Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1813/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC (bank) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin 2 saylı mənzilinin açıq hərrac nəticəsində bank tərəfindən alındığını, həmin mənzil üzərində bankın mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini, bundan sonra cavabdehlərə dəfələrlə evin boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq bunun heç bir nəticəsinin olmadığını bildirmiş, buna görə də cavabdehlərin, eləcə də yetkinlik yaşına çatmamış X2 və X1 həmin mənzildən istifadə hüquqlarının itirilməsi, onların mənzildən məcburi çıxarılmaları və mənzilin banka təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək onun ləğv olunması və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətlərini işə iştirakları olmadan baxıldığı, mənzillərinin bank tərəfindən dəyərindən aşağı qiymətlə və qanunsuz yollarla əldə edildiyinin nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışlar. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu arqument isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehlərin məhkəmə iclaslarının yeri-vaxtı barəsində məlumatlandırılmasına dair heç bir sübut mövcud deyildir və belə görünür ki, məhkəmə, iclasın yeri və vaxtı barədə onları lazımi qaydada məlumatlandırmadan işə baxmaqla ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci və 387.2.4-cü maddələrinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbi təmin edilmiş, Cavabdeh1 bankın xeyrinə cəmi 126 503,53 manat borcun tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən evin 2 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və bankın tələbinin mənzilin satılması hesabına ödənilməsi qət edilmişdir. İş materiallarından aydın olur ki, həmin məhkəmə qətnaməsi icraya yönəldilmiş və sözügedən mənzil “hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi”nə əsasən xx xxxxxx 2019-cu il tarixdə 40 162 manata İddiaçı açıq səhmdar cəmiyyətinə satılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydə alınmışdır və cavabdehlər, eləcə də Cavabdeh1 yetkinlik yaşına çatmamış uşaqları orada pasport qeydiyyatında olmaqla hazırda mənzildə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Adı çəkilən Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bunlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburu tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun xx xxxxxx 2018-ci il tarixli 1439- VQD saylı Qanunla dəyişiklik edilmiş 59.4-cü maddəsinə görə də, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən evin 2 saylı mənzili ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Məhz bu səbəblə kollegiya hesab edir ki, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin (onların yetkinlik yaşına çatmayan uşaqlarının) orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Həmin şəxslərin müdaxiləsi nəticəsində iddiaçı bank öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də onun iddia tələbi təmin edilməlidir. Mənzilin bank tərəfindən dəyərindən aşağı qiymətlə əldə edildiyi barədə apellyatorların dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin arqumentin hazırkı iş baxımından hər hansı əhəmiyyəti mövcud deyildir və cavabdehlər hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edirlərsə, bununla bağlı müvafiq iddia irəli sürmək hüququna sahibdirlər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddiaçının ödədiyi dövlət rüsumu da cavabdehlərdən tutularaq ona ödənilməli, apellyasiya şikayəti verərkən ödədikləri rüsum məbləği isə apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-985/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və X1 ünvan 1 ünvanında yerləşən evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən məcburi qaydada çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən evin 2 saylı mənzili boşaldılaraq İddiaçı açıq səhmdar cəmiyyətinə təhvil verilsin. İddia ərizəsini məhkəməyə təqdim edərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 10 (on) manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-nə verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1813/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1813/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver