Məhkəmə qərarları › İş №2(103)-18/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-18/2021

25.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-18/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X8 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə və qeyrilərinə qarşı «mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(011)-1548/2016 saylı qətnaməsindən cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə və qeyrilərinə qarşı «mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü girişin 14-cü mərtəbəsində yerləşən 72,2 m2 yaşayış sahəsi olan 1 otaqlı 286 saylı mənzilin 20 dekabr 2010-cu il tarixdə «xxxx» MMC tərəfindən X11, 29 mart 2015-ci il tarixdə X2 dair bağlanmış mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, X7 286 saylı mənzildən çıxarılması, onun sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» MTK ilə aralarında 27 avqust 2008-ci il tarixdə «mənzil tikintisi haqqında» müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə «xxxx» MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə, binanın 3-cü giriş, 14-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 72,2 kv.metr olan 1 otaqlı mənzili tikib ona təhvil verməyi, o isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pay haqqını tam məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Onun tərəfindən mənzilin 39710 manat pay haqqı «xxxx» MTK-ya tam ödənilmiş, bu barədə ona müvafiq maliyyə arayışı verilmişdir. Bakı şəhər İHB-nın 20 may 2005-ci il tarixli sərəncamı ilə «xxxx» MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. «xxxx» MMC ayrılmış torpaq sahəsində hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək üçün maddi imkanı olmadığına görə 03 may 2006-ci il tarixdə «xxxx» MTK ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə «xxxx» MMC tikinti işlərinin aparılması üçün lazım olan inşaat pasportu, eskiz layihəsi, işçi layihəsi və tikintiyə başlamaq aktını Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qaydada həll etdikdən sonra «xxxx» MTK-nin sərəncamına verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə eyni zamanda «xxxx» MTK-ya nizamnaməsinə uyğun olaraq kooperativə qəbul olunmuş payçılarla müvafiq müqavilələr bağlamaq səlahiyyəti verilmişdir. 2013-cü ilin fevral ayında «xxxx» MMC «xxxx» MTK və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, 0,3 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən sahəsi 72,2 kv.metr olan 1 otaqlı 286 saylı mənzilə dair «xxxx» MTK ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin «xxxx» MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 dekabr 2014-cü tarixli qətnaməsi ilə ona və qeyrilərinə qarşı müqavilənin etibarsız sayılması və mənzillərin qaytarılması barədə «xxxx» MMC-nin iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 19 may 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh «xxxx» MTK müqavilə öhdəliklərini icra etməməklə, «xxxx» MMC isə onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırıb onu hazırda sözügedən mənzilə buraxmamaqla, mənzilə olan sahiblik, istifadə hüquqlarını pozmuşdur. Bununla yanaşı, mübahisəli mənzil ona satıldıqdan sonra, onun razılığı olmadan «xxxx» MMC mənzili əvvəl «mənzil tikintisi haqqında» 20 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən Roman Qaraşova, 29 mart 2015-ci il tarixli müqaviləyə əsasən isə Zərqələm Sadıqovaya satmışdır. Ona görə də Roman Qaraşov və Zərqələm Sadıqova ilə bağlanmış «mənzil tikintisi haqqında» müqavilələr etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(011)-1548/2016 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia təmin olunmuş, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilinə dair «xxxx» MMC ilə X13 arasında bağlanmış 29 mart 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, 50000 manat məbləğində pul vəsaitinin «xxxx» MMC-dən alınaraq X9 ödənilməsi, həmçinin qeyd edilən mənzilə dair «xxxx» MMC ilə X14 arasında bağlanmış 26 dekabr 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, 47000 manat məbləğində pul vəsaitinin «xxxx» MMC-dən alınaraq X11 ödənilməsi, X7 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilindən çıxarılması, həmin mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və mənzilin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Cavabdeh «xxxx» MMC qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31avqust 2016-cı il tarixli, 2(103)- 3200/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(102)- 6653/2017 saylı qərarı ilə cavabdeh «xxxx» MMC-nin kassasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 avqust 2016-cı il tarixli, 2(103)-3200/2016 saylı qətnaməsi qismən, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilin İddiaçı təhvil verilməsi hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya icraatı zamanı qətnamə hüquq və vəzifəlrinə toxunan şəxs X6 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, yaşayış binasının əsl sahibinin «xxxx» MMC olması, «xxxx» MTK-nın podratçı təşkilat olması, aralarında 03 may 2006-cı il tarixdə mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının inşa edilməsinə dair podrat müqaviləsinin bağlanması, «xxxx» MTK-nın başqa şəxslərlə mənzillərə dair müqavilə bağlamaq hüququnun olmaması, mənzilin iddiaçıya təhvil verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməldir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(102)-6653/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 avqust 2016-cı il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilin İddiaçı təhvil verilməsi hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Yəni, birinci instansiya məhkəməsinin qətnaməsi – «Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilinə dair «xxxx» MMC ilə X13 arasında bağlanmış 29 mart 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, 50000 manat məbləğində pul vəsaitinin «xxxx» MMC-dən alınaraq X9 ödənilməsi, həmçinin qeyd edilən mənzilə dair «xxxx» MMC ilə X14 arasında bağlanmış 26 dekabr 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, 47000 manat məbləğində pul vəsaitinin «xxxx» MMC-dən alınaraq X11 ödənilməsi, X7 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilindən çıxarılması, həmin mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması» hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayətinə əsasən qeyd edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kassasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 avqust 2016-cı il tarixli, 2(103)-3200/2016 saylı qətnaməsi qismən ləğv edib, işi yeni apellyasiya baxışına göndərərkən göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini «mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, Zərqələm Sadıqovanın mənzildən çıxarılması, mənzilə İddiaçı sahiblik, istifadə hüququnun tanınması» hissəsində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 27 avqust 2008-ci il tarixli «mənzil tikintisi haqqında» müqaviləyə əsasən «xxxx» MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşən binada 3-cü giriş, 14cü mərtəbədə, ümumi sahəsi 72,2 kv.metr olan, 1 otaqlı 286-cı mənzili tikib İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pay haqqını «xxxx» MTK ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay haqqı 39710 manat müəyyən edilmiş və haqqı İddiaçı tərəfindən tam məbləğdə ödənilərək sonuncunun adına 27 avqust 2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mənzilə dair İddiaçılə bağlanmış «mənzil tikintisi haqqında» müqavilə ləğv olunmadığı və sonuncunun mənzilə olan hüquqlarına xitam verilmədiyi halda, «xxxx» MMC tərəfindən mənzilə dair Zərqələm Sadıqova ilə 29 mart 2015-ci il tarixli, Roman Qaraşovla 26 dekabr 2015-ci il tarixli «mənzil tikintisi haqqında» müqavilələr bağlanmışdır. Mənzilin pay haqqı şəklində Zərqələm Sadıqova tərəfindən 50000 manat, Roman Qaraşov tərəfindən isə 47000 manat pul ödənilmiş və «xxxx» MMC tərəfindən həmin şəxslərin adlarına maliyyə arayışları verilmişdir. Bundan başqa işdən görünür ki, Zərqələm Sadıqova «mənzil tikintisi haqqında» müqavilədə nəzərdə tutulmuş 59000 manat pul vəsaitindən 50000 manat pulu hissəhissə «xxxx» MMC ödəmişdir və hazırda onun 9000 manat ödənilməmiş borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mənzilə dair İddiaçılə «mənzil tikintisi haqqında» müqavilə bağlandığı halda, həmin müqavilə ləğv edilmədən, yaxud müqavilə şərtlərinə xitam verilmədən, sonradan «xxxx» MMC tərəfindən mənzilə dair Zərqələm Sadıqova ilə 29 mart 2015-ci il tarixli, Roman Qaraşovla 26 dekabr 2015-ci il tarixli «mənzil tikintisi haqqında» müqavilələrin bağlanması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Kassasiya instansiyası məhkəməsi qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb hesab edir ki, 27 avqust 2008-ci il tarixli «mənzil tikintisi haqqında» müqaviləyə və maliyyə arayışına əsasən İddiaçı mənzilin pay haqqını tam məbləğdə ödəməklə həmin mənzilə mülkiyyət hüququ əldə etdiyindən, sonradan həmin mənzilə dair Zərqələm Sadıqova və Roman Qaraşovla bağlanmış «mənzil tikintisi haqqında» müqavilələr əhəmiyyətsiz əqdlər olmaqla, bağlandığı andan etibarsız olmuşdur. Çünki «xxxx» MMC özünə aid olmayan mənzilə dair müqavilələr bağlamaqla, İddiaçı həmin mənzilə olan hüquqlarını pozmuşdur. Digər tərəfdən işdən görünür ki, «xxxx» MMC sözügedən mənzilə dair İddiaçılə bağlanmış «mənzil tikintisi haqqında» müqaviləni ayrıca məhkəmə qaydasında mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 dekabr 2014-cü tarixli qətnaməsi ilə «xxxx» MMC-nin iddia ərizəsi əsassız olduğundan rədd edilmiş və sonradan həmin işə kassasiya qaydasında baxılaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı mənzilə hüquqları qanuni əsaslarla əmələ gəlmişdir və mənzilə dair onunla bağlanmış «mənzil tikintisi haqqında» müqavilənin etibarlı olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Göründüyü kimi, «xxxx» MMC-nin etirazlarına (dəlillərinə) kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilərək, əsassız sayılmışdır. Kassasiya instansiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılarkən, məhkəmə aktı maraqlarına toxunduğu halda X4 işdə iştirak etməyə cəlb etməmişdir. Halbuki, mübahisəli mənzilə dair «xxxx» MMC ilə X6 arasında 02 iyul 2013-cü il tarixli «mənzil tikintisi haqqında» müqavilə bağlanmış və müqavilənin şərtlərinə görə «xxxx» MMC mənzili tikib Yeganə Haqverdiyevanın sahibliyinə, istifadəsinə verməyi, sonuncu isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 41000 manat pay haqqını «xxxx» MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. X12 Məhkəməyə müraciətindən görünür ki, o mənzilin pay haqqını tam məbləğdə ödəmiş, bu barədə ona borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Mənzili satın aldıqdan sonra o, mənzilə yeni qapı qoymuş və mənzilin açarları ondadır. Məhkəmə bu səbəbdən də kassasiya instansiyası cavabdeh «xxxx» MMC-nin kassasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 avqust 2016-cı il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilin İddiaçı təhvil verilməsi hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı üçüncü şəxs X1 Yeganə Xanqulu qızı mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə inşa edilən binada 3-cü giriş, 14-cü mərtəbədə yerləşən 1 otaqlı 286 saylı mənzilinə dair İddiaçı ilə «xxxx» MTK arasında bağlanmış 27 avqust 2008-ci il tarixli müqaviləni mübahisələndirdiyindən icraat həmin işə baxılanadək dayandırılmışdır. İşdə olan məhkəmə aktlarından (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı) görünür ki, X3 cavabdehlər «xxxx» MTK-ya və İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən 286 saylı mənzilin tikintisinə dair «xxxx» MMC ilə aralarında bağlanmış 02 iyul 2013-cü il tarixli müqavilənin «xxxx» MTK ilə İddiaçı arasında bağlanmış 27 avqust 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə nisbətdə icra olunmuş sayılması, həmin mənzilin istifadəsində və sahibliyində olmasının müəyyən edilməsi, «xxxx» MTK ilə İddiaçı arasında bağlanmış 27 avqust 2008-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə xitam verilməsi barədə ilk iddianın rədd olunmuş, eyni zamanda qarşılıqlı iddia qismən təmin olunmuş, X6 ilə «xxxx» MMC arasında ünvan 1 ünvanda yerləşən binanın 3-cü giriş, 14-cü mərtəbəsindəki 1 otaqlı, 286 saylı mənzilə dair bağlanmış 02 iyul 2013-cü il tarixli müqavilənin həmin mənzilə münasibətdə etibarsız hesab edilməsi qət olunmuşdur. Göründüyü kimi, qanuni qüvvədə olan sonrakı məhkəmə qərarları ilə də mübahisəli mənzil üzərində məhz iddiaçının əmlak hüquqlarının mövcudluğu müəyyən olunmuş, üçüncü şəxs X3 qeyd edilən iddia tələbləri rədd olunmaqla yanaşı, sonuncunun mübahisəli mənzilə dair bağladığı müqavilə də həmin mənzilə münasibətdə etibarsız sayılmışdır. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda isə, üçüncü şəxslə bağlanmış müqavilə mübahisə predmeti olan daşınmaz əmlak (mənzil) üzərində sonuncunun qanuni əmlak hüquqlarının yaranmasına əsas ola bilməzdi. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, apellyasiya şikayətlərinin dəlilləri, həmçinin üçüncü şəxsin icraata cəlb olunması halı birinci instansiya məhkəməsinin qətnamənin yoxlanılan hissədə ləğvinə əsas ola bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə və qeyrilərinə qarşı «mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(011)-1548/2016 saylı qətnaməsindən cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(011)-1548/2016 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar