Məhkəmə qərarları › İş №2(103)-1800/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1800/2020

10.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1800/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(007)- 2917/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 ABŞ dolları məbləğində əsas vəsait, 16333,28 ABŞ dolları məbləğində faiz borcu, 10000 manat məbləğində mənəvi zərər, 200 manat hüquqi yardım üçün ödənilən məbləğ və 30 manat 40 qəpik dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud olduğu üçün, bu barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X10 20.11.2018-ci il tarixində dəqiqləşdirilməmiş beyindaxili qansızma səbəbindən vəfat etmişdir. Atasının yeganə vərəsəsi odur. Bu barədə 25.05.2019-cu il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 2V-191 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.06.2010-cu il tarixində X6 verilmiş **********61-05101-033010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən və real vaxt rejimində əldə edilmiş 25.05.2019-cu il tarixli, ********** nömrəli arayışa əsasən yüklülük qeyd olunmamış ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 42,2 kv.m, yaşayış sahəsi 29,2 kv.m, yardımçı sahəsi 13 kv.m olan 2 otaqlı mənzilin mərhum X6 məxsus ½ hissəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 02.06.2010-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 18 saylı evin 29-cu mənzili X4 və keçmiş arvadı Cavabdeh hər birinə 1/2 hissə olmaqla paylı mülkiyyətlərində olmuşdur. Cavabdeh 2014-cü ildə "birgə paylı mülkiyyətin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölünməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-3055/2014 saylı 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 18 saylı evin 29-cu mənzilinin açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyətçiləri olan Cavabdeh ilə X10 arasında paylarına mütanasib sürətdə bölünməsi qət edilmişdir. X10 ilə Cavabdeh arasında sonradan məhkəmədən kənar əldə edilmiş razılaşmaya görə X10 mənzilə olan 1/2 hissə payının əvəzində Cavabdeh 35000 ABŞ dolları məbləğində nağd pul ödəməyi, sonuncu isə bunun müqabilində həmin mənzilə olan bütün mülkiyyət və istifadə hüququndan X4 xeyrinə imtina etməyi, gələcəkdə də həmin mənzilin mülkiyyətçiliyi barədə məsələni mübahisələndirməməyi öhdələrinə götürmüşlər. 11 dekabr 2014-cü il tarixdə X10 razılaşdırılmış məbləği ödəmiş və Cavabdeh da Bakı şəhəri 3 saylı notariat kontorunda təsdiqlənmiş “mən Cavabdeh Bakı şəhəri, Q.Qarayev prospekti, 18 saylı evn 29-cu mənzilinin paylı mülkiyyət hüququndan X4 xeyrinə imtina edib, bunun müqabilində X3 35000 (otuz beş min) ABŞ dolları məbləğində nəğd pul aldım. Aldığım pulun məbləğinə etirazım və iradım yoxdur” məzmunlu sənəd yazaraq X6 vermiş, 12 dekabr 2014-cü il tarixdə də Cavabdeh bu barədə razılaşmanı əks etdirən notarial təsdiqli ərizə ilə (həmin ərizə də 11.12.2014-cü il tarixində Bakı şəhər 3 saylı notariat kontorunda təsdiqlənmişdir) Nizami Rayon Məhkəməsinə müraciət edərək, “35000 ABŞ dolları məbləğində pulun müqabilində həmin mənzilə olan mülkiyyət və istifadə hüquqlarından X4 xeyrinə imtina etdiyini, gələcəkdə həmin mənzilin mülkiyyətçiliyi barədə məsələni mübahisələndirməyəcəyini, ona görə də 2(007)-3055/2014 saylı 08 oktyabr 2014-cü il tarixli qətnamənin icraya yönəldilməməsini xahiş etmişdir". X10 həmin mənzilə dair tam mülkiyyət hüququ ilə öz adına Çıxarış əldə etmək istəsə də DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinin təqdim olunması tələb olunmuşdur. Bundan sonra dəfələrlə Cavabdeh mənzilin X4 adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilərək ona Çıxarış alınması üçün özünə məxsus 1/2 hissədə payın alqı-satqısında dair müqavilə bağlamağı tələb etsə də, Cavabdeh buna görə əlavə pul tələb edərək razılıq verməmişdir. Ona görə də X10 məcbur oub Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mənzilə dair çıxarışda keçmiş arvadı Cavabdeh 1/2 hissədə olan payına xitam verilməsi və X4 adına həmin mənzilə tam mülkiyyət hüququna dair yeni Çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin Nizami Rayon Məhkəməsinin 2(007)-1148/2015 saylı 06 fevral 2015-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və izah edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Q.Qarayev prospekti, 18 saylı evin 29-cu mənzilinə olan mülkiyyət və istifadə hüquqlarından E.Əşrəfovun xeyrinə pulun ödənilməsi müqabilində xitam verilməsinə razı olduğundan, qeyd olunan məsələ məhkəmədən kənar qaydada Mülki Məcəlləsinin 22.1-ci maddəsinə əsasən Cavabdeh öz istəyi ilə payının satışı yolu ilə həll edilə bilər. Bundan sonra X10 yenə də Cavabdeh ilə əlaqə saxlayıb onunla razılaşmağa cəhd etsə də sonuncu razılığa gəlməkdən imtina edib, alqı-satqı müaviləsini rəsmiləşdirməkdən yayınmışdır. Halbuki, onun payı qarşılığında tələb etdiyi məbləği tam şəkildə ona ödəmişdir. Cavabdeh X2 faktiki olaraq aldatmış, pulunu əlindən almışdır. Cavabdeh Elşən Ərəfovun etibarından sui-istifadə etmiş, alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli mənzildəki 1/2 payını X4 adına keçirmək əvəzinə pulunu əlindən alıb qəbz verib ki, hakim mübahisəli mənzili hərraca çıxarmasın. Cavabdehin bu hərəkətləri X1 tamamilə sıradan çıxarmış və nəticədə beyninə qan sızması səbəbindən 58 yaşında vəfat etmişdir. Cavabdeh X3 aldığı 35000 ABŞ dolları məbləğində pulu, özgənin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitdən (35000 ABŞ dolları) faizləri məhkəmə qərarı çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürməklə: 11.12.2014-cü il tarixdən 02.08.2019-cu il tarixədək, yəni 4 il 8 ay x illik 10 faiz (uçot dərəcəsi ilə) hesablamaqla 16333,28 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Cavabdeh mərhum X7 aldadaraq 35000 ABŞ dolları məbləğində pulunu ələ keçirəndən sonra, verdiyi qəbzdə göstərdiyi öhdəliyi icra etməkdən imtina etməsi bir yana, faktiki olaraq X6 qarşı təhtid, əlavə pul tələbi, şantaj və s. qeyri-hüquqi hərəkət etməsi sonuncunun ölümünə səbəb olduğundan o, mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(007)- 2917/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 35000 ABŞ dolları məbləğində vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla), 100 manat hüquqi yardım üçün ödənilən məbləğ və 30,40 manat dövlət rusumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, iddia ərizəsində qeyd edilən məbləği almamışdır. Yalnız həmin məbləğlə bağlı razılığa gəlmişlər, lakin, həmin məbləğdə pul ona ödənilmədiyi üçün müqavilə bağlamaqdan imtina etmişdir. Əgər digər tərəfin qeyd edilən məbləği vardısa, o zaman birbaşa müqavilə bağlanmış olardı və qeyd edilən qəbzə də ehtiyac olmazdı. İddiaçının məhkəməyə təqdim etdiyi qəbz Azərbaycan dilində yazılmış və orada pulun alınması qeyd edilmişdir. O isə Azərbaycan dilini bilmir və qəbzdə rus dilində qeydləri vardır, öz qeydlərində pulun alınmasını qeyd etmir, yalnız mənzilin satışı məsələsində razılığının olmasını bildirir. Azərbaycan dilini bilməyən şəxsin müvafiq qaydada tərcüməçi dəvət edilmədən ondan aldatma yolu ilə alınmış qəbz mötəbər hesab edilə bilməz. Mübahisəli mənzilin dəyəri qəbz verilmiş tarixdə 85.000 manat təşkil etmiş, yəni ½ pay 42.500 manat olmuş, 35.000 ABŞ dolları isə həmin vaxt 0,78 məzənnə ilə 27.300 manat təşkil etmişdir. Bu isə bir daha təsdiq edir ki, dəyəri 85.000 manat olan mənzilin ½ payının onun tərəfindən 27.300 manata satılması mümkün deyil. Həmin pul verilmiş olsa idi, müvafiq hesabdan hesaba köçürülümə yolu ilə olmalı idi. Qəbz formal xarkter daşımış və onu aldatmaqla, onun azərbaycan dilini bilməməsindən istifadə edilməklə alınmışdır. İş üzrə iddia müddəti tətbiq edilməlidir. Həmçinin iddia ərizəsində ondan 35.000 ABŞ dolları, yəni pulun xarici valyutada tutulması xahiş edilmişdir. İddianın bu hissəsi də əsassızdır. Belə ki, əgər həmin pul həqiqətən verilmiş olsaydı və iddia da müddəti ötürülmədən 3 il ərzində verilmiş olsaydı, o zaman iddia yalnız pul verilən tarixdə həmin məbləğin manata məzənnəsi neçə olmuşdursa (həmin vaxt üçün 27.300) həmin həddə təmin edilə bilərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili isə apellyasiya şikayətinə etirazı müdafiə edərək, apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, iddia qismən təmin edilmiş olsa da, iddiaçı mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirmişdir. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməklə yeni qətnamə qəbul edilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvandakı mənzil X4 və Cavabdeh paylı mülkiyyətində olmuşdur. Mənzil X4 adına 02.06.2010-cu il tarixdə ********** nömrəsi ilə, Cavabdeh adına isə 21.08.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 25.05.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 20.11.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 02/06/2010 cu il tarixdə X6 verilmiş **********61-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən və real vaxt rejimdə əldə edilmiş 25.05.2019cu il tarixli, ********** nömrəli arayışa əsasən yüklülük qeyd olunmamış ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 42.2 kv/m , yaşayış sahəsi 29.2 kv/m, yardımçı sahəsi 13 kv/m olan 2 otaqlı mənzilin mərhum X6 məxsus 1/2 hissəsindən ibarətdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 18, ünvandakı 29 saylı mənzil hal-hazırda bərabər paylarla İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Mənzil Cavabdeh adına 21.08.2019-cu il tarixdə ********** nömrəsi ilə, İddiaçı adına isə 29.05.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3055/2014 saylı 08 oktyabr 2014cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, 18 saylı evin 29-cu mənzilinin açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyəçiləri olan Cavabdeh ilə X10 arasında paylarına münasib sürətdə bölünməsi qət edilmişdir. Cavabdeh tərəfindən 11.12.2014-cü il tarixdə imzalanmış qəbzin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 18, ünvandakı 29 saylı mənzildəki paylı mülkiyyət hüququndan X4 xeyrinə imtina edib, bunun müqabilində X3 35000 ABŞ dolları məbləğində nağd pul almışdır. Aldığı pulun məbləğinə etirazı və iradı yoxdur. Həmçinin Cavabdeh qeyd etmişdir ki, bu mənzilə dair E.Əşrəfova qarşı hazırda və gələcəkdə hər hansı iddia və tələbi olmayacaq, ərizə onun sözlərindən yazılmışdır və imzası ilə təsdiq edir. Cavabdeh Nizami Rayon Məhkəməsinə ünvanlandığı, 11.12.2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində də mübahisəli mənzildəki payına görə X3 35000 ABŞ dolları məbləğində nağd pul alaraq, payından sonununun xeyrinə imtina etdiyi bildirərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3055/2014 saylı iş üzrə 08.10.2014-cü il tarixli qətnaməsini icraya yönəltməməyi xahiş etmişdir. Hazırda iddiaçı cavabdehin öz payını mərhum atasına satdığını, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etməsinə əsaslanaraq, həmin paya görə mərhum atası tərəfindən ödənilmiş pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə həmin qəbzin formal xarakter daşıdığını, ona 35.000 ABŞ dolları məbləğində pulun verilmədiyini qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atası X10 20.11.2018-ci il tarixində vəfat etmişdir. İddiaçı onun yeganə vərəsəsidir. Bu barədə 25.05.2019-cu il tarixində notarial qaydada təsdiqlənmiş 2V-191 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vardır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 42,2 kv.m, yaşayış sahəsi 29,2 kv.m, yardımçı sahəsi 13 kv.m olan 2 otaqlı mənzilin mərhum X6 məxsus ½ hissəsindən ibarətdir. Cavabdeh 2014-cü ildə "birgə paylı mülkiyyətin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölünməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 2(007)-3055/2014 saylı 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 18 saylı evin 29-cu mənzilin açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyətçiləri olan Cavabdeh ilə X10 arasında paylarına münasib sürətdə bölünməsi qət edilmişdir. X10 ilə Cavabdeh arasında sonradan məhkəmədən kənar əldə edilmiş razılaşmaya görə X10 mənzilə olan 1/2 hissə payının əvəzində X5 35000 (otuz beş min) ABŞ dolları məbləğində nağd pul ödəməyi, sonuncu isə bunun müqabilində həmin mənzilə olan bütün mülkiyyət və istifadə hüququndan X4 xeyrinə imtina etməyi, gələcəkdə də həmin mənzilin mülkiyyətçiliyi barədə məsələni mübahisələndirməməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2014-cü il tarixdə X10 razılaşdırılmış məbləği ödəmişdir. Bu barədə cavabdeh tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş qəbz vardır. Lakin cavabdeh pulu aldıqdan sonra mənzilə olan payından imtina etməli olduğu halda bunu etməmiş və bu günə qədər mübahisəli mənzilin ½ hissəsi onun mülkiyyətində qalmışdır. Hal hazırda mənzilin digər ½ hissəsinin mülkiyyətçisi və mərhum X4 yeganə vərəsəsi İddiaçıdır. İddiaçı atasının cavabdehə verdiyi 35000 ABŞ dolları məbləğində pulu, eləcə də maddi və mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, 35000 ABŞ dolları məbləğində pulun cavabdehdən tələb olunması hissəsində iddia tələbinin qanuni əsası mövcuddur. Həmin hissədə iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2-ci maddəsinə, habelə «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsaslanaraq, 35000 ABŞ dolları məbləğində pulun cavabdehdən tələb olunması hissəsində iddia tələbinin qanuni əsasının olması və həmin hissədə iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin35000 ABŞ dolları məbləğində vəsaitin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla) iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində birinci instansiya məhkəməsi işin hallarına dair düzgün nəticəyə gəlsə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, Mülki Məcəllənin 21-ci maddəsi ümumi normadır və zərərin ümumi anlayışını verməklə, zərərin əvəzinin hansı həcmdə ödənilməsindən bəhs edir. Həmin norma mülki qanunvericikdə nəzərdə tutulmuş zərərvurmanın ayrı-ayrı növləri üzrə (müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərər, əsassız varlanma nəticəsində vurulmuş zərər, hüquq pozuntularından (deliktlərdən) əmələ gələn zərər və s.) vurulmuş zərərin tutulması zamanı parallel şəkildə tətbiq olunur. Hazırki iş üzrə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının atası ilə cavabdehin hər birinə ½ hissə olmaqla paylı mülkiyyətlərində olmuş, iddiaçının atası 2018-ci ildə vəfat etmiş, onun yeganə vərəsəsi olduğu üçün, mənzilin Elşən Əşrəfova məxsus olan ½ hissəsi iddiaçının adına qeydiyyatdan keçmiş və hazırda cavabdehlə onun paylı mülkiyyətindədir. Məhkəmə Kollegiyası hesab edir ki, mərhum Elşən Əşrəfov tərəfindən Cavabdeh mübahisəli mənzildəki ½ hissədə payına görə 35000 ABŞ dolları məbləğində nağd pul ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, belə ki, həmin hal iş materiallarında olan Cavabdeh 11.12.2014-cü il tarixli qəbz və ərizəsindən aşkar şəkildə müəyyən olunur. Sonuncunun həmin sənədlərin azərbaycan dilində tərtib olunması səbəbindən məzmunu barədə ona məlumat verilməməsinə dair dəlilləri təkzib olunur, çünki qəbz və ərizə notariat qaydada təsdiq olunmuşdur və hər iki sənədin çap mətnindən sonra Cavabdeh əlyazma ilə sənədlərin məzmunu ilə tanış olduğunu və onun sözlərindən yazıldığını təsdiq etmişdir. Kollegiyanın qənaəti ondan ibarətdir ki, mərhum Elşən Əşrəfovla Cavabdeh arasında sonuncunun payının alqı-satqısı baş vermiş, lakin həmin əqd notariat qaydada təsdiq olunmalı olduğu halda, tərəflər onu şifahi qaydada bağlamışlar. Yəni, 11.12.2014-cü il tarixli qəbzlə Elşən Əşrəfov 35000 ABŞ dolları məbləğində pul ödəməklə faktiki olaraq Cavabdeh payını almışdır. Lakin, qanunun tələbinə görə, daşınmaz əmlakla bağlı əqdin notariat qaydasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göründüyü kimi, mərhum Elşən Əşrəfovla Cavabdeh arasında sonuncunun payının alqı-satqısına dair əqdin formasına riayət olunmamışdır. Belə əqd isə qanunun tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni zamanda qanun etibarsız əqdlər üzrə hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı tələb edir (MM-nin 337.5-ci maddəsi). Cavabdehin öz sözləri ilə yazıldığını bildirərək, öz imzası ilə təsdiq etdiyi qəbzdən görünür ki, o, mübahisəli mənzilə olan payına görə X3 35000 ABŞ dolları məbləğində nağd pul almışdır. Həmin əqd etibarsız hesab edildiyi üçün Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə əsasən cavabdeh etibarsız əqd üzrə aldığını qaytarmalıdır. Cavabdeh apellyasiya şikayətində qəbzin formal olması, həmin pul məbləğini almaması, azərbaycan dilini bilməməsi barədə qeyd etdikləri əsassızdır. Belə ki, artıq yuxarıda da qeyd olunduğu kimi, o, qəbzdə özü qeyd etmişdir ki, qəbz onun sözlərindən yazılmışdır və mətni ilə tanışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə də qiymət verən Kollegiya qeyd edir ki, mərhum Elşən Əşrəfovla Cavabdeh arasında bağlanmış əqd əhəmiyyətsizdir, Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbinə görə isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunda bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur və bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Mülki Məcəllənin 354-cü maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia o halda bu əsaslarla rədd oluna bilər ki, onun icrasına başlanılsın və icraya başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə mübahisələndirmə müddətinin axımı həmin əqdin icrasına başlanılması anı ilə şərtləndirilmişdir, yəni maraqlı şəxs üçün əhəmiyyətsiz əqdi mübahisələndirmə müddətinin axımı həmin əqdin icrasına başlandığı vaxtdan hesablanır. Hazırki işdə isə əhəmiyyətsiz əqd hesab olunan alqı-satqı müqaviləsinin icrasına başlanmamışdır. Ona görə də iddiaçı hazırki tələbi irəli sürmək üçün müddəti buraxmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, məhkəmə mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməməklə, iddia tələbinə etibarsız əqdlərə aid qanunvericiliyin tələbləri baxımından qiymət verməmiş, zərər barədə maddi hüquq normasına istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2917/2019 saylı iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən - Cavabdeh 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla) İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsait İddiaçı xeyrinə tutusun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar