Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1804/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə tələbinə dair 2(008)-487/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mənzilinə suyun axıdılması nəticəsində vurulmuş ziyana görə 3000 manatın və mənəvi zərərə görə 1500 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4530 manat pulun tutulab ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin, 3 saylı mənzilin mülkiyyətçisidir və qardaşı ilə birlikdə orda yaşayır. Ondan üst mərtəbədəki 5 saylı mənzilin sahibi olan Cavabdeh onun mənzilinə su axıdılması nəticəsində ziyan vurmuşdur. Belə ki, cavabdehin mənzilindən 1996-cı ildən mütəmadi olaraq mənzilinə su axıdılır. Cavabdehin mənzilinin sanitariya qovşağı yararsız vəziyyətdə olduğundan onun mənzilinin hamam, mətbəx və dəhlizini su basır. Mənzilin dəhliz və mətbəxindəki işıq kabellərinin düymələrindən su axdığından işığı yandırmaq mümkün deyildir, soyuducunu günlərlə işlədə bilmir, nəticədə ərzaqları və yeməyi xarab olur. Su axıdılması nəticəsində işıq xətləri yararsız və təhlükəli vəziyyətə düşmüş, mənzilin tavanı, divarı, döşəməsi, mətbəx mebeli islanıb pis vəziyyət düşmüşdür. Cavabdehin mənzilinin su, kanalizasiya xəttini düzəltdirməsini, mənzilinə su axıdılmasına son qoymasını dəfələrlə xahiş və tələb etmiş, lakin cavabdeh buna heç bir məhəl qoymamışdır. Etdiyi şikayətlə bağlı 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri dəfələrlə gəlib baxmış, mənzilin vəziyyəti ilə bağlı akt tərtib etmiş və cavabdehə xəbərdarlıq edilmişdir. 44 saylı MKİS-nin tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktda da cavabdehin onun mənzilinə su axıtması göstərilmişdir. Cavabdehin su axıtması nəticəsində xarab olmuş mənzilini əvvəllər özü bir neçə dəfə təmir etdirmişdir. Lakin, daimi su axıdılması nəticəsində pis vəziyyətə düşmüş mənzilini hazırda təmir etdirmək imkanı yoxdur. Belə ki, mənzilin təmirinə 3000 manat pul lazımdır və həmin maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində uzun müddət ərzində o və ailə üzvləri əsəbilik, mənəvi sarsıntı keçirmişlər, rahatlıqları pozulmuşdur. Bu hərəkətlərə görə ona dəymiş mənəvi zərəri ən azı 1500 manat dəyərində qiymətləndirir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 781 manat, mənəvi ziyana görə 100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmaısnı xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan iclas keçirib və ekspert düzgün rəy verməmişdir. Mənzilinə yuxarıda olan mənzildən dəfələrlə su axıdılır, həmin su yalnız onun mənzilinə deyil, ondan aşağı olan mənzilə də su axır. Faktiki olaraq, bunu iddiaçıda yaxşı bilir. İddiaçı o qədər pis qonşudur ki, hər qonşu ilə dalaşır, qonşularla doğru düzgün dolanmır, iddiaçı indi keçib ona. İddiaçı mənzilinin əsaslı təmirə ehtiyacı olduğunu düşünərək, ondan pul qopartmaq məqsədi ilə məhkəməyə müraciət edib. Çünki iddiaçı öz iddiasında yazıb ki, mənzilinə suyun axıdılması nəticəsində vurulmuş ziyana görə 3000 manat, mənəvi zərərə görə 1500 manat, ödənilmiş 30 manat dövlət rüsumuna görə, cəmi 4530 manat tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonra yazır ki, guya o, birgə yaşayış qaydalarına məhəl qoymadan yaşadığı mənzilə mütamadi olaraq su axıdır. Onun dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, heç bir əməli tədbir görməmiş, üstəlik onu təhqir edərək, onu narahat etməməyini bildirmişdir. Cavab olaraq bildirir ki, o, S.Cabbarov küçəsi ev 4 mənzil 5-in mülkiyyətçisidir. Ancaq iddiaçının dediklərindən onu xəbəri olmayıb, iddiaçı onunla danışa və yaxud yuxarıda yazılan yalanları ona deyə. Həmin mənzildə o, qızıyla yaşayır. Yuxarı qonşu, 7 saylı mənzil kirayəçi qoyur evinə, suyu axıdırlar onun evinə, o, qızının cehizlik yataq dəstinin pis vəziyyətə düşdüyündən çölə atmışdır, işdə olurlar, evə gəlib görürlər ki, ev suyun içindədir. Onun mənzili elə vəziyvətdədir ki, əsaslı təmirə ehtiyacı var. Onun evdən heç bir vaxt su axmayıb, sadəcə yuxarı qonşudan dəfələrlə onun evinə su axıb, ordan da aşağı su axa bilər. Belə hesab edir ki, 44 saylı MKİS-i onun evinə xx.xx.2019-cu ildə gəlməyib, ancaq akt tərtib edilib, həm MKİS-i, həm də xx.xx.2020-ci il tarixli 1910№-li ekspert tərəfindən verilmiş rəydə göstərilən məbləğ və sözlər hədsiz şişirdilmişdir. Belə ki, qətnamədə yazılıb, məhkəmə ekspertizasının 1910 saylı rəyində göstərilib ki, mənzilə baxış zamanı, mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan 44 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən 5 saylı mənzildən 3 saylı mənzilə suyun sızması müəyyən edilmişdir. Həmin qüsurların aradan qaldırılması üçün təmir-bərpa işlərinin dəyən mövcud bazar qiymətinə uyğun olaraq təqribən 781 manat məbləğində olduğu müəyyən olunmuşdur. Cavab olaraq deyir ki, hər bir mənzilin uzun müddət təmirə ehtiyacı olduqda sarımtıl ləkələr müşahidə olunmalıdır. Ekspertin verdiyi rəylə razılaşa bilmir, yenidən təkrar ekspertiza təyin edilməlidir. Əgər onun mənzilindən su sızırsa, demək hər an sızmalıdır. Su sızırsa demək hələ də su sızması davam etməlidir. Onun yaşadığı binada su mütamadi olaraq verilir. Nəzərə çatdırır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, su axması nəticəsində ona 3000-4500 (üç min dörd min beş yüz) manat məbləğində ziyan dəymişdir. İddiaçı ona qarşı iddiası heç məhkəmə ekspertizasının rəyi ilə üst-üstə düşmür, ona görə də tam əsassızdır. Çünki ekspert onun mənzilinə baxış keçirsə də, iddiaçının öz mənzilinə baxıb, maraqlısı burdadır ki, onun evinin hansı halda olduğunu rəydə bildirməyib. Bu da onu göstərir ki, iddiaçı ondan gəlir mənbəyi kimi nə az-nə çox 3000-4500 manat alıb evini təmir etmək istəyir, lakin iddiaçının tələb etdiyi 3000-4500 manat maddi ziyan isə maraqlıdır ki, ekspertiza tərəfindən iddiaçının istədiyi kimi rəy verilmədi, məhkəmədə də təsdiq olunmadı, bu da onu göstərir ki, iddia əsassızdır. İddiaçı onun evindən suyun axmasına görə heç bir mötəbər sübut təqdim edə bilməyib, hakim isə yalnız ekspertin rəyinə əsaslanıb. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinə dair qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli MH seriyalı 048814 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin, 3 saylı (keçmiş 4088 keçid küçəsi) mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin, 5 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. 44 saylı MKİS-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin, 3 saylı mənzilində yaşayan İddiaçı şikayət ərizəsinə əsasən mənzilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh məxsus olan 5 saylı mənzilindən su axıdılaraq 3 saylı mənzilə ziyan vurulmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq yenədə su axıntısı davam etdirilir (44 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt) . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1910 №li, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin, 3 saylı mənzilinin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mulki iş materiallarında olan 44 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən həmin mənzilə yuxarı mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən edilmiş, 3 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 781 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Kollegiya hesab edir ki, işin tədqiq edilmiş halları əsasında iddiaçının hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilməmişdir. Belə olan halda, mənəvi zərərə görə əvəzin ödənilməsinə dair iddia qanuni və əsaslı hesab edilə bilməz. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi ziyanın tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-487/2020 saylı mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – “mənəvi ziyanın tutulması” hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1804/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1804/2021
16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver