəbul etmiş, bununla da öhdəliyin hazırda mübahisələndirilən mahiyyəti ilə faktiki olaraq razılaşmışdır. Beləliklə də, cavabdehin əldə edtdiyi kompensasiya məbləğinin otuz faizini qonorar kimi hüquqşünasa ödəmək üzrə vəzifəsi yaranmışdır. Bekə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Avropa Məhkəməsindəki icraat birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraatın davamıdır, yəni məhkəmə mübahisəsi üzrə ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra həmin məhkəməyə müraciət oluna bilər. İddiaçı da cavabdehə hüquqi xidmət göstərərək, müqavilə şərtlərinə uyğun şəkildə mümkün olan bütün müdafiə vasitələrindən istifadə etmişdir. 36.İnsan Hüquqları üzrə Avropa Məhkəməsində cavabdehi vəkil Sadiq Bağırovun (hazırkı iş üzrə üçüncü şəxsin) təmsil etməsi də iddianın rədd edilməsinə əsas ola bilməz. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hazırkı iş üzrə mövqeyini ifadə edib, onun mövqeyi iddiaçının mövqeyi ilə üst-üstə düşür. İddiaçı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətin və zəruri sənədlərin hazırlanmasında iştirak edib, vəkil Sadiq Bağırov həmin işə məhz iddiaçının təşəbbüsü ilə cəlb olunub. Hüquqi xidmət haqqında müqaviləyə görə, iddiaçı cavabdehə hüquqi xidmət göstərməyə borclu olub. Borclu isə öz öhdəliklərinin icrası üçün digər şəxslərin xidmətlərindən istifadə edə bilər. Mülki Məcəllənin 443.9-cu maddəsinə görə borclu öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 37.Beləliklə Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan anlaşıldığı kimi vəkalət verən vəkalət alana, müvafiq tapşırığı vicdanla icra etdiyi üçün müqavilə ilə şərtləşdirilmiş məbləğdə muzd ödəmədiyi təqdirdə vəkalət alanın vəkalət verəndən görülmüş işlərin haqqını tələb etmək üzrə hüququ yaranır. 38.Cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməməklə müqavilə öhdəliyini icra etmədiyindən, iddiaçının görülmüş işə görə muzd almaq üzrə hüququnu pozmuş, nəticədə MPM-nin 4.1-ci maddəsinə əsasən sonuncunun, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 39.Qeyd edilənlərə əsasən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin yuxarıda istinad olunan maddələrini tətbiq etməklə, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında hüquqi xidmət xərci kimi 3.180 avro məbləğində (alınmış 10.600 avro kompensasiyanın 30 faizi) öhdəliyinin yarandığı barədə maddi hüquq normalarının tələblərinə uyğun olan nəticəyə gəlmişdir. 40.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər 42.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4658/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar