Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1800/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh1 ASC-nin İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və nümayəndəsi (arvadı) X1, cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada yerinə yetirilmiş təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat, əldən çıxmış faydaya görə 20.000 manat, obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin əvəzi olaraq 34.400 manat, obyekt boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş zərərin – 10.000 manat, mənəvi zərərin – 50.000 manat, cəmi 195.146 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının qohumudur və cavabdeh ASC-nin rəhbəridir. ASC-nin ərazisində müxtəlif vaxtlarda bir çox qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdır. Cavabdeh ASC əvvəllər Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərirdi. Əsas fəaliyyəti Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən təşkilatlara məxsus binaların təmir və tikintisi ilə məşğul olmaqdan ibarət idi. Cavabdeh ASC-nin təkcə Bakı şəhərində Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi, Xəzər və Səbail rayonunda tikinti sahələrinin olduğunu bilirdi. Cavabdeh ASC-nin 1 saylı tikinti sahəsi isə Sabunçu rayonu ərazisində yerləşirdi. 1 saylı tikinti sahəsi ASC-nin tikililərin sayına və ölçüsünə görə ən böyük sahəsi sayılırdı. Bu ərazidə çoxlu qaçqın və məcburi köçkün ailəsi məskunlaşdığı üçün dəfələrlə həmin binaların bu ailələr tərəfindən qanunsuz zəbt edilməsi halı ilə rastlaşan cavabdehlər bu qanunazidd hərəkətlərlə hüquq müstəvisində mübarizə aparmaq məcburiyyətində qalırdılar. İddiaçı 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olduqdan sonra Cavabdeh2 təkid və istəyi ilə, həmin tikinti sahəsinə nəzarət etməyə başlamışdır. Hətta 03.06.2003-cü il tarixdə cavabdeh ASC-nin 1 saylı tikinti sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə qəbul edilmiş və 08.09.2003-cü il tarixdə həmin sahədə böyük iş icraçısı vəzifəsinə keçirilmişdi. Bu vəzifələrə keçirilməyində Cavabdeh2 əsas məqsədi iddiaçının hüquqşünas olmağından istifadə etmək və bir qohum kimi onun ərazisinə daha etibarlı biri tərəfindən nəzarət olunması istəyi idi. İddiaçı, həmin vaxtlarda həyat təcrübəsinin az olması səbəbindən onun yalan vədlərlə bir çox insanları aldatmasından xəbəri yox idi. Qeyd olunan vaxtdan etibarən Cavabdeh2 iddiaçının həmin əraziyə daha yaxşı baxmağı üçün, əvvəlki iş icraçısının qaldığı otağı iddiaçının istifadəsinə vermişdir. Həmin otağın sahəsi təxminən 40 və 50 kv.metrdən çox olmazdı. Həmin otağı (iş kabineti) iddiaçıya verən Cavabdeh2 iddiaçıya bildirmişdir ki, həmin yeri iddiaçıya verir və iddiaçı öz istədiyi kimi düzəldə bilər, bundan sonra isə həmin yeri iddiaçının adına keçirəcək. İddiaçı, Cavabdeh2 sözlərinə inanaraq, təxminən 2004-cü ilədək həmin evdə yaşamağa başlamışdır. Bu evin gələcəkdə ona veriləcəyini nəzərə alaraq iddiaçı, müxtəlif vaxtlarda həmin evin yaxşılaşdırılması üçün, çoxlu vəsait xərcləmişdir. Belə ki, iddiaçı, orda qaldığı 3 il müddət ərzində həmin evi yaşayış üçün yararlı vəziyyətə salmaq məqsədi ilə 12.000 manatdan artıq pul vəsaiti xərcləmiş, orada hamam tikdirib, qaz və su xətləri çəkdirmiş, elektrik xətti yenilətdirmişdir. 2004-cü ildə iddiaçı, nikaha daxil olaraq ailə qurduğu üçün mütəmadi olaraq rayona getməli olurdu. İddiaçının orda olmamağından istifadə edən Cavabdeh2 həmin evi başqa bir şəxsin istifadəsinə vermişdir. Bununla bağlı iddiaçı etirazını Cavabdeh2 bildirəndə isə, sonuncu iddiaçıya demişdir ki, ona yeni, rahat, yola yaxın olan və daha iri həcmli sahə verəcək ki, ailəsi ilə birlikdə orada yaşaya bilsin. Bundan sonra iddiaçı, cavabdehin təkid və təklifi ilə əvvəlki sahədən çıxardılaraq, ünvan 1 ünvanında yerləşən 105,5 kv.metr qeyriyaşayış sahəsinə köçmüş və bununla bağlı olaraq iddiaçı ilə Cavabdeh2 arasında 2004-cü ildə “İcarə müqaviləsi” bağlanmışdır. Müqavilə bağlanan zaman Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onlar qohum olduqları üçün gələcəkdə bu qeyri-yaşayış sahəsini iddiaçının adına keçirəcəkdir. Həmin qeyri-yaşayış sahəsi olduqca yararsız və istifadə üçün yararsız vəziyyətdə olsa da, Cavabdeh2 iddiaçıya bildirmişdir ki, bu qeyri-yaşayış sahəsini onun istifadəsinə verməkdə məqsədi bir qohum kimi guya yaxşılıq etmək istəyidir. Bunun müqabilində də, iddiaçı həmin qeyri-yaşayış sahəsini yaxşılaşdıraraq oranı təmir etməli və icarə müqaviləsi üzrə hər ay ASC-yə rəsmi olaraq 90 manat, qeyri-rəsmi olaraq isə Cavabdeh2 özünə 200 manat məbləğində pul verməli idi. Həmin sahə olduqca yarasız və bərbad vəziyyətdə olduğu üçün, iddiaçı, təxminən 2 ay müddətində öz vəsaiti hesabına oranı qismən yararlı vəziyyətə salmış və ailəsi ilə birlikdə oraya köçmüş və 2004-cü ildən 2015-ci ilədək, hər ay 290 manat pulu Cavabdeh2 ödəmişdir. Təxminən 10 ildən artıq müddətdə iddiaçı tərəfindən ASC-nin hesabına 10.000 manatdan, Cavabdeh2 isə əlavə olaraq 24.000 manatdan artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa iddiaçı, həmin sahənin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün 10 ildən artıq müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 85.000 manat məbləğində pul xərclənmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən həmin tikilinin dam örtüyündən tutmuş xarici fasadlarına qədər təmir edilmiş, binanın özülünün qrunt sularından azad olması üçün drenaj şəbəkəsi qurulmuş, daxili hissəsi yaşayış üçün yararlı vəziyyətə gətirilərək otaqlara ayrılmış və dəfələrlə təmir edilmişdir. Bina köhnə tikili olduğu üçün təmirdən sonra qısa müddət ərzində yararsız vəziyyətə düşürdü. Buna baxmayaraq, Cavabdeh2 həmişə iddiaçıya bildirirdi ki, guya gələcəkdə səhmdarların iclasını keçirməklə həmin binanı onun adına keçirəcək və iddiaçı hər ay 190 manat ödəməkdən azad olacaq. Lakin 2015-ci ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 onun etibarından istifadə etməklə onu aldadır, onun pullarını mənimsəməklə əslində həmin binanı ona vermək istəmir. İddiaçı bununla bağlı Cavabdeh2 irad və etirazlarını bildirsə də, Cavabdeh2 iddiaçının ödədiyi və xərc çəkdiyi pulları qaytarmaq istəmir, nə də, həmin binanı iddiaçının adına keçirtmək istəyir. Artıq iddiaçı başa düşmüşdür ki, Cavabdeh2 niyyəti onun etibarından istifadə etməklə ona məxsus pulları mənimsəmək və aldatmaq yolu ilə onun hesabına varlanmaqdır. Odur ki, göstərilənlərə əsasən iddiaçı hesab edir ki, yerinə yetirilmiş təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat və 2004-cü ildən 2015-ci ilədək, hər ay cavabdehlərə ödədiyi 34.400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, ona məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehlər tərəfindən ona həmin vəsaitin məbləğinə uyğun olaraq (Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsinə müvafiq) 20.000 manat məbləğində faizlər də ödənilməlidir. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, cavabdehlərin təqsirli və hüquqazidd hərəkətləri nəticəsində iddiaçı başqa yerdə daimi və sərbəst yaşamaq hüququndan məhrum olmuş, onun Hövsan qəsəbəsi, Bahar yaşayış massivində 3 sot torpaq sahəsi olsa da, orada ev tikib məskunlaşmamış, pul vəsaitlərini hazırkı mübahisəli qeyri-yaşayış sahəsinə xərcləmişdir. İddiaçı, cavabdehlərin ona vurduqları mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Həmçinin cavabdeh tərəf bu qanunsuzluqlarına hüquqi don geyindirmək üçün məhkəməyə müraciət edərək, 05.01.2015-ci il tarixdə bağlanmış və ünvan 1 ünvanında yerləşən 105,5 kv.metr sahəsinə aid “İcarə müqaviləsinə” əsasən ödənilməmiş 3 aylıq icarə haqqının tutulması, onun (iddiaçının) və arvadı Gülnarə Məmmədovanın həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehin əsas niyyəti onu aldatmaqla pullarını mənimsəmək və qanunsuz yolla varlanmaq istəyi olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mübahisəli sahəni boşaltmaq və özünə məxsus əşyaları oradan çıxarmaq məcburiyyətində qalmış, bu zaman onun bir sıra əşyaları sıradan çıxmış asına və zədələnmişdir. İddiaçı hesab edir ki, ona dəymiş bu ziyanın ödənilməsi üçün cavabdehlərdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Cavabdeh ASC öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 05.01.2016-ci il tarixdən 12.07.2018-ci il tarixədək olan müddət üçün aylıq 90 manat hesablanmaqla 2.700 manat, həmin müddət üçün 4.391 manat məbləğində əldən çıxmış gəlir, cəmi isə 7.091 manat məbləğində pulun iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-yə məxsus (mübahisəli) qeyri-yaşayış sahəsi uzun müddətdir ki, iddiaçı tərəfindən 1 illik 05.01.2015-ci il tarixli "xxxx" müddətinin bitməsinə baxmayaraq heç bir ödəniş olmadan qanunsuz istifadə edilir. Sahənin iddiaçı tərəfindən zəbt olunma faktı Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış 05.09.2016-cı il tarixli qətnaməsi (İş № 2(008)- 9728/2016) ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də “İcarə müqaviləsi” müddətinin 05.01.2016-cı il tarixdə bitməsinə baxmayaraq, iddiaçının illər boyu sözü gedən sahədən çıxmaması nəticəsində sahənin mülkiyyətçisi olan ASC həmin sahəni təyinatı üzrə istifadə edə bilməmiş, sahəni icarə haqqını ödəyə bilən hər hansı üçüncü şəxslərə icarəyə vermək imkanından, bununla da adi mülki dövriyyə şəraitində ala biləcəyi gəlirlərdən məhrum olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 05.01.2015-ci il tarixli, 07 saylı "xxxx" görünür ki, (icarəyə verən) cavabdeh ASC özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən 105.5 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini bir il müddətinə, yəni 05.01.2016-cı il tarixədək (icarədar) İddiaçı icarəyə vermişdir. İşin materiallarından görünür ki, ASC iddiaçıya 05.10.2015-ci il tarixdə və 05.12.2015-ci il tarixdə bildiriş məktubları göndərərək, "xxxx" müddətinin artırmaq niyyətində olmadığını bildirmiş və ASC-yə məxsus həmin sahəni 05.01.2016-cı il tarixdə boşaldılmasını xahiş etmişdir. İcarə müddəti bitməsinə və göndərilmiş yazılı xəbərdarlıqlarına baxmayaraq İddiaçı qeyri-yaşayış sahəsini boşaltmamışdır. Sabunçu Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qətnaməsi ilə hazırki iş üzrə İddiaçı və onun arvadı G.Məmmədovanın mübahisəli sahədən çıxarılması qət edilmiş, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qətnamə həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamənin icrası hazırda Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilmiş, lakin icra hələdə başa çatmayıb, İddiaçı və G.Məmmədova həmin sahədən çıxarılmayıblar. Qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı İddiaçı ASC-yə 270 manat ödənilməmiş qalıq borcu var və həmin məbləğin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, ASC ilə İddiaçı arasında bağlanılmış "xxxx" müddəti 05.01.2016-cı il tarixdə bitmişdir. Belə olan halda 05.01.2016-cı il tarixdən 12.07.2018-ci il tarixədək olan müddət üçün aylıq 90 manat, cəmi isə 2.700 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iş materiallarından göründüyü kimi ASC ilə digər şəxslər ilə bağlanmış “İcarə müqavilələrindən” görünür ki, İddiaçı icarəyə götürdüyü sahə ilə eyni ünvanda yerləşən digər sahələrin aylıq icarə haqqı müvafiq olaraq 250, 700, 800, 1.100 manat təşkil edir. ASC həmin sahələri müxtəlif şəxslərə icarəyə verməklə gəlir əldə edir. İddiaçı ilə bağlanmış "xxxx" qüvvədə olduğu müddətdə ASC-nin rəhbəri Cavabdeh2 İddiaçı ilə qohum olmasını nəzərə alaraq sonuncuya güzəşt etmiş, icarə haqqının aylıq məbləğini 90 manat məbləğində müəyyən etmişdir. Müqavilənin müddəti bitdikdən sonra İddiaçı həmin sahədən çıxmamış və nəticədə ASC adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuş, həmin sahənin hər hansı şəxsə icarəyə verə bilməmişdir. İddiaçı həmin sahəni 05.01.2016-cı il tarixdə ASC-yə qaytarsaydı, ASC 2016-2017-ci illər ərzində həmin sahəni ən azı aylı 232,4 manata; 2016- 2018-ci illər ərzində isə ən azı aylıq 239 manata icarəyə verib gəlir əldə edə bilərdi. Bu gəlirin məbləği isə cəmi 7.091 manat təşkil edir. Yuxarıda qeyd edilən 7.091 manat əldən çıxmış gəlir məbləğindən indiyədək ödənilməmiş 90 manat aylıq icarə haqqı çıxıldıqda (7.091 manat – 2.700 manat) əldən çıxmış gəlirin qəti məbləği 4.391 manat təşkil edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.09.2020-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. İlk iddia üzrə İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslanmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsində işə baxılan zaman ekspertizalar təyin olunsa da, ekspertlər bir birinə zidd olan rəylər vermişlər. Bundan başqa, iddiaçı tərəfindən Rayon Məhkəməsinə cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin (“dələduzluq” cinayətinin) əlamətləri mövcud olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsi barədə vəsatət verilsə də, Rayon Məhkəməsi xüsusi qərardad çıxarmamışdır. İddiaçı və iddiaçının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, bildirdi ki, işə baxmış rayon Məhkəməsi ASC-nin qarşılıqlı iddiasını təmin etməsə də, ASC-nin rəhbəri Rayon Məhkəməsinin həmin nəticəsini mübahisələndirməmək qərarına gəlmişdir. Bundan başqa o bildirdi ki, ilk iddia əsassızdır. Belə ki, iddiaçı, mübahisəli qeyri-yaşayış sahəsinin ASC tərəfindən ona yaşayış üçün yarasız vəziyyətdə verməsini bildirsə də, bu məlumat həqiqəti əks etmir. Mübahisəli sahə iddiaçıya abad və təmirli vəziyyətdə təhvil verilmişdir və əgər iddiaçı həmin sahəni təmir edibsə, təmiri özü üçün edib və uzun müddət ərzində sahədə yaşayıb, oradan istifadə edib. Buna görə də, hesab edir ki, Rayon Məhkəməsi ilk iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlib. Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi həm ilk, həm qarşılıqlı iddianı təmin etməsə də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ASC qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsini qarşılıqlı iddia ilə bağlı nəticə ilə razılaşmışdır. Qətnamədən apelyasiya şikayətini ilk iddia üzrə İddiaçı vermişdir. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, Rayon Məhkəməsini qarşılıqlı iddia ilə bağlı nəticəsi mübahisələndirmir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000647 saylı, 19.12.2007-ci il tarixli “Şəhadətnamədən” görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvanında yerləşən və ölçüsü 311,0 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iş üzrə cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 05.01.2012-ci il tarixli, 02 nömrəli "xxxx" görünür ki, cavabdeh ASC-nin adından çıxış edən ASC-nin İdarə heyətinin sədri (hazırki iş üzrə digər cavabdeh olan) Cavabdeh2 bir tərəfdən və iş üzrə iddiaçı həmin müqaviləni ona görə bağlamışlar ki, ASC özünə məxsus olan (mübahisəli) 105,5 kv.metr ölçülü sahəni və həyəti, ailəsi ilə birlikdə yaşamaq üçün, iddiaçıya icarəyə vermişdir. ASC ilə iddiaçı arasında bağlanmış digər müqavilədən – 07.01.2014-cüil tarixli, 05 nömrəli "xxxx" görünür ki, ASC özünə məxsus olan 105,5 kv.metr ölçülü sahəni və həyəti, ailəsi ilə birlikdə yaşamaq üçün, ayda 90 manat icarə haqqının ödənilməsi şərti ilə 05.01.2015-ci il tarixədək iddiaçıya icarəyə vermişdir. İş materiallarında olan "xxxx" görünür ki, icarədar olan iddiaçı tərəfindən cavabdeh ASC-yə 2008-ci ilin may ayındın 2015-ci ilin may ayına kimi hər ay 90 manat məbləğində ödənişlər olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)-9728/2016 saylı iş üzrə qəbul edilmiş 05.09.2016-cı il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh1 ASC-nin cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı və onun arvadı (hazırki iş üzrə tərəf olmayan) Gülnarə Məmmədovaya qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi barədə” iddiasının qismən təmin edilməsi, İddiaçı və Gülnarə Məmmədovanın ünvan 2 ünvanda yerləşən 105,5 kv.metr sahədən çıxarılmaları, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi 16.03.2017-ci il tarixli qətnamədən (İş № 2(103)- 2724/2017) görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05.09.2016-cı il tarixli qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, ASC-yə olan icarə borcunun əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh İddiaçı 270 manat pulun tutularaq ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi 07.12.2017-ci il tarixli qərarından (İş № 2(102)-6623/17) görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.03.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri izahatlara əsasən işin halları kimi müəyyən edir ki, hazırki iş üzrə cavabdeh ASC yuxarıda qeyd olunan sahəni İddiaçı ailəsi ilə birlikdə yaşamaq üçün 2005-ci ildən hər ay 90 manat icarə haqqı ödəməklə icarəyə vermişdir. Onların arasında sonuncu “İcarə müqaviləsi” 05.01.2015-ci il tarixdə 1 il müddətinə bağlanmış, müqavilənin müddəti 05.01.2016-cı il tarixdə bitmiş, müddət bitdikdən sonra ASC İddiaçı ilə yenidən “İcarə müqaviləsi” bağlamaqdan imtina edərək, ondan qeyri-yaşayış sahəsindən çıxmağı və sahəni boşaltmağı tələb etmişdir. İddiaçı 10 ildən artıq müddət ərzində həmin sahədə təmir-tikinti işləri aparması və cəmi 80.746 manat məbləğində xərc çəkdiyini əsas götürərək həmin sahədən çıxmaqdan imtina etmişdir. Bundan sonra, İddiaçı və onun arvadı G.Məmmədovanın mübahisəli sahədən çıxarılması, ödənilməmiş qalan 270 manat məbləğində icarə borcunun İddiaçı tutularaq ASC-yə ödənilməsi məhkəmə qətnaməsi ilə qət edilmişdir. Apellyasiya baxışının predmeti olan və işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir-tikinti və yaxşılaşdırma işlərinə görə 80.746 manat vəsait sərf etdiyini bildirir və həmin vəsaiti tələb edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 157-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (maddə 157.6.). Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7.). Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2.). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzini tələb edə bilər. Vicdansız sahib isə yaxşılaşdırılmaları deyil, yalnız zəruri xərxləri tələb edə bilər. Zəruri xərclər elə xərclərdir ki, bunlar əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün mülkiyyətçinin də çəkməli olduğu xərclərdir. Yaxşılaşdırılmalar isə əşyanın lazımı qaydada saxlanması və istifadəsi üçün zəruri olmayan, daha çox əşyanın dəyərinin artmasına xidmət edən xərclərdir. Hazırki iş üzrə cavabdeh ASC iddiaçının mübahisəli sahədə ailəsi ilə birlikdə yaşamasına 05.01.2016-cı il tarixədək razı olmuşdur. Həmin tarixdən sonra onunla icarə müqaviləsi bağlamaqdan imtina etmiş və həmin sahədən çıxarılmalarını tələb etmişdir. Lakin iddiaçı əmlakın qanuni sahibinin bu tələbini yerinə yetirməmiş, yalnız 12.07.2018-ci il tarixdə əmlakı boşaltmışdır. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı 05.01.2016-cı il tarixədək mübahisəli sahənin qanuni sahibi, yəni vicdanlı olmuş, həmin tarixdən sonra sahədən çıxan tarixədək isə qanunsuz sahiblik etmiş, yəni vicdansız sahib olmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçı 05.01.2016-cı il tarixədək həm zəruri xərcləri, həm də yaxşılaşdırmaları tələb edə bilər, həmin tarixdən sonra isə yalnız zəruri xərcləri. Cavabdeh ASC-nin iddia tələbinə qarşı etirazı isə ondan ibarətdir ki, iddiaçı, mübahisəli qeyri-yaşayış sahəsinin ASC tərəfindən ona yaşayış üçün yarasız vəziyyətdə verməsini bildirsə də, bu məlumat həqiqəti əks etmir. Mübahisəli sahə iddiaçıya abad və təmirli vəziyyətdə təhvil verilmişdir və əgər iddiaçı həmin sahəni təmir edibsə, təmiri özü üçün edib və uzun müddət ərzində sahədə yaşayıb, oradan istifadə edib. İşə baxmış Rayon Məhkəməsi mübahisəli sahədə konkret hansı təmir-tikinti işlərin aparılması, işlərin nə vaxt aparılması, təmir-tikintiyə görə çəkilmiş xərclərin əvəzinin müəyyən edilməsi məqsədi ilə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın rəylərini almışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.10.2019-cu il tarixli, 15649 nömrəli ekspert rəyindən görünür ki, hər hansı daşınmaz əmlak (tikili, obyekt, ev və s.) üzrə yerinə yetirilmiş tikinti, təmir, quraşdırma və s. işlərin müddətinin müəyyən olunmasına və hansı dövrdə icra olunmasının tədqiq edilməsinə dair hazırda metodikanın olmadığı, eləcə də, ünvan 2 ünvanında yerləşən sahəsi 105,5 kv.metr olan qeyri-yaşayış sahəsi və 7 ünvanında yerləşən 40,0 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə aparılmış işlərin konkret olaraq hansı növlərinin, məsələn söküntü, tikinti, quraşdırma, təmir, abadlıq və s. işlərin hansı ildə (dövrdə) görülməsi barədə dəqiq məlumat iş materiallarında olmadığını və hər hansı obyekt (qeyri yaşayış sahəsi, fərdi yaşayış evi, mənzili, tikili və s.) üzrə yerinə yetirilmiş işlərin, o cümlədən bu işlərə sərf olunan xidmət (əmək) haqqı və tikinti materiallarının dəyərinin, işlərin aparıldığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq müəyyən olunduğunun nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahələrində, iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün dəqiq olaraq hansı ildə (tarixdə) yerinə yetirilməsini, illər üzrə görülən işlərin dairəsini və işlərin görülməsinə çəkiliş xərclərin dəyərini müəyyən etmək mümkün deyildir. "xxxx" MMC tərəfindən verilmiş ƏEM/İ 25-264/20 saylı, 10.06.2020-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 105,5 kv.metr yaşayış sahəsinə vizualtexniki baxış zamanı müəyyən edilmişdir ki, hazırda yaşayış sahəsinin daxilində və həyətyanı sahəsində rekonstruksiya işləri aparılmışdır, təmir işləri davam etməkdədir. Əmlakın iddiaçı tərəfindən təqdim edilən fototəsvirlər təhlil edilmişdir. Lakin əmlakın ilkin vəziyyətini əks etdirən fototəsvirlər məhdud olduğundan və hazırda yaşayış sahəsinin daxilində rekonstruksiya işləri davam etdiyindən hansı elementin hansı dövrə aid olduğunu müəyyən etmək ekspertin zəruri bilik səviyyəsinin hüdudları xaricində olmuşdur. Beləliklə, ünvan 3 ünvanında yerləşən 105,5 kv.metr qeyri-yaşayış sahəsində və onun həyətyanı sahəsində görülən təmir-tikinti işlərinin həcminin və onların görülməsinə çəkilmiş xərclərin 2006-2014-cü illərə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. ünvan 4 ünvanında yerləşən 40 kv.metr yaşayış sahəsində 2003-2005-ci ilədək təmir-tikinti işlərinin həcminin və həmin işlərin görülməsinə çəkilmiş xərclərin dəyərini müəyyən etmək üçün əmlaka baxış keçirilmişdir. Fototəsvirlərdən də göründüyü kimi əmlak köhnə təmirlidir. Təmir işlərinin aşınması 90% təşkil edir. Yaşayış üçün istismara qismən yararlıdır. Əmlakın daxilində mövcud olan təmir işlərinin 2003-2005-ci il və ya daha əvvəlki illərə aid olduğunu müəyyən etmək yalnız laboratoriya şəraitində müəyyən elementlərdən nümunə götürməklə mümkün olduğu ehtimal olunur. Rəylərdən görünür ki, mübahisəli qeyri-yaşayış sahələri üzrə aparılmış işlərin konkret olaraq hansı növlərinin, hansı ildə (dövrdə) görülməsi barədə dəqiq məlumat iş materiallarında olmadığını və hər hansı obyekt (qeyri yaşayış sahəsi, fərdi yaşayış evi, mənzili, tikili və s.) üzrə yerinə yetirilmiş işlərin, o cümlədən bu işlərə sərf olunan xidmət (əmək) haqqı və tikinti materiallarının dəyərinin, işlərin aparıldığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq müəyyən olunduğunun nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahələrində, iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün dəqiq olaraq hansı ildə (tarixdə) yerinə yetirilməsini, illər üzrə görülən işlərin dairəsini və işlərin görülməsinə çəkiliş xərclərin dəyərini müəyyən etmək mümkün deyil. Həmçinin apellyasiya icraatı zamanı da rəy alınması mümkün olmamışdır Belə ki, apellyasiya baxışı zamanı Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını, habelə tərəflərin vəsatətlərini araşdıraraq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və əlavə ekspertiza təyin etmişdir. Lakin Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 15.09.2021-ci il tarixli, 10/3681 nömrəli məktubuna əsasən ekspertizanın aparılmasından, tədqiqatın aparılmasından imtina edilmişdir. Ekspertizanın aparılmasından imtina olunması barədə məlumatdan görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiq olunan tikililər üzrə 2003-2005-ci ilədək, 2006-cı ildən 2014-cü ilədək və 2019-cu ildən 2018-ci ilədək olan müddət ərzində, həmçinin 2018-ci ildən sonrakı dövrdə aparılmış təmir-tikinti işlərinə dair layihə-smeta sənədlərinin, eləcə də tikinti materiallarının alınmasına dair qaimə sənədlərinin ekspertizaya Mərkəzə təqdim olunması və həmin tikililərə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə Məhkəməyə 28.07.2021ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan yaşayış evinə baxış keçirilməsi 14.09.2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə tədqiq olunan tikililərə qismən vizual baxış keçirilmişdir. Lakin yerinə yetirilmiş təmir-tikinti işlərinə dair layihəsmeta sənədləri, eləcə də tikinti materiallarının alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən, qərardadda qeyd edilən ayrı-ayrı tarixlər üzrə tədqiq olunan yaşayış evində hansı işlərin aparılmasını, eləcə də həmin işlərin həcmini müəyyən etmək və ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər bildirmişlər ki, ekspert tərəfindən tələb edilən təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri, eləcə də tikinti materiallarının alınmasına dair qaimə sənədləri onlarda yoxdur. Göründüyü kimi hazırki iş üzrə iddiaçı tərəfindən icarə müqaviləsinin müddəti ərzində hansı zəruri məsrəflərin və yaxşılaşdırımaların edilməsi, müqavilə müddəti bitdikdən sonra isə hansı zəruri işlərin görülməsi və zəruri məsrəflərin çəkilməsi müəyyən olunmur. Ekspertiza tədqiqatının aparılmasının mümkün olmamasının səbəbi qeyd olunan sənədlərin (yerinə yetirilmiş təmir-tikinti işlərinə dair layihə-smeta sənədləri, tikinti materiallarının alınmasına dair qaimə sənədləri) təqdim edilməməsidir. Həmin sənədlərin təqdim edilməsi vəzifəsi bilavasitə iddiaçının üzərinə düşür. Çünki MPM-nin 77.1 və 14.2ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin hazırki iş üzrə iddiaçı bu sənədləri təqdim edə bilmir. Məhkəmə hesab edir ki, iddiaçı təmir-tikinti, yaxşılaşdırma işlərinə görə 80.746 manat pul tələbi barədə iddia tələbi üzrə sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. Odur ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə, 20.000 manat məbləğinə əldən çıxmış faydanın, 34.400 manat məbləğində obyektdən istifadəyə görə ödənilmiş pul vəsaitinin, mübahisəli sahə boşaldılarkən əşyaların sıradan çıxmasına və zədələnməsinə görə dəymiş 10.000 manat məbləğində zərərin tutulması barədə apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, iddiaçı, qeyd olunan tələblərinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi qeyd edilən bu tələbləri rədd etməkdə haqlı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin mənəvi ziyanın əvəzinin - 50.000 manat, məbləğində pulun tutulması barədə iddianın Rayon Məhkəməsi tərəfindən rədd edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X2 Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X2 Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X2 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, ona vurulmuş mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də hesab edilməlidir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənlərdən başqa Məhkəmə bildirir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində cavabdehlərin barəsində xüsusi qərardadın qəbul edilərək prokurora göndərilməsini xahiş edir. Məhkəmə bildirir ki, xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Əgər iddiaçı hesab edirsə ki, cavabdehlər ona qarşı cinayət törədiblər, onda o, həmin şəxslər barəsində prokurorluq orqanına özü müraciət edə bilər. Digər tərəfdən qeyd edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə xüsusi qərardadın qəbul edilməməsi, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas deyil; MPM-da bu kimi göstəriş nəzərdə tutulmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1800/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1800/2021
12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver