Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1817/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(005)- 65/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzildə apardığı təmir işləri zamanı ona dəymiş olan 4000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzildə apardığı təmir işləri zamanı ona dəymiş olan 4000 manat maddi zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehdən 4000 manat maddi ziyan, 450 manat yaranmış çatların təmiri üçün çəkilməli xərc və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin noyabr ayında Nərimanov rayonu Ü.Bünyatzadə küçəsi ev 2A mənzil 51-ə köçüb. Ondan bir mərtəbə üstdə yaşayan Cavabdeh mənzildə may ayında təmir işləri aparan zaman ümumi istifadəli yaşayış binalarında istifadəsi yol verilməz olan yalnız sənaye obyektlərində istifadəsi nəzərdə tutulmuş alətlərdən istifadə etməklə (otboynı molotok, iri perferator, iri elektrik çəkicləri) onun mənzilində ciddi fəsadlar yaratmışdır. Tavanda çatlar yaranmış, nəticədə 12 şamlı bürünc lüstura (çilçıraq) stolun üzərinə düşərək, stolu istifadəyə yararsız hala salmaqla tamamilə qırılmışdır. Hadisənin nəticəsi olan foto şəkillər cavabdehin qardaşı X1 yanında tərəfindən çəkilərək pozuntu törədənlərə təqdim edildi. Nəticədə dəyəri 1500 (min) manat olan lüstura (çilçıraq) və dəyəri 2500 (İki min beş yüz) manat olan stolun yararsız hala düşməsi nəticəsində 4000 manat maddi zərər dəymişdir. Həmçinin divarda çatlar yaranmışdır. Qeyd olunan faktla əlaqədar olaraq ilkin olaraq həmin vaxt mənzildə olan cavabdehin qardaşı X2 bildirdikdə, qırılmış əşyaları təmir edəcəklərini öhdəsinə götürdüyünü söyləmişdir. Onun isə cavabı həmin əşyaların bərpasının qeyrimümkünlüyünü nəzərə alaraq əşyanın dəyərinin ödənilməsi omuşdur. Sonralar dəfələrlə cavabdehlə məsələnin barışıq yolu ilə həllinə cəhd etsə də, nəticə olmamışdır. Göstərilən hadisə ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə etdiyi müraciətə cavab olaraq, polis mayoru Təvəkkül Ağayevin iştirakı ilə baxış keçirilərək protokol tərtib edilmiş və məsələnin məhkəmə qaydasında həll olunması tövsiyə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(005)-65/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 524 (beş yüz iyirmi dörd) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(005)-65/2021 saylı qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Ü.Bünyatzadə küçəsi, 2A, 51 saylı mənzilin divarlarında çatlar yaranmış, mənzildə yerləşən çıl-çıraq yerə düşərək sınmış və jurnal stoluna zərər yetirmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 10/2447 saylı ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Bakı şəhəri, Ü.Bünyatzadə küçəsi, 2A saylı evdə 55 nömrəli mənzilin təmiri zamanı tətbiq edilən elektrik aələtlərin və mexaniki zərbələrin təsirindən mənzillərin döşəmə və divarlarında titrəmələr baş verə bilər və bu səbəbdən də 51 saylı mənzilin künc birləşmə yerlərində və tavanında müəyyən qüsurların yaranması mümkündür. Lakin hazırki vəziyyətdə 51 saylı mənzilin tavanından asılmış çıl-çirağın hansı səbəbdən (asılma nöqtəsinə bir başa zərbədən, düzgün (etibarlı) quraşdırılmama və s.) düşməsini müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, guya üst mənzildə aparılan təmir zamanı elektrik alətlərdən istifadə edilmiş və onun təsirindən alt mərtəbədəki mənzilin divarlarında çatlar əmələ gəlmişdir. Halbuki, cavabdehə məxsus mənzildə təmir aparılarkən heç bir ağır elektrik alətlərindən istifadə edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən tutulmalı olan məbləğ hissəsində qismən ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin həmin hissəsi təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli 10/3212 saylı ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evdə 55 saylı mənzilin qapısı bağlı olduğundan 55 saylı saylı mənzildə təmir işlərinin aparılıb-aparılmamasını dəqiqliklə müəyyən mümkün deyildir. Lakin 51 saylı mənzilə baxış keçirilən zamanı mənzilin qonaq otağının tavanında çıl-çırağın asılmadığı (elektrik xətlərinin asıldığı) və parket döşəmənin üzərində oyuğun olduğunu nəzərə alaraq, 51 saylı mənzilinin qonaq otağının tavanında asılmış çıl-çırağın yerə düşməsi faktı və divarda çatların olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evin 51 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 524,0 manat məbləğində müəyən edilir. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 10/2447 ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evdə 55 nömrəli mənzilin təmiri zamanı tətbiq edilən elektrik alətlərinin və mexaniki zərbələrin təsirindən mənzillərin döşəmə və divarlarında titrəmələr baş verə bilir və bu səbəbdən də 51 saylı mənzilin künc birləşmə yerlərində və tavanında müəyyən qüsurların yaranması mümkündür. Lakin hazırki vəziyyətdə 51 saylı mənzilin tavanından asılmış çilçırağın hansı səbəbdən (asılma nöqtəsinə bir başa zərbədən, düzgün (etibarlı) quraşdırılmama və s..) düşməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evin 51 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 524 manat məbləğində müəyyən edilmiş və bu barədə tərəfindən 27 yanvar 2021-ci il tarixli 10/3212 saylı ekspert rəyləri tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən ekspert rəyinə istinad etmiş, cavabdehdən tutulmalı olan dəymiş zərərin əvəzini 524 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, iş materiallarında olan ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evdə 55 nömrəli mənzilin təmiri zamanı tətbiq edilən elektrik alətlərinin və mexaniki zərbələrin təsirindən mənzillərin döşəmə və divarlarında titrəmələr baş verə bilir və bu səbəbdən də 51 saylı mənzilin künc birləşmə yerlərində və tavanında müəyyən qüsurların yaranması mümkündür. Həmçinin iddiaçıya məxsus mənzildə divarda çatların olduğu müəyyən edilir. Qeyd edilən ekspertiza rəyi ilə təsdiqini tapır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərc hissəsində təmin etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddianı həmin hissədə təmin edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı onun mənzilində yaranmış çatların təmiri üçün çəkilməli xərc kimi 450 manat məbləğin ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində isə mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 524 manat məbləğində, yəni iddia tələbindən göstəriləndən artıq müəyyən edilmişdir. Məhkəmə bu hissədə iddia tələbinə hüquqi qiymət verərkən iddia tələbindən kənara çıxmış, ekspert rəyini əsas götürməklə rəydə əks olunan, iddia tələbindən yüksək məbləğdə hesablanmış 524 manat dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələbindən göründüyü kimi, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır. Odur ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ iddia tələbində qeyd edilən məbləğdən yüksək olduğu üçün iddia həmin hissədə iddia tələbi həcmində təmin edilməli, dəymiş zərərin əvəzi olaraq 450 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(005)-65/2021 saylı qətnaməsi qismən - dəymiş zərərin məbləği hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilməklə, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 450 manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. Qətnamə digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1817/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1817/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver