Məhkəmə qərarları › İş №2(103)-1810/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1810/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1810/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 mart 2024-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra, cavabdeh) İddiaçı (bundan sonra, iddiaçı) Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Xalifa Resort” hotelində xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyinə yalandan vəd verib, sonuncunu aldadaraq ondan 2899 manat pul vəsaiti almışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-76/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (sonradan Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2021-ci il tarixli, 1(103)1717/2021 saylı qərarı ilə cavabdehə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur).

3. Həmin hökmdən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində turizm agentliyi kimi fəaliyyət göstərmək üçün təyinatı üzrə qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Xalifa Resort” hotelində xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəvəyinə dair yalandan vəd verib aldadaraq bu adla İddiaçı xx.xx.2019-cu il tarixdə saar 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 2899 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı 2899 manat maddi ziyan vuraraq dələduzluq etmişdir... Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə internetdə "İNSTAGRAM” sosial şəbəkəsində Türkiyə, Gürcüstan və Avropanın müxtəlif şəhərlərində istirahət etmək üçün 055-429-04- 40 saylı mobil telefon kartının sahibi Cavabdeh elan yerləşdirdiyini görüb “İNSTAGRAM” sosial şəbəkəsində yerləşdirilən Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon kartı ilə zəng etmişdir. Daha sonra ailəsi ilə bu barədə razılşaraq, qərara gəlmişlər ki, 2019-cu ilin iyul ayının sonu üçün ailəvi olaraq Türkiyə Respublikasının Alanya şəhərinin “XALİFA RESORT” hotelində istirahət etsinlər. Bu məqsədlə də xx.xx.2019-cu il tarixdə saat 15:40 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" şirkətinin sahibi kimi özünü təqdim edən Cavabdeh ilə üzüzə görüşmüş, həmin vaxt Cavabdeh bildirmişdir ki, Türkiyə Respublikasının Alanya şəhərində olan “XALİFA RESORT” hotelində ailəsi ilə birlikdə 7 gecə, 8 gün, yəni 2 nəfərlik otaq, gediş-qayıdış, sığorta, təyyarə biletləri daxil olmaqla və sonda tur paketlə istirahət etmək istəyir. Cavabdeh ona bldirmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə olan müddət ərzində onun və ailəsinin Türkiyə Respublikasının Alanya şəhərində olan “XALİFA RESORT” otelində ailəvi olaraq istirahət etməsi üçün ümumilikdə 2.899 manat pul ödənməlidir. xx.xx.2019-cu il tarixdə saat 16:10 radələrində 2.899 manat nəğd pulu ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də Türkiyə Respublikasının Alanya şəhərinin “XALİFA RESORT” otelində ailəvi olaraq istirahət etməsi ilə bağlı Cavabdeh ödəmişdir. Cavabdeh ona xx.xx.2019-cu il tarixli "314164” nömrəli kassa mədaxil orderini öz dəsti xətti ilə tərtib edib yazaraq möhür vurmaqla həmin qəbzi ona təqdim etmişdir. Cavabdeh ondan pulu qəbul etdikdən sonra tur paketi 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə gəlib şirkətdən götürə biləcəyini ona demişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq tur paketi nə zaman götürəcəyini soruşduqda Cavabdeh ona sistemdə problem olduğunu deyib səhərisi günü əlaqə saxlamasını bildirmişdir. Ertəsi gün o, yenidən Cavabdeh ilə telefon əlaqəsi saxlayan zaman Azər ona xx.xx.2019-cu il tarixə tur paketin alınmadığını, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasının Alanya şəhərinin “XALİFA RESORT" otelində ailəvi olaraq gedib istirahət edə biləcəyini bildirdikdə o, Cavabdeh ona yalan danışmasını həmin vaxt hiss edib pulunu Azərdən geri verməsini tələb etmişdir. Cavabdeh isə ona 2.899 manat pulu 3 gün müddətində gəlib işlədiyi Nəsimi rayonu, Azadlıq prospekti 97 saylı ünvanda yerləşən "xxxx" şirkətindən götürməsini demişdir. Bundan sonra o, Cavabdeh ilə telefonda razılaşmış və 3 gündən sonra “LİKE TRAVEL" şirkətinə gəlmişdir. Bu zaman Nəsimi rayonu, Azadlıq prospekti 97 saylı ünvanda yerləşən "xxxx" şirkətindən ona məlum olmuşdur ki, Azər onun kimi bir çox insanların pulllarını tur paket adı ilə alıb aldadaraq ələ keçirməklə dələduzluq etmişdir. Yenidən Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq ona məxsus 2.899 manat pulu ödəməsini tələb etməsinə baxmayaraq bunun da heç bir nəticəsi olmamışdır. xx.xx.2019- cu il tarixdə o, Nəsimi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırki, vaxta qədər Cavabdeh ondan aldığı 2.899 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-392/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı X2 Müəssisəsində cəza çəkən məhkum Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2021-ci il tarixli, 1(103)-1717/2021 saylı qərarı ilə ona təyin olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 4 ay 07 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya bilavasitə vurulmuş 2899 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin, həmçinin ödənilmiş 58,99 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3957,99 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin yay ayında ailəvi istirahət etmək məqsədilə Türkiyə Respublikasının Alanya şəhərinə getmək məqsədlə özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edən cavabdehə müraciət etmiş, sonuncu Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Xalifa Resort” hotelində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək ailəvi istirahət elmək üçün tur paketi təşkil edəcəyini və turun dəyərinin 1800 ABŞ dollarına (manat ekvivalenində 2899 manata) başa gələcəyini bildirmişdir. İddiaçı cavabdehin sözlərinə və vədlərinə inanaraq xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 ünvanında yerləşən “Like Travel’' MMCnin ofisində ona 2899 manat ekvivalentində 1800 ABŞ dolları məbləğində pul vermişdir. Buna baxmayaraq cavabdeh verdiyi vədinə əməl etməyərək, iddiaçıdan qeyd etdiyi məbləğdə pulu alsa da, istirahəti təşkil etməmişdir. Sonradan məlum olmuş ki, cavabdeh nəinki iddiaçını, bir çox başqa səxsləri də bu yolla aldadaraq pullarını ələ keçirmişdir. İddiaçının və digər şəxslərin şikayətinə əsasən cavabdeh barəsində Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmış, istintaq zamanı iddiaçı da zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkəmə məsuliyyətinə verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)- 76/2021 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Hazırda o, azadlığa buraxılsa da, iddiaçıya dəymiş zərəri ödəməkdən boyun qaçırır. Beləliklə, cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya bilavasitə 2899 manat məbləğində maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin ona olan inam və etibarından sui-İstifadə edərək təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçı və ailəsi mənəvi sarsıntı keçirərək istirahətlərini istədikləri kimi təşkil edə bilməmişlər. İddiaçı cinayət işi üzrə ibtidai istintaq aparılarkən və işə məhkəmədə baxılarkən çəkdiyi mənəvi sarsıntını da qeyd edir. Beləliklə, cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində 1000 manat məbləğində mənəvi zərər dəymiş və həmin məbləğ də cavabdehdən tutulmalıdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 nömrəli, xx.xx.2023-cü il tarixli ilə (hakim Sahibə Hacıyeva) iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat məbləğində dəymiş maddi ziyan və 58,99 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh 2899 manat məbləğində pul vəsaitini hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçıdan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 107., 119.1., 119.4., Mülki Məcəllənin 21, 386.1., 1091., 1092.1., 1093., və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi, birinci instansiya məhkəməsi zamanı prosesdən məlumatsız olması, bununla hüquqlarının pozulması və s. kimi əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir.

23. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

34. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, qanuni qüvvədə olan məhkəmə aktlarına (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-76/2021 saylı hökmü və s.) - cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir həmçinin ona görə ki, cavabdeh iddiaçıya 2899 manat maddi ziyan vuraraq dələduzluq əməlini etmişdir. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində turizm agentliyi kimi fəaliyyət göstərmək üçün təyinatı üzrə qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Xalifa Resort” hotelində xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəvəyinə dair yalandan vəd verib aldadaraq bu adla İddiaçı xx.xx.2019-cu il tarixdə saar 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 2899 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı 2899 manat maddi ziyan vuraraq dələduzluq etmişdir.

36. İddiaçı hazırkı tələbində cavabdehin ona qarşı təqsirli, hüquqazidd əməlləri nəticəsində dəymiş ziyanı tələb etmişdir.

37. Məhkəmə kollegiyası, yoxlanılan hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yuxarıda sadalanan cinayət təqibi orqanların qərarları ilə cavabdehin iddiaçıya qarşı dələduzluq cinayət əməlini törətməsi, nəticədə sonuncuya 2899 manat məbləğində maddi ziyan dəyməsi açıq-aşkar öz təsdiqi tapmışdır. Nəzərə alınmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM, maddə 82.4).

38. Həmçinin qeyd edilməlidir ki, MM-nin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları, həmçinin başqa şəxsə zərər vurulmasından, fiziki və hüquqi şəxslərin digər hərəkətlərindən əmələ gəlir.

39. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

40. MM-nin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir.

43. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin hərəkətləri qanuni əsaslara söykənməmiş, aldatma yolu ilə iddiaçının əmlakı mülkiyyətindən çıxmış, nəticədə ona ziyan vurulmuş, bununla yanaşı, cavabdeh də əsassız varlanmışdır.

44. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı hərəkətlərində həmçinin mülki hüquqi məsuliyyətin yaranması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri şərtlər mövcuddur.

45. Belə olan halda, cavabdeh iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyət daşımaqla, onu ödəmək vəzifəsini həyata keçirməlidir.

46. Cavabdehin qanunsuz, hüquqazidd əməlləri nəticəsində iddiaçıya dəymiş maddi zərər məbləği (2899 manat) də cinayət təqibi zamanı müvafiq sübutlarla müəyyən olunmuş, cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

47. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”.

49. Cavabdeh apellyasiya şikayətində həmçinin iddia müddətinin keçdiyini, bununla bağlı məhkəmə prosesləri barədə məlumatlı olmadığından müvafiq ərizəni məhkəməyə təqdim etmək imkanında olmadığını göstərmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsindəki icraat barədə məlumatsız olması işdən görünmür.

51. Belə ki, iş materiallarına əsasən cavabdehə məxsus mobil nömrəyə (9********) məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada sms bildiriş göndərilmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində də əlaqə vasitəsi kimi ona məxsus həmin mobil nömrəni qeyd etmişdir.

52. Bununla yanaşı, cavabdehin rəsmi qeydiyyatda olan və faktiki yaşayış ünvanlarına da məhkəmə iclaslarının yeri və vaxtı barədə poçt vasitəsilə bildirişlər də göndərilmiş, lakin bildirişlər cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən qaytarılmışdır. Buna baxmayaraq, cavadeh yuxarıda qeyd edildiyi kimi SMS bildiriş aldığı halda, faktiki ünvanı ilə bağlı məhkəməyə hər hansı məlumat verməmiş, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir.

53. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

54. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

55. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişləri cavabdehin məlum olan (qeydiyyatda olduğu) ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamışdır. Belə olan halda isə, yəni hətta cavabdeh artıq həmin ünvanda yaşamasa da, bildirişlər rəsmi qaydada verilmiş hesab edilir.

56. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlar yalnız poçt vasitəsilə göndərilən bildirişlərlə deyil, həmçinin cavabdehə məxsus mobil nömrəyə SMS bildirişlər vasitəsilə də göndərilmişdir.

57. Belə olan halda, hazırkı apellyasiya icraatı zamanı cavabdeh müddətin keçməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə edilməsinin qeyri-mümkün olduğunu sübut edə bilməmişdir. Həmin ərizənin bilavasitə apellyasiya icraatı zamanı verilməsi imkanı isə prosessual qanunvericliyin tələbləri baxımından yolverilməzdir.

58. Qeyd edilməlidir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

59. Həmçinin, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

60. Belə ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

61. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.

62. Lakin qanunverici MM-nin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir.

63. Nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPMin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.

64. Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir («L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

65. Həmçinin, qeyd edilməlidir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

66. Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4).

67. Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması və ya fakt haqqında məlumatın verilməsi ilə bağlı olan konkret məsələlərin həllinə yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin edilməsinin əvəzi kimi qəbul oluna bilməz.

68. Buna baxmayaraq, cavabdeh müddətin tətbiqi barədə ərizəni o halda apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilər ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə ümumiyyətlə məlumatlı olmasın və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməsin.

69. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

70. Lakin, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə kifayət qədər məlumatlı və vaxta malik olmaqla, həmin icraatda iştirak etmək, sübutlarını, eləcə də müddətin tətbiqi barədə ərizəni təqdim etmək iqtidarında olmuşdur.

71. Eyni zamanda, cavabdeh ərizənin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını da əsaslandıra bilməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

72. Belə olan halda isə, cavabdehin müddətin tətbiqi barədə dəlillərini apellyasiya instansiyası məhkəməsinə bildirməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır, bu səbəbdən də qəbul edilə bilməz (analoji mövqe, həmçinin «Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli və digər qərarlarında da öz əksini tapmışdır).

73. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianın maddi ziyanla bağlı hissədə tam əsaslı olması nəticəsinə gəldiyindən haqlı olaraq, müvafiq məhkəmə xərcini (ödənilmiş dövlət rüsumu) cavabdehə aid etmişdir.

74. Göründüyü kimi, cavabdeh etirazının (apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

75. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz.

76. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.

77. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

78. Həmçinin, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

79. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (ümumilikdə 2899 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz.

80. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5245/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar