Məhkəmə qərarları › İş №2(103)-1819/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1819/2020

13.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1819/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, cavabdeh “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1847/2018 saylı iş üzrə verdiyi icra vərəqəsi əsasında MMC tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5503 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5504 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə əlaqədar xx xxxxxxxx 2018ci il tarixdə hərrac keçirildiyini, halbuki Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinin həmin tarixdə hələ qüvvəyə minmədiyini, beləliklə hərracın qüvvəyə minməmiş qətnamə əsasında həyata keçirilməklə qanunsuz olduğunu irəli sürmüş, buna görə də hərracın və onun nəticələri barədə tərtib olunmuş Y-341 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki halları üzrə düzgün nəticəyə gəlmədiyini, qanuni qüvvəyə minməmiş qətnamənin icrasına əsassız olaraq haqqı qazandırdığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Əkrəm Həsənov apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, “X2 Mərkəzi” MMC-nin və müstəqil tələb irəli sürmüyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş “xxxx” ASC-nin nümayəndələri isə şikayətin formal olduğunu, hərrac təşkilatının hər hansı qanunsuzluğa yol vermədiyini, icra sənədi üzrə icraat dayandırılmadığından hərracın keçirilməsinə heç bir maneə yaranmadığını bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə “xxxx” KB ASC-nin “xxxx” MMCnə, İddiaçı və Məmmədova Cəmilə Böyük qızına qarşı iddiası qismən təmin edilmiş, “xxxx” MMC-dən və İddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 10UM/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014cü il tarixli 95B/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 249 990,46 manat, faiz borcu üzrə 6362,04 manat, cərimə borcu üzrə 3906,65 manat, yəni cəmi 260 259,15 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5503 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5504 ünvanında yerləşən bağ evinə və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına yaranmış borcun ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5504 ünvanında yerləşən bağ evinin dəyərinin 66 000 manat, onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin dəyərinin 229 000 manat, əmlakın birgə bazar dəyərinin 295 000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5503 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin bazar dəyərinin 66 000 manat müəyyən olunması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən ləğv olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat pulun “xxxx” MMC-dən və İddiaçı müştərək qaydada tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5503 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5504 ünvanında yerləşən bağ evinə və 0,12 ha torpaq sahəsinə tutma yönəldildikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı və Məmmədova Cəmilə Böyük qızının çıxarılmaqla yaşayış sahəsinin boşaldılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmiş, icra məmuru əmlakların hərraca çıxarılması üçün xx.xx.2018-ci il tarixdə “X2 Mərkəzi” MMC-nə sifariş göndərmiş, adı çəkilən MMC-nin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə təşkil etdiyi hərraclar baş tutmadığından əmlaklar təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 42 075 manata və 188 062,50 manata banka təklif olunmuş, xx xxxxxxxx 2018-ci il tarixində “xxxx” KB ASC-yə satılmışdır. Bununla yanaşı iş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixdə icra sənədi verdikdən sonra iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə şikayəti təmin olunmayaraq apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhz əmlaklarının hərraca çıxarılmasına əsas təşkil edən qətnamənin qanuni qüvvəyə minməsindən əvvəl hərrac keçirilməsini qanunvericiliyin pozuntusu kimi qiymətləndirərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürmüş, hərracın dayandırılmalı olması barədə müraciətinə cavabdeh tərəfindən əhəmiyyət verilmədiyinə istinad etmişdir. Buna görə də kollegiya, iddiaçının irəli sürdüyü faktiki halın iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verməyi zəruri hesab edir; çünkühər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü hal, onun müvafiq tələbinin qanuni əsasının dispozitiv şərti ilə uzlaşmamaqdadır. Belə ki, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş və icra məmuru hərrac təşkilatına (cavabdehə) hərracın təşkili üçün sifariş göndərmiş, iddiaçı isə sonradan həmin qətnamədən kassasiya şikayəti vermişdir. “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. İşin hallarından aydın olur ki, iddiaçı, artıq icraya yönəldilmiş olan məhkəmə aktından kassasiya şikayəti verdiyinə dair icra məmuruna məlumat verməmiş, bu səbəblə də icra sənədi üzrə icraat dayandırılmamışdır. Nəzərə alınmalıdır ki, hərrac təşkilatı sifarişi yerinə yetirən qurumdur və ona verilən məlumat əsasında icra sənədinin icrasını dayandırmaq səlahiyyəti mövcud deyildir. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən zamin və ipoteka qoyan qismində İddiaçı özü tərəfindən kasassiya şikayəti verilməmiş, dolayısıyla qətnamə, müvafiq icra vərəqəsi verildiyi zaman artıq ona münasibətdə qanuni qüvvəyə minmiş, hərrac prosedurunun başlamasından xəbərdar olduğu halda o, əmlakları hərracdan əldə etməyə də təşəbbüs göstərməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1925/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar