Məhkəmə qərarları › İş №2(103)-1811/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1811/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1811/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadından maraqlı şəxs "xxxx" KB ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə "xxxx" KB ASC “iddianı təmin etmə tədbirinin ləğvi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina nömrə 14-də yerləşən 8 nömrəli mənzil üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit mübahisəsinə dair iş üzrə Cavabdeh borcun tutulması və əmlaka yönəldilməsi məhkəmə qərarı ilə qət olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina nömrə 14-də yerləşən 8 nömrəli mənzil üzərində 2(006) 2692/2018 saylı Nəsimi Rayon Məhkəməsinin həbs qərardadı var. Bu barədə onlara Daşınmaz Əmlakın Dövlət Reyestr Xidtməti tərəfindən məlumat verilmişdir. 2(103)-109/2020 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina nömrə 14-də yerləşən 8 nömrəli mənzilin hərracda satılması və borclunun borclarının ödənilməsi qət edilmiş, qanuni qüvvəsini almış qətnamə üzrə 0l.09.2022-ci il tarixli hərracın yekunları barədə protokol və alğı-satqı müqaviləsinə əsasən UNİBANK KB ASC sözügedən əmlakı hərrac vasitəslə almışdır. Hazırda əmlak üzərində hər hansısa bir məhkəmə mübahisəsi qalmamışdır və mülkiyyətçinin hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaranır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 12 dekabr 2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin “iddianı təmin etmə tədbirinin ləğvi” barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 09 aprel 2018-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina nömrə 14-də yerləşən 8 nömrəli mənzil üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə razılaşmayaraq, 30 dekabr 2022-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət göndərmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 162-ci maddəsinin və Azərbaycan Respublikası İcra Haqqında qanunun 53 və 75 maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 162.2-ci maddəsinə əsasən iddianı təmin etməni ləğv olunması məsələsinə məhkəmədə baxılarkən tərəflərə məhkəmədə iştirak etmək üçün xəbərdar edilməlidirlər. Lakin məhkəmə işə baxarkən qanunun bu tələbi pozularaq rəsmi qaydada işdə maraqlı olan İddiaçı məhkəməyə dəvət edilməmişdir. Bundan başqa icra haqqında qanunun 53.1ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa tələbkara təklif olunur və tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən 3 ay müddətinə satılmalıdır. Lakin qanunun bu tələbləri kobud surətdə pozularaq Nəsimi Rayon İcra şöbəsi tərəfindən borclu Cavabdeh Mahmudpaşa oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Eldar Tağızadə küçəsi ev 14, mənzil 8-də olan mənzil satışa çıxararkən rəsmi qaydada tələbkar İddiaçı təklif edilmədən hərraca çıxarılmışdır. Hərrac müəssisəsi tərəfindən hərrac keçirilərkən yenə də qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ilk növbədə həmin mənzil İddiaçı təklif olunmamış və həmin mənzil hərracda alınmadığına görə təkrar hərrac keçirilərək Unibank ASC-yə satılmış və hərracdan əldə edilmiş 54187 manat vəsait icra haqqında qanunun 75-ci maddəsinə əsasən İddiaçı ödənilməli olduğu halda həmin vəsait Unibankın hesabına ödənilmişdir. Bildirirəm ki, 85000 manata qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu Eldar Tağızadə küçəsi ev 14, mənzil 8- nömrəli mənzil ona təklif edilsəydi o, həmin təklifə razı olmaqla həmin məbləğin ona olan borcdan silinməsinə razılıq verərdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, xx.xx.2022-ci qərardadı ləğv edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina nömrə 14-də yerləşən 8 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadından narazı qalan iş üzrə maraqlı şəxs "xxxx" KB ASC şikayət verərək, şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2692/2018 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilərək ipoteka saxlayan olaraq və məhkəmənin icra vərəqəsi əsasında borc əvəzi "xxxx" KB ASC-nin balansına alınmış Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində yerləşən 14 saylı evin 8 saylı mənzilin üzərinə qoyulmuş həbsin ləğvi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" KB ASC şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən adı çəkilən qərardad çıxarılarkən prosessual və maddi hüquq normalarının tələbləri ciddi və kobud şəkildə pozulmuşdur və aşağıda qeyd olunan hüquqi əsaslara görə "xxxx" KB ASC-nin iddia tələbi üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, xx.xx.2023-cü il tarixli saylı qərardadı ləğv edilməlidir. Nəsimi Rayon Məhkəməsi tərəfindən yol verilmiş əsas hüquq pozuntusu bilavasitə prosessual və maddi hüquq normalarının pozulması ilə əlaqədardır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixdə bankın nümayəndəsi olaraq keçirilən məhkəmə iclasında iştirakları təmin olunmamışdır. Üzərinə həbs qoyulan fərdi yaşayış evi "xxxx" KB ASC-də ipoteka ilə yüklü edildiyi və həmin əmlak üzərində bankın üstünlük hüququ olduğu halda Məhkəmənin əsassız olaraq onları iş üzrə tərəf kimi qəbul etməmiş və bankın tələbi ödənilmədiyi və artıq bankın balansına alındığı halda başqa bir kreditora münasibətdə həbsin həmin əmlak üzərində qalması əsassızdır. Hesab edilir ki, məhkəmə tərəfindən mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verilməmiş, iş materialları lazımınca araşdırılmamış məhkəmə iclasında bankın nümayəndəsinin iştirakı təmin olmadan banka təqdim edilən qərardad da isə məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, MPM-nin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək işə onun və nümayəndəsinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1811/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə şifahi məhkəmə icraatına keçilmiş və tərəflər məhkəmə iclasına dəvət edilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X4 tərəflərindən verilmiş şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda müvəqqəti təminat tədbirinin təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. Müvəqqəti təminat tədbirlərini təmin etmək barədə qərarın qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2692/2018 saylı, 06 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh Mahmudpaşa oğlundan 90.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınması və İddiaçı verilməsi, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(103)-3644/2019 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 06 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2019-cu il tarixli, 2(102)-5759/19 saylı qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(103)-3644/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin təqdim edilmiş Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilərək xx.xx.2015-ci il tarixli UM-01/15 saylı Əsas kredit müqaviləsi» çərçivəsində bağlanılmış xx.xx.2015-ci il tarixli 02/15 saylı Əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 59333 ABŞ dolları, faiz borcu üzrə 10656,35 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 70089,35 ABŞ dolları (rəsmi məzənnəyə uyğun olaraq manatla): ödənilmiş dövlət rusumunun əvəzinin 30 manat, tələbkin ipoteka predmetinə yönəldilməsi barədə öbildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı banka ödənilməsini, tutmanın ipoteka predmeti olan olan mənzilə yönəldilməsini, mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, borcun ödənilməsindən sonra artıq qala biləcək vəsaitin Sianfər Qəşərəmanova ödənilməsini, mənzil satıldığı halda qala biləcək vəsaitin cavabdehə ödənilməsini, mənzil satıldığı halda cavabdehlərin həmin mənzildən 1 aydan gec olmayaraq çıxarılmalarını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən də görünür ki, ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə Eldar küçəsi, bina 14, mənzil 8-dir. Bakı Hərrac Mərkəzinin 16 avqust 2022-ci il tarixli, 264/22 №- li Protokolundan görünür ki, mübahisəli əmlak Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə Eldar küçəsi, bina 14, mənzil 8 sifarişçi Nəsimi rayon İcra şöbəsi sifarişi əsasında Bakı Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmış və 85.000 manat ilkin satış qiyməti müəyyən edilməklə son qiymət olaraq 54187,50 manat dəyərində "xxxx" ASC tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə Eldar küçəsi, bina 14, mənzil 8xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-nin adına ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Göründüyü kimi, tərəflər arasında iddia predmeti ilə bağlı dəfələrlə məhkəmə çəkişmələri baş versə də, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə Eldar küçəsi, bina 14, mənzil 8 xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-nin adına ipoteka ilə yüklülüyü qeydə alınmış və hərrac vasitəsilə artıq 54187,50 manat dəyərində "xxxx" ASC tərəfindən alınmaqla sonuncu qeyd edilən sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mərhələsindədir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak artıq bankın balansına alındığı halda başqa bir kreditora münasibətdə həbsin həmin əmlak üzərində qalması əsassızdır və həbsin götürülməsi barədə qərardadın ləğvi barədə ərizə iddiaçının hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməməklə yalnız prosesi uzatmaq məqsədi daşıyır ki, bu da şikayətçinin hərrac vasitəsilə əldə etdiyi əmlaka dair mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı (157.5.1) və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu (157.5.2) əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-ci müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, 05 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, xx.xx.2022ci qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-2692/2018 saylı, xx.xx.2022-ci qərardadı qüvvədə saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar