Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-182/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri, Elmira Abbasova küçəsində X3 mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 74,7 m2 yaşayış, 35,7 m2 yardımçı, 110,4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinə qiymət qoyulmasına dair Cavabdehnin xx.xx.2017-ci il tarixli 315 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabatın” ləğv edilib əmlakın ilkin satış qiymətinin qiymətləndirilmə keçirilməklə yenidən müəyyən edilməsi, habelə cərimənin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X4 bankla bağladığı xx.xx.2007-ci il tarixli 06L000000248 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 15 000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2012-ci il tarixli 248 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 50 000 (əlli min) ABŞ dolları, kredit xəttinin müddəti 180 (bir yüz səksən) ay olaraq müəyyən edilmiş, xx.xx.2014-cü il tarixli 34R000001378 saylı kredit razılaşması əsasında ona 28 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. X1 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamış, 24272,22 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. X1 müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank tərəfindən kredit borcunun tutulması və tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 05.07 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq icra sənədi icra edilməsi üçün Şəmkir rayon İcra şöbəsinə göndərilmişdir. Şəmkir rayon İcra şöbəsi ipoteka predmeti olan Şəmkir şəhəri, Elmira Abbasova küçəsində X3 mülkiyyətindəki 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 74.7 m2 yaşayış, 35.7 m2 yardımçı, 110.4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi üçün xx.xx.2017-ci il tarixində “Qiymətləndiricinin dəvət edilməsi haqqında qərar” qəbul edib Cavabdeh-yə icra edilməsi üçün göndərmiş, Cavabdeh-nin xx.xx.2017-ci il tarixli 315 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabatı”ına əsasən əmlaka 85000 (səksən beş min) manat qiymət qoyulmuşdur. Halbuki, daşınmaz əmlak bazarında hazırki dövrdə həmin əmlakın 85000 manat dəyərində olması, yəni ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətdən təqribən 4 dəfə çox olması real deyildir. İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında ipoteka predmetinin qiyməti razılaşdırılmış və əmlak real bazar qiymətinə uyğun olaraq 21 999,60 manat məbləğində qiymətləndirilmişdir. Bu baxımdan, Cavabdeh-nin əmlaklara qoyduğu qiymət reallığı əks eməyərək bazar qiymətinə uyğun deyil. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X3 mülkiyyətində olan Şəmkir şəhəri, Elmira Abbasova küçəsində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 74.7 m2 yaşayış, 35.7 m2 yardımçı, 110.4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh-nin xx.xx.2017-ci il tarixli 315 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının ləğv, sözügedən əmlakın ilkin satış qiymətinin 77 000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın iddiaçıdan tutularaq “X7” MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin 35 300 manat müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı, məhkəmə tərəfindən keçirilən qiymətləndirmə nəticəsinin real olmadığı və əmlakın qiymətinin həddindən artıq şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təqdim etdiyi qiymətləndirici rəyindən əmlakın məhkəmənin təyin etdiyi qiymətləndirici tərəfindən müəyyənləşdirilən qiymətinin reallıqdan çox uzaq olduğunun aydın göründüyünü bildirmiş və düzgün qərar qəbul olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Şəmkir şəhəri, Elmira Abbasova küçəsində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 74.7 m2 yaşayış, 35.7 m2 yardımçı, 110.4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 77 000 manat müəyyən edilməsi”hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə əmlakın ilkin satış qiymətinin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına görə, bankla bağladığı xx.xx.2007-ci il tarixli kredit xətti müqaviləsinə əsasən X4 60 (altmış) ay müddətinə 15 000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2012-ci il tarixli 248 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 50 000 (əlli min) ABŞ dolları, kredit xəttinin müddəti 180 (bir yüz səksən) ay olaraq müəyyən edilmiş, xx.xx.2014-cü il tarixli 34R000001378 saylı kredit razılaşması əsasında ona 28 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmiş, Şəmkir Rayon Məhkəməsinin 05.07 2016-cı il tarixli qətnaməsi ilə bankın ona qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi qismən təmin olunaraq icra sənədi icra edilməsi üçün Şəmkir rayon İcra şöbəsinə göndərilmiş, Şəmkir şəhəri, Elmira Abbasova küçəsində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 74,7 m2 yaşayış, 35,7 m2 yardımçı, 110,4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi icra məmurunun sifarişi əsasında Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 315 saylı hesabatla 85 000 (səksən beş min) manat məbləğində qiymətləndirilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin təyin etdiyi iki fərqli qiymətləndirmə təşkilatı əmlaka fərqli qiymətlər - 35 300 manat və 77 000 manat qiymət qoymuş, apellyatorun nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi digər qiymətləndirmə rəyində isə əmlakın bazar dəyərinin 35 000 manat təşkil etdiyi göstərilmişdir. Kollegiya əldə olunmuş qiymətləndirici rəylərini təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun sifarişi əsasında qiymətləndirməni həyata keçirən Cavabdeh-nin əmlakı qiymətləndirərkən həmin ərazidə təşəkkül tapmış qiymətləri araşdırmadığı, qiymətləndirməni səthi apardığı, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmayaraq qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri nəzərə almadığı, nəticədə əmlakı real dəyərindən yuxarı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratdığı nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bununla belə kollegiyanın qənaətinə görə məhkəmə, əmlakın yeni satış qiymətini müəyyənləşdirərkən səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, əmlakla bağlı 4 qiymətləndirmə rəyi mövcuddur və kollegiya hesab edir ki, həmin rəylərlə müəyyənləşdirilən qiymətlərin orta həddinin əsas götürülməsi daha ağlabatandır. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin vəsatəti əsasında təkrar qiymətləndirmə ekspertizası təyin olunmuş, lakin iddiaçı bankın ekspertiza xərcini ödəməməsi səbəbindən həmin tədqiqat baş tutmamışdır. Mülki Prosessual Məcəllənin384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-299/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Şəmkir şəhəri, Elmira Abbasova küçəsində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 74.7 m2 yaşayış, 35.7 m2 yardımçı, 110.4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 77 000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Şəmkir şəhəri, Elmira Abbasova küçəsində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 74.7 m2 yaşayış, 35.7 m2 yardımçı, 110.4 m2 ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 58 075 (əlli səkkiz min yetmiş beş) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “xxxx” QSC-nəaid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-182/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-182/2020
01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver