Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-182/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2023 saylı, 26 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 02 aprel 2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, 02 aprel 2022-ci il tarixdə 4 saylı qaravolun 1-ci iş növbəsində saat 18:35-də 13-14 saylı postların ərazisində Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, 39 T 0404471; ******* saylı koordinatlar üzrə kəmərdən təqribən 33 metr aralı məsafədə, 1-ci sırada kəmərə paralel, vətəndaş Cavabdeh aid olduğu iddia edilən beton zavodunun ərazisində, 6 metr uzunluğunda, 6 metr enində, 2,40 metr hündürlüyündə su hovuzu və 10 metr uzunluğunda, 2,40 metr enində, 2,60 metr hündürlüyündə sement çəninin arxa hissəsində bərkitmə işlərinin aparmaq məqsədi ilə hörgü işlərinin aparılaraq tamamlanması aşkar edildi. Fakta bağlı aidiyyəti üzrə Nərimanov rayonu icra nümayəndəsinə məlumat verilmiş və icra nümayəndələri Mirzəyev Mirzə və İbadov Firuddin sözügedən əraziyə gələrək, obyekt sahibi ilə birlikdə tikiliyə baxış keçirilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu obyekt sahibinə izah edilərək görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə yazılı xəbərdarlıq təqdim edildi. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ- 500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsinin və digər tikinti-quraşdırma tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililəri faktı aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan buradahər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, №10/5011 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş sement cənlərinin qarşısında inşa olunmuş pandus SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor kəmərində 34 metr kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikili (pandus) bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli 167 nömrəli qərarının İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi qaydalarının 4.1 bəndinin tələblərinə əsasən 50 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən olunur.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2023 saylı, 26 fevral 2023-cü il tarixli iddia təmin edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155, 180-ci maddələrinə, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli ərazidə Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililərinin hansı tarixdə inşa edilməsini, tikililərin mülkiyyət sənədlərinin olub-olmamasını, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ500 mm-lik yerüstü neft kəmərinin nə vaxt çəkilməsini, yəni kəmər çəkilərkən tikinitinin mövcud olub olmamasını araşdırmamış, həmçinin tikililərin kim tərəfindən və nə vaxt inşa edilməsinə hüquqi qiymət verməmişdir. Qeyd edilən hallar araşdırılmdan maddi hüquq normaları pozularaq tikililərin cavabdeh tərəfindən sökülməli olması qənaətinə gəlmişdir. Məhkəmənin yalnız ekspert rəyinə istinad edərək qətnamə qəbul etməsi qanunvericiliyin tələbinə ziddir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
12. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə X6 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, 458 nömrəli müqavilə və həmin müqaviləyə əlavə olunmuş sxem təqdim olunmuşdur.
13. Cavabdeh ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, 458 №-li “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə və həmin müqaviləyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin koordinatlarının haradan keçməsinin, həmçinin, mübahisənin predmeti olan Bakı şəhəri Nərimanov rayonu Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililərinin onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, 458 №-li “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə və həmin müqaviləyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin koordinatları ilə üst – üstə düşüb – düşməməsinin müəyyən olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 30 may 2023-cü il tarixli, 28 noyabr 2023-cü il tarixli qərardadları ilə məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuş, lakin tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspert qarşısında qoyulmuq suallar cavablandırılmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17.“Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X9.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu:
1-ci bənd. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X9.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. 4-cü bənd. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5-ci bənd. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.
18. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 10. Təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Maddə 25. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”: Bənd 5. Yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir.
20. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 26-cı bənd. Sənaye müəssisələrinin və anbarların təchizatı üçün tez alışan və yanar-maye, həmçinin maye qaz nəql edən boru kəmərlərinin məskunlaşma ərazilərindən çəkilməsinə yol verilmir.
21. 2951 Nömrəli “03” yanvar 2003-cü il tarixli “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları: 6.7-ci bənd. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, məhkəmə mübahisəli ərazidə Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililərinin hansı tarixdə inşa edildiyini, tikililərin mülkiyyət sənədlərinin olub-olmamasını, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ500 mm-lik yerüstü neft kəmərinin nə vaxt çəkilməsini, yəni kəmər çəkilərkən tikinitinin mövcud olub olmamasını araşdırmamış, həmçinin tikililərin kim tərəfindən və nə vaxt inşa edilməsinə hüquqi qiymət verməmişdir.
26. İlkin olaraq məhkəmə kollegiyası onu qeyd edir ki, qeyd olunan xüsusatlara dair hər hansı bir sübut birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. Apellyasiya şikayətinin dəlilini təşkil etməsə belə, işin hallarının obyektiv və hərtərəfli araşdırılması məqsədilə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti ilə onun arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, 458 nömrəli müqavilə və həmin müqaviləyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin koordinatlarının haradan keçməsinin, həmçinin, mübahisənin predmeti olan Bakı şəhəri Nərimanov rayonu Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililərinin onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 08 iyun 2021-ci il tarixli, 458 №-li “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə və həmin müqaviləyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin koordinatları ilə üst – üstə düşüb – düşməməsinin müəyyən olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 30 may 2023-cü il tarixli, 28 noyabr 2023cü il tarixli qərardadları ilə məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuş, lakin tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspert qarşısında qoyulmuq suallar cavablandırılmamışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alınmış ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş sement cənlərinin qarşısında inşa olunmuş pandus SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor kəmərində 34 metr kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikili (pandus) bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli 167 nömrəli qərarının İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi qaydalarının 4.1 bəndinin tələblərinə əsasən 50 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən olunur.
29. Cavabdeh isə şikayətinin dəlilləri kimi istinad etdiyi hallara (su hövzəsi və digər tikinti-quraşdırma tikililərinin hansı tarixdə inşa edilməsi, tikililərin mülkiyyət sənədlərinin olub-olmaması, yəni kəmər çəkilərkən tikinitinin mövcud olub olmaması və s.) dair heç bir sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi yalnız iş materiallarında olan sübutlar əsasında qiymətləndirmə aparır.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisənin predmeti fərdi yaşayış evi olmadığından hazırkı işin hallarının Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarında göstərilən xüsusatlar baxımından qiymətləndirilməsinə zərurət yoxdur.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2023 saylı, 26 fevral 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2023 saylı, 26 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev